Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3537/2021 30.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi-anası X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə istifadə qaydalarının müəyyən edilməsi və evə köçürülmə tələbinə dair mülki işə 30 avqust 2021-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evə istifadə qaydalarının müəyyən edilməsi və evə köçürülmə tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı azyaşlı övladları - 30 iyun 2009-cu il təvəllüdlü X4, 23 mart 2011-ci il təvəllüdlü X5 və 02 may 2017-ci il təvəllüdlü X6 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Q.Qarayev küçəsində yerləşən 107 saylı evə istifadə qaydalarının müəyyən edilməsi və onların həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-anası X2 Mülki-Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək, İddiaçı azyaşlı övladları - 30 iyun 2009-cu il təvəllüdlü X4, 23 mart 2011-ci il təvəllüdlü X5 və 02 may 2017-ci il təvəllüdlü X6 ilə birlikdə Abşeron rayonu, Fatmayı kəndi, Q.Qarayev küçəsində yerləşən 189 saylı evə istifadə qaydalarının müəyyən edilməsi və onların həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1961/2021 saylı, 07.04.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh və İddiaçı arasında 29.07.2008-ci il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində bağlanmış 360 saylı akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş 30 iyun 2009-cu il təvəllüdlü X4, 23 mart 2011-ci il təvəllüdlü X5 və 02 may 2017-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalması və həmin azyaşlıların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə 11.02.2021-ci il tarixdən başlayaraq hər ay hər bir uşağa görə 175 manat, cəmi 525 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı evli olduğu müddətdə Cavabdeh ilə onun qeydiyyatda olduğu Abşeron rayonu, Fatmayı kəndi, Q.Qarayev küçəsində yerləşən 189 saylı evdə uzun müddət birgə yaşamış, birgə təsərrüfat aparmışdır. Cavabdeh onu məcburi şəkildə həmin evdən çıxardıqdan sonra iddiaçı övladları ilə birgə valideynlərinin yanında yaşamağa məcbur olmuşdur. Cavabdeh alimenti ödəməkdən boyun qaçırır və iddiaçı övladlarının maddi ehtiyaclarını təkbaşına qarşılamalı olur. İddiaçının valideynlərinin yaşadığı ev isə iddiaçının övladları ilə birgə orada yaşaması üçün kifayət qədər normal şəraitə malik deyil. Bu səbəbdən də, hazırda onun azyaşlı uşaqları ilə birgə Abşeron rayonu, Fatmayı kəndi, Q.Qarayev küçəsində yerləşən 189 saylı evə istifadə qaydalarının müəyyən edilməsi və onların həmin evə köçürülməsi zərurəti yaranmışdır. Birgə nikah dövründə iddiaçı işlədiyi üçün həmin evin təmir işlərinə müəyyən vəsait xərcləmiş, evin digər xərclərinin ödənilməsində də cavabdehə köməklik göstərmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-anası X2 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, mübahisəli ev özbaşına tikilidir. İddiaçı da həmin evdə 10 ildən çox müddətə yaşamışdır. Həmin evə iddiaçının köçürülməsinə razı deyildir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)- 1961/2021 saylı, 07.04.2021-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, iddia təmin edilmiş, Cavabdeh və İddiaçı arasında 29.07.2008-ci il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində bağlanmış 360 saylı akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş 30 iyun 2009-cu il təvəllüdlü X4, 23 mart 2011-ci il təvəllüdlü X5 və 02 may 2017-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalması və həmin azyaşlıların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə 11.02.2021-ci il tarixdən başlayaraq hər ay hər bir uşağa görə 175 manat, cəmi 525 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Mülki işin materiallarında olan Abşeron rayon İHB-nın Fatmayı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilən 21 aprel 2021-ci il tarixli arayışdan müəyyən edilir ki, İddiaçı həqiqətən Abşeron rayonu, Fatmayı kəndi, Q.Qarayev küçəsində yerləşən 189 saylı evdə qeydiyyatsız yaşamışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdeh rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 3 övladları anadan olmuşdur. Tərəflər arasında münasibətlərin kəskinləşməsi ailənin faktiki olaraq dağılması ilə nəticələnmişdir. İddiaçı evli olduğu müddətdə cavabdeh və övladları ilə birgə qanunsuz tikilidə yaşamış, birgə təsərrüfat aparmış, evin təmir və digər xərclərində cavabdehə köməklik göstərmişdir. İddiaçı və cavabdehin nikahı məhkəmə qaydasında pozulmuşdur. İddiaçı hazırda 3 övladı ilə birlikdə valideynlərinin yanında yaşayır və bu səbəbdən sözügedən qanunsuz tikiliyə istifadə hüquqlarının müəyyən edilməsi və oraya köçürülməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş əri (ərinin ailə üzvləri) güc tətbiq etməklə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olubolmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (güc tətbiq etməklə evdən çıxarma) qanunsuzdur. Beləliklə, iddia üzrə cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin özbaşına tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmasa da, MM-nin 180.2 və 180.4-cü maddələrinin məzmununa əsasən həmin özbaşına tikilinin mövcud olduğu müddətdə orada əvvəllər məskunlaşmış şəxslərin oradan istifadə hüququ müəyyən oluna, habelə oradan istifadə qaydaları müəyyən oluna bilməz, lakin həmin vətəndaşların oraya köçürülməsinə də qadağalar qoyula bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı azyaşlı övladları - 30 iyun 2009-cu il təvəllüdlü X4, 23 mart 2011-ci il təvəllüdlü X5 və 02 may 2017-ci il təvəllüdlü X6 ilə birlikdə Cavabdeh yaşadığı özbaşına tikiliyə - Abşeron rayonu, Fatmayı kəndi, Q.Qarayev küçəsində yerləşən 189 saylı evə köçürülməli, bu hissədə iddia təmin edilməlidir. Sözügedən ev özbaşına tikili olduğundan iddia tələbi istifadə qaydalarının müəyyən edilməsi hissəsində təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı azyaşlı övladları - 30 iyun 2009-cu il təvəllüdlü X4, 23 mart 2011-ci il təvəllüdlü X5 və 02 may 2017-ci il təvəllüdlü X6 ilə birlikdə Cavabdeh yaşadığı özbaşına tikiliyə - Abşeron rayonu, Fatmayı kəndi, Q.Qarayev küçəsində yerləşən 189 saylı evə köçürülsünlər. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3537/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3537/2021
30.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver