Məhkəmə qərarları › İş №2(012)-4076/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4076/2021

06.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4076/2021 06.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rаyоn Məhkəməsinə müraciət edərək cavabdehlərin Abşeron rayonu Xırdalan şəhəri Aşıq Şəmşir küçəsində yerləşən 54A saylı evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya Abşeron rayonu Xırdalan şəhəri Aşıq Şəmşir küçəsində yerləşən 54A saylı evə dair çıxarış verilmişdir. Alqı-satqı müqaviləsinə əsasən evi cavabdehlərdən almışdır. Cavabdehlər evin köhnə sakinləridir. Onlar ana-oğuldur. Evi alarkən qeydiyyatdan ən qısa zamanda çıxacaqlarını bildirsələr də, hələ də evdə qeydiyyatda qalmaqdadırlar. Cavabdehlərin iddiaçının mülkiyyətində qeydiyyatda qalmaları formal xarakter daşıyır ki, bu da iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə yaratmış olur. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər iddia tələbini qəbul edərək təmin edilməsinə etiraz etmədilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 203.1-ci maddəsində təsbit edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 228.4-cü maddəsinə görə isə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyil, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. - 08.06.2021-ci il tarixli ******* saylı arayışdan müəyyən olunur ki, İddiaçı, Cavabdeh1 və Əliyev X2 rayonu Xırdalan şəhəri Aşıq Şəmşir küçəsində yerləşən 54A saylı evdə daimi qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 01.04.2019-cu il tarixli RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Abşeron rayonu Xırdalan şəhəri Aşıq Şəmşir küçəsində yerləşən 54A saylı ev İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 94 saylı reyestr kitabının 35 saylı vərəqində qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onların mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi ilə bağlı iddia ərizəsini etiraf etmələri, bu etirafın qanuni olması, digər şəxslərin hüquqlarına və qanuni mənafelərinə xələl gətirmədiyi öz təsdiqini tapdığından cavabdehlərin Abşeron rayonu Xırdalan şəhəri Aşıq Şəmşir küçəsində yerləşən 54A saylı evə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair iddia ərizəsini əsaslı hesab edib təmin edilməsi qənaətinə gəlir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu Xırdalan şəhəri Aşıq Şəmşir küçəsində yerləşən 54A saylı evə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar