Məhkəmə qərarları › İş №2(012)-3668/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3668/2024

30.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3668/2024 30.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Zərbəliyeva Leyla Mürşüd qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X2, özlərinə məxsus əmlakları ilə birgə onun xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi” ev 24-də yerləşən 176 nömrəli mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən 176 nömrəli mənzil tam mülkiyyət hüququ ilə mərhum anası X1 məxsus olmuş, onun tərəfindən 01 may 2023-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi” ilə ona bağışlanmış və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli “Çıxarış”a əsasən hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh onun bacısıdır, hər ikisi ata evində, yəni ünvan 2 ünvanında qeydiyyatdadırlar. Həmin ünvanda hazırda heç kim yaşmasa da, evin giriş qapısının açarları cavabdehdədir. Mərhum anası sağlığında mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini 2022-ci ilin fevral ayında cavabdehə, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi” ev 24-də yerləşən 176 nömrəli mənzili isə 01 may 2023-cü il tarixdə ona bağışlamışdır. Lakin həmin vaxtlarlarda o, cavabdehə hədiyyə edilmiş mənzildə yaşayaraq anasına quluq edir, cavabdeh bacısı isə gah Nəsimi rayonunda olan ata evində, gah da ona hədiyyə edilmiş evdə yaşayırdı. Lakin cavabdeh ona hədiyyə edilmiş fərdi yaşayış evini 09 avqust 2022-ci il tarixdə alqı-satqı müqaviləsi ilə X6 adlı şəxsə sataraq, sonradan əri Cavabdeh2 və azyaşlı uşağı ilə birgə hazırki iddia predmeti olan mənzilə köçmüş, dəfələrlə iddiaçının etdiyi müraciətə baxmayaraq mənzili boşaltması barədə təklifini qəbul etməmişdir. Sonradan cavabdehin satdığı mənzilin yeni mülkiyyətçisi onun hazırda yaşadığı mənzildən çıxarılmağı barədə məhkəməyə müraciət etmişdir və hazırda həmin mülki iş apellyasiya instansiyası məhkəməsinin icraatındadır. Məhkəmədən bildiriş aldıqdan sonra cavabdehə dərhal məlumat verərək ona məxsus olan mənzilin boşaldılmasını xahiş etsə də, xahişinə məhəl qoyulmamışdır. Göründüyü kimi Cavabdeh1 heç bir qanuni əsas olmadan onun mülkiyyətində olan mənzili boşaldaraq ona təhvil verməkdən imtina edir və cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, hazırda öz mənzilinə köçə bilmir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdirlər. Cavabdeh1 məhkəmə iclas günü məhkəməyə ərizə ilə müraciət edərək iclasın təxirə salınmasını və bunun üzrlü səbəbdən olduğunu bildirsə də, bu barədə məhəməyə sübutlar təqdim etməmişdir. Həmçinin məhkəmənin əvvəlki baxış iclası da onun xahişi nəzərə alınaraq təxirə salınmışdır. Məhkəmə mülki işə cavabdelərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. O bildirdi ki, mübahisəli mənzillə bağlı bağlanmış bağışlama müqaviləsini anasına məcbur yazdırıblar. Həmin evi o almış, pulunu da o vermişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş çıxarışla Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, ev 24, 176 saylı mənzil tam payı olmaqla xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsindən görünür ki, hədiyyə verən X3 öz mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 58 kv.metr olan mənzili hədiyyə alan İddiaçı bağışlamışdır. AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh1 ünvan 6 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli mənzil mülkiyyət hüququ ilə xx.xx.2023-cü il tarixdən İddiaçı adına qeydə alınmışdır. Cavabdehlər isə ünvan 7 ünvanında qeydiyyatda olsalar da, mübahisəli mənzildə yaşayırlar. Hazırda İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, ev 24, 176 saylı mənzilindən onlara məxsus olan əmlakları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin hallarından görünür ki, mübahisəli mənzilin mülkiyyətçisi İddiaçıdır. Cavabdehlər isə onun icazəsi olmadan, özbaşına bu mənzildə yaşayır. Bu isə mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulması ilə nəticələnir. Qüvvədə olan qanunvericilik isə bunu tamamilə qadağan edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan şəxslər mülkiyyətçi, kirayəçi qismində və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yaşamaq üçün yaşayış sahəsini sərbəst seçmək hüququna malikdirlər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Həmin Məcəllənin 5-ci maddəsinə görə hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Mənzilə orada yaşayanların razılığı olmadan daxil olmağa qanunla nəzərdə tutulmuş hallarda və qaydada qəza vəziyyəti, təbii fəlakət, kütləvi iğtişaş zamanı və ya fövqəladə xarakterli digər şəraitdə yalnız vətəndaşların həyatı və (və ya) onların əmlakının xilas edilməsi, onların şəxsi təhlükəsizliyi və ya ictimai təhlükəsizliyin təmin edilməsi, habelə cinayət törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması, törədilməsində şübhə olmayan cinayət faktlarının qarşısının alınması və ya törədilmiş cinayətin, yaxud baş vermiş bədbəxt hadisənin şəraitinin müəyyənləşdirilməsi məqsədilə yol verilir. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 9.2.2-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulları ilə həyata keçirilir. İşdən görünür ki, cavabdehlər müvafiq reyestrdən çıxarışla iddiaçıya məxsus mənzildə yaşayır və bu, iddiaçının qanunla qorunan mənzilə dair mülkiyyət hüquqlarını kobud şəkildə pozur. İddiaçı qanunla müəyyən edilmiş hüquqları və qanuni maraqları cavabdehin hərəkətləri nəticəsində pozulduğundan məhkəmə hesab edir ki, İddiaçı hazırki tələbi təmin edilməlidir. Mübahisənin başqa qaydada həll edilməsi isə arzuolunmaz məhkəmə presedentinin yaranmasına səbəb ola bilər ki, bu da yolverilməzdir. Belə ki, qüvvədə olan qanunvericiliyə görə iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququ mövcuddur ki, cavabdehlərin bu yaşayış sahəsində yaşaması buna maneçilik törədir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsasları kimi istinad etdiyi halları qanunla nəzərdə tutulmuş qaydada sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 və X4 onlara məxsus əmlakları ilə birgə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, 24 saylı evin, 176 saylı mənzilindən çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və X4 onlara məxsus əmlakları ilə birgə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, 24 saylı evin, 176 saylı mənzilindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar