Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3934/2024 06.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Zərbəliyeva Leyla Mürşüd qızının katibliyi ilə, İddiaçı cavabdeh Ceyhun Qorxmaz oğluna qarşı daşınmaz əmlakdan çıxarılma tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona məxsus Abşeron rayonu, Masazır kəndi, F.Bağırzadə küçəsində yerləşən 0,04 ha torpaq sahəsində inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndi, F.Bağırzadə küçəsində yerləşən 0,04 ha torpaq sahəsi **********99 reyestr nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsini xx.xx.2020-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X1 almışdır. Həmin fərdi yaşayış evinin eskiz layihəsindən göründüyü kimi, bu torpaq sahəsinin üzərində 2 mərtəbəli 200 kv.metrlik fərdi yaşayış evi inşa edilmişdir. Ailə üzvləri ilə birlikdə həmin fərdi yaşayış evində yaşayırlar. X10 evi olmadığı üçün onu, həyat yoldaşı Cavabdeh və uşaqlarını mübahisəli fərdi yaşayış evinə dəvət edərək onunla birgə yaşamalarını təklif etmişdir. Onlar razılaşıb mübahisəli fərdi yaşayış evində yaşamağa başlamışlar. Bir müddət sonra tez-tez cavabdeh və onun qızı arasında dava-dalaş və mübahisələr baş vermişdir. Cavabdeh içki aludəçisi olduğu üçün evə içkili gələrək, onları narahat etmişdir. Qızı Nigar onunla yollaşa bilmədiyi üçün nikahın pozulması tələbi ilə bağlı Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İş hal-hazırda həmin məhkəmənin icraatındadır. Cavabdeh onu, həyat yoldaşını və öz uşaqlarını bu fərdi yaşayış evindən qovub çıxartmış, evə qayıtmaq istədikdə isə onları ölümlə hədələmişdir. Hal-hazırda o, həyat yoldaşı və qızı, onun uşaqları kirayədə yaşayırlar. Cavabdeh ona öz şəxsi mülkündən rahatlıqla istifadə etmək imkanı vermir, bu isə onun qanunla qorunan hüquqlarının pozulması deməkdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan AN - İ ******* saylı, xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsinin surətindən görünür ki, X2 rayonu, Masazır qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsini 30000 manata İddiaçı satmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********99 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Onun adına xx.xx.2020-ci il tarixdə AA 577669 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh İddiaçı keçmiş kürəkəni olmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə X5 Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsini 30000 manata almış, hüquqlarını xx.xx.2021-ci il tarixli çıxarışla qeydə aldırmışdır. İşdən görünür ki, bu torpaq sahəsində ikimərtəbəli yaşayış evi mövcuddur. İddiaçı qızının və ailəsinin bu evdə müvəqqəti yaşaması üçün şifahi razılıq vermişdir. Sonradan cavabdehlə iddiaçının qızının ailə münasibətləri korlanmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı hazırda ona məxsus torpaq sahəsində yerləşən tikilidən həmin əmlaklara heç bir hüququ olmayan Cavabdeh çıxarılmasını xahiş edir. İşdən görünür ki, mübahisəli torpaq sahəsi əvvəllər X7 mülkiyyətində olmuş, o isə həmin əmlakı xx.xx.2020-ci il tarixdə 30000 manat müqabilində İddiaçı satmışdır. Bu əmlakla bağlı onun adına reyestrdən çıxarış, habelə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Həmin sənədlər hazırda qüvvədədir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Eyni zamanda, İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, işin hallarına əsasən cavabdehin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə torpaq sahəsi üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Eyni zamanda, məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli əmlaka dair heç bir hüququ olmadığından onun hazırda bu daşınmaz əmlakda yaşaması üçün əsas yoxdur. Mübahisəli tikiliyə dair hüquqmüəyyənedici sənədlər olmasa da, işin faktiki hallarından görünür ki, onun yerləşdiyi torpaq sahəsi xx.xx.2021-ci il tarixdən İddiaçı mülkiyyətindədir və beləliklə, məhkəmənin qənaətinə görə bu tikiliyə münasibətdə onun qanuni gözlənti hüququ mövcuddur. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh iddiaçıya məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0,04 ha torpaq sahəsində inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evindən çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Abşeron rayonu, Masazır kəndində yerləşən 0,04 ha torpaq sahəsində inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evindən çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3934/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3934/2024
06.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver