Məhkəmə qərarları › İş №2(012)-3968/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3968/2024

12.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3968/2024 12.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Həsənova Elnurə Eynur qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 şəxsin doğum faktının müəyyən olunması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, övladları Ləmanın 30 iyun 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində doğulması və onun anasının Ərizəçi1, atasının isə Ərizəçi2 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizə bununla əsaslandırılmışdır ki, onların arasında 13 mart 2023-cü il tarixdə 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 759 saylı rəsmi nikah qeydə alınmışdır. Lakin onlar 2018-ci ildən qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayırlar. Birgə münasibətlərdən xx.xx.2020-ci il tarixdə Ləman adlı qız övladları dünyaya gəlmişdir. Ləman faktiki yaşadıqları Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Massiv-3 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində dünyaya gəlmişdir. Ləmanın ev şəraitində dünyaya gəlməsinə qonşular və qohumlar da şahiddirlər. Ərizəçi2 görmə qabiliyyəti yoxdur və buna görə də ona İ qrup əlillik dərəcəsi təyin edilmişdir. Ailə vəziyyəti ilə bağlı uşağın dünyaya gəlməsində həkimə müraciət etməmişlər. Hazırda çətinliklə üzləşmişlər, belə ki, Ləmanı nə həkimə apara, nə də ki, baxçaya qoya bilirlər. Bunun üçün onun doğum haqqında şəhadətnaməsini tələb edirlər. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Ərizəçilər məhkəmə iclasında ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçiləri dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi1 doğum haqqında 103 formalı tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün övladının doğumunun qeydiyyata alınması imkan xaricindədir. Maraqlı şəxs doğum faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. İşdə olan AZ-T 566103 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə Ərizəçi2 xx.xx.2023-cü il tarixdə nikaha girmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Tibbi Ekspertiza və X4" X6 xx.xx.2024-cü il tarixli, 9/977 saylı rəyindən görünür ki, Ərizəçi1 və Ərizəçi2 olan cütlükdən Ləman adlı uşağın törənməsi mümkündür. Belə olan halda Ləman barəsində Ərizəçi1 analıq, Ərizəçi2 isə atalıq faktı inkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Tibbi Ekspertiza və X4" X6 xx.xx.2024-cü il tarixli, 4941 saylı rəyindən görünür ki, X2 məhkəmətibb müayinəsinə və tibbi sənədlərə əsasən aşağıdakı rəyə gəlinir: X2 müəyyən edilmiş sümük yaşı 4-4,5 ilə uyğun gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 6-cı hissəsinə əsasən uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 3-cü hissəsinə əsasən nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğum faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” 2.6-cı bəndinə əsasən bu qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin qaydanın 2.5.4-cü bəndinə əsasən uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənədlər əsasında doğum qeydə alınmalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. İşdən görünür ki, ərizəçilərin nikahından 30 iyun 2020-ci il tarixdə Ləman adlı uşaq doğulmuşdur. Lakin həmin uşağın doğum haqqında şəhadətnaməsinin verilməsi doğum haqqında 103 formalı tibbi şəhadətnamə təqdim edilmədiyindən mümkün olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçilərin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Ərizəçilərin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilmələri mümkün deyildir. Beləliklə, ərizə təmin edilməli, X2 30 iyun 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonunda doğum faktı müəyyən edilməli, X3 doğum haqqında şəhadətnamə verilməli, doğum haqqında şəhadətnamədə X1 Fərəcullayeva, adı Ləman, ata adı Anar, doğum tarixi 30 iyun 2020-ci il, doğulduğu yer Bakı şəhəri, Qaradağ rayonu, ana qrafasında anasının adı Ərizəçi1, ata qrafasında atasının adı Ərizəçi2 kimi qeyd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 30 iyun 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonunda doğum faktı müəyyən edilsin, X3 doğum haqqında şəhadətnamə verilsin. Doğum haqqında şəhadətnamədə X1 Fərəcullayeva, adı Ləman, ata adı Anar, doğum tarixi 30 iyun 2020-ci il, doğulduğu yer Bakı şəhəri, Qaradağ rayonu, ana qrafasında anasının adı Ərizəçi1, ata qrafasında atasının adı Ərizəçi2 kimi qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar