Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3699/2021 02.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə 02 avqust 2021-ci il tarixdə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu, Saray qəsəbəsi, Həzi Aslanov küçəsi, 7 saylı fərdi evə övladları 29.03.2010-cu il təvəllüdlü X5, 18.05.2011-ci il təvəllüdlü X6 və 22.01.2014-cü il təvəllüdlü X7 ilə birlikdə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı həyat yoldaşıdır. İddiaçı ilə Cavabdeh1 2009-cu ildə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan 3 (üç) övladları - 29.03.2010-cu il təvəllüdlü X5, 18.05.2011-ci il təvəllüdlü X6 və 22.01.2014-cü il təvəllüdlü X7 anadan olmuşdur. İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, Həzi Aslanov küçəsi, 7 saylı fərdi yaşayış evində 14.07.2009-cu ildən yaşayır. Hazırda iddiaçıya məxsus əmlaklar da həmin mənzildədir. Cavabdeh1 qərəzli olaraq iddiaçıya uşaqları ilə birlikdə həmin ünvana buraxmır. İddiaçı hazırda valideynlərinin yanına müvəqqəti olaraq sığınmışdır. Bu səbəbdən də məcburiyyət qarşısında qalaraq Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirdi ki, sözügedən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsus deyildir. Anası olan digər Cavabdeh2 məxsusdur və onun mülkiyyətindədir. Anası Cavabdeh2 evi olmadığına görə onlara müvəqqəti olaraq orada yaşamaq imkanı vermişdir. Məhkəmə iclasında iştirak edən digər Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı övladları ilə birlikdə köçürülməsini iddia etdiyi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsi ona məxsusdur və onun mülkiyyətindədir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda iddiaçıya məxsus cehiz əmlakları ona məxsus evdədir. Əksinə o, iddiaçıya məxsus cehiz əmlakının ona məxsus sözügedən evdən çıxarılmasını istəyir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan AZ-T seriyalı 157355 №-li, AZ-T seriyalı 157356 №-li və AZ-T seriyalı 157357 №-li doğum haqqında şəhadətnamələrin müvafiq qaydada təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, 29 mart 2010-cu il təvəllüdlü X5, 18 may 2011-ci il təvəllüdlü X6 və 22 yanvar 2014-cü il təvəllüdlü X1 atası Cavabdeh1, anası isə İddiaçı oğludur. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 24.05.2021-ci il tarixli, 1704 saylı arayışdan görünür ki, Cavabdeh1 Saray qəsəbəsi, Həzi Aslanov küçəsindəki 7 №-li evdə yaşayır. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 24.05.2021-ci il tarixli, 1705 saylı arayışdan görünür ki, İddiaçı Saray qəsəbəsi, Həzi Aslanov küçəsindəki 7 №-li evdə qeydiyyatsız yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Abşeron Rayon Məhkəməsinə ünvanlanmış 23.07.2021-ci il tarixli, **********26 nömrəli məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və fərdi yaşayış evi 06.03.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 86 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə sorğusu əsasında DƏDRX-nin 4 saylı Əİ tərəfindən əldə edilən sənədlərdən müəyyən edilir ki, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 14 yanvar 2014 cü il tarixli Qərarına əsasən Cavabdeh2 Xırdalan Meşə Meliorasiya Stansiyası tərəfindən 14 aprel 1987-ci il tarixdə ev tikintisi üçün ayrılan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzrəində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi 4 saylı Əİ-nin üzrəinnə qoyulmuşdur. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı və Cavabdeh1 14 iyul 2009-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar, birgə nikahlarından 29 mart 2010-cu il tarixdə X5, 18 may 2011-ci il tarixdə X6 və 22 yanvar 2014-cü il tarixdə X7 adlı uşaqları anadan olmuşdur. İddiaçı Cavabdeh1la ailə qurarkən cavabdehlər Cavabdeh1 və onun ailəsinin, o cümlədən Cavabdeh2 yaşadıqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin gəlmiş, cehiz əmlaklarını orada yerləşdirmiş, iddiaçı ilə Cavabdeh1 birgə nikahlarından olan 29 mart 2010-cu il təvəllüdlü X5, 18 may 2011-ci il təvəllüdlü X6 və 22 yanvar 2014-cü il təvəllüdlü X7 həmin evdə doğulmuş, iddiaçı azyaşlı övladları ilə birlikdə son dövrlərə qədər mübahisəli evdə yaşamış, daha sonra isə cavabdehlər iddiaçının uşaqları ilə birlikdə həmin evə buraxmamış, iddiaçı da övladları ilə birgə mübahisəli evdən valideynlərinin yanında köçməli olmuşdur. Hal-hazırda iddiaçı azyaşlı övladları ilə birlikdə cavabdehlərin yaşadıqları mübahisəli evə köçüb yaşamaq istəyir. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, iddiaçı mübahisəli evə gəlin köçdüyü zaman sözügedən fərdi yaşayış evi özbaşına tikili olmuş, 2014-cü il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakı maddi hüquq normalarını qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 13.1.1-ci maddəsinə əsasən yaşayış evi yaşayış sahəsinə aiddir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Bundan başqa, «Uşaq Hüquqları haqqında» 19 may 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 4-cü maddəsinə görə, uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi səxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. «Uşaq hüquqları Bəyannaməsi»nin (BMT Baş Assambleyasının 20.11.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə, uşaq qanunla və digər vasitələrlə 6 sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və social baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli evə öz əmlakları ilə birgə gəlin köçüb, cavabdehlərlə birgə orada yaşadığından, orada azyaşlı uşaqları doğulduğundan və oranı öz istəyi ilə deyil, ailədaxili mübahisə zəminində məcbur olub tərk etdiyindən, özünə məxsus əmlaklar hələ də mübahisəli evdə qaldığından və hazırda da iddiaçı azyaşlı uşaqları ilə birlikdə həmin evə köçüb yaşamaq istədiyindən iddia tələbi əsaslı hesab edilməli, təmin edilməli, iddiaçı uşaqları ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, Həzi Aslanov küçəsi, döngə 1, 7 saylı evə köçürülməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli evdə yaşadığı halda, cavabdehin həmin evi və evin yerləşdiiyi torpaq sahəsini mülkiyyətinə alması iddiaçının həmin evə köçüb yaşamaq hüququndan məhrum edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı İddiaçı azyaşlı uşaqları - 29 mart 2010-cu il təvəllüdlü X5, 18 may 2011-ci il təvəllüdlü X6 və 22 yanvar 2014-cü il təvəllüdlü X7 ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, Həzi Aslanov küçəsi, döngə 1, 7 saylı evə köçürülsünlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10 (on) manat məbləğində dövlət rüsumuna görə pul tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3699/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3699/2021
02.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver