Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3470/2021 12.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxs 1 saylı regional Ərazi Filialının nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxs 1 saylı regional Ərazi Filialı cəlb edilməklə) hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə 12 iyul 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 15.08.1980-cı il tarixdən 26.11.1988-ci il tarixə kimi Şaumyan qəsəbəsində yerləşən orta məktəbdə riyaziyyat müəlliməsi işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Ermənistanın Quqark rayonunda doğulmuşdur. 15.08.1980-cı il tarixdən 26.11.1988-ci il tarixə kimi Şaumyan qəsəbəsində yerləşən orta məktəbdə riyaziyyat müəlliməsi işləmişdir. Həmin məktəbdə ərizəçi ilə birlikdə X3 müəllimə və X5 isə təsərrüfat müdiri vəzifəsində işləmişlər. Məlum hadisələrə görə 1988-ci ildən qaçqın olduqlarına görə Sumqayıt şəhərində məskunlaşmışlar. Qaçqın düşən zaman vəziyyətlə əlaqədar olaraq ərizəçi əmək kitabçasını işlədiyi məktəbdən götürə bilməmişdir. Bu səbəbdən də hal-hazırda ərizəçinin əmək kitabçasında 15.08.1980-cı il tarixdən 26.11.1988-ci il tarixə kimi Şaumyan qəsəbəsində yerləşən orta məktəbdə riyaziyyat müəlliməsi işləməsi barədə məlumat yoxdur. Ərizəçi yaşa görə əmək pensiyası almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxs 1 saylı regional ərazi filialının ərizəçiyə ünvanladığı 10 aprel 2021-ci il tarixli məktubunda bildirilmişdir ki, “təqdim etdiyi sənədlərə əsasən 01.01.2006-cı il tarixədək 20 il 10 gün sosial sığorta stajı, 01.01.2006-cı il tarixdən sonra 3.461,66 manat pensiya kapitalı toplanmışdır. Yuxarıda göstərilənlərə əsaslanılaraq, 25 il sosial sığorta stajı və ya 28.800 manat pensiya kapitalı toplanılmadığından ərizəçiyə yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir.” Ərizəçi 15.08.1980-cı il tarixdən 26.11.1988-ci il tarixə kimi Şaumyan qəsəbəsində yerləşən orta məktəbdə riyaziyyat müəlliməsi işləməsinin başqa yolla müəyyən edilməsinin mümkünsüzlüyünü nəzərə alaraq hesab edir ki, həmin fakt məhkəmə qətnaməsi ilə müəyyən olunmalıdır. Göstərilənlərə əsasən Ərizəçi 15.08.1980-cı il tarixdən 26.11.1988ci il tarixə kimi Şaumyan qəsəbəsində yerləşən orta məktəbdə riyaziyyat müəlliməsi işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizədə göstərilənlərə uyğun izahat verib ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxs 1 saylı regional Ərazi Filialının nümayəndəsi X6 ərizəyə etiraz edərək izahatında bildirdi ki, ərizə təmin edilməməlidir. Belə ki, ərizəçi öz ərizəsində 15.08.1980-ci il tarixdən 26.11.1988-ci il tarixədək Şaumyan rayonunun Şaumyan qəsəbəsində yerləşən orta məktəbdə riyaziyyat müəlliməsi kimi işlədiyini, 1988-ci il tarixdən qaçqın kimi Sumqayıt şəhərində məskunlaşdığını və əmək fəaliyyətinə dair sənədlərin işğal olunmuş ərazidə qaldığını və sonradan əldə edilməsinin mümkün olmadığını bildirmişdir. Bu səbəbə görə qeyd olunan sənədlərini Fondun 1 saylı regional Ərazi Filialına təqdim edə bilmədiyindən ona pensiya təyin olunmasından imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. 2006-cı ilədək qüvvədə olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin işləmələri barədə sənədləri olmalıdır. Eyni zamanda, əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 12 aprel 2019cu il tarixli 3 saylı qərarının 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla, məsələn, əmək kitabçası ilə təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Lakin, bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Ərizəçi ərizəsində qeyd olunan faktı təsdiq edə biləcək şahidlərinin olduğunu göstərsə də, şahidlərin həmin dövrdə onunla birlikdə işləmələrini təsdiq edəcək hər hansı bir rəsmi sənədi ərizəyə əlavə etməmişdir. Göstərilənlərə əsasən ərizənin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, onunla Ərizəçi Ermənistan Respublikasının Şaumyan rayonu, Şaumyan qəsəbəsində yerləşən eyni orta məktəbdə müəllimə vəzifəsində işləmişlər. O, 1980-cı il tarixdən 1988-ci il tarixədək Şaumyan qəsəbəsində qeyd olunan məktəbdə müəllimə vəzifəsində çalışmışdır. O, Ermənistan Respublikasından gələrkən əmək kitabçasını özü ilə götürə bilmişdir və onun sözügedən məktəbdə müəllimə işləməsini əmək kitabçası təsdiq edir. O, Şaumyan qəsəbəsində qeyd olunan orta məktəbdə müəllimə işləməyə başlayan zaman artıq Ərizəçi orada çalışırdı. Ərizəçi 1988-ci ilin sonuna kimi sözügedən məktəbdə müəllimə işləmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 ifadəsində göstərmişdir ki, Ərizəçi ilə birlikdə Ermənistan Respublikasının Şaumyan qəsəbəsində yerləşən eyni orta məktəbdə işləmişlər. O, 1985-cı ildən 1988-ci ilədək qeyd olunan məktəbdə təsərrüfat müdiri vəzifəsində çalışmışdır. O, məlum hadisələrlə əlaqədar Ermənistan Respublikasından gələrkən əmək kitabçasını özü ilə götürə bilmişdir və onun qeyd olunan məktəbdə təsərrüfat müdiri işləməsini əmək kitabçası təsdiq edir. O, qeyd olunan orta məktəbdə təsərrüfat müdiri işləməyə başlayan zaman artıq Ərizəçi orada çalışırdı. Ərizəçi 1988-ci ilin sonuna kimi sözügedən məktəbdə müəllimə işləmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan Ərizəçi məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. Mülki işin materiallarında olan 23 iyun 1980-cı il tarixli EV seriyalı 267675 nömrəli (qeyd № 15475) diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 1976-cı ildə H.Zərdabi adına X8 İnstitutuna daxil olmuş və 1980-cı ildə riyaziyyat ixtisası üzrə tam kursu bitirmişdir. Mülki işin materiallarında olan İT-İ seriyalı ******* №-li əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, Ərizəçi Bakı şəhəri 107 №-li tam orta məktəbindən öz ərizəsilə 18.11.2020-ci il tarixli əmrlə işdən azad olunmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxs 1 saylı regional Ərazi Filialı tərəfindən Ərizəçi ünvanlanmış 20.04.2020-ci il tarixli **********0 nömrəli məktubundan müəyyən edilir ki, Ərizəçi təqdim etdiyi sənədlərə əsasən 01.01.2006-cı il tarixə 20 il 10 gün sosial sığorta stajı, 01.01.2006-cı il tarixdən sonra 3.461,66 manat pensiya kapitalı toplanılmışdır. Tələb olunan 25 il sosial sığorta stajı və ya 28800 manat pensiya kapitalı toplanmadığından yaşa görə əmək pensiyasının təyin edilməsinin qanuna zidd olduğu bildirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 23-cü maddəsinə görə vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisindəki qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 3364 saylı, 10 oktyabr 2007-ci il tarixli qeydiyyatdan keçmiş Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının 24 sentyabr 2007ci il tarixli qərarının 2.5-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlərin üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilinməməsi və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. İşin materiallarında olan X1 məxsus ******* saylı əmək kitabçasının surətindən görünür ki, 20.08.1981-ci il tarixli əmrlə Quqark RTŞ-nin Şaumyan qəsəbəsinə fizika müəlliməsi təyin edilmiş 01.12.1989-cu il tarixə öz ərizəsi ilə işdən azad edilmişdir. İşin materiallarında olan X4 məxsus ******* saylı əmək kitabçasının surətindən görünür ki, 15.02.1985-ci il tarixdən 15.09.1988-ci il tarixədək Ermənistan Respublikasının Şaumyan qəsəbəsində yerləşən orta məktəbdə təsərrüfat müdiri vəzifəsində işləmişdir. İşin materiallarında olan ərizəçiyə məxsus ******* saylı hərbi biletin surətindən görünür ki, həmin hərbi bilet ona 27 may 1980-ci il tarixdə Kirovabad şəhər hərbi komissarlığı tərəfindən verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Ərizəçi 15 avqust 1980-cu il tarixdən 26 noyabr 1988-ci il tarixə qədər Ermənistan Respublikasının Quqark rayonu Şamuyan qəsəbəsində yerləşən orta məktəbdə müəllimə vəzifəsində işləmişdir.Bu ərizəçiyə məxsus diplomun surəti,,hərbi biletinin surəti, qeyd edilən məktəbin 1980-1981-ci illər üçün buraxılış foto şəkillərində müəllimlərin sırasında ərizəçinin də fotoşəklinin olması ilə, habelə eyni məktəbdə ərizəçi ilə birlikdə çalışan yxarıda qeyd edilən şahidlərin ifadələri, onların əmək kitabçaları ilə tam təsdiq olunur.Lakin, ərizəçi baş vermiş məlum hadisələrlə əlaqədar əmək kitabçası və əmək fəaliyyəti ilə əlaqədar digər sənədləri götürə bilməmiş, həmin sənədlər Ermənistan Respublikasında qalmışdır və həmin faktı təsdiq edən sənədləri başqa qaydada əldə etmək mümkün olmadığı üçün bu, məhkəmə qaydasında müəyyən olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə ərizə təmin olunmalı, Ərizəçi 15 avqust 1980-ci il tarixdən 26 noyabr 1988-ci il tarixədək Ermənistan Respublikasının Quqark rayonu, Şaumyan qəsəbəsində yerləşən orta məktəbdə riyaziyyat müəlliməsi işləməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 15 avqust 1980-ci il tarixdən 26 noyabr 1988-ci il tarixədək Ermənistan Respublikasının Quqark rayonu, Şaumyan qəsəbəsində yerləşən orta məktəbdə riyaziyyat müəlliməsi işləməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3470/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3470/2021
12.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver