Məhkəmə qərarları › İş №2(012)-4028/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4028/2020

13.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4028/2020 13.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və onun vəkili və nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun və azyaşlı övladları xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X4 ünvan 1-a istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 oğiu ilə xx.xx.2013-cü iidə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X6 anadan olmuşdur. Sumqayıt şəhər məhkəməsinin 2(060)-6987/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahlarından olan uşaqların onun yanında qalması və həmin uşaqların saxlanması üçün aliment tutulması qət edilmişdir. ünvan 1 xüsusi mülkiyyət hüququ ilə cavabdehlərdən Cavabdeh2 məxsusdur. O, ailə həyatı qurduqdan sonra Cavabdeh2 məxsus mənzilə gəlin köçmüş və bütün cehiz əmlaklarını da həmin mənzilə yerləşdirmişdir. Hal-hazırda da bütün cehiz əmlakları həmin mənzildədir. 2019-cu ilə kimi həmin mənzildə yaşamışdır. Hazırda cavabdehlər onun həmin mənzildə yaşamağına imkan vermirlər. Onun həmin mənzildə yaşayış hüququ var. Onun və uşaqlarının həmin mənzilə istifadə hüququ tanınmalı və onlar həmin mənzilə köçürülməlidir. Cavabdeh2 keçmiş həyat yoldaşının qohumudur. Həmçinin cavabdehlərdən Cavabdeh1 da həmin mənzildə pasport qeydiyyatındadır. Odur ki, göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini, iddiaçının iddia tələbində qeyd etdiyi mənzilin onun mülkiyyətində olmadığını bildirərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdeh1 vəkili və nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbinin rədd edilməsini xahiş edərək qeyd etdi ki, tərəflər rəsmi nikaha 2013-cü il tarixdə daxil omuşlar və nikahları Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qətnaməsi ilə pozulmuşdur. İddiaçının iddia etdiyi ev onun keçmiş həyat yoldaşının qohumu Cavabdeh2 mülkiyyətindədir. Tərəflər arasında nikah münasibətlərinə rəsmi olaraq son qoyulduğundan və eyni zamanda mübahisəli ev Cavabdeh1 məxsus olmadığından iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM); 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; -Sumqayıt şəhər İHB-nın Hacı Zeynalabdin qəsəbə Nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 499 nömrəli arayışdan görünür ki, Füzuli rayon Veysəlli kəndində qeydiyyatda olan məcburi köçükün xx.xx.1992-ci il təvəllüdlü Əliyeva X5 şəhər Hacı Zeynalabdin qəsəbəsi, Dəmir yol kənarı 58 saylı bağ evində müvəqqəti məskunlaşmışdır. -ASAN-Sumqayıt tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Orucov X9 rayonu, Saray qəsəbəsi, M.Müşviq küçəsi, ev 10 ünvanında qeydiyyatdadır. -Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ № 171958 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2013-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, atası Cavabdeh1, anası İddiaçıdır. -Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İİİ № 386578 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2014-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh1, anası İddiaçıdır. -Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-6987/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə 686 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, boşanmadan sonra birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X6 anaları İddiaçı yanında qalmaları, xx xxxx 2019-cu il tarixdən başlayaraq Cavabdeh1 xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 130 manat, ümumilikdə 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət olunmuşdur. -Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İ № 337867 seriyalı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında olan nikah xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. -Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdilənmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Müşviq küçəsində 10 saylı (yaşayış sahəsi-98,1 m2, köməkçi sahəsi-210,7 m2) 4 otaqdan ibarət yaşayış evi Cavabdeh2 adına mülkiyyət hüququ əsasında Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunda xx.xx.2005-ci il tarixdə 2V-1-162 reyestr №-li vərəsəlik şəhadətnaməsi qeydə alınmışdır. 32812 № ilə reyestr kitabında yazılmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 oğiu ilə xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X6 anadan olmuşdur. Sumqayıt şəhər məhkəməsinin 2(060)-6987/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikah pozulmuşdur. ünvan 1 xüsusi mülkiyyət hüququ ilə cavabdehlərdən Cavabdeh2 məxsusdur. İddiaçının izahatına əsasən o ailə həyatı qurduqdan sonra Cavabdeh2 məxsus mənzilə gəlin köçmüş və bütün cehiz əmlaklarını da həmin mənzilə yerləşdirmişdir. 2019-cu ilə kimi həmin mənzildə yaşamışdır. Hazırda cavabdehlər iddiaçının həmin mənzildə yaşamağına imkan vermirlər. Ona görə də iddiaçı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı övladları xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X4 ünvan 1-a istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbinə dair aşağıdakıları qeyd edir. Tərəflərin izahatından və tədqiq edilmiş sübutlardan təsdiq olunur ki, iddiaçı ilə Cavabdeh1 arasında ailə hüquq münasibətləri xx.xx.2013-cü ildə yaranmış və xx.xx.2019-cu il tarixində ləğv edilmişdir. Qanunvericiliyin aşağıda qeyd olunan normaları iddia tələbinə münasibətdə aşağıdakı kimi tədbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair x xxxxxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə olan halda məhkəmə qeyd olunan tarixi nəzərə alaraq hesab edir ki, tərəflər arasında münasibətlər 2009-cu il oktyabrın 1-dən sonra yarandığından həmin münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin; (xx xxxxxxx 2009-cu il tarixdə qüvvəyə minmiş) 30.1. maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4. maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi qanuna əsasən ailə münasibətlərinə xitam verildikdə keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Məhkəmə hesab edir ki, qanunun qeyd edilən norması əsas tutulmalı tərəflər arasında ailə münasiblərinə xitam verildiyindən iddiaçının yaşayış yerindən istifadə hüququ tanınmamalıdır. Qeyd edildiyi kimi qanunvericilik iddiaçı tərəfin keçmiş ailə üzvləri ilə birlikdə yaşadığı mənzilə istifadə hüququnu tanımır. Eyni zamanda qeydiyyat vəsiqəsindən görünür ki, iddiaçının istifadə hüququnun tanınması üçün iddia etdiyi ev keçmiş həyat yoldaşının qohumu digər Cavabdeh2 mülkiyyətindədir. İddiaçı Cavabdeh2 ailə üzvü deyildir. Qanunvericiliyin tələbinə görə isə yalnız mülkiyyətçinin ailə üzvü onunla birlikdə yaşayış sahəsindən istifadə etmək hüququ vardır. Ona görə də iddianın mübahisəli evə köçürülmə hissəsi də əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə xx xxxx 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Bundan başqa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə xx xxx 2007-ci il tarixli Qərar). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1. maddəsinə əsasən yazılı sübutla iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X10 Məhkəməsi "X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin; 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar