Məhkəmə qərarları › İş №2(012)-3433/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3433/2020

08.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3433/2020 08.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun Abşeron rayonu, Masazır kəndindəki cavabdehə və onun valideynlərinə məxsus evə köçürülməyi və həmin yaşayış evindən istifadə hüququnun tanınması ilə bağlı qətnamə çıxarılması, həmin evə dair müvafiq sənədlərin əldə olunmasına köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 arasındakı nikah xx xxxxxx 2007-ci ildə Salyan rayonu Çuxanlı kənd İƏN-də 41 saylı qeydiyyatla rəsmi qeydə alınmışdır. Lakin toyları xx xxxxxx 2007-ci ildə olmuşdur. Birgə nikahlarından xx xxxxxxx 2008-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Toylarından sonra Ruslan və valideyinləri onu Abşeron rayonunun Masazır kəndindəki atası İbrahimə məxsus evə gəlin aparmışlar və 2020-ci ilin mart ayına kimi o, həmin evdə yaşamışdır. Onu gəlin aparandan sonra onun valideyinləri onlara yaşamaq üçün evlərinin 2-ci mərtəbəsindəki zalın yanında yerləşən 5x6 m ölçüdə olan, evin günçıxan tərəfində olan otağı ayırmışlar. Həmin ev Ruslanın atası İbrahimə məxsus olmuşdur və evin Çıxarışının olmasını bilirdi. Lakin 4 il bundan əvvəl Ruslanın atası vəfat edəndən sonra həmin evi onun anası Cavabdeh2 adına rəsmiləşdirmişlər. Həmin ev 2 mərtəbəli olmaqla 7 otaqdan ibarətdir. Onu həmin evə gəlin aparandan sonra həmin evə pasport qeydiyyatına saldırmışlar və hazırda da həmin evdə qeydiyyatdadır. Yeganə övladları olan Azər Hənifəyev də həmin evdə dünyaya gəlmiş və həmin ünvanda qeydiyyatdadır. Özü isə həmin ünvanda 2008-ci ildən qeydiyyatdadır. Aralarında yaranmış narazılıqlara görə qayınanası və əri 2020-ci ilin mart ayında onu həmin evdən çıxartdılar və həmin vaxtdan da valideyinlərinin yanına qayıtmaqla Çuxanlı kəndindəki onlara məxsus evdə yaşayır. O, evdən çıxarılan zaman oğlu məktəbdə olduğundan onu özü ilə götürə bilməmişdir. Onun və övladının Masazır kəndindəki cavabdehlərə məxsus həmin evdə yaşamaq hüquqları var və yenidən geriyə qayıdıb orada yaşamaq istəyir. Lakin qarşı tərəf və anası buna icazə vermirlər. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi və eyni zamanda məhkəmənin sualına cavab verərək qayınatasının 2007-ci ildə həmin mübahisəli evə dair mülkiyyət sənədi olmadığını bildirmişdir. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi. Qeyd etdi ki, iddiaçı qeyd olunan evə gəlin köçmüşdür. İddiaçı həmin evə 2008-ci il tarixdə qeydiyyata düşüb. Həmin ev onun qaynatasının adına olmuş, o vəfat etdikdən sonra həyat yoldaşı Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Tərəflər arasında olan nikah pozulduğundan iddiaçının onlarla qohumluq əlaqəsi qalmamışdır. Birgə nikahdan doğulmuş uşaq hazırda atasının himayəsindədir. Odur ki, qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını və cavabdehin vəkili və nümayənsədini dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron RPŞ tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Abşeron rayonu, Masazır kəndində qeydiyyatdadır. -Salyan rayon Çuxanlı kənd Ərazi Nümayəndəliyi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ №342070 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X3 arasında xx.xx.2007-ci ildə rəsmi nikah bağlanmış, X1 Hənifəyeva soyadı verilmişdir. -Abşeron RİHB-nın Masazır kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı aşağıda adları sadalanan ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Masazır kənd ərazisində yaşayır. 1. Cavabdeh2, 2. Cavabdeh1,

3. X5, 4. X2, 5. X6. -ASAN-Sumqayıt tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE № ********** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən və Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İİ №198136 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2008-ci ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh1, anası İddiaçıdır, Abşeron rayonu, Masazır kəndində qeydiyyatdadır -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Hüquqların döblət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 175 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İşin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh X4 ilə xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından xx xxxxxxx 2008-ci il təvəllüdlü X5 doğulmuşdur. İddiaçı Abşeron rayon, Masazır kəndində yerləşən evə gəlin köçmüşdür. Həmin evdə 2008-ci ildə qeydiyyata düşmüşdür. Hal-hazırda iddiaçı atasına məxsus evdə yaşayır. Onun başqa yaşayış yerləri yoxdur. Ona görə də iddiasının təmin edilməsini, evə köçürülməsini və həmin yaşayış evindən istifadə hüququnun tanınmasını məhkəmədən xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin Qərarlarına göstərildiyi kimi, tərəflər arasında ailə hüquq münasibətləri 2007-ci ildən yarandığı üçün həmin münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin normaları ilə tənzimlənməlidir. Tərəflərin izahatından və işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 ilə xx xxxxxx 2007-ci ildə nikaha daxil olduqdan sonra həmin ildə cavabdehlərin yaşadığı Masazır kəndində yerləşən evə onların razılığı ilə gəlin köçmüşdür. Həmin illərdə ev iddiaçının qayınatası İbrahimin mülkiyyətində olmuşdur. 2008-ci ildə gəlin köçüb yaşayan iddiaçı mülkiyyətçinin razılığı ilə həmin ünvana qeydiyyata salınmışdır. Birgə nikahdan iddiaçının X5 adlı oğlu olmuş, 2020-ci il tarixinədək həmin evdə ailəsi ilə birlikdə yaşamışdır. Evin əvvəlki sahibi İbrahim vəfat etdiyindən göstərilən ev digər Cavabdeh2 mülkiyyətinə keçmişdir. Hazırda iddiaçı ilə Cavabdeh1 arasında nikah münasibətlərinə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə məxsus evə 2007-ci ildə gəlin köçərək 2020-ci il tarixinədək yaşaması işin mübahisə edilməyən halıdır. Eyni zamanda İddiaçı mübahisə edilən evə, həmin evin əvvəlki sahibinin və indiki mülkiyyətçinin razılığı ilə köçürülmüş və həmin şəxslərin razılığı ilə 2008-ci il tarixində həmin ünvana yaşayış üzrə qeydiyyata alınmışdır. İddiaçı mübahisə edilən evdən çıxana qədər 13 il həmin evdə yaşayaraq istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 228.1.maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Hazırkı iddia tələbindən və işin araşdırılan hallarından isə iddiaçının cavabdehlərə məxsus Masazır kəndində yerləşən mübahisəli evə gəlin köçərkən 2007-ci ildə evin mülkiyyətdə olması barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Belə olan halda məlum olur ki, mübahisəli mənzilin sahibləri iddiaçını mülkiyyətində olmayan evə gəlin köçürmüşlər. İddiaçının həmin evdən istifadə hüququ həmin vaxtlardan yaranmışdır. Eyni zamanda Məhkəmə qeyd edir ki, mübahisəli mənzil 2007-ci ildə mülkiyyətdə olsa belə iddiaçı əvvəlki və indiki mülkiyyətçilərin razılığı ilə həmin evə köçmüşdür. Həmin razılığın verilməsi iddiaçının mübahisəli evə qeydiyyata salınması ilə və onun həmin mənzildə 13 il yaşayıb istifadə etməsi ilə təsdiq edilir. Həmçinin iddiaçının mübahisəli evdə istifadə hüquqları hazırkı mülkiyyətçinin mübahisəli evə mülkiyyət hüququ əldə etməsindən 10 il əvvəl yaranmışdır. Mülkiyyət hüququnun digər şəxsə keçməsi həmin evdən istifadə edən şəxslərin istifadə hüququnu itirmir. Ona görə də Məhkəmə belə qənaətə gəlir ki İddiaçı mübahisəli evdən istifadə hüququ qaldığından, Abşeron rayonu, Masazır kəndində yerləşən Cavabdeh2 məxsus evə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında deyilir ki, mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə qanunun qeyd edilən normalarını nəzərə alaraq, məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı mübahisəli evdən istifadə hüququ qaldığından Abşeron rayon, Masazır kəndində yerləşən Cavabdeh2 məxsus evə köçürülməlidir. İddia tələbinin “mübahisəli evə iddiaçının istifadə hüququnun tanınması və həmin evə dair müvafiq sənədlərin əldə olunmasına köməklik göstərilməsini xahiş edilməsi” hissəsində məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququ qaldığından onun həmin evə istifadə hüququnun tanınmasına lüzum yoxdur. Eyni zamanda tələbin “həmin evə dair müvafiq sənədlərin əldə olunmasına köməklik göstərilməsi xahiş edilməsi” hissəsi tam anlaşıqlı olmadığından evə dair hansı sənədlərin olması göstərilmədiyindən həmin tələb də təmin eilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı mübahisəli evdən istifadə hüququ qaldığından Abşeron rayon, Masazır kəndində yerləşən Cavabdeh2 məxsus evə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar