Məhkəmə qərarları › İş №2(012)-3482/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3482/2021

07.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3482/2021 07.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Habil Yunis oğlu Əhmədov Ərizəçi X1 doğum faktının müəyyən edilməsi barədə ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Ərizəçi X3 doğum faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 21.06.2002-ci ildə Abşeron rayon Xırdalan şəhəri Ş.Ələkbərova küçəsi 31 saylı mənzildə anadan olma (doğum) faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş Maraqlı şəxs 07.04.2021-ci il tarixli 05/Q-463/15 saylı məktubundan görünür ki, ərizəçi X1 anası X2 doğum haqqında nömrə 103 formalı tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün doğumun qeydiyyata alınmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının: 2.1. Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir. 2.6. Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1. maddəsinə əsasən Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, qanunvericiliyin tələblərindən də göründüyü kimi, tibb müəssisəsindən kənar ev şəraitində dünyaya gəlmiş, doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi almaq üçün doğumun qeydə alınması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edən ərizəçi X3 ərizəsində 21.06.2002-ci il tarixdə anadan olduğunu qeyd etsə də onun həqiqətən də həmin tarixdə anadan olduğunu, məhkəməyə müraciət etmək üçün mülki hüquq fəaliyyət qabiliyyətinə malik olduğunu müəyyən etmək mümkün deyildir. Məhkəmə belə nəticəyə gəlir ki, ərizəçi X3 öz doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Məhkəmə qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlərin müəyyən edildiyi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 310.1. maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə geri qaytarılır. Göstərilənlərə əsasən məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutaraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənələr geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, X1 21.06.2002-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri Ş.Ələkbərova küçəsi 31 saylı mənzildə anadan olma (doğum) faktının müəyyən edilməsi barədə ərizə ilə anası – X4 müraciət etmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-153, 306-310, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi X1 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar