Məhkəmə qərarları › İş №2(012)-376/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-376/2022

01.02.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-376/2022 01.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Az Texnika LTD MMC-yə qarşı “Töhmət” intizam tənbehi haqqında əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Az Texnika LTD MMC-yə qarşı “Töhmət” intizam tənbehi haqqında əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin töhmət növündə intizam tənbehinə dair 05.08.2021-ci il tarixli, AZT İR-1/230 saylı əmrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı 2012-ci ildən "xxxx" MMC-də, 2020-ci ilin mart ayından isə həmin Cəmiyyətdə avtobus və yük avtomobilləri departamentinin servis müdiri vəzifəsində işləyir. İşlədiyi müddət ərzində cəmiyyətlə bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı üzərinə qoyulmuş əmək funksiyalarını yüksək səviyyədə yerinə yetirmiş və bu müddət ərzində cəmiyyət tərəfindən heç bir intizam tənbehinə cəlb edilməmişdir. Cavabdeh olan hüquqi şəxsin baş direktoru Vahid Bağırovun 05.08.2021-ci il tarixli, AZT İR-1/230 saylı əmri ilə “Cəmiyyətin avtobus və yük avtomobilləri departamentinin servis müdiri İddiaçı funksional vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar müəssisə rəhbərliyi tərəfindən ondan 2021-ci il yanvar-may aylarında vəzifə borclarının yerinə yetirilməsi, gördüyü işlər haqqında hesabat təqdim etməsi və ya bununla bağlı yaranmış suallara cavab olaraq izahat verilməsi tələb olunarkən hesabat və ya izahat verməkdən imtina etmiş və müəssisə rəhbərliyinə qarşı münasibətdə subordinasiya qaydalarını pozmuşdur. Onunla aparılan söhbətlərin nəticəsiz qaldığını və ötən müddət ərzində əmək fəaliyyətində heç bir əsaslı dönüş etmədiyini nəzərə alaraq İddiaçı “əmək fuksiyalarını yerinə yetirmədiyinə görə” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən “töhmət” verilsin” məzmununda töhmət verilmişdir. Əmrdə həmin sənədin verilməsinə əsas 19.05.2021-ci il tarixli akt göstərilmişdir. Cavabdehin İddiaçı “əmək funksiyalarını yerinə yetirmədiyinə görə” Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən “töhmət” verilməsinə dair 05.08.2021-ci il tarixli, AZT İR-1/230 saylı əmri qanunvericiliyin tələblərinin və hüquqlarının kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Həmin əmr qərəzli, qanunsuz, əsassız və ədalətsizdir, ona görə də aşağıda göstərilənlərə əsasən ləğv edilməlidir. Cavabdeh qanunsuz olaraq bir ildən artıqdır ki, iddiaçını əmək funksiyalarını icra etməkdən kənarlaşdırmışdır. Cavabdeh iddiaçını 2020-ci ilin iyul ayından həmin ilin dekabr ayına kimi ardıcıl olaraq istifadə olunmamış məzuniyyətlərini rəsmiləşdirərək məzuniyyətə göndərmişdir. 2021-ci ilin yanvar ayından etibarən cavabdehlə bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyalarının icrasından iddiaçını qanunsuz olaraq kənarlaşdırmışdır. Faktiki olaraq cavabdehin iddiaçıdan tələb etdiyi dövrdə (yanvar-may aylarında) iddiaçının bütün səlahiyyətlərini əlindən aldığı halda nəyin hesabatını tələb edir? Əmrdə isə qeyd edilmişdir ki, vəzifə borclarını yerinə yetirməsi, gördüyü işlər haqqında hesabat təqdim etməsi və bununla yanaşı olaraq izahat verməsi tələb olunarkən izahat verməkdən imtina etmiş və müəssisə rəhbərliyinə qarşı subordinasiya qaydalarını pozmuşdur. İntizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Cavabdeh bu qanunsuz əmri hazırlayarkən əsas hissəsində bu faktın aktlaşdırılmasını, faktın aşkar edildiyini 19.05.2021-ci il tarixdə müəyyən etsə də (əmrdə əsas kimi qeyd olunan akt) “töhmət” intizam tənbehini yalnız 05.09.2021-ci il tarixdə, 2,5 ay sonra tətbiq etmişdir. Halbuki, intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Amma cavabdeh yanvar-fevral aylarına görə qanunsuz şəkildə müəyyən etdiyi xətaya görə 6 ay müddətini pozmaqla intizam tənbehi tətbiq etmişdir ki, bu da Əmək Məcəlləsinin tələblərinə daban-dabana ziddir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Az Texnika LTD MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya adlanacaq): 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -X10 LTD MMC ilə işçi İddiaçı arasında bağlanmış 20.05.2014-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı satışdan sonra – ehtiyat hissələri üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən, əmək müqaviləsi üzrə işçi 20.05.2014-cü il tarixdən işə başlayır, müqavilə həmin tarixdən 20.05.2015-ci il tarixinədək olmaqla 1 il müddətinə bağlanılmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən, işçinin əmək funksiyaları Qoşma – 1 kimi əlavə olunan vəzifə təlimatında ətraflı təsvir olunmuşdur. Müqavilənin 8.2-ci bəndinə əsasən, bu əmək müqaviləsinə aşağıdakı əlavə və dəyişikliklər edilmişdir: 01.12.2014-cü il tarixdən əmək haqqı 900 manat müəyyən edilmiş, 01.07.2016-cı il tarixdən maddi texniki təchizat şöbəsinə təchizat üzrə koordinator vəzifəsinə keçirilmiş, 04.01.2018-ci il tarixdən iş vaxtı həftənin İ-V günləri saat 08:00-dan 18:00-dək təyin edilmiş, 21.12.2018-ci il tarixdən satış sonrası xidmət departamentinin ehtiyat hissələrinin satış şöbəsinin rəisi vəzifəsinə keçirilmişdir. Müqavilənin 9.3-cü bəndinə əsasən, işəgötürən tərəfindən bu əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir. -İnsan resursları departamentinin rəisi X7, İnzibati və ümumi işlər departamentinin İnzibati işlər şöbəsinin rəisi X4, İnsan resursları departamentinin Əmək münasibətlərinin idarə olunması şöbəsinin mütəxəssisi X3 tərəfindən tərtib olunmaqla onlar tərəfindən imzalanmış 19.05.2021-ci il tarixli aktdan görünür ki, müəssisə rəhbərliyinin tapşırığına əsasən, avtobus və yük avtomobilləri departamentinin servis müdiri İddiaçı 2021-ci ilin yanvar ayından hal-hazıradək olan dövr üçün vəzifə borclarının yerinə yetirilməsi və gördüyü işlər haqqında hesabat təqdim etməsi və ya bununla bağlı yaranmış suallara cavab olaraq izahat verməsi xahiş olunmuşdur. İddiaçı göstərilənlərlə bağlı heç bir hesabat və ya izahat verməyəcəyini bildirərək hesabat və ya izahat verməkdən imtina etmişdir. X5 aktı imzalamaqdan imtina etmiş, MMC-nin direktoru Vahid Bağırov tərəfindən aparılmış 31.05.2021-ci il tarixli qeydə əsasən, A.Rəhimovdan bununla bağlı əmək müqaviləsi ilə yoxlamaqla rəy verilməsi xahiş olunmuşdur. -Az Texnika LTD MMC-nin 05.08.2021-ci il tarixli AZT İR-1/230 saylı intizam tənbehinin verilməsi haqqında əmrindən görünür ki, cəmiyyətin avtobus və yük avtomobilləri departamentinin servis müdiri İddiaçı funksional vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar müəssisə rəhbərliyi tərəfindən, ondan 2021-ci ilin yanvar-may aylarında vəzifə borclarının yerinə yetirilməsi, gördüyü işlər haqqında hesabat təqdim etməsi və ya bununla bağlı yaranmış suallara cavab olaraq izahat verməsi tələb olunarkən hesabat və ya izahat verməkdən imtina etmiş və müəssisə rəhbərliyinə qarşı münasibətdə subordinasiya qaydalarını pozmuşdur. Onunla aparılan söhbətlərin nəticəsiz qaldığını və ötən müddət ərzində əmək fəaliyyətində heç bir əsaslı dönüş etmədiyini nəzərə alaraq İddiaçı “əmək funksiyasını yerinə yetirmədiyinə görə” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən “töhmət” verilmişdir. İddiaçı məlumatlandırılsın ki, eyni hərəkətlər onun tərəfindən növbəti 06 (altı) ay ərzində təkrar olunarsa, ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən intizam tənbehi (sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa aylıq əmək haqqının ¼-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək, əmək müqaviləsini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək) veriləcəkdir. Əmrin verilməsi üçün əsas 19.05.2021-ci il tarixli akt olmuşdur. -Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, "xxxx" MMC – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış, 19.06.2007-ci il tarixdə qeydə alınmaqla qanuni təmsilçisi X8r, hüquqi ünvanı isə AZ0115, Abşeron rayonu Hökməli ŞTQ ünvanıdır. -Asan1 tərəfindən verilmiş 12.03.2013-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsi Yeni Yol küçəsi 76 saylı evdə qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı 20.05.2014-cü il tarixdə cavabdeh Az Texnika LTD MMC ilə əmək müqaviləsi bağlamaqla həmin tarixdə sözügedən MMC-də əmək fəaliyyətinə başlamış, müqavilənin 8.2-ci bəndinə əlavə olunmuş əlavə və dəyişikliklərə əsasən isə əmək vəzifəsində müxtəlif pillələrə qalxaraq, 01.12.2014-cü il tarixdən əmək haqqı 900 manat müəyyən edilmiş, 01.07.2016-cı il tarixdən maddi texniki təchizat şöbəsinə təchizat üzrə koordinator vəzifəsinə keçirilmiş, 04.01.2018-ci il tarixdən iş vaxtı həftənin İ-V günləri saat 08:00-dan 18:00-dək təyin edilmiş, 21.12.2018-ci il tarixdən satış sonrası xidmət departamentinin ehtiyat hissələrinin satış şöbəsinin rəisi vəzifəsinə keçirilmişdir. Sözügedən müqaviləyə əsasən iddiaçının vəzifə öhdəlikləri müqavilənin 3.1-ci bəndinə əsasən Qoşma-1 bölməsində nəzərdə tutulmuş vəzifə təlimatı ilə müəyyən edilmişdir. İddiaçının çalışdığı cavabdeh Az Texnika LTD MMC-nin 05.08.2021-ci il tarixli AZT İR-1/230 saylı əmrinə əsasən iddiaçıdan 2021-ci ilin yanvar-may aylarında vəzifə borclarının yerinə yetirilməsi, görülən işlər barədə hesabat təqdim etməsi və ya bununla bağlı yaranmış suallara cavab olaraq izahat verməsi tələb olunmuş, lakin sonuncunun hesabat və ya izahat verməkdən imtina etməsi barədə 19.05.2021-ci il tarixli akt tərtib olunmuş, həmin akt əsasında iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən töhmət intizam tənbehi verilmişdir. Hazırda, sözügedən intizam tənbeh tədbirinin verilməsinə əsas olan əmr iddiaçı tərəfindən mübahisələndirildiyindən iddiaçı həmin əmrin ləğv olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəflər arasında əmək hüquq münasibətlərindən irəli gələn hazırki iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi adlanacaq): 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək. 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 43.1-ci maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Mülki iş materiallarına əlavə olunmuş, tərəflər arasında bağlanmış 20.05.2014-cü il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı cavabdeh Az Texnika LTD MMC-də ilkin olaraq satışdan sonra – ehtiyyat hissələri üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilməklə həmin qurumda əmək fəaliyyətinə başlamışdır. Sözügedən müqaviləyə əsasən, müqavilə üzrə işçinin əmək funksiyaları Qoşma-1 kimi əlavə olunmuş vəzifə təlimatı ilə müəyyən edilmişdir. Göründüyü kimi, tərəflər arasında əmək müqaviləsi bağlanmaqla işçi və işəgötürən arasında subordinasiya əmək hüquq münasibətləri yaranmışdır. Mülki Prosessual Məcəllənin: 77.3. maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 78.1 maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 78.2. maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Məhkəmə qeyd edir ki, mülki iş materiallarından göründüyü kimi, İddiaçı barəsində töhmət intizam tənbehinin verilməsinə əsas olan 05.08.2021-ci il tarixli AZT İR-1/230 saylı əmr iddiaçının öz əmək funksiyalarının yerinə yetirilməməsinə görə tərtib olunmuş 19.05.2021-ci il tarixli akt əsasında verilmişdir. Əmək müqaviləsindən görünür ki, iddiaçının daşıdığı əmək funksiyaları müqaviləyə əlavə olunmuş 1 saylı Qoşma əsasında müəyyən olunmuşdur. Əmək müqaviləsi iddiaçıda olmadığından, iddiaçının vəsatəti əsasında məhkəmənin 12 yanvar 2022-ci il tarixli 2(012)-376/2022 saylı qərardadına əsasən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin, həmçinin, 05.08.2021-ci il tarixli, AZT İR-1/230 saylı intizam tənbehinə dair əmri və əmrin verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi xahiş olunmuş, məhkəmə sorğusu cavabdeh təşkilatın nümayəndəsi “Əhmədov” soyadlı şəxs tərəfindən 10.11.2021-ci il tarixdə rəsmi şəkildə imza edilərək təhvil alınmış, sorğunun təqdim edildiyi qurum Mülki Prosessual Məcəlləsinin 78.4-cü maddəsinin tələbləri ilə xəbərdar olunmasına baxmayaraq sorğuya cavab təmin edilməmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməməklə isə həmin sənədləri məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, töhmət intizam tənbeh tədbirinin verilməsinə əsas olan, iddiaçının həqiqətən də 2021-ci il yanvar ayından may ayına qədərki dövr üçün vəzifə borclarının yerinə yetirilməsi və gördüyü işlər barədə hesabat verməsi, həmçinin, bununla bağlı yaranmış suallara cavab olaraq izahat verməsi öhdəliyinin olması məhkəmə araşdırması zamanı sübutlar təqdim olunmadığından öz təsdiqini tapmamışdır. Əmək Məcəlləsinin: 186-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək, ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Mülki iş materiallarına əlavə olunmuş 05.08.2021-ci il tarixli AZT İR-1/230 saylı əmrin surətindən göründüyü kimi, İddiaçı barəsində əmək funskiyalarının yerinə yetirilməməsinə görə cavabdeh AZ Texnika LTD MMC tərəfindən Əmək Məcəlləsinin 186-cı maddəsinin 2ci hissəsinin a bəndinə əsasən, töhmət intizam təhbeh tədbiri verilmişdir. Belə ki, 24.05.2014-cü il tarixdən sözügedən qurumda satışdan sonra – ehtiyyat hissələri üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilməklə həmin vəzifədən hazırki müddətə qədər vəzifə pilləsində qalxmaqla hazırda istehal/istismar/nəqliyyat şöbəsində bölmə rəhbəri vəzifəsində çalışan iddiaçının peşəkar işçi olması, onun şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi nəzərə alınmadan iddiaçı barəsində töhmət intizam tənbeh tədbiri vermişdir ki, halbuki, qanunvericilik humanizm nöqteyi-nəzərdən yanaşaraq işçinin sözügedən keyfiyyətlərinin nəzərə alınaraq ilkin olaraq işçiyə yazılı və ya şifahi xəbərdarlıq edilməsi imkanını yaratmışdır. Qanunun tələblərinə, mülki iş materiallarına əlavə olunmuş sənədlərə, həmçinin, X2 İddiaçı əmək müqaviləsi, vəzifəsi barədə məlumata əsasən, iddiaçının 2014-cü ildən hazırki müddətə qədər vəzifə pilləsində irəliləməsi onun peşəkarlıq səviyyəsinin, kollektiv nüfuzunun yüksək olmasının göstəricisidir. Belə ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Əmək Məcəlləsinin: 187-ci maddəsinin 1-ci hissəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 187-ci maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 187-ci maddəsinin 3-cü hissəsinə əsasən, intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Məhkəmə cavabdeh Az Texnika LTD MMC tərəfindən tərtib olunmuş 05.08.2021-ci il tarixli AZT İR-1/230 saylı əmrin verilməsinə əsas olan 19.05.2021-ci il tarixli aktla bağlı qeyd etməyi zəruri hesab edir ki, sözgedən akt cəmiyyətin səlahiyyətli üzvləri tərtindən tərtib olunub imzalanmaqla iddiaçının 2021-ci ilin yanvar ayından may ayınadək olan dövr ərzində vəzifə borclarının yerinə yetirilməməsi və gördüyü işlər haqqında yaranmış suallara cavab olaraq izahat verməsindən imtina etməsinə görə tərtib olunmuşdur. Qanunvericiliyin tələblərindən göründüyü kimi, intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilməlidir. Hazırki iş üzrə iddiaçının əmək funksiyalarının yerinə yetirilməməsinə dair cəmiyyət tərəfindən 19.05.2021-ci il tarixdə akt tərtib edilmiş, bununla həmin aktın tərtib olunduğu tarixdən 1 ay keçənədək intizam tənbeh tədbiri verilməli olduğu halda 05.08.2021-ci il tarixdə töhmət verilməsinə dair əmr tərtib olunmuşdur ki, bununla da qanunvericiliklə müəyyən olunmuş müddət də pozulmuşdur. Əmək Məcəlləsinin 314-cü maddəsinin 2-ci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı öz səlahiyyətləri çərçivəsində bu Məcəllənin ayrı-ayrı müddəalarının tətbiqini təmin etmək məqsədi ilə zəruri olan təlimatlar, əsasnamələr, qaydalar və digər normativ hüquqi aktlar qəbul edir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı sözügedən əmrin verilməsinə əsasən olan “vəzifə borclarının yerinə yetirilməsi, görülmüş işlər barədə hesabat verilməsi, məruzə edilməsi” öhdəliklərinin əmək müqaviləsi və ya vəzifə təlimatında nəzərdə tutulmuş öhdəlik olduğu, həmçinin, həmin öhdəliyin həqiqətən də əmək funsiyalarının pozulması nəticəsi kimi müəyyən etmək mümkün olmamış, eyni zamanda, cavabdehin nümayəndəsi tərəfindən də sübuta yetirilməmişdir. Bu səbəbdən də məhkəmə qeyd edir ki, əmək funksiyalarının pozulmasına görə İddiaçı barəsində cavabdeh Az Texnika LTD MMC tərəfindən 05.08.2021-ci il tarixdə tərtib olunmuş AZT İR-1/230 saylı əmr qanunvericiliklə intizam tənbeh tədbirinin verilməsi üçün müəyyən olunmuş müddət, yəni bir ay müddət keçdikdən, daha dəqiq isə iki ay yarım vaxtdan sonra verildiyindən, beləliklə də, qanunvericiliyin tələbləri ilə pozulmaqla verildiyindən 05.08.2021-ci il tarixli AZT İR-1/230 saylı əmr ləğv olunmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, işçi tərəfindən cari il üçün vəzifə borclarının yerinə yetirilməsinə görə hesabat vermək və ya bu barədə verilən suallara izahat yazmaq öhdəliyinin icrasından imtina etmək vəzifə borcunun pozulması kimi müəyyən edilmədiyindən, iddiaçının iddia tələbinin təkzib olunmasına əsas olan zəruri sənədlər məhkəməyə təqdim olunmadığından sözügedən əsaslara görə tərtib olunmuş əmr ləğv olunmalıdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qanunvericiliyin tələblərinə istinad edib mülki iş materiallarını qiymətləndirərək belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, cavabdeh Az Texnika LTD MMC tərəfindən İddiaçı barəsində tərtib olunmuş töhmət intizam tənbeh tədbirinə dair 05.08.2021-ci il tarixli AZT İR-1/230 saylı əmr ləğv olunmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1 maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3 maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh Az Texnika LTD MMC-nin İddiaçı barəsində töhmət intizam təhbeh tədbirinin verilməsi barədə 05.08.2021-ci il tarixli AZT İR-1/230 saylı əmri ləğv edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar