Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-357/2021 15.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi, vəkili X8 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun tanınması və mənzilə köçürmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı istifadə hüququnun tanınması və mənzilə köçürmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, yəni X1 mərhum atası X5 məxsus Xırdalan şəhəri, 28-ci məhəllə, ev 7, mənzil 46 ünvanına istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1978-ci il tarixdən mərhum atası X5 məxsus Xırdalan şəhəri, 28-ci məhəllə, ev 7, mənzil 46 ünvanında qeydiyyatda olmuş və orada ailə üzvləri ilə birlikdə yaşamışdır. Sonra o, 1988-ci ildə ailə həyatı qurması ilə əlaqədar olaraq atasına məxsus olan Xırdalan şəhəri, 28-ci məhəllə, ev 7, mənzil 46-dan köçüb getmişdir. 1988-ci ildə həmin ünvandan qeydiyyatdan çıxmış, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi 5 saylı RPŞ-nə qeydiyyata düşmüşdür. Artıq neçə illərdir ki, övladları ilə yaşamağa daimi evi olmadığına görə kirayələrdə yaşayırlar. Hal-hazırda da sahəsi az və şəraitsiz mənzildə kirayədə yaşayırlar. Xəstəliyi ilə əlaqədar işləyə bilmədiyinə, heç bir yerdən maddi gəliri olmadığına görə artıq mənzilin kirayə haqqını ödəyə bilmir. Bu səbəbdən evdən çıxmaq məcburiyyətində qalmış və yaşamağa heç bir yeri yoxdur. Cavabdeh Xırdalan şəhəri, 28-ci məhəllə, ev 7, mənzil 46-da yaşayır. Cavabdeh mərhum atam X5 məxsus evdə yaşayır. Ora köçüb yaşaması barədə cavabdehə dəfələrlə müraciət etsə də, lakin sonuncu onu evə buraxmır. Başqa yaşayış yeri olmadığına görə, eləcə də mübahisəli mənzil mərhum atası X5 məxsus olduğuna görə hesab edir ki, onun Xırdalan şəhəri, 28-ci məhəllə, ev 7, mənzil 46 ünvanına istifadə hüquqları tanınmalı və o, həmin mənzilə köçürülməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verdi. İzahatında əlavə olaraq göstərdi ki, o, 1978-ci ildə mərhum atası X2 məxsus ünvan 2, mənzil 46 ünvanında anadan olmuş və 1988-ci ilədək, yəni ailə həyatı qurduğu vaxtadək mübahisə predmeti olan evə yaşayaraq, qeydiyyatda olmuşdur. Ailə həyatı qurduqdan sonra həyat yoldaşı ilə birlikdə yaşadığı evə qeydiyyata düşmüşdür. Ailə həyatı qurmasına baxmayaraq, tez-tez ata evində birlikdə qalmışdır. Mərhum atası 2007-ci ildə vəfat etmişdir. O, həyat yoldaşından 2012-ci ildə boşandıqdan sonra qayınanası onu ərinin evindən qeydiyyatdan çıxarmış və həmin vaxtdan övladları ilə birlikdə kirayədə qalır. Hətta hal-hazırda cehiz əşyaları da ünvan 2, mənzil 46 ünvanında yerləşir. Buna baxmayaraq cavabdeh onu ata evində yaşamağa qoymur və hal-hazırda başqa yaşayış yeri yoxdur. O, mərhum atasının vərəsəsi kimi tanınmışdır. O, 1 ildir ki, Bakı şəhərində yaşamamış, xx xxx 2019-cu il tarixində Türkiyə Respublikasına getmiş, oturum alaraq orada yaşamışdır. xx xxxxxx 2020-ci il tarixdən isə Bakı şəhərinə qayıtmışdır. Onun Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, M.Əcəmi ünvanında yaşaması barədə verilmiş məlumat həqiqəti əks etdirmir. Sonda iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, mübahisə predmeti olan mənzil atasından ona miras keçmişdir. Atası vəfat edən günədək ona o qulluq etmişdir. Mübahisə predmeti olan ev orderli evdir və özəlləşdirilməmişdir. Eyni zamanda iddiaçının başqa yaşayışı yerinin olmaması tamamilə yalandır. İddiaçı Abşeron rayonu ərazisində iki evi vardır. İddiaçının məhkəməyə müraciət etməsinin səbəbi onun qardaşını xəstəxanaya yerləşdirdiyi üçün ondan əvəz çıxmaq istəməsi olmuşdur. Sonda iddiaçının tələbi əsassız olduğundan, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X16 iddia tələbinin təmin edilməsinə etiraz edərək izahatında göstərdi ki, ünvan 2 ünvanında yerləşən 46 saylı mənzil tərəflərin hər ikisinin atası X5 məxsus olmuş və həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşamışlar. İddiaçı 1988ci ildə ailə quraraq qeyd olunan ünvandan birdəfəlik köçüb getmişdir. O cümlədən həmin tarixdən mənzildən pasport qeydiyyatından çıxmışdır. Cavabdeh ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. İddiaçının həmin ünvana gəlib yaşaması üçün heç bir əsas yoxdur. İddiaçı iddia ərizəsində kirayədə yaşadığını göstərsə də, lakin məhkəməyə təqdim edilmiş 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstimar Təmir Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı hazırda Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, M.Əcəmi küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Həmin fərdi yaşayış evi iki mərtəbədən ibarət olmaqla, birinci mərtəbəsində mağaza da fəaliyyət göstərir. Həmçinin təqdim edilmiş abonent saldoları iddiaçının təbii qaz və işıqdan istifadə etməklə, həmin ünvanda yaşamasına dəlalət edir. Beləliklə iddiaçının Xırdalan şəhəri, 28-ci məhəllə, ev 7, mənzil 46 ünvanına istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi üçün heç bir əsas olmadığı ilə yanaşı, onun yaşamaq üçün özünə məxsus yaşayış sahəsinin olduğu da öz təsdiqini tapır. Sonda iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatlarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2019-cu il tarixli, V-25-112 saylı məktubundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzildəyişmə İdarəsinin arxiv sənədlərində 048497 saylı, xx.xx.1979-cu il tarixdə verilmiş order əsasında T.V.Vəliyevə 8 nəfər ailə üzvü ilə birlikdə ona ayrılmış mənzilin A.D.Jidokovaya ünvan 2 ünvanında yerləşən 46 saylı 5 otaqlı, ümumi sahəsi 76,18 kv.metr olan mənzillə dəyişdirilməsi barədə order mövcuddur. Həmin orderdə mənzildə yaşamaq hüququ olan icarədarın ailə üzvləri arasında qızı X1 və oğlu Cavabdeh adı qeyd olunmuşdur. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 482824 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1969-cu il tarixdə anadan olmuşdur. Atası qrafasında X11, anası qrafasında X6 yazılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli, 3272 saylı arayışdan görünür ki, İddiaçı soyadı xx.xx.2015-ci il tarixdə Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli 495 saylı qərarının tələblərinə uyğun olaraq “Vəliyeva”dan “Vəlizadə”yə dəyişdirilmişdir. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2007-ci il tarixdə verilmiş AZ-İ № 891120 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx xxxxxx 2007-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Abşeron RİH Mənzil Kommunal Təsərrüfatı Mənzil-İstismarı Təmir sahəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş Forma 2 saylı arayışdan görünür ki, Vəlizadə X4 şəhəri, 28-ci məhəllə, 7 saylı evin 46 saylı mənzilindən özü 1988-ci il tarixdə pasport qeydiyyatından çıxmışdır və orada yaşamır. Mənzil Abşeron RİH-nə məxsusdur. Mənzilin icarədarı mərhum X11 olmuşdur. Cavabdeh Tacətdin oğlu (1987), X12 (1988), X14 (xx.xx.1993), X7 (1993), X15 (1995), X13 (1999) və X9 (2006) mənzildə daimi qeydiyyatdadırlar. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 7 saylı evin 46 saylı mənzil dövlət mülkiyyətində olmaqla, 048497 saylı, xx.xx.1979-cu il tarixli order əsasında iddiaçı və cavabdehin atası X5 verilmişdir. Orderdə mənzildə yaşamaq hüququ olan icarədarın ailə üzvləri siyahısında iddiaçı Vəlizadə (Vəliyeva) Əminə Tacətdin qızının və Cavabdeh adı qeyd olunmuşdur. İddiaçı icarədarın ailə üzvü olaraq həmin mənzildə yaşamış, lakin 1988-ci il tarixdə ailə həyatı qurması ilə bağlı daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşdür. Mənzilin icarədarı X11 xx xxxxxx 2007-ci il tarixdə vəfat etmişdir. Hazırda Cavabdeh Tacətdin oğlu və digər ailə üzvləri X12, X14, X7, X15, X13 və X10 daimi qeydiyyatda olmaqla, həmin mənzildə yaşayırlar. İddiaçı hazırki iddia tələbi üzrə mərhum atasının verilmiş ünvan 2, mənzil 46 ünvanına istifadə hüququnun tanınmasını və həmin mənzilə köçürülməsini tələb edir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Bu normaların məzmunundan göründüyü kimi, iddiaçı yalnız mübahisə predmeti olan yaşayış sahəsi barəsində əmlak hüququna, yəni mənzildən istifadə hüququna malik olduğu halda həmin mənzilə köçürülə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə görə istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Bu səlahiyyət əsasında fiziki şəxs əşyadan istifadə etməklə öz maddi və mənəvi tələbatını ödəyir (hazırkı halda mənzildə yaşayır). Əşyadan istifadə etmək əşyaya münasibətdə şəxsin öz mənafeləri üçün hərəkət etməsini (müxtəlif ehtiyacı və tələbatı ödəmək, fayda götürmək, gəlir, artım və bəhər əldə etmək və s.), onun köməyi ilə istehsal və ya istehlak ehtiyaclarının ödənilməsini, əşyanın sosial-təsərrüfat təyinatına uyğun olaraq istismar edilməsini ifadə edir. İstifadə obyekti mənzil olduğu halda, ondan istifadə həmin mənzildə yaşamaqdan ibarətdir. Göründüyü kimi mənzilə köçürmə tələbinin əsas və yeganə məqsədi, tələb edəni mənzildə yerləşdirməklə, onun mənzildən istifadə etməyinin təmin olunmasıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının mərhum atasının mənzilə istifadə hüququnun yaranmasına əsas olan order xx.xx.1979-cu il tarixdə verildiyindən, tərəflər göstərilən tarixdən icarədarın ailə üzvü olaraq həmin mənzilə köçərək, mübahisəli mənzildə onun bərabər istifadə hüququ əldə etdiklərindən, tərəflər arasındakı mübahisə həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Azərbaycan SSR-nin Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Mənzil Məcəllənin 53-cü maddəsinin 3-cü bəndi ilə müəyyən edilir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. İstinad edilən maddi hüquq normalarından göründüyü kimi icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İddiaçı xx.xx.1979-cu il tarixdən icarədarın ailə üzvü olaraq mübahisəli mənzildə onun bərabər istifadə hüququ yaranmış və o, 1988-ci il tarixədək həmin mənzildə yaşamaqla göstərilən hüquqdan istifadə etmişdir. Mənzil Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Qeyd olunan maddə xx xxxx 1999-cu tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarında göstərilən hüquqi mövqeyinə uyğun şərh edilməlidir. Məhkəmənin həmin qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Göründüyü kimi icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış yaşayış sahəsinə köçdükdə bu hal həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum edilməsi üçün əsasdır. Hazırki halda iddiaçı 1988-ci il tarixdə nikaha daxil olması səbəbindən könüllü olaraq mənzildən çıxmış, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüş və həmin tarixdən bu günədək mübahisəli mənzildə yaşamamışdır. Məhkəmə iclasında iddiaçı mərhum atası vəfat edən günədək mütəmadi olaraq ona məxsus mənzildə yaşamasını bildirsə də, lakin göstərilən hal işdə olan sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının özü tərəfindən iddia ərizəsinə əlavə olunmuş forma 2 saylı arayış əsasında müəyyən edilmişdir ki, iddiaçı 1988-ci il tarixdək mübahisəli mənzildən yaşamışdır. Həmin tarixdən bu günədək isə sözügedən mənzildə yaşamır. Cavabdeh və digər ailə üzvləri isə həmin mənzildə daimi qeydiyyatda olmaqla, bu günədək göstərilən ünvanda yaşayırlar. Həmçinin 1 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, xx xxxxxx 2007-ci il tarixdə vəfat etmiş X3 ölümünə qədər onunla birlikdə mənzildə yaşayan şəxslərin siyahısında İddiaçı adı qeyd olunmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq verilmiş **********41 saylı, xx xxxxxxx 2020-ci il tarixli məktubu əsasında iddiaçı Vəlizadə (Vəliyeva) Əminə Tacətdin qızının adına daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ İdarələrinin arxiv məlumatlarında, ƏMDK və keçmiş DTXK tərəfindən təqdim edilmiş tam olmayan elektron bazada hal-hazırda məlumat olmadığı göstərilmişdir. İddiaçının adına qeydiyyata alınmış daşınmaz əmlak olmasa da, lakin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 4 saylı Mənzil Təsərrüfatı İstehsal İstismar Təmir Sahəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, iddiaçı hazırda Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, M.Əcəmi küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Həmçinin həmin fərdi yaşayış evinin fotoşəkilləri və fərdi yaşayış evində kommunal xidmətlərdən istifadə edilməsi barədə abonent saldoları cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Bu da iddiaçının həmin ünvanda yaşaması qənaətinə gəlməyə əsas verir. Həmçinin Türkiyə Respublikası tərəfindən verilmiş C seriyalı 884268 saylı şəhadətnamədən görünür ki, İddiaçı xx xxx 2019-cu il tarixdən xx xxx 2020-ci il tarixədək Türkiyə Respublikası ərazisində yaşamaq üçün qısa müddətli icazə verilmişdir. İddiaçı həmin dövrlər ərzində Türkiyə Respublikası ərazisində yaşamasını təsdiq etmişdir. İddiaçının ünvan 2 ünvanında yerləşən 46 saylı mənzili 1988-ci il tarixdə nikaha daxil olması səbəbindən könüllü olaraq daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə bağlı tərk etməsi, həmin tarixdən bu günədək həmin mənzildə yaşamaması, hazırda başqa yaşayış yeri olmaqla həmin ünvanda yaşaması sonuncunun mübahisəli mənzili daimi əsaslarla tərk etməsi barədə nəticəyə gəlməyə, bununla da həmin mənzil üzərində artıq istifadə hüququnu itirməsi qənaətinə gəlməyə əsas verir. İddiaçının hazırda göstərilən mənzilə dair istifadə hüququnun mövcud olması müəyyən edilmədiydən, onun istifadə hüququnun tanınması və mənzilə köçürülməsi barədə tələbi əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğuna görə, rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyinə görə, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 10 (on) manat pul vəsaiti onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı Xırdalan şəhəri, 28-ci məhəllə, ev 7, mənzil 46 ünvanına istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə iddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-357/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-357/2021
15.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver