Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3839/2024 05.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, Ərizəçi və onun vəkili Vəkil iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Səfərov X6 Rayon Məhkəməsinə müraciət edərək, onun 1992-ci ildən Azərbaycan Respublikasının Bakı şəhəri, Abşeron rayonu, Pirəkəşkül kəndində daimi yaşamağı və heç bir ölkənin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci tarixində Gürcüstan SSR Dmanisi rayonunda anadan olmuşdur. 1991-ci ildə Gürcüstan Respublikasından işlə əlaqədar olaraq ailəsi ilə birlikdə Azərbaycan Respublikasına gəlmişdir. 1992-ci ildə Bakı şəhəri, Abşeron rayonu, Pirəkəşkül kəndində məskunlaşaraq hazırki günə kimi orada yaşayır. Bu müddət ərzində, yəni SSSR dağıldıqdan və respublikalar müstəqilliyini qazandıqdan sonra o, heç bir ölkənin vətəndaşlığına keçməmişdir. Artıq 32 ildən artıqdır ki, Azərbaycan Respublikasında yaşayır və özü də milliyətcə azərbaycanlıdır. Atası da, anası da azərbaycanlıdır. Əmək kitabçasında da Azərbaycanda işə başladığı tarix göstərilmişdir. xx.xx.1991-ci ildən iş yeri olan Gürcüstan respublikasından Azərbaycan respublikasına göndərilmişdir. xx.xx.1991-ci ildən burada əmək fəaliyyətinə başlamış və bir daha geri qayıtmamışdır. xx.xx.1997-ci ildən öz ərizəsinə əsasən 3 nömrəli təmir-tikinti idarəsindən işdən çıxmışdır. Bu müddət ərzində heç bir ölkənin vətəndaşı olmamağı bir sıra problemlərin yaranmasına səbəb olmuşdur. Şəxsiyyətini təsdiq edən sənəd ala bilmir, xarici pasport ala bilmir. Bunlarda onun xarici ölkələrə getməyini, əmlak sahib olmağını, əldə edilən əmlakını öz adına rəsmiləşdirməyi kimi Konstitusion hüquqlarını məhdudlaşdırır. Artıq ahıl yaşdadır, bir sıra xəstəlikləri var və müalicə üçün xaricə gedə bilmir. Əldə etdiyi əmlakı barədə sərəncam verə bilmir, vəsiyyət edə bilmir. Bu problemlərimin həlli üçün həmçinin azərbaycanlı olduğu üçün o, Azərbaycan Respublikasının vətəndaşı olmaq istəyir. Azərbaycan Respublikaı vətəndaşlığının əldə edilməsi üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etsə də, onun Azərbaycan Respublikası vətəndaşlığına qəbulundan imtina edilmişdir. Həmçinin Gürcüstan Respublikasının vətəndaşlığına müraciəti də nəticəsiz olmuşdur. Hər iki Respublika ona eyni əsasla yəni vətəndaşlıq haqqında qanunun qüvvəyə minməsinə qədər həmin Respublikalarda yaşayış yeri üzrə qeydiyyatının olmaması əsası ilə müraciətinə müsbət cavab verilməmişdir. O, 1992-ci il tarixindən Bakı şəhəri, Abşeron rayonu, Pirəkəşkül kəndində məskunlaşaraq hazırkı günə kimi orada yaşayır. Buna görə də məhkəmə qaydasında hüquqi faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Ərizəçi vəkili Vəkil ərizənin əsaslı olduğuna dair bütün sübutların məhkəməyə təqdim edildiyini bildirərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyinin xx.xx.2024-cü il tarixli 12/2848 nömrəli arayışı nəzərə alınmaqla Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən şəxsin ölkə sərhədlərindən hərəkəti barədə qeydlərin mövcud olmadığına dair sorğuya cavab gəldiyi halda ərizənin təmin edilməsinə etirazı olmadığını, iş yükünün çoxluğu səbəbindən məhkəmə iclasında iştirakı olmadan işə baxılmasını, əvvəlki iclaslarda təqdim etdiyim ifadənin çıxarılacaq qətnamədə qeyd olunmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə ərizənin təmin edilməsinə etiraz etmədi və bildirdi ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 310.2-ci maddəsinə əsasən Bu Məcəllənin 307.2.10-1- ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin indiki halda Azərbaycan Respublikasının vətəndaşı olmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Problem olmaması təsdiqlənəcəyi halda şəxsin ərizəsinin təmin olunmasına etirazları yoxdur. Məhkəmə ərizəçini, maraqlı şəxsin nümayəndəsini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Pirəkəşkül kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Səfərov X6 rayon Pirəkəşkül kəndində 1992-ci il tarixdən qeydiyyatsız yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-37/2-S-631 -26-1 -08-1231/2024 saylı məktubundan görünür ki, Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsinə xx.xx.2020-ci il tarixdə sorğu göndərilmiş və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun qüvvəyə mindiyi günədək (1998-ci il 7 oktyabr tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatınının olmadığı müəyyən edilmişdir. Bu səbəbdən Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamış və barəsində xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayış tərtib edilmişdir. İş materiallarında olan Vİİİ-TU 610318 saylı SSSR pasportunun surətindən görünür ki, Ərizəçi 15 aprel 1958-ci il tarixdə Gürcüstan SSR-nin Dmanisi rayonunun, Sadisa kəndində doğulmuşdur. Milliyəti azərbaycanlıdır. Ailə üzvləri arvadı - X4, qızları - X7, X5r. İş materiallarında olan Birləşmiş Millətlər Təşkiltının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin xx.xx.2011-ci il tarixli, 786-11C06974 saylı himayə sənədindən görünür ki, Nümayəndəlikdə Ərizəçi qaçqınlıq statusu barədə ərizəsinə baxılır. İş materiallarında olan Gürcüstan Ədliyyə Nazirliyi X2 Agentliyinin xx.xx.2020-ci il tarixli N ********** saylı qərarından görünür ki, Ərizəçi (xx.xx.1958-ci il təvəllüdlü) Gürcüstanla hüquqi bağın yaradılması ilə bağlı 13 oktyabr 2020-ci il tarixli ********** nömrəli ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan AZS-106 ******* saylı Ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, X4 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində xx.xx.2011-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyinin xx.xx.2024-cü il tarixli, 12/28438 saylı arayışından görünür ki, Gürcüstan Dövlət Xidmətinin X1 və Miqrasiya Xidmətinin məlumatına əsasən xx.xx.1958-ci il təvəllüdlü Səfərov X3 vətəndaşı hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli, 05/12067 saylı məktubundan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi DMX-yə olduğu yer üzrə qeydiyyata alınma və ya müvafiq yaşama icazələrinin alınması ilə bağlı müraciət qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnterpolun Milli Mərkəzi Bürosunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi beynəlxalq axtarışda olması barədə “e-ASF” axtarış sistemi bazasında məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli, 3-38-2/33-2226/24 saylı məktubundan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1 və 2-ci bəndində göstərilir ki, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinin 4cü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.3-cü bəndinə əsasən bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. Mülki Prosessual Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə görə məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından görünür ki, Ərizəçi 15 aprel 1958-ci il tarixdə Gürcüstan SSR-nin Dmanisi rayonunun, Sadisa kəndində anadan olmuş, 12 avqust 1991-ci il tarixdə işi ilə əlaqədar olaraq Azərbaycan Respublikasına gəlmişdir. Həmin müddətdən hazırki tarixədək Azərbaycan Respublikasınıın ərazisində yaşamışdır. Hazırda Ərizəçi onun 1992-ci ildən Azərbaycan Respublikasında daimi yaşaması və heç bir ölkənin vətəndaşı olmaması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin 1992-ci ildən Azərbaycan Respublikasında daimi yaşaması və heç bir ölkənin vətəndaşı olmaması faktı öz təsdiqini tapmışdır və belə olan halda, məhkəmə ərizənin təmin edilməsi nəticəsinə gəlir. İş materiallarında olan bir neçə mötəbər sübutla vətəndaşlığı olmayan ərizəçinin göstərilən dövrdən ölkədə yaşaması tamamilə təsdiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 1992-ci ildən Azərbaycan Respublikasında daimi yaşaması və heç bir ölkənin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 1992-ci ildən Azərbaycan Respublikasında daimi yaşaması və heç bir ölkənin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-3839/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3839/2024
05.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver