Məhkəmə qərarları › İş №2(012)-3782/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3782/2021

20.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3782/2021 20.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Cavabdeh və Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının müəyyən edilərək mənzilə köçürülmə və istifadə hüquqlarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 20 sentyabr 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və övladı 14.02.2021-ci il təvəllüdlü X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilinə olan yaşayış sahəsinə istifadə hüquqlarını müəyyən edərək, həmin mənzilə köçürülməyi və həmin mənzildə istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, Cavabdeh2 ilə 06.01.2020-ci il tarixində ailə həyatı quraraq rəsmi nikaha girmişdir. Cavabdehlə rəsmi nikahdan 14.02.2021-cı il tarixində övladları X8 dünyaya gəlmişdir. Bildirmək istəyir ki, aralarında olan xasiyyət uyğunsuzluğu ucbatından o, 2020-ci ilin sentyabr ayından etibarən ata evinə qayıtmış və həmin vaxtdan bəri faktiki olaraq ауrı yaşayırlar. Cavabdeh2 “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə Cəbrayıl rayon məhkəməsinə müraciət etsə də, o, hamilə olduğu üçün ərizə ilə sözügedən məhkəməyə müraciət edərək mülki işə xitam verilməsini xahiş etmişdir. Həmçinin, bildirmək istəyir ki, o halhazırda övladı ilə birlikdə atasına məxsus olan və ünvan 2 ünvanında yerləşən mənzildə yaşayır. Həmin mənzildə o və övladından başqa valideynləri və ondan böyük bacısı olmaqla ümumilikdə 5 (beş) nəfər tərkibdən ibarət otaqda yaşayırlar. Həmçinin bacısı X2 1-ci qrup əlildir və daimi nəzarətə ehtiyacı vardır. Yaşadıqları mənzil 1 otaqlı bina evidir. Mənzilin sahəsinin olduqca kiçik olması və ailə tərkiblərinə uyğun olmadığına görə bir sıra çətinliklərlə üzləşirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Elə ona görə də, hesab edir ki, məhkəmə onun və övladı 14.02.2021-ci il təvəllüdlü X3 Cavabdeh2 yaşadığı və ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarını müəyyən edərək, həmin mənzilə köçürülməyi barəsində qətnamə qət etməlidir. Məlumat üçün onu da bildirir ki, ünvan 1 ünvanında yerləşən mənzil ümumilikdə 4 (dörd) otaqdan ibarət olmaqla, 7 (yeddi) sotdan artıq torpaq sahəsinin üzərində yerləşir, kifayət qədər geniş sahəsi olan mənzildir. Bundan əlavə bir sıra yardımçı sahələri də mövcuddur. Həmin mənzilin bütün su-kanalizasiya, qaz, evin döşəməsi, qapı, suvaq və hamam və sanuzel sistemin və s. şəxsən atası X4 öz şəxsi vəsaiti hesabına təmin etdirmişdir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi X4 məhkəmədə iddia tələbini müdafiə edərək, iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh və Cavabdeh2 nümayəndəsi Cavabdeh1 məhkəmədə izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, mübahisə predmeti olan evi 2018-ci il tarixdə rayonda ona məxsus evi sataraq əldə etdiyi vəsait hesabına tikmişdir. Torpağın onun adına bələdiyyə sənədi olsa da, tikiliyə dair heç bir sənəd yoxdur. Ev iki mərtəbəli və orta təmirlidir. İddiaçı onun keçmiş gəlini olmuşdur. Belə ki, İddiaçı ilə oğlu Cavabdeh2 arasında 2019-cu ilin noyabr ayında el adət-ənənəsi ilə toy olmuş və hazırki evə köçmüşdürlər. 2020-ci ilin yanvar ayında iddiaçı ilə rəsmi nikah bağlanmışdır və o evdə 10 ay müddətində yaşamışdır. İddiaçı ilə yola getmək mümkün olmamışdır. İddiaçıya ona qarşı təhqiramiz ifadələr işlətmişdir və hətta iddiaçının bu hərəkətlərini qonşular da təsdiqləyə bilər. İddiaçı 2020-ci ilin sentyabr ayında könüllü olaraq evi tərk etmişdir. O, İddiaçı qarşı cehiz əşyalarının evdən çıxarılmasına dair iddia qaldırsa da, iddia tələbi rədd edilmişdir. Hazırda iddiaçının cehiz əşyaları mübahisə predmeti olan evdə yerləşir və istədiyi zaman əşyaları götürə bilər. Eyni zamanda evin tikintisinə görə iddiaçının atası oğluna 3000 manat vermiş və ona pul verməmişdir. Hazırda oğlu Cavabdeh2 ona məxsus evdə qeydiyyatda deyil və onunla yaşamır. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” X7 tərəfindən qeydə alınmış AZ-T № 035732 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı və Cavabdeh2 06.01.2020-ci il tarixində nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqınd a akt qeydləri kitabında 19 № ilə qeyd edilmişdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” X7 tərəfindən verilmiş AZ-İV № 580113 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X8 14.02.2021-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh2, anası isə İddiaçıdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmədə mübahisə edilməyən faktiki hallardan müəyyən edilir ki, İddiaçı və Cavabdeh2 2019-cu ilin noyabr ayında toy etmiş, 06.01.2020-ci il tarixdə isə rəsmi nikah bağlamışlar. Birgə münasibətlərindən 14.02.2021-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. Sözügedən ünvan 1 ünvanında yerləşən mənzili iddiaçı və cavabdehin birgə səyi nəticəsində həmin torpaq sahəsi üzərində sənədsiz fərdi yaşayış evi tikilmiş və tərəflər həmin fərdi yaşayış evində yaşayaraq birgə təsərrüfat aparmışlar. İddiaçının atasının Cavabdeh2 evin tikintisinə görə 3000 manat verdiyi Cavabdeh1 izahatında öz təsdiqini tapmışdır. 2020-ci ilin sentyabr ayından isə iddiaçı sözügedən fərdi yaşayış evini məcburi tərk etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə 1 və 3-cü bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Məhkəmə sadalanan bu normaların tələbi baxımından çıxış edərək hesab edir ki, iddia təmin olunmaqla İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı”işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki,”İnsan hüquqularının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1-ci maddəsinin-ci hissəsində “mülkiyyət” anlayışı fiziki hallar üzərində mülkiyyətlə məhdudulaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilibedilməməsinin müəyynləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki hallarla yanaşı, əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, ”mülkiyyət” kimi qiymətləndirilə bilər. ”Mükiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. İstinad olunan hüquq normalarına əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdehlərlə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə dair “qanuni gözləntiyə” malik hüquqları var. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə hesab edir ki, hazırki halda ünvan 1 ünvanında yerləşən evə cavabdehlərin hüquqdan sui-istifadə etməsi iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Məhkəmənin qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak münasibətlərində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bundan başqa məhkəmə iddia tələbinin təmin olunması qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1.,59.1.,60.1., 60.2., və digər maddələrinin tələblərini də nəzərə alır. Qeyd olunan Ailə Məcəlləsinin tələblərinə görə valideynlər öz uşaqları barəsində bərabər hüququ və vəzifələrə malikdirlər. Valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. İşin tədqiq olunan faktiki hallarından müəyyən edilir ki, mübahisə tərəflərinin birgə nikahlarından 1 azyaşlı uşaqları vardır və uşaq hal-hazırda anası ilə birgə yaşayır. Belə ki, işin faktiki hallarından məlum olur ki, İddiaçı cavabdehlə 2019-cu ildə faktiki nikah münasibətlərinə daxil olmuş, 06.01.2020-ci ildə rəsmi nikah bağlamış, birgə nikahlarından 14.02.2021-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. ünvan 1 ünvanında yerləşən ev hər iki tərəfin birgə əməyi nəticəsində əldə edilmiş, tərəflər həmin mübahisə predmeti olan fərdi yaşayış birgə yaşamış və iddiaçı yaşayış yerinə malik olmağı arzulamışdır. Lakin sonradan cavabdehlərin hüquqdan sui-istifadə etmələri nəticəsində iddiaçı bir azyaşlı uşağı ilə birgə bu hüquqdan məhrum olmuş, başqa yaşayış yeri olmayan iddiaçı bir azyaşlı uşağı ilə birgə taleyin ümidinə buraxılmış və nikahları pozulduqdan sonra cavabdeh yenə də hüquqdan sui-istifadə edərək mübahisə predmeti olan fərdi yaşayış evinə iddiaçını buraxmamışdır. AR Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin heç kəs yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir.Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsasız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüququ sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08.10.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16.12.2014-cü il tarixli qərarları və s.) Ona görə də məhkəmə yuxarıda qeyd olunanları məcmu halında qiymətləndirərək hesab edir ki, iddianın təmin olunması işin müəyyən edilmiş hallarına əsasən hazırki hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırımasının nəzərə alınmasını təmin edir, başqa sözlə cavabdehlərin həmin evdən istifadə etməklə faydalandığı kimi, iddiaçının da bu hüquqdan istifadə etməsi məqsədə müvafiqdir. Həmçinin məhkəmə hesab edir ki, mübahisə predmeti olan ev sənədsiz olduğundan, iddia tələbi İddiaçı və övladı 14.02.2021-ci il təvəllüdlü X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadığı və ünvan 1 ünvanında yerləşən mənzilinə olan yaşayış sahəsinə istifadə hüquqlarını müəyyən edilməsi və həmin mənzildə istifadə qaydalarının müəyyən edilməsi mümkün olmadığından iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı və övladı 14.02.2021-ci il təvəllüdlü X8 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia tələbi İddiaçı və övladı 14.02.2021-ci il təvəllüdlü X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadığı və ünvan 1 ünvanında yerləşən mənzilinə olan yaşayış sahəsinə istifadə hüquqlarını müəyyən edilməsi və həmin mənzildə istifadə qaydalarının müəyyən edilməsi hissələrində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar