Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3832/2022 20.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikasının Qafan rayonu Acıbac kəndində doğum faktının düzgün müəyyən edilməsi və bu barədə müvafiq şəhadətnamənin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi sənədlərə əsasən, xx.xx.1958-ci il tarixdə Qərbi Azərbaycanın Qafan rayonu Acıbac kəndində anadan olmuş, həmin dövrdə kəndin ucqar bir ərazidə yerləşməsi, sənədləşmənin vaxtında aparılmaması, valideynlərin doğum şəhadətnaməsini vaxtında yazdırmağa önəm verməmələrinə görə ərizəçinin doğum tarixi ilə əlaqədar səhvliyə yol verilmişdir. Belə ki, ərizəçi 1956-cı ildə doğulmağına baxmayaraq, sənədləşmə aparılarkən doğum tarixi səhvən “1958-ci il” kimi qeydə alınmışdır. Belə ki, ərizəçi Ermənistan Sovet Sosialist Respublikasının Qafan rayonunun Kacaran şəhər 5 nömrəli orta məktəbini 1973-cü ildə bitirmiş, həmin məktəb tərəfindən verilmiş orta məktəb attestatında xx.xx.1958-ci il tarixdə anadan olmuş şəxslərin məktəbi 1973-cü ildə, yəni 15 yaşında bitirməsi mümkün deyildir. Bundan başqa, nikah haqqında şəhadətnamədən görünür ki, ərizəçi xx.xx.1975-ci ildə X5 ilə nikaha daxil olmuş, yəni 17 yaşında nikaha daxil olmaq həmin dövrdə qanunla mümkün deyildir. Qafan rayonunda ərizəçinin aidiyyatı orqanlara müraciət etməyinə baxmayaraq, ermənilər tərəfindən arxivdə olan bütün sənədlərin itirilməsi bildirilmiş, ona görə də sənədlərin bərpa edilərək verilməsi mümkünsüz olmuşdur. Qərbi Azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) 1988-ci il tarixdə deportasiya edilərək köçürülməsinə görə ərizəçi tərəfindən doğum tarixi ilə əlaqədar heç bir sənəd əldə etmək mümkün olmamışdır. Ərizəçi ilə uşaqlıqdan bir yerdə yaşamış, onu uzun illər tanıyan, Qafan rayonunda anadan olmuş X6, X1, X7, X4 şəxslər ərizəçinin həqiqətən də 1956-cı ildə anadan olmağını və həmin ilin onun doğum ili olmağını təsdiq edə bilərlər. Bundan savayı, bütün kənd sakinləri ərizəçinin doğum ilinin 1956-cı il olmasını təsdiq edə bilərlər. Ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Ərizəçinin doğum faktı düzgün qeydə alınmadığı və bu barədə şəhadətnamə verilmədiyi təqdirdə ərizəçinin yaşa görə əmək pensiyası hüququ məhdudlaşa bilər. Hazırkı ərizəni məhkəməyə təqdim etməkdə ərizəçinin məqsədi doğum faktının düzgün müəyyən edilməsi və pensiya hüququnun vaxtında yaranmasıdır. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və işin faktiki hallarını araşdırıb işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən, təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən, bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3. maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 158-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/Q-387/15 saylı məktubdan görünür ki, Maraqlı şəxsnə doğum tarixinin “xx.xx.1958”-dən “xx.xx.1956” ilə düzəliş edilməsi ilə bağlı daxil olmuş ərizəyə baxılmışdır. Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat orqanı tərəfindən, aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmələrin qətnaməsi əsasında aparılır. Bu səbəbdən də Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Ermənistan SSR Qacaran kənd Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1977-ci il tarixli İ- СЛ № 364757 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi ilə X5 xx.xx.1975-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1977-ci il tarixdə 41 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Ağalarova” soyadı verilmişdir. -Ermənistan SSR Qacaran kənd 5 nömrəli orta məktəb tərəfindən verilmiş 284499 saylı attestatın surətindən görünür ki, 1958-ci il təvəllüdlü Ərizəçi 1973-cü ildə orta məktəbi bitirərək məzun olmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, xx.xx.1958ci il təvəllüdlü Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş Ərizəçi Abşeron rayonu Mehdiabad qəsəbə ərazi dairəsi Mehdiabad qəsəbəsi M.H.Şəhriyar küçəsi 9 saylı evdə qeydiyyatdadır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşıdır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Ərizəçi Ermənistan Respublikasının Qafan rayonunda xx.xx.1958-ci il tarixdə anadan olmaqla ona bu barədə müvafiq doğum haqqında şəhadətnamə verilmişdir. Ərizəçi 1973cü ildə orta məktəbi bitirmiş, xx.xx.1975-ci il tarixdə isə nikaha daxil olmuşdur. Göründüyü kimi, ərizəçinin orta məktəb attestatında və nikah haqqında şəhadətnaməsində onun doğum tarixi “1958ci il” tarixi kimi qeydə alınmışdır. Hazırda, ərizəçi onun doğum tarixinin yanlış olaraq qeyd edilməklə, ona verilən doğum haqqında şəhadətnamədə doğum tarixinin “xx.xx.1958-ci il” kimi deyil, “xx.xx.1956-cı il” kimi qeydə alınmasını əsas gətirərək xx.xx.1956-cı il tarixdə doğum faktının müəyyən olunmasını məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 76.1. maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında X2 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarı”ndakı hüquqi mövqeyə görə, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki iş materiallarına, eyni zamanda, qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, ərizəçi pensiya hüququnun yaranması üçün zərurət təşkil etdiyini qeyd edərək, onun “xx.xx.1958-ci il” tarixdə deyil, “xx.xx.1956-cı il” tarixdə anadan olduğunu bildirmiş və “xx.xx.1956-cı il” tarixdə anadan olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi onun sözügedən tarixdə anadan olduğunu bildirsə də, həmin hallara dair mötəbər sübutlarını ərizəyə əlavə etməmiş, ərizəyə əlavə etdiyi nikah haqqında şəadətnamə və orta məktəbi bitirməsinə dair atestatda ərizəçinin təvəllüdü “xx.xx.1958-ci il” tarixi kimi qeydə alınmış, bununla yanaşı, xx.xx.1956-cı il tarixdə anadan olmasını təsdiq edən şahid ifadələri və digər sübutlar ilə məhkəməyə müraciət olunmamışdır. Göründüyü kimi, tələbinin əsası kimi istinad etdiyi halları və faktları sübuta yetirmək vəzifəsi daşıyan ərizəçi həmin halları təsdiq edən kifayət qədər mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə eyni zamanda, qeyd edir ki, ərizəçi X9 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərkən tələbinin əsası kimi istinad etdiyi sənədləri (sübutları) qanunvericiliyin tələblərinə əsasən notarial qaydada təsdiq olunmuş qaydada məhkəməyə təqdim etməmişdir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olaraq məhkəmə yalnız surətlərdən ibarət olan və əsaslılığı təsdiq edilməmiş sənədlərin surətlərini sübut kimi qəbul etməmişdir. Belə ki, hazırkı tələb üzrə əsas sübut hesab edilən sənədlərin surətləri işin obyektiv həlli üçün əsas sübut kimi mühüm yer tutur. Mülki Prosessual Məcəllənin: 76.2. maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 89.1. maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.3. maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Ərizəçi məhkəməyə ərizənin əsaslandırdığı hallar üçün sübutların əslini yaxud qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq olunmuş surətlərini təqdim etməlidir. Beləliklə, məhkəmə ərizəçinin təqdim etdiyi sənədləri tədqiq edib, qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutub hesab edir ki, Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizəsi sübuta yetirilmədiyindən əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov