Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3774/2022 13.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin mülkiyyətə verilməsi tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin mülkiyyətə verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin müqavilə əsasında ona məxsus olan Abşeron rayonu Xırdalan şəhəri R.Axundov küçəsində 3 bloklu çoxmərtəbəli binanın 1-ci blok 12-ci mərtəbəsində ümumi sahəsi 86.5 kv.m olan mənzilin və 1-ci blok 13-cü mərtəbəsində 86.5 kv.m olan mənzilin onun mülkiyyətinə verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi ərazi aidiyyətinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 35.1 maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2. maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Mülki iş materiallarından göründüyü kimi, E-Taxes.gov.az internet saytından çıxarılmış kommersiya qurumlarının dövlət reyestri barədə məlumata əsasən, Cavabdeh MMC-nin hüquqi ünvanı Vöen ********** olmaqla AZ1033 ünvan 1 ünvanı olduğu halda, iddiaçı Abşeron rayon Məhkəməsinə müraciət etmiş, bununla da ərazi aidiyyəti qaydalarına riayət etməmişdir. Mülki Prosessual Məcəllənin 39.1 maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hazırki iddia tələblərindən göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən inşa edilmiş, MMC-yə məxsus yaşayış binasında olan mənzillərin onun mülkiyyətinə verilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. Mülki prosessual qanunvericiliyin tələblərindən isə göründüyü kimi, daşınmaz əmlakın olduğu yer üzrə verilən iddia tələbləri 1) mülkiyyət hüququnun tanınması, 2) qeyri-qanuni sahiblikdən götürülmə, 3) mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulduğu hallarda mümkündür. Bu səbəbdən də göstərilənlərə əsasən, iddia ərizəsi ümumi aidiyyət qaydalarına uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı ünvan üzrə məhkəmədə baxılmalıdır. Mülki Prosessual Məcəllənin 149.2.3. maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı ərizədə göstərilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı müqavilə əsasında aldığı mənzillərin onun mülkiyyətinə verilməsini xahiş etsə də, mülkiyyət hüququnu təsdiq edən sənədi məhkəməyə təqdim etməmiş, mənzillərə mülkiyyət hüququ olmadığı təqdirdə isə həmin hüququn tanınması məhkəmənin səlahiyyətinə aid olmadığından, iddiaçı bu halda da iddia ərizəsinin forma və məzmununa riayət etməmişdir. Mülki Prosessual Məcəllənin: 151.1 maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1 maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh Abşeron rayonu ərazisində qeydiyyatda olmadığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iddiaçıya iddia ərizəsi ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 35.1, 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin mülkiyyətə verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3774/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3774/2022
13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver