Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-372/2025 18.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında müəyyən edilən Abşeron rayonu, Saray qəsəbsində yerləşən 0,02 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin içərisində tikilmiş bütün tikililərin cavabdehin öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, 2005-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini alqı-satqı yolu ilə almış və ona həmin torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. O, həmin torpaq sahəsində heç bir tikinti işi aparmamışdır. 2021-ci ilin iyun ayında ona məlum olmuşdur ki, Cavabdeh orada ev tikintisi işləri aparır. O, dəfələrlə cavabdeh ilə əlaqə saxlamasına baxmayaraq bunun nəticəsi olmamışdır. O, Abşeron Rayon Polis İdarəsinə müraciət etmiş, Abşeron Rayon Polis İdarəsi tərəfindən onun müraciəti ilə əlaqədar cinayət işinin başlanması rədd edilmişdir. Polis orqanında Cavabdeh öz izahatında bildirmişdir ki, 2014-cü ildə Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllədə yerləşən 0,02 ha torpaq sahəsini çıxarış ilə X2 almışdır və həmin torpaq sahəsi ona məxsusdur. Lakin polis araşdırma zamanı müəyyən etmişdir ki, guya sürüşmə nəticəsində cavabdehin torpağının sənədindəki koordinatlar onun torpağı ilə üst-üstə düşür. Amma koordinatlara əsasən cavabdehin torpaq sahəsi onun torpaq sahəsindən 700 metr məsafə aralıda yerləşir. Bildirir ki, cavabdehin aldığı çıxarış tamamilə saxta və qanunsuzdur. Cavabdehin torpaq sahəsinə dair sənədləri 2021-ci ilin fevral-iyul ayları ərzində saxta yolla düzəldilmişdir. Göründüyü kimi cavabdehin əməlləri tamamilə qanunsuzdur və yalandan ibarətdir. Cavabdehin sənədlərinin saxta olmasını, həmçinin Abşeron Rayon Prokurorluğunda və Abşeron Rayon Polis İdarəsində 2019-cu il və 2020-ci il tarixlərində Cavabdeh sənədlərinin olmaması ilə bağlı Siyavuş Musayev barəsində olan şikayət ərizələri təsdiq edir. Belə ki, həmin dövrdə torpaq sahəsini aldığı Siyavuş Musayevə qarşı şikayət ərizəsi ilə müraciət edərək torpaq sahəsinin başqasına aid olduğuna görə ondan torpaq sahəsinin geri qaytarılmasını və yaxud pulunun geri qaytarılmasını xahiş etmişdir. Bu da onu göstərir ki, cavabdehin daşınmaz əmlaka dair ümumiyyətlə, çıxarışı olmamışdır. Buna görə də o, cavabdehin qanunsuz hərəkətlərindən təngə gələrək məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Qeyd edir ki, Cavabdeh torpaq sahəsi ilə bağlı saxta sənəd düzəltmiş və ona məxsus 0,02 ha torpaq sahəsini zəbt etmişdir. O, cavabdeh ilə danışıqlar aparmaq istəsə də cavabdeh onunla heç bir danışıq aparmamışdır. Mübahisəli torpaq sahəsinin orta bazar qiyməti 5000 manat deyil, təxminən 8000-9000 manatdır. Ona məxsus torpaq sahəsi hələ 2004-cü ildən rəsmi sənəd ilə onun mülkiyyətində olmuşdur. O, ümumi torpaq sahəsindən yol üçün torpaq sahəsi vermiş, daha sonra isə ümumilikdə 66 sot torpaq sahəsinin bir qismini hissə-hissə satmışdır. Onun torpaq sahəsi ilə cavabdehin sahəsi arasında 1 km məsafə olmuşdur və cavabdehin yeri başqa bir vətəndaşın torpaq sahəsinin üstünə düşmüş, lakin həmin şəxs cavabdehi qovmuşdur. Cavabdeh vaxtilə torpaq sahəsini 10000 manata almışdır. Sahə rəisi cavabdehə evi tikməsini və evin tikilməsinə heç kimin mane ola bilməyəcəyini bildirmişdir. O, cavabdeh tərəfindən zəbt edilmiş ona məxsus torpaq sahəsinə görə cavabdehin 10000 manat məbləğində kompensasiya verməsi təklifi ilə razı deyildir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, o, mübahisəli torpaq sahəsini 2013-cü ildə almış, 2014-cü ildə torpaq sahəsinə fundament tökmüş və həmin torpaq sahəsində ev tikmişdir. Onun fikrincə həmin ərazidə torpaq sahəsinin 1 sotu təxminən 5000-6000 manat məbləğində qiymətləndirilə bilər. Bildirir ki, o, iddiaçının oğlu Faiq adlı şəxsə zəng edərək əlaqə saxlamış, lakin kompensasiya ilə bağlı razılığa gələ bilməmişdirlər. İddiaçıya torpaq sahəsinin orta bazar qiymətinə uyğun 1 sota 5000 manat olmaqla, cəmi 10000 manat məbləğində kompensasiya verməyə razıdır. Belə ki, o, vaxtilə 2 sot torpaq sahəsini 10000 manata almışdır. Hazırda qarşı tərəf torpaq sahəsinə görə ondan 15000 manat kompensasiya istəyir. Onun 3 övladı vardır və uşaqların xərci ilə yanaşı onun ödəməli olduğu kredit borcları mövcuddur. Bu səbəbdən o, iddiaçının torpaq sahəsinə görə ödənilməsini istədiyi kompensasiya məbləğini verə bilməmişdir. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” 16 mart 2005-ci il tarixli, JN 3797, KOD 30800086 saylı Dövlət Aktının surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,6594 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,02 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,02 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına qeydiyyata alınmışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir Baxılan iş üzrə iddia tələbi torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2., 11.1, 172.3, 172.4 və 173.3-cü maddələri təşkil edir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Həmin maddənin dizpozisiya şərtlərinə əsasən iddianın təmin olunması üçün iddiaçılar ilk növbədə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Yuxarıda qeyd olunduğu kimi iddiaçının mülkiyyətində 0,02 ha torpaq sahəsinin olduğu, həmin torpaq sahəsinin cavabdehin sahibliyində olması və bu sahibliyin qanunsuz olması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 aprel 2025-ci il tarixli, 10/1784 saylı ekspert rəyindən görünür ki, mütəxəssis rəyinə əsasən **********69 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş (xx.xx.2020-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən) torpaq sahəsi ilə **********19 reyestr nömrəli çıxarışla Cavabdeh sənəd üzrə mülkiyyətinə verilmiş (xx.xx.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən) torpaq sahəsinin üst-üstə düşmədiyi müəyyən edilmişdir. Həmçinin sözügedən rəydə qeyd edilir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcud olmuş, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016cı il tarixli, 818 nömrəli Fərmanının icrası ilə əlaqədar mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların istifadəsində mövcud olan uyğunsuzluqların və çatışmamazlıqlar qismən aradan qaldırılmışdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının icrası ilə əlaqədar mübahisə predmeti olan **********69 reyestr nömrəli çıxarışın necas baza məlumatlarına əsasən (dürüstləşmə işlərindən sonra) koordinatları ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi ilə uyğun gəlir. Lakin **********19 reyestr nömrəli torpaq sahəsinin necas baza məlumatlarında heç bir dəyişiklik olunmamışdır. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər (Mülki Məcəllənin 172.3., 173.3-cü maddələri). Qeyd olunmalıdır ki, qonşu torpaq sahələrinin mülkiyyətçiləri şübhəsiz ki qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət etməklə öz sahələrində tikinti və qazıntı işləri apara bilərlər. Lakin bu işlər görülərkən qonşu torpaq sahəsinin mülkiyyətçisinin hüquqları pozulmamalı və mənafeləri gözlənilməlidir. Öz sahəsində qazıntı və tikinti işləri aparan mülkiyyətçi qonşuya ziyan vurmamalı və onları hər hansı bir təhlükəyə məruz qoymamalıdır. Qonşu torpaq sahəsinin mülkiyyətçisi öz mülkiyyət hüququnu yolverilməz şəkildə poza biləcək belə qurğuların tikilməsini və ya istismarını qadağan edə bilər. Belə qadağanlara o zaman yol verilir ki, hüququ pozulan mülkiyyətçi pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi bu işlərin aparılmasına qarşı öz etirazını bildirmiş olsun. Belə bildiriş verilmədikdə onun hüququnun qərəzsiz şəkildə pozulmasının nəticələrinə dözməlidir. O da nəzərə alınmalıdır ki, heç bir zərurətdən doğmayan əsassız tikinti qonşunun hüququnu əhəmiyyətli dərəcədə pozarsa onun sökülməsi məsələsi qaldırıla bilər. Lakin öz torpaq sahəsində yaşayış evi tikən mülkiyyətçi qərəzsiz olaraq qonşu torpaq sahəsinin sərhədini pozduqda və bunu görərək qonşu mülkiyyətçi etiraz etməzsə ağır məsrəflər hesabına başa gələn bina tikilib istifadəyə verildikdən sonra, şübhəsiz ki, onun sökülməsini tələb etmək ədalətsiz olardı. Buna görə də qanunvericilikdə nəzərdə tutulmuşdur ki, belə halda sərhədi pozulmuş qonşu müəyyən pul kompensasiyası almaqla həmin pozuntuya dözməlidir. İddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclasında izahatında 2021-ci ilin iyun ayından Cavabdeh ona məxsus torpaq sahəsində tikinti işləri apardığının ona məlum olduğunu və həmin tarixdən tikintiyə etiraz etdiyini göstərsədə,lakin məhkəmə hesab edir ki,bu hal cavabdeh tərəfindən mübahisə predmeti olan torpaq sahəsinin qərəzli pozulması kimi qiymətləndirilə bilməz. Belə ki,mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcud olmuş, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının icrası ilə əlaqədar mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların istifadəsində mövcud olan uyğunsuzluqların və çatışmamazlıqlar 2025-ci il tarixdə aradan qaldırıldıqdan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 aprel 2025-ci il tarixli, 10/1784 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı adına xx.xx.2020-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə eydiyyata alınmış Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,02 ha torpaq sahəsi Cavabdeh faktiki istifadəsindədir, cavabdeh tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmiş və ailəsi ilə birgə orada yaşayır.Beləliklə işin faktiki hallarından göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar aradan qaldırılana qədər rəsmi olaraq cavabdehin iddiaçının torpaq sahəsini zəbt etməsini bilə bilməzdi. Beləliklə,məhkəmə qeyd edir ki, qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqında qaydaların tətbiq edilməsi Mülki Məcəllənin 172.4-cü maddəsində açıqca göstərildiyi üçün, eyni şərtlər daxilində başqasının ərazisində inşa edilmiş binanın və ya onun yerləşdiyi torpaq sahəsinin hüquqi vəziyyəti ilə bağlı mübahisəli münasibətlərə də qanunun analogiyası qaydasında həmin normaya uyğun olaraq, çıxıntılı binalar haqqında qaydalar tətbiq edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir Belə olan halda məhkəmə hesab edir ki, ağır məsrəflər hesabına başa gələn tikilib istifadəyə verilən fərdi yaşayış evinin sökülərək, cavabdehin həmin ərazidən çıxarılması barədə iddia tələbi təmin edilə bilməz və mübahisənin ədalətli həlli üçün iddiaçı torpaq sahəsinin kompensasiyasının ödənilməsi haqqında iddia qaldırmaqla qarşılaşdığı zərəri bərpa edə bilər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən 21 aprel 2025-ci il tarixli, 10/1784 saylı məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN- **********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh ona məxsus olan mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında müəyyən edilən Abşeron rayonu, Saray qəsəbsində yerləşən 0,02 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin içərisində tikilmiş bütün tikililərin cavabdehin öz hesabına sökülməsi barədə iddiası rədd edilsin. İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə bağlı kompensasiyasının ödənilməsi haqqında iddia qaldırmaqla qarşılaşdığı zərəri bərpa edə bilmək hüququnun olması izah edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən 21 aprel 2025-ci il tarixli, 10/1784 saylı məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-372/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-372/2025
18.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver