Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3652/2020 26.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun azyaşlı əkiz övladları xx.xx.2018-ci il təvəllüdlü X4 və X1, xx.xx.2016-cı il təvəllüdlü X2 Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Təbrik məhəlləsində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Təbrik məhəlləsində yerləşən fərdi yaşayış evinə dair Qeydiyyat vəsiqəsi iddiaçının adınadır. Cavabdeh iddiaçının qardaşının qeyri-rəsmi münasibətdə yaşadığı qadındır. İddiaçı, qardaşının xahişi ilə cavabdehi və onun azyaşlı əkiz övladları xx.xx.2018-ci il təvəllüdlü X4 və X5, xx.xx.2016-cı il təvəllüdlü X6 müəyyən sənədləşmə işləri ilə bağlı müvəqqəti ona məxsus fərdi yaşayış evinə qeydiyyata alınmasına icazə vermişdir. Cavabdeh qeydiyyata alındığı zaman bildirmişdir ki, qısa müddətdə iddiaçıya məxsus evdən qeydiyyatdan çıxacaqdır. İddiaçı inanmış və cavabdehin ona məxsus fərdi yaşayış evinə qeydiyyata alınmasına icazə vermişdir. Cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evində ümumiyyətlə yaşamamışdır. Sadəcə formal olaraq qeydiyyata alınmışdır. Artıq illərdir ki, cavabdeh ona məxsus fərdi yaşayış evində qeydiyyatdadır. Hazırkı vəziyyətdə cavabdehin ona məxsus fərdi yaşayış evində qeydiyyata olması səbəbindən iddiaçı mülkiyyətində olan evdən sərbəst surətdə istifadə edə bilmədiyi və müəyyən problemlərlə üzləşdiyi üçün cavabdehin istifadə hüququnun itirilməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı hesab edir ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Təbrik məhəlləsində yerləşən fərdi yaşayış evinə Cavabdeh və onun azyaşlı əkiz övladları xx.xx.2018-ci il təvəllüdlü X4 və X5, xx.xx.2016-cı il təvəllüdlü X6 faktiki olaraq yaşamadığına və yaşayış yerinii daimi dəyişdiyinə görə onun həmin evdən istifadə hüququ itirilməlidir. İddiaçı iddia tələbini müdafiə edərək, Cavabdeh «mənzildən istifadə hüququnun itirilməsi» tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, həqiqətən iddiaçının evində qeydiyyatdadır. İddiaçının məxsus olduğu fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini onun əri, iddiaçının isə qardaşı almışdır. Həmin torpaq sahəsinin digər hissəsində, yəni iddiaçının evinin arxasında onlar özlərinə ev tikdirmişlər. Torpaq sahəsinin sənədləri isə iddiaçıdadır. İddiaçı həmin sənədləri ona vermir ki, o da öz tikdirdiyi və faktiki yaşadığı evi sənədləşdirsin və mənzilinə qeydiyyata düşsün. Bu səbəbdən də o iddiaçının evindən qeydiyyatdan çıxmamışdır. Həmin evdə qeydiyyata alınsa da yaşamamışdır. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -xx.xx.2030-cu il tarixədək etibarlı olan A ******* nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildə anadan olmuşdur. -Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh - xx.xx.1991-ci ildə Masallı rayon, Təzəkənd kəndində doğulmuş, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Təbrik məhəlləsi ünvanında qeydiyyatdadır.Qeydiyyat vəsiqəsinin verildiyi tarix xx.xx.2017-ci il. -Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Təbrik məhəlləsi, yaşayış sahəsi – 200 kv.m, köməkçi sahəsi 150 kv.m-dən ibarət olan yaşayış evi (sənəddə Səmədova yazılıb) İddiaçı adına mülkiyyət hüquqi əsasında Abşeron rayon XDB İcraiyyə Komitəsinin 29.01.88-ci il 08/08 saylı qərarı ilə qeydə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı Arayışdan görünür ki, İddiaçı - xx.xx.1976-cı ildə Masallı rayon, Təzəkənd kəndində doğulmuş, xx xxxxxxx 2004-cü il tarixdən Abşeron rayonu, Ceyranbatan qəsəbə ərazi dairəsi, Ceyranbatan qəsəbəsi, Təbrik məhəlləsi ünvanında qeydiyyatdadır, Qeydiyyatda olan digər şəxslərin siyahısında xx.xx.1991-ci il təvəllüdlü -Cavabdeh, xx.xx.2018-ci il təvəllüdlü əkizlər- X4 və X5, xx.xx.2016-cı il təvəllüdlü X6 da vardır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Təbrik məhəlləsində yerləşən fərdi yaşayış evinə dair Qeydiyyat vəsiqəsi iddiaçının adınadır. Cavabdeh iddiaçının qardaşının qeyri-rəsmi münasibətdə yaşadığı qadındır. İddiaçı, qardaşının xahişi ilə cavabdehi və onun azyaşlı övladları xx.xx.2018-ci il təvəllüdlü əkiz övladları X4 və X5, xx.xx.2016-cı il təvəllüdlü X3 müvəqqəti ona məxsus fərdi yaşayış evinə qeydiyyata alınmasına icazə vermişdir. Cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evində ümumiyyətlə yaşamamış və sadəcə formal olaraq qeydiyyata alınmışdır. Artıq illərdir ki, cavabdeh ona məxsus fərdi yaşayış evində qeydiyyatdadır. İddiaçı hesab edir ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Təbrik məhəlləsində yerləşən fərdi yaşayış evinə Cavabdeh və onun azyaşlı övladları faktiki olaraq yaşamadığına və yaşayış yerini daimi dəyişdiyinə görə onun həmin evdən istifadə hüququ itirilməlidir. Cavabdeh izahatından müəyyən edildi ki, o, həqiqətən iddiaçının evində qeydiyyatdadır, lakin özü və ailəsi həmin evdə yaşamamışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Belə ki, Cavabdeh mübahisəli fərdi evə yaşayış yeri üzrə qeydiyyatının olması onun həmin mənzildən istifadə hüququ əldə etməsi kimi qəbul edilə bilməz. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 1-ci maddəsinin birinci hissəsində yaşayış yeri üzrə qeydiyyatın konkret məqsədləri müəyyən edilmişdir: - ölkədə yaşayan şəxsləri qeydiyyata almaq, - onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi üçün zəruri şərait yaratmaq, - insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaq. Həmin qanunun 1-ci maddəsinin ikinci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikasının qanunvericiliyində isə yalnız qeydiyyat amilinin yaşayış sahəsindən istifadə hüququ yaratması müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2009-cu il tarixli qərarında şəxsin mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsinə, həmin mənzilə qeydiyyata düşməsinə əsaslanaraq mənzilə istifadə hüququ əldə etməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi qənaəti Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarına zidd hesab etmiş və bu halın mülkiyyətçinin Konstitusiyanın 13 və 29-cu maddələrində, Mülki Məcəllənin 152.1-ci maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirmişdir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Şərh olunan hüquq normaları mülkiyyətçinin ailə üzvü olmayan şəxsin yaşayış binasının tərkib hissəsinə istifadə hüququnun yaranmasını daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış notarial müqavilə ilə şərtləndirir. Cavabdeh ailə üzvü olmadığından və tərəflər arasında fərdi yaşayış evindən istifadə ilə bağlı notarial müqavilə bağlanması və cavabdehin istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə iş materiallarında heç bir sübut olmadığından məhkəmə hesab edir ki, cavabdehin mübahisəli evə ümumiyyətlə istifadə hüququ yaranmamışdır. Eyni zamanda məhkəmə iclası zamanı iddiaçının və cavabdehin verdiyi izahatları əsasında müəyyən edilmişdir ki, Cavabdehnun evdə formal olaraq pasport qeydiyyatına alınmasına razılıq verilmiş, cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evində daimi yaşamamışdır. Cavabdehin həmin evdə qeydiyyatda olması ilə bağlı məhkəmə bir daha qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat təbiətinə görə texniki xarakter daşımaqla öz-özlüyündə qediyyatda olan şəxsə qeydiyyatda olduğu evə dair hər hansı əmlak hüququ vermir. Buna görə də məhkəmə hesab edir ki, mövcud olmayan hüquqa məhkəmə qaydasında xitam verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, cavabdehin mübahisəli mənzilə istifadə hüququ olmadığından iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyinə görə məhkəmə edir ki, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 10 (on) manat pul vəsaiti onun özünə aid edilməlidir. Məhkəmə baxışında iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməsini cavabdehin qeydiyyatdan çıxarılması ilə əsaslandırmışdır. Bununla bağlı iddiaçıya izah edilir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1999-cu il tarixli, 244 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumları həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqanlar sırasına aid edilmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.2-ci maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.
Məhkəmə qərarları › İş №2(012)-3652/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3652/2020
26.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver