Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-373/2022 13.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliklərinin icra olunmaması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliklərinin icra olunmaması” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC ilə onun arasında bağlanmış 07.12.2013-cü il tarixli AF-B/086 nömrəli “Mənzilin alqısatqısı haqqında” müqavilənin dövlət notariat orqanında rəsmiləşdirilməsi (müqavilənin notariat orqanında təsdiq edilməsi) vəzifəsinin "xxxx" MMC-nin üzərinə vəzifə kimi qoyulması, həmin mənzilə “Çıxarış”ın alınması üçün dəqiq müddətin müəyyən edilməsi və müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəlikləri lazımi qaydada icra etməməsi səbəbilə "xxxx" MMC-nin qeyd edilən müqavilənin dəyərinin 20%-i miqdarında (8200 manat) cərimə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MMC ilə 07.12.2013-cü il tarixdə AF-B/086 nömrəli “Mənzilin alqı-satqısı haqqında” müqavilə bağlamış, həmin müqaviləyə əsasən "xxxx" MMC özünün Abşeron rayonu Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində inşa etdiyi 12 mərtəbəli, 2 saylı yaşayış binasında ümumi sahəsi 93 kv.m olan 3 otaqdan ibarət 32 saylı mənzili iddiaçıya satmışdır. (1.1.bənd). İddiaçı tərəfindən həmin müqavilə ilə üzərinə götürmüş olduğu öhdəliklər tamamilə yerinə yetirilmişdir. "xxxx" MMC isə müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəlikləri tam olaraq yerinə yetirməmişdir. Belə ki, həmin müqavilənin 3.1.2.6-cı bəndinə əsasən “Alıcı” tərəfindən müqavilənin dəyəri tam ödənildikdə “Satıcı” “Alıcı”nın adına olan mənzili dövlət orqanlarında rəsmiləşdirməsini öhdəsinə götürür və tərəflər arasında dövlət notariat orqanında torpağın alqı-satqısı müqaviləsi bağlanır. İddiaçı tərəfindən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tamamilə və qüsursuz olaraq icra edərək mənzilin müqavilə ilə razılaşdırılmış dəyərini vaxtında ödəmiş, lakin "xxxx" MMC bu müqavilə ilə üzərinə götürmüş olduğu öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Məhz bu səbəbdən iddiaçı “Mənzilin alqı-satqısı haqqında” müqavilə ilə ona məxsus olan əmlakı üzərində tam olaraq sahiblik hüquqlarını həyata keçirə bilmir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddiaçı 07.12.2013-cü il tarixli AF- B/086 nömrəli “Mənzilin alqı-satqısı haqqında” müqavilə üzrə Cəmiyyət tərəfindən öhdəliklərinin tam olaraq icra edilməsini, mənzilə çıxarışın (kupça) alınması məqsədilə müvafiq qaydada rəsmiləşdirilməsi üçün 19.06.2021-ci il tarixdə "xxxx" MMC-yə yazılı müraciət etmiş, "xxxx" MMC 28.06.2021-ci il tarixdə 406 nömrəli məktubla iddiaçının müraciətinə yenə də özünəməxsus şəkildə cavab vermişdir. Onun MTK-dan aldığı mənzilə 2014-cü ildən su, işıq, 2020-ci ildən isə qaz xətti çəkilmişdir. Lakin bununla belə bina yenə də istifadəyə verilməmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı məhkəməyə ünvanladığı 12.01.2022-ci il tarixli ərizəyə əsasən iddiaçı 13.01.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasına onun iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X8 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, "xxxx" MMC mənzillərin satışına dair vətəndaşlarla bağladığı müqavilələrə əsasən, öhdəliyini icra edərək mənzillərin təhvil verilməsi üçün ilkin olaraq aidiyyəti qurumlara müraciət edib həmin qurumlarda qeydiyyatdan keçirir. Belə ki, iddiaçıya satılmış mənzilin qaz təminatının təmin edilməsi öncəki il həyata keçirilmişdir. Ümumi götürdükdə isə, mənzilin nə zaman təhvil veriləcəyi barədə məlumatı yoxdur. Belə ki, MTK-da son iki il ərzində təhvil verilmə çoxluq prinsipinə əsasən aparılır. Rəylərin yubanma səbəbi isə məhz vətəndaşların özüdür. 2021-ci ildə binanın qaz təminatının təmin edilməsi məsələsi yekunlaşmışdır. Belə ki, göstərilənlərə əsasən, hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, icrası gecikdirilmiş məsələlər isə cavabdehdən asılı olmayan səbəblərdən yaranmışdır. Yaşayış binasının vətəndaşların istifadəsinə verilməsi üçün zəruri olan istismara qəbul aktının gecikdirilməsinin müxtəlif səbəbləri vardır. Vətəndaşların öhdəliklərinin icra edilməməsi də həmin sənədin alınmasının gecikdirilməsinin zəruri səbəblərindən sayılır. Qanunvericiliyin tələblərinə əsasən, MMC aidiyyəti qurumlara müraciət edərək istismara qəbul aktları alır, daha sonra Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinə müraciət edərək çıxarış alır, mənzil sahibi isə həmin çıxarış əsasında mənzilə mülkiyyət hüququnu rəsmiləşdirir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: -AAAF-İnşaat MMC ilə alıcı İddiaçı arasında bağlanmış 07.12.2013-cü il tarixli AF- B/086 saylı mənzilin alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsində inşa edilmiş 2 saylı 12 mərtəbəli yaşayış binasında ümumi sahəsi 93 kv.m olasn 3 otaqdan ibarət 32 saylı mənzili alıcıya satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən, satıcı mənzili tikinti işləri başa çatdıqdan sonra təhvil verməyi, alıcı isə vahid əmlakı qəbul edib bunun razılaşdırılmış dəyərini birdəfəlik ödəniş şəklində və ya 30 ay müddətinə müqaviləyə əlavə edilmiş cədvəl üzrə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən, mənzilin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 41000 manat təşkil edir. Müqavilənin 3.1.2-ci bəndinə əsasən, satıcı bu müqavilənin müddəaları ilə nəzərdə tutulan qaydada və müəyyən edilmiş şərtlər daxilində daşınmaz əmlakın alıcıya verilməsini təmin etməli, satıcı tikinti işləri başa çatdıqdan sonra torpaq sahəsini və texniki vəziyyətdə fərdi yaşayış evini alıcıya təhvil verməlidir: evin kanalizasiya, elektrik enerjisi, su xətti, təbii qaz xətti ilə stoyak vəziyyətdə qoyulmuş, evin su, qaz, elektrik təchizatı təmin edilmiş vəziyyətdə olmalıdır. Müqavilənin 3.1.2.6-cı bəndinə əsasən, alıcı müqavilə dəyəri tam ödənildikdə satıcı alıcının adına mənzilin istismara qəbul aktını rəsmiləşdirməyi öhdəsinə götürmüş və tərəflər arasında dövlət notariat orqanında alqı-satqı müqaviləsi bağlanılır. Müqavilənin 4.1-ci bəndinə əsasən, tərəflər bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin pozulmasına, vəzifələrinin yerinə yetirilməməsinə, öhdəliklərini yerinə yetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar və müqavilədən irəli gələn öhdəliklərin pozulmasına görə qarşı tərəfə vurulmuş ziyanı ödəməyə borcludurlar. Müqavilənin 4.2-ci bəndinə əsasən, hər iki tərəf Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və eləcə də, müqavilədə göstərilən və qarşısı alına bilməyən fors-major hallarında məsuliyyətdən azad edilirlər, bir şərtlə ki, vurulmuş zərərin onların təqsiri üzündən baş vermədiyini sübuta yetirsinlər. -Abşeron Rayon Məhkəməsinin 12.01.2018-ci il tarixli 2(012)-602/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı Şahin oğlunun cavabdeh "xxxx" MMC-yə qarşı “daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması (order alınması) üçün sənədlərin təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və 20 000 manat cərimə edilməsi” barədə iddiası təmin edilməmişdir. Qətnamədən daha sonra görünür ki, cavabdehin nümayəndəsi məhkəmə prosesində iştirak edib izahatında bildirmişdir ki, cavabdeh adından da göründüyü kimi, Mənzil Tikinti Kooperativi yox, Məhdud Məsuliyyətli Cəmiyyətdir. Cavabdeh MMC olduğundan tərəfindən tikdiyi binanın mənzillərinə order verilməsini təmin etmir. MMC olaraq əvvəlcə tikdiyi binanı mülkiyyətlərinə almalı, bundan sonra, mənzil sahibləri ilə notariat qaydada alqı-satqı müqaviləsi bağlayıb, mənzilləri onlara satmalı, həmin alqı-satqı müqaviləsi əsasında mənzil sahibləri DƏDRX-yə müraciət edib mülkiyyət hüququnu təsdiq edən çıxarış almalıdırlar. Məlumat üçün bildirir ki, iddiaçı tərəfindən sözügedən mənzilin dəyəri tam şəkildə ödənmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin 04.06.2018-ci il tarixli 2(105)-1537/2018 saylı qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 12.01.2018-ci il tarixli 2(012)- 602/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -AAAF-İnşaat MMC-nin İddiaçı ünvanladığı 28.06.2021-ci il tarixli 406 saylı məktubdan görünür ki, İddiaçı "xxxx" MMC-yə ünvanladığı 19.06.2021-ci il tarixli (məktub 23.06.2021-ci il tarixdə qəbul edilmişdir) məktuba cavab olaraq bildirilir ki, İddiaçı adına 07.12.2013-cü il tarixdə AF-B-086 saylı “Mənzilin Alqı-Satqı Müqaviləsi” rəsmiləşdirilmişdir. Müqavilə əsasında İddiaçı adına ünvan 1 ünvanında 2 saylı binanın ümumi sahəsi 93 kv.m olan 3 (üç) otaqdan ibarət 32 saylı mənzil qeydə alınmışdır. "xxxx" MMC müqavilə öhdəliklərini yerinə yetirməkdən yayınmır və tam həcmdə icra etməyi bəyan edir. Mülkiyyət hüquqlarına dair müvafiq çıxarışın alınması qanunvericiliyə uyğun olaraq bir sıra prosedur hərəkətlərin həyata keçirilməsindən sonra baş verə bilər. Bu istiqamətdə addımlar atılmış və cavabdeh dövlət qurumundan məlumat gözlənilməkdədir. Hər hansı bir yenilik olacağı halda binanın komendantı tərəfindən dərhal məlumatlandırılacaqdır. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin 30.12.2021-ci il tarixli 37/34-09380 saylı məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində "xxxx" MMC tərəfindən inşa olunan 12 mərtəbəli 2 saylı binaya Agentlik tərəfindən “İstismara hazırlıq aktı” verilməmişdir. -Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, "xxxx" MMC – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və 19.04.2021-ci il tarixdə qeydə alınmaqla hüquqi ünvanı AZ0100, ünvan 2ə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, X1 Muxtar Respublikası Babək rayonu Zeynəddin kəndində qeydiyyatdadır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı "xxxx" MMC ilə bağladığı 07.12.2013-cü il tarixli AF-B/086 saylı mənzilin alqı-satqı müqaviləyə əsasən satıcı Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsində inşa edilmiş 2 saylı 12 mərtəbəli yaşayış binasında ümumi sahəsi 93 kv.m olasn 3 otaqdan ibarət 32 saylı mənzili alıcıya satmağı, alıcı isə dəyəri 41000 manat təşkil edən mənzilin ödənişlərini 30 ay müddətinə müqaviləyə əlavə edilmiş cədvəl üzrə ödəməyi, satıcı isə mənzili tikinti işləri başa çatdıqdan sonra təhvil verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən alıcı mənzilin müəyyən edilmiş dəyərini ödəyərək öhdəliyini icra etmiş, lakin satıcı tərəfindən mənzilin təhvil verilməsinə dair öhdəik yerinə yetirilməmişdir. Belə ki, mənzilin təhvil verilməsi öhdəliyinin icra edilməsi və buna dair lazımi prosedurların icra edilməsinə dair tərəflər arasında əvvəl də məhkəmə mübahisəsi olmuş və həmin məhkəmə araşdırması zamanı alıcı tərfindən mənzilin ödənişlərinin icra edilərək MMC-yə hər hansı bir borcunun qalmaması cavabdehin nümayəndəsi tərəfindən etiraf edilərək təsdiq edilmişdir. Bu səbəbdən də, hazırda, iddiaçı müqavilə öhdəliyinin icra edilməməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış müqavilənin notariat qaydasında təsdiq edilməsi, mənzilə çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, mənzilin dəyərinin 20 faizi miqdarında cavabdehin cərimə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq) 6.1.5 maddəsinə əsasən müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 152.1-152-3-cü maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Qanunvericiliyin tələblərindən göründüyü kimi, mənzilin alqı-satqısı barədə müqavilə bağlamış tərəflər müqavilə üzrə mənzilin alıcıya təhvil verilməsi, mənzilin dəyərinin ödənilməsinə dair öhdəliklər götürmüş, öhdəliklərin icra edilməməsinə görə müqavilə üzrə məsuliyyət müəyyən etmişlər. Mülki Məcəllənin: 139-1.1. maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.9.2. çoxmənzilli binalara, qeyriyaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 144.1. maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144-1.1. maddəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. Məhkəmə mülki qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış mənzilin alqı-satqısı müqaviləsinə əsasən, mənzilin dəyəri alıcı tərəfindən tam şəkildə ödənilməsinə baxmayaraq, həmin mənzilin yerləşdiyi binanın ilkin olaraq vətəndaşlara təhvil verilməsini mümkünsüz edən hallar mövcuddur. Belə ki, məhkəmə qeyd edir ki, çoxmənzilli binalara münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3.1.2.6-cı bəndinə əsasən, satıcı alıcı tərəfindən müqavilə üzrə mənzilin dəyəri tam şəkildə ödənildikdə həmin mənzilin alıcının adına istismara qəbul aktını rəsmiləşdirməyi öz öhdəsinə götürmüş və tərəflər arasında alqı-satqısı müqaviləsi dövlət notariat orqanında bağlanılmalıdır. Məhkəmənin sorğusuna əsasən, Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi tərəfindən daxil olmuş 30.12.2021-ci il tarixli sorğuya cavab məktubuna əsasən, Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsində AAAF- İnşaat MMC tərəfindən inşa olunan 12 mərtəbəli 2 saylı binaya Agentlik tərəfindən istismara hazırlıq aktının verilmədiyi öz təsdiqini tapmışdır. Göründüyü kimi, binanın tikintisini həyata keçirən iddiaçı tərəfindən həmin yaşayış binasının inşası ilə bağlı zəruri tədbirlər həyata keçirilmiş, lakin yaşayış binasına dair istismara qəbul aktı təqdim edilməmişdir. Mülki Məcəllənin: 144-1.5. maddəsinə əsasən, bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların alqı-satqı şərtləri, təminat qeydinin aparılmasına dair torpaq sahəsi mülkiyyətçisinin və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəlikləri və 147.2-ci maddəsində nəzərdə tutulan razılıqları, habelə bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsindən sonra torpaq sahəsində müvafiq paya və tərkib hissəyə mülkiyyət hüququnun xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı açıq-aydın ifadə edilməlidir. 146.1. maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 5.1.10. bəndinə əsasən tikinti obyektlərinin istismarına icazə verilməsi şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətlərindən biridir. 7.0. maddəsinə əsasən Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 7.0.1. sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi; 7.0.2. təhlükəsizliyin təmin edilməsi; 7.0.3. ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi; 7.0.4. şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi; 48.1. maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektlərinin, habelə məlumatlandırma icraatı qaydasında tikilməsi nəzərdə tutulan tikinti obyektlərinin layihələri layihəçi tərəfindən hazırlanır. Yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər layihəçi ola bilərlər. 48.3.6. maddəsinə əsasən layihəçi tikinti obyektinin istismara verilməsində iştirak edir. “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 16.09.2014-cü il tarixli № 309 saylı Qərarına əsasən, tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 1.1. tikintiyə icazə; 1.2. xarici və daxili mühəndis-kommunikasiya təminatı sistemlərinin (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya) müvafiq təşkilatlar tərəfindən verilmiş istismara hazır olması barədə aktlar; 1.9. obyektin yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt; 1.11. tikinti-quraşdırma işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun yerinə yetirilərək istismara hazırlığına dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin, sifarişçinin, podratçının və layihəçinin nümayəndələrinin birgə tərtib etdiyi akt (istismara hazırlıq aktı) və digərləri. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik aktlarında nəzərdə tutulan tələblərə istinad edərək qeyd edir ki, göründüyü kimi, alıcı Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsində yerləşən 2 saylı 12 mərtəbəli yaşayış binasında ümumi sahəsi 93 kv.m olan 3 otaqlı 32 saylı mənzilin dəyərini ödəmiş olsa da, həmin mənzilin yerləşdiyi yaşayış binasına dair istismar aktının cavabdeh tərəfindən alınmasının mümkünsüzlüyü iddiaçıya müqavilə əsasında alınmış mənzilin təhvil verilməsi müddətini də gecikdirmişdir. Göründüyü kimi, yaşayış binasının istifadəyə verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş sənədlər toplusunun təqdim edilməsi onun istifadəyə verilməsinin zəruri şərtidir. Mülki Məcəllənin: 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə, mülki qanunvericiliyin tələblərinə istinad edərək mülki iş materiallarına əlavə olunmuş tərəflər arasında bağlanmış mənzilin alqı-satqısı müqaviləsinə istinad edərək qeyd edir ki, alıcı-iddiaçı mənzilin dəyərinin ödənilməsinə dair öhdəliyini vicdanlı şəkildə icra edərək onu yerinə yetirmiş olsa da, mənzilin təhvil verilməsi öhdəliyini daşıyan satıcı-cavabdehin isə öhdəliyini icra etməməsi heç də bütün hallarda onun müqavilə öhdəliyinin icrasından qərəzli şəkildə yayınması kimi qiymətləndirilə bilməz. Mülki Məcəllənin: 427.1. maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 446.1. maddəsinə əsasən, kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. 446.2. maddəsinə əsasən, kreditorun icranı gecikdirməsi borcluya gecikdirmə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi hüququ verir, bir şərtlə ki, kreditor gecikdirmənin nə onun, nə də icranı qəbul etməyin həvalə olunduğu şəxslərin cavabdeh olmadıqları hallara görə baş verdiyini sübuta yetirməsin. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş alqı-satqı müqaviləsinə əsasən, satıcı alıcı mənzilin dəyərini ödədiyi halda həmin mənzilə dair istismara qəbul aktını rəsmiləşdirməyi öhdəsinə götürsə də, ondan asılı olmayan səbəblərdən dolayı istismara qəbul aktının təhvil verilməsi mümkünsüz olmuşdur. Məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları qanunvericiliyin müddəaları ilə paralel şəkildə qiymətləndirirərək qeyd edir ki, müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi sonuncunun qərəzli şəkildə öhdəliyinin icrasından yayınması kimi qiymətləndirilmədiyindən və bu hal kobud pozuntu olaraq nəzərdən keçirilmədiyindən iddiaçının iddia tələbləri əsaslı deyildir, bu səbəbdən də təmin edilməməlidir. Məhkəmə iddiaçının iddia tələbinin müqavilə öhdəliyinin icra edilməməsinə görə mənzilin dəyərinin 20 faizi miqdarında cavabdehin cərimə edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, tərəflər arasında bağlanmış mənzilin alqı-satqısı müqaviləsinə əsasən, müqavilə öhdəliyinin icra edilməməsinə görə tərəflərin məsuliyyət daşımasına. həmçinin, həmin müqavilədən irəli gələn öhdəliklərin pozulmasına görə qarşı tərəfə vurulmuş ziyanın ödənilməsinə dair öhdəliklə bağlı bənd qeyd olunsa da, həmin məsuliyyətin nədə və ya hansı məbləğdə ifadə olunması öz əksini tapmamış, məhkəmə araşdırması zamanı isə sözügedən öhdəliyin icra olunmamasının icraçının qərəzli şəkildə yayınmaması kimi öz təsdiqini tapdığından iddia tələbləri bu hissədə də təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X2 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliklərinin icra olunmaması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov