Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4047/2025 09.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən 70 nömrəli mənzildə olan istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, 28-ci məhəllə, ev 19 ünvanında yerləşən 70 nömrəli mənzil Abşeron rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən onun xüsusi mülkiyyətindədir. Cavabdeh olan Cavabdeh onun doğma qızıdır. Onun doğma qızı olmasına baxmayaraq artıq .cavabdeh sözügedən ünvanda, 10 ildən artıqdır ki, yaşamır. Hazırda cavabdeh ilə heç bir əlaqəsi yoxdur və cavabdehin hansı ünvanda yaşamasından xəbərsizdir. Qızının ona məxsus olan ünvan 3 ünvanında olan qeydiyyatı formal xarakter daşıyır. Sonuncunun təqsiri üzündən qanuni mülkiyyətçi kimi mübahisələndirilən mənzilinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Bu isə onun dövlət tərəfindən tanınan və qorunan hüquqlarının ciddi surətdə pozulması deməkdir. Bu səbəbdən də o, mövcud tələb ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh 29 iyul 2012-ci ildən evdən qaçmış və evə qayıtmamışdır. Belə ki, həyat yoldaşı həmin vaxt ata evinə getmiş, qızı ona evə qayıdacağını bildirmiş, lakin evə qayıtmamışdır. O, bir dəfə qızını tapmış, övladı ona evə qayıtmaq istəmədiyini bildirmiş, o da söhbət etmək üçün qızını qardaşının evinə aparmışdır. Söhbət zamanı polis əməkdaşları evə gələrək izahat yazmalı olduqlarını bildirmiş, polis bölməsində olarkən övladı arxa qapıdan qaçmışdır. Bu hadisədən sonra o, qızından xəbər ala bilməmişdir. Qızının evdən qaçdığı zaman, yəni 2012-ci ildə 21 yaşı olmuşdur. Tanışları cavabdehi avtobusda görmüşdürlər. Əlavə olaraq bildirir ki, ikinci sinifdə oxuyarkən övladı Cavabdeh anası, ondan bir il sonra isə nənəsi vəfat etmişdir. O, iki dəfə ailə həyatı qurmuş və birinci həyat yoldaşından Cavabdeh doğulmuşdur. Cavabdehin anası onkoloji xəstəlik səbəbindən vəfat etmişdir. İkinci həyat yoldaşından isə Əli adında övladı vardır. Göstərilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Sovet Sosialist Respublikası Abşeron rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, 28-ci məhəllə, ev 19 ünvanında yerləşən, 1 yaşayış otağından ibarət 70 nömrəli yaşayış evi (yaşayış sahəsi – 17,26 m2, köməkçi sahəsi – 16,14 m2) şəxsi mülkiyyət hüququ əsasında Abşeron rayon İcra Hakimiyyətinin 379 nömrəli, 14 avqust 1992-ci il tarixli qərarı əsasında İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Asan-Sumqayıt tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından görünür ki, ünvan 3 ünvanında yerləşən mənzildə İddiaçı ilə birgə xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh, XX.XX.1935-ci il təvəllüdlü X1 və xx.xx.1966-cı il təvəllüdlü X5 da qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 1 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmiri Sahəsinin əməkdaşları X11, X10, X8, ünvan 4 ünvanında yaşayan X3, ünvan 5 ünvanında yaşayan X2 və 1 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmiri Sahəsinin yığım nəzarətçisi X6 tərəfindən tərtib edilmiş aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən 70 nömrəli mənzilin mülkiyyətçisi İddiaçıdur, həmin mənzildə onun qızı Cavabdeh qeydiyyatındadır, lakin uzun müddətdir ki, orada yaşamır. Qonşuların və atasının dediyinə görə Cavabdeh xx.xx.2012-ci il tarixdən yaşamır və bu faktı Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 1 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmiri Sahəsinin əməkdaşları X11, X10, X8, ünvan 4 ünvanında yaşayan X3, ünvan 5 ünvanında yaşayan X2 və 1 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmiri Sahəsinin yığım nəzarətçisi X6 öz imzaları ilə təsdiq etmişdirlər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu və 33-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci və 157.4-cü maddələri təşkil edir. Məhkəmədə sübutların təhqiqatı zamanı müəyyən edilmişdir ki, Azərbaycan Sovet Sosialist Respublikası Abşeron rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən göründüyü kimi Abşeron rayonu, Xırdalan qəsəbəsi, 28-ci məhəllə, ev 19 ünvanında yerləşən, 1 yaşayış otağından ibarət 70 nömrəli yaşayış evi (yaşayış sahəsi – 17,26 m2, köməkçi sahəsi – 16,14 m2) şəxsi mülkiyyət hüququ əsasında Abşeron rayon İcra Hakimiyyətinin 379 nömrəli, 14 avqust 1992-ci il tarixli qərarı əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Lakin iş materiallarında olan Asan-Sumqayıt tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından və Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 1 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmiri Sahəsinin əməkdaşları X11, X10, X8, ünvan 4 ünvanında yaşayan X3, ünvan 5 ünvanında yaşayan X2 və 1 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmiri Sahəsinin yığım nəzarətçisi X6 tərəfindən tərtib edilmiş aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən 70 nömrəli mənzildə İddiaçı ilə birgə Cavabdeh da qeydiyyatdadır, lakin cavabdehin xx.xx.2012-ci il tarixdən həmin mənzildə yaşaması müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı göstərilən mənzillə bağlı sərbəst sərəncam və mülkiyyət hüquqlarının təmin olunması üçün cavabdehin mənzil üzrə istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən 70 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-4047/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4047/2025
09.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver