Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3557/2024 19.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma» tələbi barədə ərizəsinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlövsət qızının (Cavabdeh2) istifadələrinə verilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış kompleksi, 7 saylı binada 59 nömrəli mənzilə dair 19 noyabr 2015-ci il tarixli, “7/59” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlövsət qızı (Cavabdeh2) və ailə üzvlərinin həmin mənzildən çıxarılması və “7/59” nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirirlər ki, komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə verir və yaxud ümumiyyətlə, həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 19 noyabr 2015-ci il tarixli, “7/59” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkün Cavabdeh1 və Cavabdeh2 Əlövsət qızı (Cavabdeh2) ailə üzvləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş “Qarant” yaşayış kompleksində 7 saylı binada 59 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Sonradan Abşeron rayonu, Mehdiabad qəsəbəsi üzrə Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlövsət qızının (Cavabdeh2) həmin mənzildə yaşamadığı və mənzilin kənar şəxs olan X3 ayda 220 manat müqabilində kirayə verdiyi müəyyən edilmişdir. Sahə rəisi tərəfindən Cavabdeh1, Cavabdeh2 Əlövsət qızına (Cavabdeh2) və ailə üzvlərinə mənzildə yaşamadıqlarını və mənzilin başqa şəxsə kirayə verilməsinin qanunsuz olduğu bildirilərək mənzilin könüllü təhvil verilməsi barədə xəbərdarlıq edilsə də nəticəsi olmamışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlövsət qızının (Cavabdeh2) və ailə üzvlərinin mənzildə yaşamadığı müəyyən edildiyindən Qaydanın 3.3-cü və 3.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Odur ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri pozulduğundan Cavabdeh1 verilmiş mənzil boşaldılıb Komitəyə təhvil verilməlidir. Həmçinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlövsət qızının (Cavabdeh2) və ailə üzvlərinin Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış kompleksi, 7 saylı binada yerləşən 59 nömrəli 2 otaqlı mənzildə yaşamadığı müəyyən edildiyindən onunla bağlanmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, o, iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə aralarında bağlanmış 19 noyabr 2015-ci il tarixli kirayə müqaviləsinin ləğv edilməsinə razı deyildir. Belə ki, onlar 2020-ci ildən etibarən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış kompleksi, 7 saylı binada 59 nömrəli mənzildə yaşamırlar. İddiaçı qurum onların sözügedən mənzildə yaşamadığını və həmin mənzilin başqa şəxsə kirayəyə verildiyini əsas gətirərək onlardan mənzili boşaltmalarını və quruma təhvil vermələrini tələb etmişdir, halbuki sözügedən mənzilin yerləşdiyi binada 28 mənzil faktiki olaraq satılmışdır. Bundan əlavə həmin binanın birinci mərtəbəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən açılmış mağazalar və gözəllik salonlarından ibarətdir. Odur ki, göstərilənlərə əsasən o, mənzili zəbt edən şəxsi mənzildən çıxartmaq, daha sonra isə həmin mənzilə köçmək üçün ona möhlət verilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında Cavabdeh1 izahatına uyğun izahat verərək, onlardan əvvəl sözügedən mənzilin yerləşdiyi binanın birinci mərtəbəsindən mağaza və gözəllik salonu kimi istifadə edən şəxslərin mənzillərindən çıxarılmalı olduğunu bildirdi və qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 19 noyabr 2015-ci il tarixli “7/59” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində məcburi köçkün üçün inşa edilmiş “Qarant” yaşayış kompleksində 7 saylı binada 59 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. İş materiallarında olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi üzrə Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 22 sentyabr 2023-cü il, 20 oktyabr 2023-cü il, 24 noyabr 2023cü il və 29 dekabr 2023-cü il tarixli aktlardan görünür ki, həqiqətən, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış kompleksində kirayə müqaviləsi ilə xüsusi təyinatlı yaşayış sahəsi kimi verilmiş bina 7, mənzil 59 ünvanında yerləşən mənzili Cavabdeh1 başqa şəxsə kirayə verərək özü başqa ünvanda yaşayır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 19 noyabr 2015-ci il tarixli “7/59” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində məcburi köçkün üçün inşa edilmiş “Qarant” yaşayış kompleksində 7 saylı binada 59 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Lakin iş materiallarında olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi üzrə Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 22 sentyabr 2023-cü il, 20 oktyabr 2023-cü il, 24 noyabr 2023-cü il və 29 dekabr 2023-cü il tarixli aktlardan görünür ki, həqiqətən, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış kompleksində kirayə müqaviləsi ilə xüsusi təyinatlı yaşayış sahəsi kimi verilmiş bina 7, mənzil 59 ünvanında yerləşən mənzili Cavabdeh1 başqa şəxsə kirayə verərək özü başqa ünvanda yaşayır. Beləliklə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci, 98-ci, 99-cu maddələri və “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3-cü hissəsinin şərtləri cavabdehlər tərəfindən pozulduğundan məhkəmə hesab edir ki, 19 noyabr 2015-ci il tarixli “7/59 nömrəli "xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli və həmin mənzil cavabdehlər tərəfindən boşaldılaraq Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3-cü hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydaları aşağıdakı kimi müəyyən edilmişdir: 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qovmaqla və digər vasitələrlə evləri özqəninkiləsdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.4. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. 3.5. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə. Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyqun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. 19 noyabr 2015-ci il tarixli, “7/59” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtlərinə əsasən kirayəçinin aşağıdakı vəzifələri vardır: 2.4.2.kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək; 2.4.3.yaşayış sahəsindən təyinatı üzrə və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək; 2.4.4. yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək; 2.4.9. yaşayış sahəsindən istifadə etməyə hüquq verən əsasların və halların dəyişməsi barədə on iş günündən gec olmayaraq, Kirayəyə verəni məlumatlandırmaq. 4.1. Kirayəyə verən və Kirayəçi bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 4.3. Kirayəçinin mülki-hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri bu Müqavilədən irəli gələn öhdəliklər üzrə Kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 5.1. Tərəflərin razılığı ilə istənilən vaxt bu Müqavilənin şərtləri dəyişdirilə və ya ləğv edilə bilər. 5.3. Kirayəçi və onunla yaşayan ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, bu Müqavilə həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab olunur. 5.4. Aşağıdakı hallarda bu Müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: 5.4.1.Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu Müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə; 5.4.3.Kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 5.4.4.kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 5.4.5. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. 5.7. Kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, aşağıdakı hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi Kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 5.7.1.Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; 5.7.2.Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə; 5.7.3.Kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrı təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.6-cı maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Bundan əlavə iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması hissəsi ilə bağlı məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sözügedən mənzildə yaşamadıqları üçün hal-hazırda onların mənzildən çıxarılması zərurəti aradan qalxmış və bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadələrinə verilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış kompleksi, 7 saylı binada 59 nömrəli mənzilə dair 19 noyabr 2015-ci il tarixli, “7/59” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin və həmin mənzil cavabdehlər tərəfindən boşaldılaraq Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. İddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3557/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3557/2024
19.08.2024 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver