Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-382/2023 09.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 1994-cü ildən Azərbaycan Respublikasında daimi yaşaması və heç bir ölkənin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, Ərizəçi 25 aprel 1965-ci il tarixdə Çeçen-İnquş MSSR, Şalinsk rayonu, Mesker-Yurt kəndində anadan olmuşdur. 14 mart 1986-cı il tarixdə X9-Bakidoviç ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan 1 övladı vardır: Nanayeva Aziza. 1992-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən İ Qarabağ müharibəsi zamanı o, həyat yoldaşıyla birlikdə Azərbaycan Respublikasına gəlmişdir. Əri müharibəyə getmiş və qayıtmamışdır. O vaxtdan onun barəsində heç bir məlumat ala bilməmiş, buna görə də vətəninə geri qayıda bilməmişdir. 1994-cü il tarixdə X7 ilə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Milliyyətcə əfqan olan X7 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən İ Qarabağ müharibəsində iştirak etmək üçün gəlmiş və müharibəyə getmiş, lakin o da geri qayıtmamışdır. Həmin dövrdə “UNHCR” təşkilatının dəstəyi ilə yeni doğulmuş qızı və özü himayəyə alınmışlar. Qızı Bakı şəhəri 2 saylı İnternat Məktəbində təhsil almışdır. Həmçinin 2011-ci il tarixdə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinə qaçqın statusunun verilməsi ilə bağlı müraciət etmişdir. Lakin hüquqi savadı olmadığından ərizənin nəticəsi ilə maraqlanmamış, sənəd ala bilməmişdir. Müvafiq qaydada Rusiya Federasiyasının Azərbaycan Respublikasında səfirliyinə rəsmi qaydada müraciət etdikdə onun Rusiya Federasiyasının vətəndaşı olmadığı bildirilmişdir. O, hazırda heç bir ölkənin vətəndaşı deyildir. 20 ildən artıqdır ki, Azərbaycan Respublikasında yaşayır. 1994-cü ildən müxtəlif ünvanlarda kirayələrdə yaşamışdır. 2015-ci il tarixdən hazırki vaxta qədər isə qızı ilə birlikdə Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyevanın valideyn himayəsindən məhrum edilmiş məzunlar üçün təsis edilmiş "xxxx" Sosial Müəssisəsində yaşayır. Hazırda şəxsiyyətini təsdiq edən sənədi olmadığından dövlətin ona verdiyi hüquqlardan istifadə edə bilmir, bir sıra çətinliklərlə üzləşir. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin araşdırılması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin aidiyyəti qurumdan ona verilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışa əsasən xx.xx.1998-ci ilədək Azərbaycan Respublikasında pasport qeydiyyatında olmadığı üçün Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Buna görə də məhkəmə qaydasında hüquqi faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə gedişatında ərizəçi MPM-nin 53-cü maddəsinə istinad etməklə onun 1995ci ildən Azərbaycan Respublikasında daimi yaşaması və heç bir ölkənin vətəndaşı olmaması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəçini, maraqlı şəxsin nümayəndəsini və şahidin ifadəsini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirdi ki, ərizəçinin qızının rəfiqəsidir. 2 saylı Körpələr evində birgə böyümüşlər. Xedi öz qızı ilə burada həftənin şənbə və bazar günləri görüşürdü. Hazırda da onlarla qonşudur. Xedi, qızı və nəvəsi birlikdə yaşayırlar. Buraya o, 2015-ci ildə, onlar isə 2016-ci ildə köçmüşlər. Təsdiq edir ki, Ərizəçi heç bir ölkənin vətəndaşı deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlar üçün "xxxx" Sosial Müəssisəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Ərizəçi ünvan 1 ünvanında yerləşən valideyn himayəsindən məhrum olmuş məzunlar üçün inşa edilmiş "xxxx" Sosial Xidmət Müəssisəsində qızı X3 yanında 2015-ci ildən qeydiyyatsız yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, ******* saylı arayışından görünür ki, 25 aprel 1965-ci il təvəllüdlü Ərizəçi 134731/m nömrəli, 01 iyun 2022-ci il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan nikah haqqında 472940 saylı şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi 14 mart 1986-cı il tarixdə X9-Bakidoviç ilə nikaha daxil olmuşdur. İş materiallarında olan Birləşmiş Millətlər Təşkiltının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin xx.xx.2011-ci il tarixli, 786-11C06974 saylı himayə sənədindən görünür ki, Nümayəndəlikdə Ərizəçi qaçqınlıq statusu barədə ərizəsinə baxılır. İş materiallarında olan Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi Konsulluq Şöbəsinin xx.xx.2022-ci il tarixli, 00012/KO saylı arayışından görünür ki, xx.xx.1965-ci il təvəllüdlü, ÇİMSSR Şalinskiy rayonu, Mesker-Yurt kəndində doğulmuş, Ərizəçi Rusiya Federasiyasının vətəndaşlığını əldə etməmişdir və Rusiya Federasiyasının vətəndaşlıq haqqında qanunvericiliyə əsasən, Rusiya Federasiyasının vətəndaşı deyildir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon VVAQ tərəfindən verilmiş 310446 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. X1, anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, ******* saylı məktubundan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü Ərizəçi DMX-yə olduğu yer üzrə qeydiyyata alınma və ya müvafiq yaşama icazələrinin alınması ilə bağlı müraciət qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnterpolun Milli Mərkəzi Bürosunun xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü Ərizəçi beynəlxalq axtarışda olması barədə “e-ASF” axtarış sistemi bazasında məlumat yoxdur. İş materiallarında olan Birləşmiş Millətlər Təşkiltının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Kheda Nanayeva sığınacaq axtaran şəxs kimi qeydiyyatda olub və xx.xx.2011ci ildə xx.xx.2011-ci il tarixinə qədər etibarlı olan himayə sənədi ilə təmin edilmişdir. Onunla əlaqə saxlamaq mümkün olmadığına görə iş xx.xx.2011-ci il tarixdə deaktiv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli, 33/150 saylı məktubundan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü Ərizəçi dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının ərazisində cinayət təqibi və ya məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1 və 2-ci bəndində göstərilir ki, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinin 4cü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.3-cü bəndinə əsasən bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. Mülki Prosessual Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə görə məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından görünür ki, Ərizəçi 25 aprel 1965-ci il tarixdə keçmiş Çeçen-İnquş MSSR, Şalinsk rayonu, Mesker-Yurt kəndində anadan olmuş, 14 mart 1986-cı il tarixdə X9-Bakidoviç ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. O, 1995-ci ildən hazırki vaxtadək Azərbaycan Respublikasınıın ərazisində yaşamış, Bakı şəhərində X5 adlı qızı anadan olmuşdur. O, sığınacaq axtaran şəxs kimi Birləşmiş Millətlər Təşkiltının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyində qeydiyyatda olmuş və xx.xx.2011-ci ildə xx.xx.2011-ci il tarixinə qədər etibarlı olan himayə sənədi ilə təmin edilmişdir. Onunla əlaqə saxlamaq mümkün olmadığına görə bu barədə iş xx.xx.2011-ci il tarixdə deaktiv edilmişdir. Hazırda Ərizəçi onun 1995-ci ildən Azərbaycan Respublikasında daimi yaşaması və heç bir ölkənin vətəndaşı olmaması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin 1995-ci ildən Azərbaycan Respublikasında daimi yaşaması və heç bir ölkənin vətəndaşı olmaması faktı öz təsdiqini tapmışdır və belə olan halda, məhkəmə ərizənin təmin edilməsi nəticəsinə gəlir. İş materiallarında olan bir neçə mötəbər sübutla vətəndaşlığı olmayan ərizəçinin göstərilən dövrdən ölkədə yaşaması tamamilə təsdiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 1995-ci ildən Azərbaycan Respublikasında daimi yaşaması və heç bir ölkənin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 1995-ci ildən Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-382/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-382/2023
09.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver