Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3815/2025 31.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X2, Cavabdeh5 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi» tələbi barədə ərizəsinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 istifadəsinə verilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan şəhərciyi” 15 saylı binada yerləşən 54 nömrəli mənzilə dair 17 fevral 2020-ci il tarixli, “15/54” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 “15/54” nömrəli mənzildən çıxarılması və “15/54” nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 17 fevral 2020-ci il tarixli, “15/54” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Abşeron rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Masazır qəsəbəsi, “Zəngilan şəhərciyi" 15 saylı binada 54 nömrəli, 2 otaqlı mənzil ilə təmin edilmişdir. Sonradan Departamentin Abşeron rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildə yaşamadığı məlum olmuşdur. Hazırda “15/54” mənzildə Cavabdeh5 qeyri-qanuni məskunlaşıb kirayə yaşadığı məlum olmuşdur. Sahə rəisi tərəfindən Cavabdeh1 mənzildə yaşamadıqları, mənzildə müqavilədə adı keçməyən kənar şəxs Cavabdeh5 yaşamasının qanunsuz olduğu bildirilməklə mənzildə yaşayışı bərpa etmədikləri halda onlarla bağlanılmış müqavilənin ləğvi barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilsələr də nəticəsi olmamışdır. Komitənin Mənzil-istismar Departamenti ilə Cavabdeh1 arasında Abşeron rayonu, Masazır qəsəbəsi (Zəngilan) şəhərciyi, 15 saylı binada 54 nömrəli 2 otaqlı mənzilin onlara verilməsi ilə bağlı 17 fevral 2020-ci il tarixli il “15/54” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanılmışdır. Hesab edirlər ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onlara verilmiş Abşeron rayonu, Masazır qəsəbəsi (Zəngilan şəhərciyi), 15 saylı binada yerləşən 54 nömrəli 2 otaqlı mənzildə yaşamadıqları və mənzilin başqa şəxsə qeyri-qanuni verildiyi müəyyən edildiyindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli və onlar mənzildən çıxmalıdırlar. Həmçinin Cavabdeh5 da Abşeron rayonu, Masazır qəsəbəsi (Zəngilan şəhərciyi), 15 saylı binada yerləşən 54 nömrəli 2 otaqlı mənzildə müqavilədən kənar qeyri-qanuni yolla yaşadığı üçün mənzildən çıxarılmalıdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 izahat verərək bildirdi ki, o, Zəngilan rayon sakini və keçmiş məcburi köçkündür. Həyat yoldaşı sağ olanda kiçik bir yerdə məskunlaşmış, daha sonra həyat yoldaşı vəfat etmişdir. O, 2021-ci ildən etibarən sözügedən mənzildə yaşayır və 2 ildir ki, ev sahibinə kirayə haqqı verir. Ev sahibi özü həmin mənzili onlara təklif etmişdir. Hazırda onun yaşamağa heç bir yeri yoxdur. Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən indiyədək hər hansı bir mənzilə yerləşdirilməmişdirlər. O, Zəngilan şəhərinə köçürülməsi ilə əlaqədar iddiaçı təşkilata müraciət etmişdir, lakin Zəngilan şəhərinə köçürülməli olan şəxslər siyahısında onun adı yoxdur. Əlavə olaraq bildirir ki, onun iki övladı vardır, övladlarından biri oğlandır və hazırda əskərlikdədir, digəri isə qızdır. Göstərilənlər əsasında o, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh4 xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, onun atası olan Cavabdeh1 gözündə xəstəlik aşkar edilmiş, Əhmədli qəsəbəsində yerləşən xəstəxanaya yaxın olsun deyə orada kirayə ev tutmuş və bu səbəbdən sözügedən mənzildən çıxmışdırlar. Tanışlarından biri onlardan xahiş etmişdir ki, bu evdə imkansız bir tənha qadın müvəqqəti qalsın. Həmin qadın bir müddət orada qalmışdır. 8 ay sonra onlar qadından mənzili tərk etməsini tələb etsələr də qadın mənzildən çıxmamışdır. Onların mənzilində yaşayan qadın da Zəngilan rayonundan məcburi köçkün olmuşdur. Onlar həmin qadından müvafiq polis orqanına şikayət etmiş, polis rəisi onlara başsız və tənha olduğundan qadının həmin evdə qalmasına icazə vermələrini bildirmiş, onlar da əlacsızlıqdan qadının mənzildə qalmasına razılıq vermişdirlər. Onlar vaxtilə ataları Cavabdeh1 üçün sözügedən mənzili tərk etmiş, bununla bağlı Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə müraciət etmişdirlər. Artıq 3 ildir ki, onlar həmin evdə yaşamırlar. Bildirir ki, həmin qadının 2 uşağı vardır və sözügedən mənzildə yaşadığı vaxta qədər Yasamal rayonunda evi olmuş, lakin narkomanlardan qorxduğu üçün evi tərk etmişdir. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etmiş, daha sonra məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh1 xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və oğlu olan digər Cavabdeh4 izahatında qeyd edilənləri təsdiq edərək, iddianın təmin edilməməsini xahiş etmiş, daha sonra məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh3 xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və qardaşı olan digər Cavabdeh4 izahatında qeyd edilənləri təsdiq edərək, iddianın təmin edilməməsini xahiş etmiş, daha sonra məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 17 fevral 2020-ci il tarixli, “15/54” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, məcburi köçkün Cavabdeh1 ailə üzvləri (həyat yoldaşı – Cavabdeh2, oğlu – Cavabdeh4 və oğlu – Cavabdeh3) ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Zəngilan şəhərciyində 15 saylı binada 54 nömrəli, 2 otaqlı mənzil ilə təmin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Masazır Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 29 yanvar 2025-ci il, 21 fevral 2025-ci il və 13 mart 2025-ci il tarixli aktlardan görünür ki, ünvan 1 ünvanında kirayə müqaviləsi əsasında qeydiyyatda olan Cavabdeh1 özünün və ailə üzvlərinin sözügedən mənzildə yaşayışlarını təmin etmələri, həmin mənzildə qanunsuz yaşayan kənar şəxslərin mənzildən çıxarılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq Cavabdeh1 sözügedən mənzildə özünün və ailə üzvlərinin yaşayışını təmin etməyərək başqa şəxslərin mənzildə qanunsuz yaşamalarına şərait yaratmaqda davam etməkdədir və bu faktı Abşeron rayon Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları öz imzaları ilə təsdiq etmişdirlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.5-ci, 91.3-cü, 98.1-ci, 98.2-ci, 99.1-ci, 99.4-cü, 99.6-cı, 100.3-cü və 102.1-ci maddələri təşkil edir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 17 fevral 2020-ci il tarixli, “15/54” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkün Cavabdeh1 ailə üzvləri (həyat yoldaşı - Cavabdeh2, oğlu – Cavabdeh4 və oğlu – Cavabdeh3) “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Zəngilan şəhərciyində 15 saylı binada 54 nömrəli, 2 otaqlı mənzil ilə təmin edilmişdir. Lakin iş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Masazır Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 29 yanvar 2025-ci il, 21 fevral 2025-ci il və 13 mart 2025-ci il tarixli aktlardan görünür ki, ünvan 1 ünvanında kirayə müqaviləsi əsasında qeydiyyatda olan Cavabdeh1 özünün və ailə üzvlərinin sözügedən mənzildə yaşayışlarını təmin etmələri, həmin mənzildə qanunsuz yaşayan kənar şəxslərin mənzildən çıxarılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq Cavabdeh1 sözügedən mənzildə özünün və ailə üzvlərinin yaşayışını təmin etməyərək başqa şəxslərin mənzildə qanunsuz yaşamalarına şərait yaratmaqda davam etməkdədir və bu faktı Abşeron rayon Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları öz imzaları ilə təsdiq etmişdirlər. Bundan əlavə məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4, artıq 3 ildir ki, mübahisə predmeti olan mənzildə yaşamadıqlarını bildirmiş, sözügedən mənzilin qeyri-qanuni olaraq kirayəyə verildiyi şəxs olan digər Cavabdeh5 isə hazırda həmin mənzildə yaşadığını etiraf etmişdir. Beləliklə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci, 98-ci, 99-cu maddələri və “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3-cü hissəsinin şərtləri cavabdehlər tərəfindən pozulduğundan məhkəmə hesab edir ki, 17 fevral 2020-ci il tarixli, “15/54” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 “15/54” nömrəli mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3-cü hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydaları aşağıdakı kimi müəyyən edilmişdir: 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qovmaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.4. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. 3.5. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə. Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyqun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. 17 fevral 2020-ci il tarixli, “15/54” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtlərinə əsasən kirayəçinin aşağıdakı vəzifələri vardır: 2.4.2.kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək; 2.4.3.yaşayış sahəsindən təyinatı üzrə və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək; 2.4.4. yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək; 2.4.9. yaşayış sahəsindən istifadə etməyə hüquq verən əsasların və halların dəyişməsi barədə on iş günündən gec olmayaraq, Kirayəyə verəni məlumatlandırmaq. 4.1. Kirayəyə verən və Kirayəçi bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 4.3. Kirayəçinin mülki-hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri bu Müqavilədən irəli gələn öhdəliklər üzrə Kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 5.1. Tərəflərin razılığı ilə istənilən vaxt bu Müqavilənin şərtləri dəyişdirilə və ya ləğv edilə bilər. 5.3. Kirayəçi və onunla yaşayan ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, bu Müqavilə həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab olunur. 5.4. Aşağıdakı hallarda bu Müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: 5.4.1.Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu Müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə; 5.4.3.Kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 5.4.4.kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 5.4.5. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. 5.7. Kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, aşağıdakı hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi Kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 5.7.1.Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; 5.7.2.Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə; 5.7.3.Kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrı təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.6-cı maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 istifadəsinə verilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan şəhərciyi” 15 saylı binada yerləşən 54 nömrəli mənzilə dair 17 fevral 2020-ci il tarixli, “15/54” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 “15/54” nömrəli mənzildən çıxarılsın və həmin mənzil boşaldılaraq Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3815/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3815/2025
31.07.2025 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver