Məhkəmə qərarları › İş №2(012)-3606/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3606/2021

23.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3606/2021 23.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi X5, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rаyоn Məhkəməsinə müraciət edərək cavabdehlərin yetkinlik yaşlarına çatmayan 12.09.2014-cü il təvəllüdlü X9 və 10.11.2017-ci il təvəllüdlü X7 ilə birlikdə Abşeron rayonu Saray qəsəbəsi 20 Yanvar küçəsi 14 saylı evin 10 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Abşeron rayonu Saray qəsəbəsi 20 Yanvar küçəsi 14 saylı evin 10 saylı mənzilini 21.05.2012-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əsasən almış və həmin mənzilə dair xüsusi mülkiyyət hüququ 16.06.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Alqı-satqı müqaviləsinə əsasən mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvləri olan cavabdehlər satqıları mənzildən qeydiyyatdan 1 ay müddətində çıxmağı öhdələrinə götürsələr də mənzildən qeydiyyatdan çıxmamışlar. Həmçinin, cavabdehlərin yetkinlik yaşlarına çatmayan uşaqları 12.09.2014-cü il təvəllüdlü X9 və 10.11.2017-ci il təvəllüdlü X7 da iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatdadırlar. Cavabdehlərin və onların yetkinlik yaşlarına çatmayan uşaqlarının iddiaçının mülkiyyətində qeydiyyatda qalmaları formal xarakter daşıyır ki, bu da iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə yaratmış olur. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o, Abşeron rayonu Saray qəsəbəsi 20 Yanvar küçəsi 14 saylı evin 10 saylı mənzilini 21.05.2012-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. Mənzil satıldıqdan sonra o və ailə üzvləri olan digər cavabdeh mənzili tərk etmişlər. Lakin buna baxmayaraq, onlar iddiaçıya məxsus olan mənzildə pasport qeydiyyatında qalmışlar. Ona görə də iddia tələblərini qəbul edərək təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia ərizəsini qəbul edərək Cavabdeh2 izahatı ilə eyni məzmunlu izahat vermiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 203.1-ci maddəsində təsbit edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 228.4-cü maddəsinə görə isə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyil, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. - Asan-Sumqayıt tərəfindən verilmiş 19.05.2021-ci il tarixli ******* saylı arayışdan müəyyən olunur ki, İddiaçı, X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, yetkinlik yaşlarına çatmayanlar - 12.09.2014-cü il təvəllüdlü X9 və 10.11.2017-ci il təvəllüdlü X1 rayonu Saray qəsəbəsi 20 Yanvar küçəsi 14 saylı evin 10 saylı mənzilində daimi qeydiyyatdadırlar. - Satıcı Cavabdeh2 ilə alıcı İddiaçı arasında bağlanmış 21.05.2012-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, satıcı Abşeron rayonu Saray qəsəbəsi 20 Yanvar küçəsi 14 saylı evin 10 saylı mənzilini alıcıya 13380 manata satmışdır. Alqı-satqı müqaviləsinin 11-ci bəndindən müəyyən olunur ki, satıcı notarial qaydada təsdiq olunduğu tarixdən 1 ay müddətində satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 16.06.2012-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Abşeron rayonu Saray qəsəbəsi 20 Yanvar küçəsi 14 saylı evin 10 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 30 saylı reyestr kitabının 33 saylı vərəqində qeydiyyata alınmışdır. - Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 20.05.2021-ci il tarixli 1664 saylı arayışdan görünür ki, Abşeron rayonu Saray qəsəbəsi 20 Yanvar küçəsi 14 saylı evin 10 saylı mənzilində İddiaçı, X4, X3 qeydiyyatdadırlar, keçmiş sakinlər Cavabdeh1, X9, X7, Cavabdeh3 isə müvəqqəti qeydiyyatdadırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 onların mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi ilə bağlı iddia ərizəsini etiraf etmələri, bu etirafın qanuni olması, digər şəxslərin hüquqlarına və qanuni mənafelərinə xələl gətirmədiyi öz təsdiqini tapdığından, eyni zamanda digər cavabdeh olan Cavabdeh1 mənzilin köhnə mülkiyyətçisi ilə birlikdə mənzilin satılmasına razılıq verib, yaşayış sahəsini tərk etməsi öz təsdiqini tapdığından məhkəmə bu cavabdehlərin həmin mənzildə qeydiyyatda olan yetkinlik yaşlarına çatmayan uşaqları 12.09.2014-cü il təvəllüdlü X9 və 10.11.2017-ci il təvəllüdlü X7 ilə birlikdə Abşeron rayonu Saray qəsəbəsi 20 Yanvar küçəsi 14 saylı evin 10 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair iddia ərizəsini əsaslı hesab edib təmin edilməsi qənaətinə gəlir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 yetkinlik yaşlarına çatmayan 12.09.2014-cü il təvəllüdlü X9 və 10.11.2017-ci il təvəllüdlü X7 ilə birlikdə Abşeron rayonu Saray qəsəbəsi 20 Yanvar küçəsi 14 saylı evin 10 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar