Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3789/2021 22.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı övladları 17 noyabr 2009-cu il təvəllüdlü X17, 21 may 2012ci il təvəllüdlü X14 və 17 may 2017-ci il təvəllüdlü X8 ilə birgə Abşeron rayonu, Müşfiq qəsəbəsi, S.Ə.Şirvani küçəsi, 490 saylı evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hüseynova (Əbilova) Aysel Rəhman qızı Cavabdeh ilə 13 may 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 17 noyabr 2009-cu il təvəllüdlü X17, 21 may 2012-ci il təvəllüdlü X14 və 17 may 2017-ci il təvəllüdlü X8 adlı övladları vardır. Birgə nikah dövründə cavabdehlə birgə Abşeron rayonu, Müşfiq qəsəbəsi, S.Ə.Şirvani küçəsi, 490 saylı evi inşa edərək, həmin evdə yaşamağa başlamışlar. Sonradan ailə münasibətləri pozulmuş, birgə yaşamaları qeyri-mümkün olmuşdur. Həmin evin xüsusi mülkiyyətdə olmasını təsdiq edən sənəd, yəni çıxarış olmadığından nikahı pozularkən əmlak bölgüsünü apara və evin satılaraq pulun öz aralarında bölünərək ayrı-ayrı yerdə ev almağa cavabdehlə razılıq əldə edə bilməmişdir. O, cavabdehlə həmin evdə yaşamaqla, ümumi təsərrüfat aparmışdır, hətta ona məxsus cehiz əşyaları həmin evdədir. Lakin sonradan ailə münasibətləri pozulmağa başlamış, nikahlarını qorumağa çalışsa da, bacarmamış və “nikahın pozulması, uşaqların himayədə saxlanılması və aliment” tələbi ilə İmişli Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. İmişli Rayon Məhkəməsinin 2(036)-2298/2020 saylı, 19 avqust 2020-ci il tarixli qətnaməsi ilə nikahlarına xitam verilmiş, birgə nikahdan olan uşaqları - 21 may 2012-ci il təvəllüdlü X9 onun, 17 noyabr 2009-cu il təvəllüdlü X17 və 17 may 2017-ci il təvəllüdlü X4 cavabdehin yanında qalmaları müəyyən edilmişdir. Nikahları pozulduqdan sonra o, uşaqlarının daim yanında qalması üçün birgə nikah dövründə inşa etdiyi evdə cavabdehlə birgə ayrı-ayrı otaqlarda yaşamağa başlamışdır. Məcburiyyət qarşısında qalaraq həmin evdən çıxaraq kirayədə yaşamağa başlamış, lakin kirayədə çox qala və maddi təminatını ödəyə bilməmişdir. Uşaqları onun himayəsində olmaqla qalmağa yeri yoxdur, həmin evdən başqa yaşayış yeri yoxdur, artıq həyat şəraiti dözülməz olmuşdur. Odur ki, iddiaçı öz hüququnu bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə təqdim edərək, azyaşlı övladı 21 may 2012-ci il təvəllüdlü X14 birgə Abşeron rayonu, Müşfiq qəsəbəsi, S.Ə.Şirvani küçəsi 490 saylı evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil İddiaçı ilə eyni məzmunlu izahat verərək iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirdi ki, o, İddiaçı qardaşıdır. Bacısı Hüseynova (Əbilova) Aysel Rəhman qızı ilə Cavabdeh 13 may 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 17 noyabr 2009-cu il təvəllüdlü X15, 21 may 2012-ci il təvəllüdlü X14 və 17 may 2017-ci il təvəllüdlü X8 doğulmuşlar. Bacısı ilə cavabdeh birgə nikah dövründə Abşeron rayonu, Müşfiq qəsəbəsi, S.Ə.Şirvani küçəsi, 490 saylı evi inşa edərək, həmin evdə yaşamağa başlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Fuad Rəhman oğlunun izahatına uyğun izahat verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, o, Cavabdeh bacısıdır. Qardaşı ilə iddiaçı İddiaçı 13 may 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 17 noyabr 2009-cu il təvəllüdlü X15, 21 may 2012-ci il təvəllüdlü X14 və 17 may 2017-ci il təvəllüdlü X8 doğulmuşlar. Torpaq sahəsi 2006-cı ildə alınmışdır. Torpaq sahəsinin sənədi yoxdur. 2010-cu ildə ev tikilmişdir. İddiaçı həmin evdə 6 il yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 Gülnar Əsədulla qızının ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli 2(036)- 2298/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında İmişli rayon Mərzəli kənd İcra Nümayəndəliyində bağlanmış 13 may 2011-ci il tarixli, 18 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, nikahın pozulmasından sonra 21 may 2012-ci il təvəllüdlü X9 iddiaçı X7, 17 noyabr 2009-cu il təvəllüdlü X17 və 17 may 2017-ci il təvəllüdlü X4 Cavabdeh yanında qalması qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 21 may 2012-ci il təvəllüdlü X14, 17 noyabr 2009-cu il təvəllüdlü X17 və 17 may 2017-ci il təvəllüdlü X8 doğulmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.5-ci maddəsinə əsasən, mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Ona görə də məhkəmə hesab edir ki, hazırki vəziyyətdə yaranmış mübahisə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürməklə həll edilməlidir. Belə ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırki işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş əri güc tətbiq etməklə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı etdiyi məhrumetmə (güc tətbiq etməklə evdən çıxarma) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin özbaşına tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmasa da, Mülki Məcəllənin 180.2-ci və 180.4-cü maddələrinin məzmununa əsasən həmin özbaşına tikilinin mövcud olduğu müddətdə orada əvvəllər məskunlaşmış şəxslərin oraya köçürülməsinə qadağalar qoyula bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçı övladı ilə birlikdə həmin tikiliyə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı övladı 21 may 2012-ci il təvəllüdlü X14 ilə birlikdə Cavabdeh yaşadığı Abşeron rayonu, Müşfiq qəsəbəsi, S.Ə.Şirvani küçəsi, 490 saylı evə köçürülsün. Cavabdeh 10 manat məbləğində dövlət rüsumuna görə pul tutulub İddiaçı verilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3789/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3789/2021
22.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver