Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3469/2021 05.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil Ağaveyis oğlunun, Cavabdeh nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair mülki işə 05 noyabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa olunmuş çoxmənzilli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 43.3 kv.m olan 74 saylı mənzilə İddiaçı sahiblik və istifadə hüququnun tanınması və həmin mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağanmış 19 aprel 2017-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən cavabdeh Abşeron rayonu Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 43.3 kv.m olan bir otaqlı 74 saylı mənzili iddiaçıya verməyi öhdəsinə götürmüşdür. İddiaçı həmin mənzilin hər 1 kvadrat metrinin dəyəri 690 (altı yüz doxsan) manat olmaqla 29.877 (iyirmi doqquz min səkkiz yüz yetmiş yeddi) manat ümumi dəyərini müqavilə bağlanan gün cavabdehə ödəmişdir. Bununla bağlı cavabdeh iddiaçıya 74 saylı mənzilin 29877 (iyirmi doqquz min səkkiz yüz yetmiş yeddi) manat ümumi pay dəyərinin tam ödənilməsi və iddiaçının cavabdehə borcunun qalmaması barədə 19 aprel 2017-ci il tarixli maliyyə arayışı vermişdir. Yaşayış binasının tikintisi başa çatsa da, cavabdeh mənzili iddiaçıya təhvil verməkdən boyun qaçırır. Bununla bağlı mənzilin 10 gündən gec olmayaraq iddiaçının istifadəsinə maneəsiz şərait yaratmaqla təhvil verilməsini özündə ehtiva edən 15 fevral 2021-ci il tarixdə pretenziya cavabdehə göndərilmişdir. Lakin, hal-hazıradək dəyəri ödənilmiş və müqavilə əsasında iddiaçıya məxsus olan mənzil cavabdeh tərəfindən təhvil verilməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi xahiş olunur. İddiaçı vəkili və nümayəndəsi Vəkil Ağaveyis oğlu məhkəmə iclasında çıxışında bildirdi ki, məhkəmənin 03 noyabr 2021-ci il tarixdə keçirilmiş prosesində çıxış etmiş Cavabdeh MTK-nın nümayəndəsi mübahisələndirilən mənzilin 03 may 2016-cı il tarixdə X1 dair alqı-satqı müqaviləsinin surətini, həmin tarixli maliyyə arayışının koorperativin möhürü ilə təsdiq edilmiş surətini, mənzilin 21 noyabr 2019-cu ildə X2 dair alqı-satqı müqaviləsinin surətini və həmin tarixli maliyyə arayışının koorperativin möhürü ilə təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. Həmin prosesdə üçüncü şəxs qismində iştirak etmiş X16 onunla cavabdeh arasında bağlanmış müqavilənin və maliyyə arayışının əslini təqdim etmişdir. Lakin, cavabdeh tərəfindən iş üzrə mühüm sübut sayılacaq 03 may 2016-cı il tarixli Cavabdeh MTK ilə X12 arasında bağlanmış alqı-satqı müqaviləsinin əsli, habelə "xxxx"MMC ilə X12 arasında bağlanmış 20 noyabr 2006-cı il tarixli müqavilənin əsli və ya təsdiq edilmiş surəti məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, hüquqlarını müdafiə etdiyi İddiaçı mübahisələndirilən mənzili 2017-ci ildə, hələ buna qədər isə Abdullayeva Hafizə Qılıncxan qızı ilə həmin mənzilə dair bağlanmış 10 dekabr 2011-ci il tarixli müqavilə əsasında əldə etdiyindən üçüncü şəxs qismində cəlb edilmiş X13 isə həmin mənzili 2019-cu ildə əldə etməsi faktı mübahisələndirilməyən hal kimi qəbul edilməlidir. Odur ki, göstərdiklərinə əsasən, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi iddiaçı qəbul etməyib izahatında bildirdi ki, mübahisəli mənzilin hazırkı sahibi cavabdehdir.Çün ki, iddiaçıya qədər həmin mənzil ilkin olaraq "xxxx"MMC ilə X12 arasında bağlanmış 20 noyabr 2006cı il tarixli müqaviləyə əsasən satılmış, sonradan A.Ağayevin yazılı razılığı ilə həmin mənzil 21 noyabr 2019-cu il tarixli müqavilə ilə Salahov Məclum Musa oğluna satılmışdır. Məhkəmə iclasında iş üzrə 3-cü şəxs X16 izahatında bildirdi ki, iddianı qəbul etmir, mübahisəli mənzili X6 almışdır, mənzilə görə ödənişi tam etmişdir. Ödəniş etməyinə dair maliyyə arayışı da vardır. Mənzilin təmirinə dair icazə almışdır. Bu barədə razılıq və icazəsi də vardır. Hazırda mənzildə təmir gedir. Məhkəmə tərəflərin və 3-cü şəxsin izahatını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İşin materiallarında olan icraçı Cavabdeh MTK-nın sədri X17 ilə payçı İddiaçı arasında bağlanmış 19.04.2017-ci il tarixli 236 saylı müqavilədən görünür ki, icraçı Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 43,3 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 74 saylı mənzili əvvəllər "xxxx"MMC ilə 10 dekabr 2011-ci il tarixli Abdullayeva Hafizə Qılncxan qızı ilə həmin mənzilə dair bağlanan müqaviləni yeni şərtlərlə bir pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndindən görünür ki, mənzilin dəyəri bu müqavilə bağlanan anda bir kv.m sahə üçün 690 manat təşkil edir. cəmi 29877 (iyirmi doqquz min səkkiz yüz yetmiş yeddi) manat ödənilməlidir. Müqavilənin 3.4-cü bəndindən görünür ki, müqavilə bağlandığı gündən 5 gün ərzində alıcı tərəfindən mənzilin ümumi dəyərinin 40% məbləğindən az olmayaraq ilk haqq ödənilməli, payçı isə pulun qalan hissəsini cəmiyyətə bərabər hissələrdə olmaqla ümumi dəyərin 10%-i məbləğində hər ayın 20-30 arasında ödəməyi öhdəsinə götürmüşdür. İşin materiallarında olan Cavabdeh MTK tərəfindən 19.04.2017-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1”A” saylı ünvanda inşa olunan yaşayış binası Cavabdeh MTK-nə məxsusdur. Bu binanın 3-cü blok, 13-cü mərtəbəsində, ümumi sahəsi 43.3 kv.m olan 74 saylı 1 otaqlı mənzilin pay dəyəri payçı 29877 (iyirmi doqquz min səkkiz yüz yetmiş yeddi) manat İddiaçı tərəfindən ödənilmişdir, MTK-nə borcu yoxdur. İşin materiallarında olan icraçı Cavabdeh MTK-nın sədri X17 ilə payçı X12 arasında bağlanmış 05.05.2016-cı il tarixli 11 saylı müqavilədən görünür ki, "xxxx"MMC ilə X12 arasında bağlanmış 20 noyabr 2006-cı il tarixli müqaviləyə uyğun olaraq, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3cü blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 47.02 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 74 saylı mənzili bir pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndindən görünür ki, mənzilin dəyəri əvvəlki müqavilə bağlanan anda bir kv.m sahə üçün 650 manat təşkil edir və cəmi 30563 (otuz min beş yüz altmış üç) manat ödənilməlidir. İşin materiallarında olan Cavabdeh MTK tərəfindən 05.05.2016-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1”A” saylı ünvanda inşa olunan yaşayış binası Cavabdeh MTK-nə məxsusdur. Bu binanın 3-cü blok, 13-cü mərtəbəsində, ümumi sahəsi 47.02 kv.m olan 74 saylı 1 otaqlı mənzilin pay dəyəri payçı 29877 (iyirmi doqquz min səkkiz yüz yetmiş yeddi) manat X12 tərəfindən ödənilmişdir. MTK-nə borcu yoxdur. İşin materiallarında olan X7 21.11.2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, o pay kimi Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1”A” ünvanında yerləşən Cavabdeh MTK tərəfindən inşa edilən hündür mərtəbəli binan 3 blok, 13 mərtəbə, ümumi sahəsi 47.02 kv.m olan 74 saylı mənzil üzrə 05.05.2016-cı il tarixində bağlanmış, 11 nömrəli müqavilənin ləğvinə və həmin mənzilin X16 adına rəsmiləşdirilməsinə heç bir etirazı yoxdur.Gələcəkdə də mənzilə dair nə onun, nə də ailəsinin heç bir iddiası olmayacaqdır. İşin materiallarında olan icraçı Cavabdeh MTK-nın sədri X15 ilə payçı X16 arasında bağlanmış 21.11.2019-cu il tarixli, 431 saylı müqavilədən görünür ki, icraçı əvvəlki müqaviləyə uyğun olaraq, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 25.08.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 47.02 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 74 saylı mənzili bir pay kimi payçıya ayırmağı, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndindən görünür ki, mənzilin dəyəri bu müqavilə bağlanan anda bir kv.m sahə üçün 574 manat təşkil edir və cəmi 26989 (iyirmi altı min doqquz yüz səksən doqquz) manat ödənilməlidir. İşin materiallarında olan Cavabdeh MTK tərəfindən 21.11.2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1”A” ünvanında inşa olunan 5 (beş) bloklu 15 mərtəbəli yaşayış binası "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh MTK-nə məxsusdur. Bu binanın 3-cü blok, 14-cü mərtəbəsində, ümumi sahəsi 47.02 kv.m olan 74 saylı 1 otaqlı mənzilin pay dəyəri payçı 26989 (iyirmi altı min doqquz yüz səksən doqquz) manat X16 tərəfindən ödənilmişdir. MTK-ya heç bir borcu yoxdur. İşin materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanan 15.02.2021-ci il tarixli pretenziyadan və qəbzin surətindən görünür ki, o, Cavabdeh MTK ilə aralarında bağlanmış 19.04.2017-ci il tarixli 236 saylı müqaviləyə əsasən Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbəsində yerləşən 74 saylı 1 otaqlı mənzilin 10 (on) gündən gec olmayaraq maneəsiz istifadəsinə şərait yaratmaqla ona təhvil verilməsini təmin etməyi, əks təqdirdə hüquqi tədbirlərə başlamağa məcbur olacağının nəzərə alınması bildirilmişdir Beləliklə, yuxarıda qeyd edilənlərdən müəyyən edilir ki, 19 aprel 2017-ci il tarixdə İddiaçı ilə Cavabdeh MTK arasında bağanmış “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən cavabdeh Abşeron rayonu Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 43.3 kv.m olan bir otaqlı 74 saylı mənzili iddiaçıya verməyi öhdəsinə götürmüş,iddiaçı həmin mənzilin hər 1 kvadrat metrinin dəyəri 690 (altı yüz doxsan) manat olmaqla 29877 (iyirmi doqquz min səkkiz yüz yetmiş yeddi) manat ümumi dəyərini müqavilə bağlanan gün cavabdehə ödəməsi barədə cavabdeh iddiaçıya 19 aprel 2017-ci il tarixli maliyyə arayışı vermişdir.Cavabdeh mübahisəli mənzilin əslində 3-cü şəxsə məxsus olduğunu bildirir və bunu onunla əsaslandırır ki, həmin mənzil ilkin olaraq "xxxx"MMC ilə X12 arasında bağlanmış 20 noyabr 2006-cı il tarixli müqaviləyə əsasən satılmış, sonradan A.Ağayevin yazılı razılığı ilə həmin mənzil 21 noyabr 2019-cu il tarixli müqavilə ilə Salahov Məclum Musa oğluna satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-ci maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 152.7-ci maddəsinə istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. İşin məhkəmə baxışında mübahisəli mənzilə dair ilkin olaraq məhz "xxxx"MMC ilə X12 arasında bağlanmış 20 noyabr 2006-cı il tarixli müqavilə bağlanmasını cavabdeh bildirsə də, həmin müqavilənin mövcudluğu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.Hətta həmin müqavilənin mövcudluğu barədə Cavabdeh MTK ilə payçı X16 arasında bağlanmış 21.11.2019-cu il tarixli, 431 saylı müqavilədə belə həmin müqavilə barədə hər hansı qeyd belə yoxdur. Hansı ki, cavabdeh tərəfindən bağlanan bu kimi müqavilələrdə əvvəlki payçının adı qeyd edilirdi. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh MTK- ilə payçı İddiaçı arasında bağlanmış 19.04.2017-ci il tarixli 236 saylı müqavilə əvvəllər "xxxx"MMC ilə 10 dekabr 2011-ci il tarixli Abdullayeva Hafizə Qılncxan qızı ilə həmin mənzilə dair bağlanan müqavilənin əsasında bağlanmaqla tarix etibarı ilə daha əvvəl bağlanmış olduğundan iddia tələbi əsaslı hesab edilib təmin edilməli, həmin mənzilə dair iddiaçının sahiblik və istifadə hüququ tanınmalı və həmin mənzil iddiaçıya təhvil verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı tərəfindən ödənilmiş 10,40 manat dövlət rüsumuna görə pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanda inşa olunmuş çoxmənzilli yaşayış binasının 3-cü blok, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 43.3 kv.m olan 74 saylı mənzilə dair İddiaçı sahiblik və istifadə hüququ tanınsın, həmin məzilin iddiaçıya təhvil verilməsi vəzifəsi Cavabdeh MTK –nın üzərinə qoyulsun. Cavabdeh MTK –dan 10,40 manat dövlət rüsumuna görə pul tutulub İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3469/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3469/2021
05.11.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver