Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3576/2021 27.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa və əmək haqqı tələbinə dair mülki işə 27 iyul 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa və əmək haqqı tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə 30.04.2021-ci il tarixli əmrin etibarsız hesab edilməsi, onun işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün ona əmək haqqının hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 16.11.2018-ci il tarixdə Cavabdeh MMC-nin X5 Nəqliyyat bölməsinin “yük avtomobili sürücüsü” vəzifəsinə təyin edilmişdir. İşə qəbul edilərkən ona əmək müqaviləsinin bir nüsxəsi təqdim edilməmişdir. İşi rayonlardakı anbarlara yüklərin daşınmasından ibarət olan İddiaçı Cavabdeh MMC-də həmin tarixdən 30.04.2021-ci il tarixə kimi qüsursuz və məsuliyyətlə çalışmışdır. Qeyd edilən müddət ərzində barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. Lakin 01.03.2021-ci il tarixdə Cavabdeh MMC-nin X3 şirkətə 5000 manat zərər vurduğunu bildirmişdir. İddiaçı isə bununla bağlı faktiki və hüquqi əsaslar təqdim etmələrini MMC-dən istəsə də, heç bir sənəd təqdim edilməmiş, ona qarşı hədə-qorxu təzyiqlərini artırmağa başlamışdırlar. Buna baxmayaraq iddiaçı ailəli olduğunu nəzərə alaraq, bunlara fikir verməmiş və işini yerinə yetirməyə davam etmişdir. Cavabdeh MMC-nin X6 tərəfindən iddiaçı öz xahişi olmadan əmək məzuniyyətinə göndərilmiş və ona işi ilə bağlı yoxlamaya başlayacaqlarını bildirmişdirlər. Yoxlama aparılan dövrdə də şöbə ona heç bir faktiki əsas olmadan 3000 manat borcu olduğunu bildirmiş və ona bununla razılaşmadığı təqdirdə işdən çıxarılacağı barədə məlumat vermişdirlər. Əmək məzuniyyəti bitdikdən sonra iddiaçı iş yerinə gəlmiş, lakin işə buraxılmamış və bundan sonra işləməyin mümkün olmadığını görərək öz xahişi ilə işdən çıxma barədə ərizəsini rəhbərliyə təqdim etmişdir. Bundan sonra şirkətdən ona zəng vuraraq bildirmişlər ki, şöbəyə təqdimat verdikləri üçün şirkətə 20 manat məbləğində ziyan vurması ilə bağlı izahat tərtib edib imzalamalıdır, yoxsa onu Əmək Məcəlləsinin 70 “ç” maddəsinə əsasən işdən çıxaracaqlar. İddiaçı ailəli olduğunu nəzərə alaraq 20 manat ödədikdən sonra tərtib edilmiş aktı imzalasa da, sonradan əsassız olaraq onun Əmək Məcəlləsinin 70 “ç” maddəsinə əsasən işdən azad olunmasını öyrənmişdir. Bundan sonra da, nə əmək kitabçasını, nə müvafiq əmri, nə də son haqq-hesabı həmin gün ala bilməmişdir. Eləcə də, əmrdən çıxarış yalnız təkid edildikdən sonra ona göndərilmiş, əmək kitabçasını isə 07.05.2021-ci il tarixdə almışdır. İddiaçı bütün bunları qanunsuz hesab edir və bu səbəbdən əmək müqaviləsinə xitam verilməsi barədə 30.04.2021-ci il tarixli əmrin etibarsız hesab edilməsi, onun işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün ona əmək haqqının hesablanması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, iddiaçı şirkətdə tır şoferi işləyib. Hər yük maşınında kəsir aşkar olunub və bunu özü də etiraf edib. Sonradan maddi ziyana görə işdən çıxarmasınlar deyə özü ərizə yazıb. Şirkətin işçi ilə heç bir qərəzi yoxdur. Yük avtomobili platformaya yaxınlaşır və kamera müşayiəti altında yüklər boşaldılır və ya doldurulur. Doldurulandan sonra möhürlənir. Araşdırma zamanı müəyyən edilmişdir ki, həmin möhürü zədələnmədən də açmaq olur. İddiaçının izahatı işdən çıxma barədə ərizəsindən əvvəl olub. Onun əmək haqqı da ödənilib. İddiaçı özü etiraf edib və imzalayıb. Ona heç kim təzyiq göstərməyib. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, işin materialları ilə birgə tədqiq edərək, işdə olan sübutları araşdırıb hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan ******* saylı əmək kitabçasının müvafiq qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı 16.11.2018-ci il tarixdə Cavabdeh MMC-nin X5 Nəqliyyat bölməsinin “yük avtomobili sürücüsü” vəzifəsinə təyin edilmiş və 30.04.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onun əmək müqaviləsinə xitam verilmişdir. Mülki işin materiallarında olan İddiaçı iştirakı ilə 26.03.2021-ci il tarixdə tərtib edilmiş aktın müvafiq qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, 26.03.2021-ci il tarixdə 99JS962 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin saxlanc anbarına vurulmuş möhür qırılaraq saxlanc anbarından ümumi məbləği 22.29 manat olan mallar mənimsənilmişdir. İddiaçı tərtib edilmiş aktın doğruluğunu imzası ilə təsdiq edərək qeydində bildirmişdir ki, bu hal ilk dəfə baş verib və bir daha olmayacağına söz verərək bağışlanmasını xahiş edir. Mülki işin materiallarında olan 26.03.2021-ci il tarixli təqdimatdan müəyyən edilir ki, İddiaçı 25.03.2021-ci il tarixdə ona təhkim olunmuş **-JS-*** dövlət qeydiyyat nişanlı “Mercedes Actros” markalı avtomobillə Salyan local anbarına mal aparmışdır. Orada malın bir hissəsi boşaldıldıqdan sonra avtomobil möhürlənmış və Saatlı local anbarına getmişdir. Sabirabad rayonu ərazisində olarkən sürücü avtomobili saxlamış, möhürü zədələnmədən yük yerini açmış və təxmini olaraq 20 manat civarında öz evinə aparmaq məqsədilə mal (lays 4 ədəd, önlem 56 ədədli 1 ədəd, fruktovi meyvə şirəsi 2 ədəd) götürmüş, bununla da öz vəzifə öhdəliklərini pozmuşdur. Mülki işin materiallarında olan 26.03.2021-ci il tarixli izahatın müvafiq qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı həmin tarixdə şirkətə 22.29 manat məbləğində ziyan vurmasını öz imzası ilə təsdiq edir və bu halın bir daha təkrarlanmayacağını bildirir. Mülki işin materiallarında olan 13.04.2021-ci il tarixli ərizədən müəyyən edilir ki, İddiaçı onun 13.04.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini Cavabdeh MMCdən xahiş edir. Mülki işin materiallarında olan Cavabdeh MMC-nin İdarə Heyətinin sədri Bilge Caglayan tərəfindən verilən 30.04.2021-ci il tarixli, 202K №-li əmrin müvafiq qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Cavabdeh MMC-nin Nəqliyyat Direktorluğu, İstismar departamenti, MDM Nəqliyyat şöbəsinin Yük avtomobili sürücüsü ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 30.04.2021-ci il tarixindən xitam verilməsi və İddiaçı 26.11.2018-ci il tarixdən 30.04.2021-ci il tarixədək olan iş dövrü üçün istifadə etmədiyi məzuniyyət günlərinə görə 16 təqvim günü pul əvəzinin ödənilməsi əmr edilmişdir. Mülki işin materiallarında olan əmək haqqı üzrə çıxarışdan müəyyən edilir ki, İddiaçı Cavabdeh MMC tərəfindən son haqq-hesab üzrə 249.37 manat ödəniş edilmişdir. Mülki işin materiallarında olan 30.04.2021-ci il tarixli məktubdan müəyyən edilir ki, Cavabdeh MMC İddiaçı təqsirli hərəkətləri nəticəsində şirkətə maddi ziyan vurmasına görə, eyni zamanda Əmək Məcəlləsinin tələblərini kobud surətdə pozduğu üçün 30.04.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi, əmək kitabçasını təhvil alması üçün Cəmiyyətin X6nə yaxınlaşması, gəlib götürə bilməyəcəyi təqdirdə əmək kitabçasının hansı ünvana göndərilməsi barədə yazılı olaraq onlara məlumat verilməsi bildirilmiş və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq əmrin surəti qoşmada ona göndərilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı 16.11.2018-ci il tarixdə Cavabdeh MMC-nin X5 Nəqliyyat bölməsinin “yük avtomobili sürücüsü” vəzifəsinə təyin edilmişdir. O, 25.03.2021-ci il tarixdə ona təhkim olunmuş yük avtomobilinin möhürünü zədələmədən yük yerini açmış və ümumi dəyəri 22.29 manat olan bir sıra malı götürərək şirkətə maddi ziyan vurmuş, bununla da öz vəzifə öhdəliklərini pozmuşdur. 30.04.2021-ci il tarixli, 202K №-li əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı ilə imzalanan əmək müqaviləsinə xitam verilmişdir. İşin bu halları məhkəməyə təqdim edilən sənədlərlə sübut olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin ikinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin “c” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini pozduqda işəgötürən işçiyə töhmət vermək və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək və ya işçini cərimə etmək və ya işçi ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından və iddiaya etirazın dəlilləri işin məhkəmə baxışında təqdim olunan sənədlərlə öz təsdiqini tapdığından, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa və əmək haqqı barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa və əmək haqqı tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3576/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3576/2021
27.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver