Məhkəmə qərarları › İş №2(012)-3536/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3536/2024

12.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3536/2024 12.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh mənzildən çıxarılma və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X3 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda yerləşən yaşayış binasının 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli mənzilinə dair Cavabdeh və digərlərinin mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X8 03 sentyabr 2023-cü ildə ağ ciyər xəstəliyindən rəhmətə getmişdir. İddiaçı həyat yoldaşı Ayturan Əliyev 2002-ci ildən şizofreniya paranoid forma diaqnozlu xəstəlikdən əziyyət çəkmişdir. Nəsimi Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli qətnaməsi ilə Ayturan Əliyev fəaliyyət qabiliyyətsiz elan edildiyi zaman iddiaçı həyat yoldaşı olaraq onun qəyyumu təyin edilmişdir. Ayturan Əliyev 21 yanvar 2016-cı il tarixdə rəsmi müqavilə ilə "xxxx" MMC-nin ("xxxx" MMC-nin) Xırdalan şəhərində inşa etdiyi binadan 319 saylı, 3 otaqlı mənzili satın almışdır. 30 may 2017-ci il tarixli müqaviləyə əsasən şirkət sözügedən mənzili onların xəbəri olmadan X1. Şikətin rəhbəri Ələkbər Hüseynov şikayət edəcəkləri təqdirdə həyat yoldaşı Ayturan Əliyevin ruhi xəstə olmağından istifadə edərək onu aldatmış, həmin mənzilin Ayturanın qardaşı Hürü Əliyev tərəfindən satıldığını və Ayturanın şikayət edəcəyi təqdirdə qardaşı Hürü Əliyevin məsuliyyətə cəlb olunacağını bildirmişdir. Daha sonra X15 Əliyevin psixi durumunun yerində olmamasından istifadə etmiş, onu təhdid edərək mənzilin onun razılığı ilə satıldığını bildirən saxta sənədə imza etdirmişdir. Belə ki, mübahisəli mənzilin satılması barədə danışıqlar Ayturan Əliyevin özü ilə yox, onun qardaşı və atası ilə aparılmış, mənzil Ayturan Əliyevin qardaşı Hürü Əliyevin borcunun müqabilində Ələkbər Hüseynova təklif olunmuşdur. Göründüyü kimi Ayturan Əliyevin 30 may 2017-ci il tarixli qardaşı Hürü Əliyevin iştirakı ilə yazmış olduğu mübahisəli mənzilin satılmasına dair etiraz etməməsi barədə ərizə onun özünün sərbəst iradəsi ilə yazılmamışdır. Belə ki, əslində Ayturan Əliyev özünə məxsus mənzili satmaq niyyətində olmamış, sadəcə olaraq cavabdehlər Ayturan Əliyevin öz hərəkətlərinin mənasını dərk etməməsindən və özünü şüurlu şəkildə idarə etmək iqtidarında olmamasından istifadə edərək xeyrlərinə hazırlanmış sənədə qol çəkdirmişlər. Daha sonra iddiaçı və həyat yoldaşı Ayturan Əliyev qeyd edilən faktlara əsaslanmaqla iddia ərizəsi ilə məhkəmə müraciət edərək 30 may 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X3 adına 21 yanvar 2016-cı il tarixli müqavilənin bərpa edilməsi və dəymiş zərərə görə 78.449 manat məbləğində maddi zərərin ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Hər üç instansiya məhkəməsində iddiaları təmin edilmişdir. Belə ki, “AFŞARAN" MMC ilə X9 arasında bağlanan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1, 5-ci blok, 10-cu mərtəbə, 319 saylı 3 otaqdan ibarət mənzilə dair 30 may 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və mənzilin Ayturan Əliyevin mülkiyyətinə qaytarılması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-201/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda yerləşən yaşayış binasının 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli mənzil "xxxx" MMC tərəfindən Ayturan Əliyevə təhvil verilməsi qət edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olmasına baxmayaraq, mübahisəli mənzil hələ də təhvil verilməmişdir. Sözügedən mənzili 15-16 dekabr 2021-ci il tarixində Cavabdeh, X10 ilə "xxxx" MMC arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda yerləşən yaşayış binasının 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli mənzilin alqı-satqı müqaviləsi bağlanmışdır. Onlar 29 dekabr 2021-ci il tarixində 63.500 manat məbləğində Cəfər bəyə ödəniş etmişlər. Həmin vaxt Rafiq Tağıyev "xxxx" MMC-nin direktoru olmuşdur. "xxxx" MMC tərəfindən onlara müqavilə və maliyyə arayışı verilmişdir. Hal-hazırda mənzilə Cavabdeh sahiblik edir. Bu müddət ərzində o mənzilin təmir işlərini həyata keçirmiş, mənzilə kommunal xətlər çəkdirmişdir. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən X3 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda yerləşən yaşayış binasının 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli mənzilinə dair Cavabdeh və digərlərinin mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X3 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda yerləşən yaşayış binasının 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli mənzilində yaşayan Cavabdeh və onun üzvlərinin həmin mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərdi ki, iddia ərizəsində tələbini ətraflı qeyd etmiş və əsaslandırmışdır. Hazırda yeganə tələbi Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda yerləşən yaşayış binasının 5-ci blok, 10-cu mərtəbədəki 319 nömrəli mənzilin Cavabdeh və onun üzvləri tərəfindən boşaldılması və ona təhvil verilməsi ilə bağlıdır. Mənzilin onlara məxsus olması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur. Ayturan Əliyeva qeyd olunan mənzilə dair hər hansısa məbləğdə pul verilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin yekun məhkəmə aktı ilə mənzilin onlara məxsusluğu təsdiqini tapmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 iddianı qəbul etməyək izahatında bildirdi ki, iddiaçı X3 qanuni nümayəndəsi İddiaçı iddiası ilə iyun 2023cü il tarixdə Abşeron Rayon Məhkəməsinin müvafiq qətnaməsi çıxarılmışdır. Həmin mülki iş üzrə məhkəmə prosesində iştirak etmişdir. Daha sonra həmin qətnamədən apellyasiya şikayəti ilə apelyasiya məhkəməsinə müraciət etmişlər. Həmin iş üzrə də keçirilən məhkəmə prosesində iştirak etmişdir. Apellyasiya məhkəməsinin qətnaməsinin elanından sonra isə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət etmişlər. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində uzun müddət istintaq aparılmışdır. 31 may 2024-cü il tarixdə istintaq yekunlaşdırılmışdır. İstintaq zamanı 2016-cı il tarixdə mənzilə dair iddiaçı tərəfə verilmiş sənədlərin saxta olması müəyyən edilmişdir. Buna görə də hazırda Ali Məhkəmənin plenumuna yeni aşkarlanmış halla bağlı müraciət etmişlər. Belə ki, istintaq zamanı müəyyən edilmişdir ki, İddiaçı qaynatası X5 2016-cı il tarixdə "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyətinə və onun rəhbərliyinə qarşı dələduzluq edərək hazırki mübahisəli mənzili əldə etmişdir. Daha sonra mənzili satmışlar. Əlimurad Əliyev və Ayturan Əliyev gedən bu proseslərin içində olmuş və onlar özləri mənzilin dəyərinin tərəflərindən alındığını təsdiq etmişlər. Ümumiyyətlə iddiaçı tərəf mənzilin alınması ilə bağlı "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyətinə heç bir məbləğdə pul ödəməmişdir. Mənzilə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən sənəd əldə edərək yararlanmışlar. İddiaçı mənzilin satılması ilə bağlı imtinasının olmadığını əsas gətirməklə məhkəmədə iddia qaldırılmış və məhkəmə aktları əldə edilmişdir. Mübahisəli mənzilin alınmasına dair yeganə olaraq vəsait ödəyən onlardır. Onlardan başqa heç kəs mənzilin alınmasına dair vəsait ödəməmişdir. Lakin buna baxmayaraq hazırda iddiaçı mənzildən çıxmalarına dair iddia irəli sürür. İddiaçının mənzillə bağlı hər hansı bir iddiası varsa, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etməli və onlarla öz mübahisəsini həll etməlidir. Verilmiş suallara cavabında qeyd edir ki, mənzilə dair məhkəmə mübahisələri başlanana qədər Ayuturan Əliyevi və İddiaçı tanımamışdır. Məhkəməyə dəvət olunduqdan sonra qeyd edilən şəxsləri tanımışdır. 15 il ərzində yığdığı vəsait hesabına qeyd olunan mənzili əldə etmişdir. Onun və ailəsinin yaşayacaq başqa bir mənzili yoxdur. Göründüyü kimi iddiaçının iddiası əsassızdır. Göstərilənlərin nəzərə alınmaqla iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan mənzil tikintisi haqqında 21 yanvar 2016-cı il tarixli müqavilədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X8 arasında ünvan 2 ünvanda yerləşən binanın 5-ci bloku, 10-cu mərtəbə, 120,69 kv.metr sahəsi olan, üç otaqlı, 319 saylı mənzilin 78.849 manata (1 kv.metri 650 manata) satılması haqqında müqavilə bağlanmışdır. İşdə olan 21 yanvar 2016-cı il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, X8 tərəfindən payçı kimi ünvan 2 ünvanda yerləşən binanın 5-ci bloku, 10-cu mərtəbə, 120,69 kv.metr sahəsi olan, üç otaqlı, 319 saylı mənzilə görə "xxxx" MMC-nin kassasına 78.849 manat mədaxil edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(012)-201/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 qanuni nümayəndəsi İddiaçı cavabdeh "xxxx" MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X13, X10 və Cavabdeh qarşı «mənzilin təhvil verilməsi, mənzilə dair notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinin və maliyyə arayışının onlara təhvil verilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda yerləşən yaşayış binasının 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli mənzilin "xxxx" MMC tərəfindən X6 təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2023-cü il tarixli, 2(105)-1935/2023 saylı qətnaməsindən görünür ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsnin 07 iyun 2023-cü il tarixli, 2(012)-201/2023 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 aprel 2021-ci il tarixli, 2(102)-1802/2021 saylı qərarından görünür ki, "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-61/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 12 sentyabr 2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 347988 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 03 sentyabr 2023-cü il tarixdə kəskin respirator çatmamazlığı səbəbindən Bakı şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 12 sentyabr 2023-cü il tarixdə 1221 nömrə ilə qeyd edilmişdir. Bundan əlavə iş materiallarında olan Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli, 3849 nömrəli məktubdan görünür ki, X2 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsilə bağlı Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət daxil olmuşdur. X3 xx.xx.2023-cü il tarixdə vəfat etməsi və vərəsələrin dairəsi müəyyən edilmişdir. Eyni zamanda İddiaçı, X11 və X7 miras qoyanın vərəsələri olması barədə məlumat məktubu təqdim edilmişdir. İş materiallarında olan mənzil tikintisi haqqında 19 dekabr 2021-ci il tarixli, 319 nömrəli müqavilədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında ünvan 2 ünvanda yerləşən binanın 5-ci bloku, 10-cu mərtəbə, 120,69 kv.metr sahəsi olan, üç otaqlı, 319 saylı mənzilin 63.500 manata (1 kv.metri 526 manata) satılması haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan 19 dekabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 2 ünvanda yerləşən binanın 5-ci bloku, 10-cu mərtəbə, 120,69 kv.metr sahəsi olan, üç otaqlı, 319 saylı mənzilin pay dəyəri olan 63.500 manat payçı Cavabdeh tərəfindən tam ödənilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. İşdən göründüyü kimi, mübahisə predmetini ünvan 2 ünvanda yerləşən binanın 5-ci bloku, 10-cu mərtəbə, 120,69 kv.metr sahəsi olan, üç otaqlı, 319 saylı mənzil təşkil edir. Qanuni qüvvəsini almış Abşeron Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(012)- 201/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 qanuni nümayəndəsi İddiaçı cavabdeh "xxxx" MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X13, X10 və Cavabdeh qarşı mənzilin təhvil verilməsi, mənzilə dair notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinin və maliyyə arayışının onlara təhvil verilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda yerləşən yaşayış binasının 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli mənzilin "xxxx" MMC tərəfindən X6 təhvil verilməsi qət edilmişdir. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2023-cü il tarixli, 2(105)-1935/2023 saylı qətnaməsinə əsasən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsnin 07 iyun 2023cü il tarixli, 2(012)-201/2023 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 aprel 2021-ci il tarixli, 2(102)-1802/2021 saylı qərarına əsasən "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-61/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi, yuxarı instansiyası məhkəmələrinin gəldikləri nəticədən müəyyən olunmuşdur ki, mübahisə predmetini təşkil edən mənzil X6 məxsusdur və bu əmlak "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona təhvil verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, qeyd olunan qərar hazırki mübahisə üçün preyudisial əhəmiyyətə malikdir. İşdən görünür ki, mübahisəli mənzil 19 dekabr 2021-ci il tarixli müqavilə ilə Cavabdeh satılmışdır, halbuki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X8 arasında bağlanan 21 yanvar 2016-cı il müqavilə hazırda qüvvədədir, müqavilə məhkəmə qaydasında ləğv olunmamış, əksinə həmin əqdin mötəbərliyi məhkəmə aktları ilə təsdiq olunmuşdur. Göründüyü kimi sözügedən mənzil artıq qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən X8 tərəfindən dəyəri ödənilməklə əldə olunan əmlak kimi qiymətləndirilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, mübahisəli daşınmaz əmlak hazırda Cavabdeh mülkiyyətində (sahiblik və istifadəsində) ola bilməz və İddiaçı hazırki tələbi əsaslıdır. Yuxarıda da qeyd edildiyi kimi, mübahisəli mənzil qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən X3 hüquqları ilə yüklü olunduğundan cavabdeh və onun ailə üzvləri həmin mənzildən çıxarılmalı, mənzil iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh və onun ailə üzvləri Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda yerləşən yaşayış binasının 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli mənzilindən çıxarılmalı və həmin mənzil İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumuna görə 100 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh və onun ailə üzvləri Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda yerləşən yaşayış binasının 5-ci blok, 10-cu mərtəbə, 319 nömrəli mənzilindən çıxarılsın və həmin mənzil İddiaçı təhvil verilsin. Ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar