Məhkəmə qərarları › İş №2(012)-3962/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3962/2025

22.09.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3962/2025 22.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə dair istifadə hüququnun tanınması və fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə dair istifadə hüququnun tanınması və fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi, 4-cü döngədə yerləşən 12 saylı fərdi yaşayış evindən istifadə hüququnun tanınması, həmin evə köçürülməyi və mediasiya xərci olan 50 manat, dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 2011-ci ildən faktiki, xx.xx.2017-ci il tarixdən isə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan övladları olmamışdır. Ailə qurduqdan sonra birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi, 4-cü döngə, 12 saylı fərdi yaşayış evində yaşamışlar. İddiaçı 2011-ci ildən sözügedən evdə yaşamış və həmin zaman qonşuları olan X1, X4 və X3 da notarial ərizələri ilə bu faktı təsdiqləmişlər. Sözügedən evdə yaşadıqları müddət ərzində fərdi yaşayış evində təmir işləri görülmüş, həyətdə sanitar qovşaq daxil olmaqla, bir neçə tikili tikilmişdir. Bu təmir-tikinti işlərinin həyata keçirilməsində cavabdehlə yanaşı iddiaçının da vəsaiti xərclənmişdir. İddiaçı təndir çörəyi bişirib sataraq ailənin maddi ehtiyaclarını qarşılamışdır. Onlar bir ailə olduqlarına görə yaşayış şəraitinin daha da yaxşılaşması üçün əlindən gələni etmiş, cavabdehlə münasibətlərinin pozulacağını ağlına belə gətirmədiyindən qazandığı bütün gəlirləri evlərinə xərcləmiş, çətin günləri üçün kənara vəsaiti ayırıb qoymamışdır. 2020-ci ildə cavabdeh heç bir əsaslı səbəb olmadan onu döyərək evdən qovmuşdur. Bu hadisəyə görə Cavabdeh barəsində cinayət işi başlanmışdır. Cinayət işinə baxılarkən hakim ona barışmağı məsləhət gördüyünə görə iddiaçı həm hakimin sözlərinə, həm də cavabdehin yalan vədlərinə inanaraq onunla barışmış, bir müddət sonra isə iddiaçının yaşayış evindən çıxarılmağı tələbi ilə cavabdehin Abşeron Rayon Məhkəməsinə müraciət etdiyini öyrənmişdir. Məhkəmə iclasında Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-155/2021 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikahın pozulduğundan məlumatlı olmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-2935/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi, 4-cü döngə, 12 saylı fərdi yaşayış evindən çıxarılmağı qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2509/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-2935/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin vaxtdan etibarən iddiaçı bacısının evində yaşayır. Onun başqa yerdə evi yoxdur və bacısının evində yaşamaq onun üçün çox çətindir. Cavabdeh onun Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi, 4-cü döngə, 12 saylı fərdi yaşayış evinə daxil olmasına icazə vermir. İddiaçı həmin evə cavabdeh tərəfindən qeydşərtsiz gətirilmiş, uzun müddət həmin evdə fasiləsiz və mübahisəsiz yaşamışdır. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında mübahisəli ev üzərində zəhmətinin olduğunu bildirmiş, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Quba rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İ 456160 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. -Abşeron Rayon Məhkəməsinin 2(012)-2935/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Dadaşova (Bayramova) Gülyaz Hacağa qızının Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi, 4-cü döngə, 12 saylı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. -Həmçinin həmin qətnamədə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi, 4-cü döngə, 12 saylı fərdi yaşayış evi ********* qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. -Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2509/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(012)-2935/2021 saylı qətnaməsindən cavabdeh Dadaşova (Bayramova) Gülyaz Hacağa qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, adıçəkilən qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2661/2022 saylı, xx.xx.2022ci il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2509/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh Dadaşova (Bayramova) Gülyaz Hacağa qızının kassasiya şikayəti təmin edilməmiş, sözügedən qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. -Abşeron Rayon Məhkəməsinin 2(012)-348/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlaka çəkilmiş xərcin bölünməsi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə inşa edilmiş Xırdalan şəhəri, Nəvai küçəsi, 4-cü döngə, 12 saylı fərdi yaşayış evinə və həmin fərdi yaşayış evinin həyətində olan tikililərə çəkilmiş 45000 manat pulun yarısı, yəni 22500 manat pulun və ödənilmiş 135 manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia qismən təmin edilmiş, Cavabdeh 5051.5 manat pul tutularaq İddiaçı verilməsi, dövlət rüsumu kimi ödənilmiş 67.5 manat və rəyə görə ödənilmiş 200 manat olmaqla, cəmi 267.5 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. -Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5673/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddia təmin edilmiş, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 34,2 kv.metr olan 1 otaqlı mənzildən Dadaşova (Bayramova) Gülyaz Hacağa qızının pasport qeydiyyatından çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, mübahisəli fərdi yaşayış evi DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında cavabdehin mülkiyyətində, sahiblik və istifadəsindədir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2935/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının sözügedən fərdi yaşayış evindən çıxarılması qət edilmiş, qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Həmçinin Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 5673/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdehə məxsus fərdi yaşayış evindən iddiaçının pasport qeydiyyatından çıxarılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X5 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülki Prosessual Məcəllənin: 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3-ci maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 82.3-ci maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsindən isə görünür ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilmişdir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2- ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə dair istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da iddiaçının qeyd edilən evdən istifadə hüququ yaranmadığından, əlavə olaraq iddiaçının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə sözügedən fərdi yaşayış evindən çıxarılması nəzərə alınaraq fərdi yaşayış evinə dair istifadə hüququnun tanınması barədə iddia tələbi məhkəmə tərəfindən təmin edilə bilməz. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi istifadə hüququnun tanınması hissəsində təmin edilmədiyindən onunla birbaşa əlaqəli olan mənzilə köçürülmə hissəsində də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, həmçinin mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə şərh olunanlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə dair istifadə hüququnun tanınması və fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə dair istifadə hüququnun tanınması və fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar