Məhkəmə qərarları › İş №2(012)-3715/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3715/2024

21.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3715/2024 21.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququ tanınmaqla evə köçürülmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı istifadə hüququ tanınmaqla evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı uşaqları 07 avqust 2015-ci il təvəllüdlü X8 və 15 mart 2017-ci il təvəllüdlü X4 cavabdehlə nikahda olarkən birgə vəsait hesabına tikdirdikləri Abşeron rayonu, Masazır qəsəbəsi, Həsənağa Turabov küçəsi 20 saylı evin həyətində yerləşən 0,02 ha (sot) torpaq sahəsinin üzərində özbaşına tikilmiş fərdi yaşayış evinə istifadə hüquqları tanımaqla həmin evə köçürülmə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 18 avqust 2014-cü il tarixdə faktiki nigah münasibətlərinə girərək ailə həyatı qurub. Abşeron rayonu, Masazır qəsəbəsi, Əlağa Vahid küçəsi ev 22-yə qaynatasına məxsus olan evə gəlin köçmüşdür. Nikah 05 fevral 2015-ci il tarixdə Sabirabad RİHB-nın Muğan Gəncəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 05 nömrəli AKT qeydi ilə rəsmiləşdirilmişdir. 2021-ci ilin yazına kimi o, əri və iki uşağı qaynatasına məxsus həmin evdə otaqlardan birində ayrıca yaşamışlar. Onlarla birlikdə yaşaya-yaşaya, yəni 2020-ci ilin payızında pullarını toplayıb, ünvan 1 ünvanında yaşayan X6 adlı şəxsin həyətində, ona məxsus olan torpaq sahəsindən 0.02 ha (sot) torpaq sahəsini almışlar. Həmin 0.02 ha (sot) torpaq sahəsini X6 adlı şəxs onlara 10 (on) min manata satmışdır. Həmin aldıqları torpaq sahəsində onlar, yəni o və keçmiş əri Cavabdeh özləri üçün yerdən altı daş hündür, yəni kürsülü üç otaq, bir zal, bir kuxnu, bir kolidor, birlikdə olan hamam tualetdən ibarət ev tikmişlər. 2021-ci ilin yazında o, əri və iki azyaşlı uşağı birlikdə yaşamaq üçün həmin evə köçmüş və orada yaşamağa başlamışlar. Ailə kimi əvvəllər mehriban yaşasalar da, sonradan cavabdehin təqsiri üzündən münasibətləri pozuldu. Cavabdeh evə sərxoş gəlir, onu söyüb təhqir edir və işgəncə verirdi. Bütün bu hərəkətləri azyaşlı uşaqlarının gözü qarşısında edirdi. O, onun məsləhətlərinə və yalvarışlarına əhəmiyyət vermirdi. Cavabdeh tez-tez onu evdən qovur və evə buraxmırdı. Sonuncu dəfə onu zorla evdən qovanda o, əlacsız qalıb, iki azyaşlı uşaqlarını da götürüb, Şamaxı rayonunun Göylər kəndində yaşayan valideynlərinin yanına getmişdir. Az bir müddət orada yaşasa da, sonradan Abşeron rayonu, Masazır qəsəbəsində kirayəyə ev tutub, orada yaşamağa başlamışdır. Cavabdehin bu cür aqressiv hərəkətlərindən sonra nikahın pozulması ilə bağlı iddia ərizəsi ilə Şamaxı rayon məhkəməsinə müraciət etmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-189/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş, uşaqlar onun yanında saxlanılmış və azyaşlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdehdən hər uşağa görə 150 (yüz əlli) manat və iki uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda iki azyaşlı uşaqları ilə birlikdə ünvan 2 ünvanında kirayədə yaşayır. Uşaqları azyaşlıdır. Onların günbəgün artan tələbatlarını ödəyə bilmir. Üstəlik də kirayədə yaşadığı evə görə aylıq kirayə haqqı ödəyir. Maddi və sosial vəziyyəti son dərəcə ağırdır. Birgə vəsait hesabına tikdirdikləri evdə isə cavabdeh tək yaşayır. Həmin evə onun və cavabdehdən başqa heç kimin haqqı yoxdur. Çünki həmin ev birgə vəsait hesabına tikilmişdir. Onun valideynləri ayrı yaşayır və özlərinin də evləri var. Lakin, evdə yaranmış dözülməz münasibətdən bezərək cavabdehin haqsız hərəkətlətinə öz etirazını bildirdiyi üçün cavabdeh tərəfindən zorla evdən qovulmuşdur. Abşeron rayonu, Masazır qəsəbəsində kirayədə yaşamağa məcbur olmuş və başqa yerdə yaşamaq üçün evi yoxdur. Valideynləri tərəfindən ona verilmiş cehiz əşyalarını hal-hazırda həmin evdədir. Cavabdeh həmin əşyalardan istədiyi kimi indi də istifadə edir və eşitdiyinə görə bəzi cehiz əşyalarını da satmışdır. Ona görə də, Cavabdeh ilə birgə vəsait hesabına tikdirdikləri, Abşeron rayonu, Masazır qəsəbəsi, Həsənağa Turabov küçəsi, 20 saylı evin həyətində yerləşən torpaq sahəsində özbaşına tikilmiş nömrəsiz fərdi yaşayış evinə azyaşlı uşaqları ilə birlikdə aşağıdakılara əsasən, istifadə hüququ tanınmaqla, həmin evə köçürülməlidir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, onun və azyaşlı uşaqları 07 avqust 2015-ci il təvəllüdlü X8 və 15 mart 2017-ci il təvəllüdlü X4 cavabdehlə nikahda olarkən birgə vəsait hesabına tikdirdikləri Abşeron rayonu, Masazır qəsəbəsi, Şıxəli Qurbanov küçəsində yerləşən özbaşına tikilmiş fərdi yaşayış evinə istifadə hüquqları tanımaqla həmin evə köçürülmə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etmişdir. o, bildirdi ki, mübahisəli ev bütün ailənin pulu ilə tikilib. Uşaqlar onun himayəsindədir, və o uşaqlarla birlikdə kirayədə qalır. Cehizləri də mübahisəli evdədir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil İddiaçı ilə eyni məzmunlu izahat verərək iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdi və bildirdi ki, atasının maddi dəstəyi ilə torpaq sahəsi alıb, orada ev tikmişdir. Evin tikintisində özü usta kimi çalışmışdır. Ev hazır olduqdan sonra ailəsi yəni hazırki iddiaçı və uşaqları ilə birlikdə həmin evə köçüb yaşamışlar. Lakin evin sənədlərini düzəltməyə maddi imkanı olmamışdır. Sonradan münasibətləri korlandığı üçün iddiaçı evdən çıxıb getmişdir. O, iddiaçını evdən qovmayıb. İddiaçının uşaqlarla birlikdə mübahisəli evdə yaşamağına etiraz etmir. Lakin o, da həmin evdə yaşayacaq, çünki yaşamağa başqa yeri yoxdur. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki- Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(074)-189/2023 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, X7 ilə Cavabdeh arasında 05 fevral 2015-ci il tarixdə Sabirabad RİHB-nin Muğan Gəncəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 05 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 07 avqust 2015-ci təvəllüdlü X8 və 15 mart 2017-ci il təvəllüdlü X9 iddiaçının (anasının) X2 himayəsində saxlanılması, 07 avqust 2015-ci il təvəllüdlü X8 və 15 mart 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 23 dakabr 2022-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, iddiaçı X3 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİİ 598377 saylı və AZ-İİİ 929275 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından 07 avqust 2015-ci təvəllüdlü X8 və 15 mart 2017-ci il təvəllüdlü X9 doğulmuşdur. İş materiallarında olan AZ-İ 450430 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında olan nikah Şamaxı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Bu barədə müvafiq akt qeydləri kitabına 84 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Bəşirova soyadı verilmişdir. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı və azyaşlı övladları X8, X1 rayon, Masazır kəndi, Ş.Qurbanov küçəsində yerləşən özbaşına tikilmiş evdə Cavabdeh ilə birgə nikah pozulanadək birlikdə yaşamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.5-ci maddəsinə əsasən, mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Ona görə də məhkəmə hesab edir ki, hazırki vəziyyətdə yaranmış mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.2-ci maddəsinə əsasən Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırki işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş əri güc tətbiq etməklə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı etdiyi məhrumetmə (güc tətbiq etməklə evdən çıxarma) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 3-cü bəndinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin özbaşına tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmasa da, Mülki Məcəllənin 180.2-ci və 180.4-cü maddələrinin məzmununa əsasən həmin özbaşına tikilinin mövcud olduğu müddətdə orada əvvəllər məskunlaşmış şəxslərin oradan istifadə hüququ müəyyən oluna bilməz, lakin həmin vətəndaşların oraya köçürülməsinə də qadağalar qoyula bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi evə köçürülmə hissəsində əsaslı olduğundan təmin edilməli, iddiaçı övladları ilə birlikdə həmin tikiliyə köçürülməlidir. Sözügedən ev özbaşına tikili olduğundan iddia tələbi istifadə hüququnun tanınması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı övladları - 07 avqust 2015-ci təvəllüdlü X8 və 15 mart 2017-ci il təvəllüdlü X9 ilə birlikdə Cavabdeh yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Şıxəli Qurbanov küçəsində yerləşən sənədsiz, özbaşına tikilmiş evə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar