Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3860/2021 05.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi, Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, Cavabdeh1 vəkili X8, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 cəlb edilməklə) evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə 05 avqust 2021-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh1 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşağı 05 yanvar 2018-ci il tarixdə anadan olmuş X9 ilə birlikdə Cavabdeh1 yaşadığı ünvan 1 ünvanında yerləşən evə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 cavabdeh qismində mülki işə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 30 mart 2017-ci il tarixdə nikah akt qeydi rəsmiləşdirilməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından 05 yanvar 2018-ci il tarixdə X9 adlı uşaqları anadan olmuşdur. 30 mart 2017-ci il tarixində iddiaçı Cavabdeh1la ailə quran vaxtdan onun yaşadığı ünvan 1 ünvanında yerləşən evinə gəlin köçmüş və Cavabdeh1 ilə birlikdə orada yaşamışdır. Evləndikdən sonra ilk illər münasibətləri normal olsa da, zaman ötdükcə aralarında tez-tez anlaşılmazlıq və sözsöhbətlər baş vermişdir. Bu da münasibətlərinin daha da ağır vəziyyətə düşməsinə və kəskinləşməsinə səbəb olmuşdur. Cavabdeh1 2018-ci ilin noyabr ayında iddiaçını və yanına gələn iddiaçının anasını evdən qovmuşdur. Bu səbəbdən də iddiaçı ünvan 2 ünvanında yerləşən atasının kirayədə qaldığı evə qayıtmışdır. İddiaçının və azyaşlı uşağının hüquqları kobudcasına pozulur. Bu səbəbdən də iddiaçı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı qeyd olunan ünvanda uzun müddət yaşamış, iddiaçıya məxsus cehiz və digər əşyalar da hazırda ordadır. Lakin, bu günə kimi cavabdeh iddiaçını həmin yaşayış sahəsindən istifadə hüququ ola-ola, həmin evə girişini əngəlləyir. Mübahisəli evin özbaşına tikili statusuna malik olmasına baxmayaraq, iddiaçı həmin evə gəlin köçərək uzun müddət orada yaşamış, Cavabdeh1la birgə təsərrüfat aparmış, ən əsası azyaşlı uşağın göstərilən ünvanda qeydiyyatda olmasının və yaşamasının, Cavabdeh1 ata kimi övladının üzərində hüquq və vəzifələrə malik olması nəzərə alınaraq iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da insan hüquq və azadlıqdarına, uşaqların hüquqlarına həddindən artıq əhəmiyyət verirlər. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və Cavabdeh1 tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Tərəflər mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə yaşamış iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi qanun qarşısında bərabərlik prinsipinin pozulmasına, Cavabdeh1 münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan halda iddiaçının da Cavabdeh1la bərabər həmin evdə yaşaması təmin edilərək həmin evə köçürülməsi qanuni və ədalətlidir. Ona görə də iddiaçı Cavabdeh1 yaşadığı ünvan 1 ünvanında yerləşən evə köçürülməlidir. Yaşadıqları evin heç bir rəsmi sənədi olmamışdır. İddiaçı və Cavabdeh1 eyni hüquqla həmin evdə yaşamışlar. Lakin, Abşeron rayon Masazır kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda bildirilir ki, iddiaçının da yaşadığı evin sənədləri qaynanası Cavabdeh2 adınadır. Hansı sənədlə yaşadıqları evin iddiaçının qaynanası Cavabdeh2 adına olması arayışdan məlum olmur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin və iddia ərizəsinə əlavənin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, o, Cavabdeh1 O, öz istəyi ilə mübahisəli evdən çıxmamışdır. Onu mübahisəli evdən qovmuşlar.2021-ci ilin fevral ayında Cavabdeh1la aralarında olan nikah pozulmuşdur. Cavabdeh1 tərəfindən evdən qovulduğu gündən bu günə kimi valideynlərinə məxsus evdə qalır. Bütün cehiz əşyaları və paltarları köçürülməsini iddia etdiyi evdədir. Cehiz kimi xırda məişət əşyalarını aparmışdır. Sözügedən ev 2 mərtəbəlidir.Evin ikinci mərtəbəsindəki otaqlar onların istifadəsində olmuşdur. Həmin evə uşağı ilə köçüb yaşamaq istəyir.. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili X10 izahatında iddianı qəbul etməyərək, təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı 08 mart 2017-ci il tarixdə gəlin kimi ona məxsus olan ünvan 1 ünvanında yerləşən evinə köçmüşdür.İddiaçı ilə oğlu Cavabdeh1 arasında həmişə söz-söhbətlər olmuşdur. 2018-ci ilin noyabr ayında iddiaçı və oğlu Cavabdeh1 ona məxsus evdən kirayə mənzilə köçmüşlər.Lakin kirayədə 1 (bir) ay qalmışlar. Yenə iddiaçı ilə oğlu İlkin arasında söz-söhbətlər olmuşdur. İddiaçı ilə oğlu İlkinin birgə nikahından doğulmuş 05 yanvar 2018ci il təvəllüdlü X9 həqiqətən də qeyd olunan ünvan 1 ünvanında yerləşən evdə anadan olmuşdur. Daha sonra iddiaçı ilə oğlu Cavabdeh1 münasibətləri pozulduğundan onların nikahı məhkəmə qaydasında pozulmuşdur. İddiaçı hazırda öz valideynlərinin yaşadığı ünvanda qalır və orada rəsmi olaraq qeydiyyatdadır. İddiaçının iddia ərizəsində göstərdiyi kimi ona məxsus evdə uzun müddət yaşaması fikri ilə razı deyildir. Həmçinin iddiaçı iddia ərizəsində qeyd edir ki, özünün və azyaşlı uşağının hüquqları pozulur. İddiaçının bəhs etdiyi hər hansı hüquqların necə pozulması məlum deyildir. İddiaçının bu fikri hər hansı əsasa, sübuta və dəlillərə arxalanmır. İddiaçının tələbi əsassız olduğundan təmin edilə bilməz. Əksinə iddiaçının tələbi onun mülkiyyət hüququnu pozmaqla daşınmaz əmlak üzərində gələcəkdə sərbəst sərəncam verməyinə maneə yaratmış olur. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 izahatında bildirdi ki, İddiaçı 08 mart 2017-ci il tarixdə gəlin kimi ünvan 1 ünvanında yerləşən evinə köçmüşdür. İddiaçı ilə cavabdeh olan oğlu Cavabdeh1 3 ay normal münasibətlərdə yaşasalar da, sonradan münasibətləri pisləşmişdir. 2-3 dəfə münasibətlər pozulduğuna görə iddiaçı atasına evinə gedib orda yaşamışdır. İddia tələbində köçürülməsi tələb edilən evin sənədi yoxdur. Evin yerləşdiyi torpaq sahəsinin isə sənədi vardır. Həmin sənəd də cavabdeh olan həyat yoldaşı Cavabdeh2 adınadır. İddiaçı ilə oğlu Cavabdeh1 2018-ci ilin noyabr ayında kirayə köçüblər. Lakin, 1 (bir) ay kirayədə yaşamışlar. İddiaçının iddia ərizəsində qeyd etdiyi mübahisə də oğlu Cavabdeh1la kirayə qaldıqları evdə baş vermişdir. Kirayədə yaşamaq iddiaçının fikri olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarına əlavə olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən 0.03 ha torpaq sahəsi 30.10.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən dövlət torpaq kadastrı kitabında 30 oktyabr 2019-cu il tarixdə 19874 nömrə ilə uçota alınmış A seriyalı 438821 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Abşeron rayonu Masazır bələdiyyəsinin 29.12.2006-cı il tarixli 05 nömrəli qərarı ilə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0.03 ha torpaq sahəsinin Cavabdeh2 adına planı və ölçüsü tərtib edilmişdir. Mülki işin materiallarına əlavə olunan 30 oktyabr 2019-cu il tarixli 01/37586 nömrəli daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayışın surətindən görünür ki, Cavabdeh2 02.10.2019-cu il tarixli ********** №-li ərizəsinə və 02.10.2019-cu il tarixli ********** №-li müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0.03 ha torpaq sahəsinin qiymətləndirilməsi həyata keçirilmişdir. Mülki işin materiallarına əlavə olunan eskiz layihəsinin surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi ərazisində Cavabdeh2 məxsus Fərdi yaşayış evinin eskiz layihəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmişdir. Mülki işin materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 25 noyabr 2020-ci il tarixli 2(008)-2304/2020 saylı qətnaməsinin surətindən görünür ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh1 X2 qarşı nikahın pozulması tələbinə dair ilk iddia ərizəsi təmin edilmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X3 Cavabdeh1 qarşı uşağın himayəyə verilməsi və aliment tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh1 ilə X6 arasında 30.03.2017-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikah pozularkən 05.01.2018-ci il tarixdə anadan olmuş X4 anası X1 yanında saxlanılması, X4 18 yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat, uşaq 3 yaşına çatanadək hər ay 50 manat məbləğində, ümumilikdə hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh1 tutularaq X2 ödənilməsi, aliment tutulmasının 11 avqust 2020-ci il tarixdən hesablanması, ilk iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 10 dekabr 2020-ci il tarixli 458 nömrəli məktubdan görünür ki, Cavabdeh1 və atası X7 haqqında Abşeron RİHB-nın Masazır kənd İƏD-si üzrə nümayəndəliyində dəqiq məlumatlar qeydə alınmadığından, nümayəndə heyəti yerində baxış keçirərək müəyyən etmişdir ki, yuxarıda adları çəkilən vətəndaşlar ünvan 1 ünvanında qeydiyyatsız yaşayırlar, bildirdiklərinə görə həmin evin sənədləri vətəndaş Cavabdeh2 adınadır və onlarla birlikdə həmin ünvanda 2017-ci ilin mart ayından 2018-ci ilin oktyabr ayınadək X6 adlı şəxs gəlin qismində yaşamış, müəyyən səbəblərdən evi tərk edərək getmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı X6 və Cavabdeh1 30 mart 2017-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar, birgə nikahlarından 05 yanvar 2018-ci il tarixdə X9 adlı uşaqları anadan olmuşdur. İddiaçı Cavabdeh1la ailə qurarkən cavabdehlər Cavabdeh1 və onun ailəsinin, o cümlədən Cavabdeh2 yaşadıqları ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsində tikilmiş özbaşına tikiliyə gəlin gəlmiş, cehiz əmlaklarını orada yerləşdirmiş, iddiaçı ilə Cavabdeh1 birgə nikahlarından olan 05 yanvar 2018-ci il təvəllüdlü X9 həmin evdə doğulmuş, iddiaçı azyaşlı övladı ilə birlikdə 2018-ci ilin noyabr ayınadək orada yaşamış, tərəflər arasında yaranan mübahisədən sonra iddiaçı övladı ilə birgə mübahisəli tikilidən kitrayə mənzilə köçmüş, bir ay kirayə mənzildən cavabdeh İlkin Məmmədovla yaşadıqdan sonra valideynlərinin yanına köçməli olmuşdur. Hal-hazırda tərəflər boşanmışlar, iddiaçı azyaşlı övladı ilə birlikdə cavabdehlərin yaşadıqları mübahisəli tikiliyə köçüb yaşamaq istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyrimüəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Ona görə də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə yaranmış mübahisə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürməklə həll edilməlidir. Belə ki, Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni ilkin iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş əri (ərinin ailə üzvləri) güc tətbiq etməklə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdikləri məhrumetmə (güc tətbiq etməklə evdən çıxarma) qanunsuzdur. Beləliklə, iddia üzrə cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı azyaşlı övladı ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlərin özbaşına tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarları olmasa da, Mülki Məcəllənin 180.2 və 180.4-cü maddələrinin məzmununa əsasən həmin özbaşına tikilinin mövcud olduğu müddətdə orada əvvəllər məskunlaşmış şəxslərin oradan istifadə hüququ müəyyən oluna bilməz, lakin həmin vətəndaşların oraya köçürülməsinə də qadağalar qoyula bilməz.Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli tikiliyə öz əmlakları ilə birgə gəlin köçüb, cavabdehlərlə birgə orada yaşadığından, rada azyaşlı uşağı doğulduğundan və oranı öz istəyi ilə deyil, ailədaxili mübahisə zəminində məcbur olub tərk etdiyindən, özünə məxsus əmlaklar hələ də mübahisəli tikili də qaldığından və hazırda da iddiaçı azyaşlı uşağı ilə birlikdə həmin tikiliyə köçüb yaşamaq istədiyindən iddia tələbi əsaslı hesab edilməli, təmin edilməli, iddiaçı azyaşlı övladı ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadığı ünvan 1 ünvanında yerləşən özbaşına tikiliyə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı X6 azyaşlı övladı 05 yanvar 2018-ci il təvəllüdlü X9 ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadığı ünvan 1 ünvanında yerləşən özbaşına tikiliyə köçürülsün. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10 manat məbləğində dövlət rüsumuna görə pul tutulub iddiaçı X2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3860/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3860/2021
05.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver