Məhkəmə qərarları › İş №2(012)-4064/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4064/2024

08.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4064/2024 08.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Mirhəsənli Mirnəsir Mirfazil oğlu, Ərizəçi xüsusi icraat qaydasında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il tarixdə Suriyada doğulmuş X2, xx.xx.2021-ci il tarixdə Türkiyədə doğulmuş X1 doğulmasına dair doğum faktının müəyyən edilməsi və uşağa yeni doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini, uşaqların doğumu qeydə alınarkən ata haqqında məlumatın nikah olmadığı üçün ananın deməsinə əsasən yazılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etsə də, lazımi sənədləri ala bilməməsini təsdiq edən sübutu (uşaqların hər birinə münasibətdə doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması barədə imtina məktubu) məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmçinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 saylı Qərarının 1.6-cı bəndinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Bundan əlavə iddiaçının tələbi dəqiq və aydın deyil, belə ki, məhkəmədən “ doğum haqqında şəhadətnamənin verilməsi” barədə qətnamə qəbul edilməsinin xahiş edilməsi məhkəmənin səlahiyyətinə aid deyil. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (149.1). İddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı (149.2.1), iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) (149.2.2), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb (149.2.3), müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat (149.2.4), “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat (149.2.4-1), ərizəyə əlavə edilən sənədlərin siyahısı (149.2.5) göstərilməlidir. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir (149.4). Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, ərizəçi tərəfindən qeyd edilən sənəd ərizəyə əlavə edilmədiyindən, ərizə onun forma və məzmununa uyğun məhkəməyə verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə hesab edir ki, ərizəçi “Hər bir uşağa münasibətdə doğum haqqında şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutları ərizəyə əlavə etmədiyindən və tələbi dəqiq olmadığından ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də ərizəçinin ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından, ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2023-cü il tarixdə dövlət büdcəsinə (Abşeron Rayon Məhkəməsinin hesabına, ********** qəbz nömrəsi ilə) ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar