Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3973/2024 30.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 və onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə, yaşama hüququ, pay tələbi və ya onun kompensasiya edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə, yaşama hüququ, pay tələbi və ya onun kompensasiya edilməsi barədə iddia qaldıraraq, birgə nikah dövründə Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinə uşaqları - xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X10 birlikdə köçürülməyinə və onlara yaşama hüququ verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 Müstəqim oğlu ilə xx.xx.2012-ci il tarixdə rəsmi şəkildə dövlət qeydiyyatından keçərək nikah bağlamışdır. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X10 doğulmuşdur. Hazırda övladları ilə birgə ünvan 1 ünvanında kirayə yaşayır. ünvan 2tdadır. O, 9 sentyabr 2007-ci il tarixdən yoldaşı ilə birgə cehiz əmlakları ilə Abşeron rayonu ərazisindəki evə gəlin köçmüşdür. Abşeron rayonu, Novxanı bələdiyyəsi tərəfindən verilən 28 avqust 2023-cü il tarixli, 218 saylı arayışa əsasən, 09 sentyabr 2007-ci il tarixdən 10 iyun 2021-ci il tarixədək övladları ilə birlikdə birgə nikah dövründə ünvan 3 ünvanında qeydiyyatsız yaşamışdır. xx.xx.2021-ci il tarixdə Cavabdeh1 Müstəqim oğlu ilə aralarındakı nikaha 2(004)- 1703/2021 saylı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə xitam verilmişdir. Nəticədə övladlarının onun himayəsinə verilməsi və aylıq hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmışdır. Birgə nikah dövründə əldə etdikləri aylıq gəlirlər ümumi məsrəflərə və ünvan 3 ünvanında yerləşən evin tikintisinə xərclənmişdir. Bu gün isə hazırda övladları ilə kirayədə yaşayır. Hal-hazırda bütün cehiz əmlakları, uşaqlarına və ona məxsus bir çox əşyaları həmin evdədir. İndi o iki uşağı ilə evsiz-eşiksiz qalmışdır. Ata - anası yaşlı insanlardır, ona heç bir maddi yardım edə bilmirlər. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. O bildirdi ki, mübahisəli fərdi yaşayış evini 1998-ci ildə İlham İmanovdan almışdır. İddiaçı onun oğlu ilə evləndikdən sonra həmin evə gəlin köçsə də, onların evliliyi müddətində evdə heç bir təmir işi aparılmamışdır. O, iddiaçıya yaşaması üçün ayrı ev vermiş, lakin iddiaçı həmin evdə yaşamaqdan imtina etmişdir. Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZE 11768372 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində doğulmuşdur, atası Cavabdeh1, anası isə İddiaçıdır. İş materiallarında olan AZE 11768374 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində doğulmuşdur, atası Cavabdeh1, anası isə İddiaçıdır. İşdə olan Abşeron rayon Novxanı Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 136 saylı arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi övladları xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X10 ilə birlikdə ünvan 3 ünvanında qeydiyyatsız olaraq yaşamışdır. İşə əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti MKTD Yasamal rayonu MKTB-nin 40 saylı MKİS-nin xx.xx.2024-cü il tarixli, 285 saylı arayışından görünür ki, İddiaçı, ünvan 6 ünvanında daimi qeydiyyatdadır. İşə əlavə edilmiş 18085 reyestr nömrəli, 550 inventar saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndindəki yaşayış sahəsi 40 kv.metr, köməkçi sahəsi 40 kv.metr olan fərdi yaşayış evi xx.xx.1998-ci il tarixdən Cavabdeh2 adına qeydə alınmışdır. İşə əlavə edilmiş Novxanı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 41 saylı məktubundan görünür ki, Cavabdeh2 1998-ci ildə Novxanı kənd 20 Yanvar küçəsində yerləşən fərdi yaşayış evini İmanov İlham adlı şəxsdən almışdır. Evin alqı-satqısı zamanı İddiaçı iştirak etməmişdir. İddiaçı 2007-2020-ci illərdə Cavabdeh1 ilə ailəli olub və qayınatası Cavabdeh2 məxsus evdə qeydiyyatsız yaşamışdır. X1 qayınanasına məxsus Bakı ş, Yasamal r, Q.Qarayev küçəsində yerləşən fərdi yaşayış evinə qeydiyyata salınmışdır. (X3 razılığı ilə) İddiaçı və Cavabdeh1 evli olduqları müddətdə (2007-2020) yaşadıqları Cavabdeh2 məxsus evdə heç bir təmir tikinti işləri aparmamışdılar. Hal-hazırda Novxanı kəndi 20 Yanvar küçəsində yerləşən Cavabdeh2 məxsus evdə İddiaçı məxsus heç bir cehiz və ya şəxsi əşya yoxdur. 2020-ci ildə İddiaçı məxsus bütün cehiz və şəxsi əşyalar özünün sifariş etdiyi 166 yükdaşıma xidməti vasitəsi ilə Cavabdeh2 məxsus evdən aparılmışdır. Hal hazırda Novxanı kəndi, 20 Yanvar küçəsində yerləşən Cavabdeh2 məxsus evdə Cavabdeh2(özü), X8 (həyat yoldaşı), Cavabdeh1(oğlu), X2 (gəlini) yaşayır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli ev xx.xx.1998-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 tərəfindən alınmış və onun adına həmin tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı isə cavabdehin oğlu Cavabdeh1la 2007-ci ildə faktiki, xx.xx.2012-ci il tarixdə rəsmi nikaha girmiş, 2007-ci ildə mübahisəli evə köçmüşdür. İddiaçı iddia edir ki, o, mübahisəli evin sahibinin gəlini olduğundan və həmin evin təmirinə birgə nikah dövründə ailənin ümumi xərclərindən olan vəsaitdən xərcləndiyindən azyaşlı uşağı ilə oraya köçürülməlidir. Tərəflər arasında mübahisəli əmlakla bağlı münasibətlər 2012-ci ildə yarandığından məhkəmə hesab edir ki, hazırki mübahisəyə Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh1 Müstəqim oğlu arasında rəsmi nikah xx.xx.2012-ci il tarixdə qeyd edilmişdir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İşdən görünür ki, İddiaçı uzun müddət mübahisəli evdə yaşasa da, onun istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, onunla evin mülkiyyətçisi Cavabdeh2la notarial qaydada təsdiqlənən yazılı razılaşma bağlanmamışdır. İşdən, həmçinin görünür ki, İddiaçı Cavabdeh1la boşanmışdır və mübahisəli evdə yaşamır. Belə olan halda iddiaçının Cavabdeh1la əvvəllər nikahda olmasına istinad edərək mübahisəli evə köçürülməsi mülkiyyətçi kimi Cavabdeh2 hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Halbuki, mülkiyyət hüququ qanunla qorunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X6 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Qeyd edildiyi kimi, iş materiallarından görünür ki, mübahisəli ev hazırda Cavabdeh2 mülkiyyətindədir. Hazırda mübahisəli əmlaka iddiaçının köçürülməsi onun mülkiyyət hüquqlarını poza bilər, bu isə qanunla qadağandır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, şərh olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə, yaşama hüququ, pay tələbi və ya onun kompensasiya edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı mübahisəli əmlaka dair hər hansı hüququnun olmasına dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə, yaşama hüququ, pay tələbi və ya onun kompensasiya edilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-3973/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3973/2024
30.09.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver