Məhkəmə qərarları › İş №2(012)-4080/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4080/2024

21.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4080/2024 21.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 2 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə X6 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən və sahəsi 24,9 kv.m olan 3 otaqlı fərdi yaşayış evi alıcı X2 mülkiyyətinə verilmişdir. Sonradan satıcı X6, ipoteka saxlayan "xxxx" Açıq Səhmdar Cəmiyyəti və alıcı-ipoteka qoyan kimi isə onun, yəni İddiaçı arasında 29 sentyabr 2023-cü il tarixli, İBF/630 №-li alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı ünvan 2 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları DƏDRX tərəfindən 18 iyul 2022-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən daşınmaz əmlakı onun, yəni alıcı-ipoteka qoyanın mülkiyyətinə vermişdir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən daşınmaz əmlakın satış qiyməti 100.000 manatdır. Daşınmaz əmlakın dəyərinin 30.000 manat məbləğində olan hissəsi onun, yəni alıcı-ipoteka qoyanın özü tərəfindən, 70.000 manat məbləğində olan hissəsi isə kreditor-ipoteka saxlayan tərəfindən kreditor-ipoteka saxlayan olan onun, yəni alıcı-ipoteka qoyan/borcalan arasında Bakı şəhərində bağlanmış 29 sentyabr 2023-cü il tarixli, İBF/630 №-li kredit müqaviləsinə əsasən ona, yəni alıcı-ipoteka qoyana verilmiş kredit hesabına ödənilir. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən iddiaçı, yəni alıcı-ipoteka qoyan daşınmaz əmlakı bu müqavilə üzrə yaranmış hüquqa əsasən onun kreditor-ipoteka saxlayan arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə kreditor-ipoteka saxlayana ipotekaya verir. 29 sentyabr 2023-cü il tarixli, İBF/630 №-li alqısatqı və ipoteka müqaviləsinə əsasən iddiaçıya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 10 oktyabr 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin çıxarışa əsasən ünvan 2 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 72,80 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətindədir. Lakin daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evini alıcı X1 satıcı Cavabdeh hələ də göstərilən ünvanda yaşamağa davam etməklə, fərdi yaşayış evini tərk etmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan da göründüyü kimi, Cavabdeh göstərilən ünvanda qeydiyyatda deyil. Bu hal isə 29 sentyabr 2023-cü il tarixli, İBF/630 №-li alqı-satqı və ipoteka müqaviləsinə əsasən Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 10 oktyabr 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 2 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 72,80 kv.m olan fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnu həyata keçirməyinə mane olaraq, bu hüququnu məhdudlaşdırır. Ona görə də heç bir qanuni əsas olmadan sözügedən fərdi yaşayış evini tərk etməyərək, orada yaşayan Cavabdeh həmin fərdi yaşayış evindən çıxarılması zəruridir. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 2 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərdi ki, 2023-cü il tarixdə evlənib ailə həyatı qurmaq məqsədi ilə yaşadığı Abşeron Gənclər şəhərciyinə yaxın yerdə ev axtarmağa başlamışdır. Nəhayət ki, 2023-cü ilin iyulavqust ayında sözügedən ünvan 3 ünvanın yerləşən 3 otaqlı fərdi yaşayış evini tapmışdır. Həmin vaxtı evin sahibi olan Günel Hüseynova ilə aralarında evin alqı-satqısı barədə razılığa gəlmişlər. 27 sentyabr 2023-cü ildə evin sahibi Günel Hüseynova ilə əlaqə saxlayaraq birlikdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə getmişlər və daha sonra evin alqısatqısı baş tutmuşdur. Həmin vaxtı Cavabdeh tanımamışdır. Sadəcə həmin evdə bir qadının yaşadığını, onun da 1 ay ərzində başqa bir kirayə mənzil tapıb köçəcəyi bildirilmişdir. Həmin evin alışı zamanı ilkin ödəniş olaraq 30.000 manat ödəmişdir. Lakin hazırda cavabdeh tərəfindən mənzildən çıxmama onu ağır çətin vəziyyətə salmışdır. Artıq 8-9 aydır ki, aldığı evdən istifadə edə bilmir. Təxminən evə görə 3 ay çıxmaq şərti ilə, 7-8 aydır ki aylıq kredit ödənişləri də ödəyir. Cavabdeh evinə gəlməsini və ordan istifadə etməsini istəmir. Evin alınması ilə bağlı 2.500 manat borc da götürmüşdür. Aylıq ödənişləri ödədiyinə görə həmin borcu da qaytara bilmir. Evi satıb borcunu qaytarmaq istəyir. Lakin cavabdeh həmin evdə yaşadığından bunu edə bilmir. Əgər cavabdehin evin əvvəlki sahibi Günel Hüseynova ilə aralarında problem varsa, bunun ona aidiyyəti yoxdur. Onlar öz aralarında olan problemi həll etməlidirlər. Onlar arasında olan problemə görə cavabdeh ona qarşı da iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2022-2023-cü illərdə cavabdeh ilə Günel Hüseynova arasında hansısa biznes qurmaq məqsədi ilə bankdan pul götürmək barədə sövdələşmə olubsa və nəticədə cavabdeh aldanıbsa, bunun ona heç bir aidiyyəti yoxdur. O, sadəcə olaraq pul verib aldığı evə köçmək istəyir. X4 adı ilə 70.000 manat pul götürülmüşdür. Verilmiş suallara cavabında qeyd edir ki, evə görə ilkin ayın və daha sonra bir neçə ay banka götürülmüş kreditə görə aylıq ödənişləri ödəməməsinin səbəbi cavabdehin orda yaşaması və çıxmaması ilə bağlı olmuşdur. X8 almışdır. Bu gün həmin evin mülkiyyətçisi odur. Məhkəməyə müraciət etdiyi iyul ayına qədər keçən 9 ay ərzində məhkəmə müraciət etməməsini səbəbi cavabdehin ondan və digər şəxslərdən polisə şikayət etməsi və araşdırmanın davam etməsi ilə bağlı olmuşdur. Cavabdehə qarşı başqa şəxslər dələduzluq edib aldadıbsa bunun ona aidiyyəti yoxdur. Həmin araşdırma başa çatdıqdan sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Günel Hüseynova evin əvvəlki sahibidir. Lakin o həmin evdə qalmır. Evdə hazırda cavabdeh qalır. Göstərilənlərə əsasən Cavabdeh onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyək izahatında bildirdi ki, ona evin yerləşdiyi həyətdə çörək sexi açmaq üçün bankdan pul götürmək lazım olmuşdur. Bu zamanı tanış vasitəçilərdən biri Günel Hüseynovanın həmin pulu ona verəcəyini bildirmişdir. Həmin vaxtı Günel Hüseynova ilə 30.000 manatlıq borc müqaviləsi yazılsa da, G.Hüseynova həmin məbləğdən “şapka” adı ilə 6.500 götürərək 20.000 manat və 3.500 manat olmaqla, cəmi 23.500 manat ona vermişdir. Eyni zamanda borc müqaviləsinə əsasən ünvan 3 ünvanın yerləşən 3 otaqlı fərdi yaşayış evini Günel Hüseynovanın adına keçirmişdir. Aylıq 1.500 manat faiz olmaqla pul qaytarmağa başlamışdır. 8 ay hər ay 1.500 manat olmaqlda Günel Hüseynovaya faiz vermişdir. Günel Hüseynova 8 aydan sonra gələrək pulu başqa bir şəxsdən götürdüyünü, pulu götürdüyü şəxsin pulun əsas məbləğini geri istədiyini, faizi dayandırıb əsas borcun qaytarılmasını tələb etmişdir. Həmin vaxtı onda pul olmamışdır. Belə ki, sex açmaq məqsədi ilə götürdüyü pulu başqa bir dostu digər biznes sahəsinə pulu yönəltmək adı ilə ondan almış və nəticədə onu aldadaraq həmin pulu mənimsəmişdir. Bununla bağlı həmin şəxsdən də hüquq mühafizə orqanlarına müraciət etmiş və hazırda həmin iş gedir. Həmin vaxtı dostunu çağıraraq Günel Hüseynovanın 30.000 manatı geri istədiyini bildirmişdir. Həmin dostu pulu 15-20 günə qaytaracağını bildirsə də, 1 ay keçməsinə baxmayaraq qaytarmamışdır. Daha sonra Günel Hüseynova evi satmışdır. Belə ki, Günel Hüseynova ilk əvvəl Arzu adlı xanımı evi almaq məqsədi ilə müştəri kimi gətirmişdir. Arzu xanım evi almamışdır. Daha sonra Günel Hüseynova başqa bir şəxsi satmaq adı ilə evə baxmaq üçün göndərmişdir. O, gələn şəxsə evin satılmadığını, götürdükləri borca görə evi Günel Hüseynovanın adına keçirtdiyini, hazırda G.Hüseynovanın pulu bütöv şəkildə geri istədiyini, onun da həmin məbləği bütöv geri qaytarmağa imkanı olmadığını, evdə 7 nəfər ailə üzvü ilə yaşadığını bildirmişdir. Həmin gələn şəxs də mübahisəli evin ona lazım olmadığını bildirərək çıxıb getmişdir. Bir müddət sonra X10 adlı xanımı onun evi satmağa razı olduğu adı ilə aldadaraq, alqı-satqıdan sonra notariata gələrək ona şifahi şəkildə razılığını bildirəcəyini deyərək evi notariatda ona 54.000 manata satmışdır. Götürdüyü 30.000 manatı guya borcu qaytarmasına yönəltdiyini demişdir. Qalan 24.000 manatın isə hara yönəldiyindən və aqibətindən hər hansı bir söz ona deməmiş və bu puldan onun xəbəri yoxdur. O, bundan xəbər tutduqdan dərhal sonra vəkil tutaraq məhkəməyə ərizə ilə müraciət edərək evin alqı-satqısının dayandırılmasını xahiş etmiş və xahişi məhkəmə qərarına əsasən təmin edilmişdir. Bundan sonra Günel Hüseynova vətəndaşın pulunu qaytaracağını bildirərək evi onun adına ipotekaya qoymağı və banka olan ödənişləri onun özünün ödəməsini təklif etmişdir. O da bu təkliflə razılaşmışdır. Bundan sonra Günel Hüseynova onu və ailə üzvlərini apararaq onların xəbəri olmadan evdən qeydiyyatdan çıxartmışdır. 2023-cü ilin yanvar ayında Günel Hüseynova evi lombarda qoyaraq 60.000 manat pul götürərək 54.000 manat pulu Arzu adlı şəxsə qaytarmışdır. 24.000 manat Arzu xanıma ev satanda, daha sonra isə evi lombarda qoyulduqda 6.000 manat, ümumilikdə bu 2 (iki) əməliyyat nəticəsində Günel Hüseynova 30.000 manat məbləğində özü üçün pul götürmüşdür. Lombardın aylıq ödənişi 3.000 manat olmuşdur. Bunun birinci ayını ondan 23.500 manat pul götürən dostu vermişdir. Həmin dostu qoyduğu biznesdən pul gələn kimi götürdüyü məbləği bütöv şəkildə qaytaracağını və nəticədə borcu bağlayacağını bildirmişdir. Daha sonra isə Günel Hüseynova hazırki iş üzrə İddiaçı taparaq, ona güzəştli ipoteka veriləcəyini və nəticədə faizinin və aylıq ödənişinin aşağı olacağını bildirmişdir. X7 götürüləcək 70.000 manatdan 7.000 manatını İddiaçı, 25.000 manatını isə “şapka” olaraq banka veriləcəyini bildirmişdir. Yerdə qalan 45.000 manat pulun isə aqibəti bəlli deyildir. Müraciəti əsasında cinayət işi başlanılmış və hazırda həmin cinayət işi Abşeron Rayon Məhkəməsinin icraatındadır. Həmçinin sözügedən evin alqı-satqılarının etibarsızlığı və çıxarışların ləğv edilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və hazırda həmin iş Abşeron Rayon Məhkəməsinin icraatındadır. Onu da qeyd edir ki, iddiaçı özü də istintaqda izahatında 7.000 manat pula ehtiyacı olduğunu, evi almaq niyyətində olmadığını və 7.000 manat pul qarşılığında evin onun adına sənədləşdirilməsinə icazə verdiyini bildirmişdir. Günel Hüseynova da bu faktı təsdiq etmişdir. Verilmiş suallara cavabında qeyd edir ki, iddiaçıya qarşı iddiası olsa idi, ondan hərbi prokurorluğa şikayət edərdi. İlkin ödəniş olaraq iddiaçı 30.000 manat pul ödəməmişdir. Sadəcə olaraq 7.000 manat qarşılığında evin onun adına sənədləşdirilməsinə icazə vermişdir. Sözügedən evə dair ilkin hüquqmüəyyənedici sənədlər onun adına olmuşdur. Günel Hüseynovadan borca pul götürmək üçün girov məqsədi ilə evi G.Hüseynovanın adına keçirmişdir. Göstərilənlərə əsasən Abşeron Rayon Məhkəməsinin icraatında olan cinayət işi və mülki işlə bağlı həmin işlər həll edilənədək hazırki işin icraatının dayandırılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. İş materiallarında olan ipoteka saxlayan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə alıcı(ipoteka qoyan)-borcalan İddiaçı və satıcı X6 arasında bağlanmış 29 sentyabr 2023cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 2 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini alıcı-ipoteka qoyana satmış, götürülmüş 70.000 manat kredit məbləğinə görə həmin ev "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ipotekaya qoyulmuşdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 (Yeni qaydalarla: ünvan 1 İddiaçı tam mülkiyyətindədir. Qeydiyyat tarixi xx.xx.2023-cü il, qeydiyyat nömrəsi **********-dur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* №-li arayışdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda heç bir şəxs yoxdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; 33-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Məhkəmə iclasında müəyyən olundu ki, X6 özünə məxsus ünvan 2 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı satmış, götürülmüş 70.000 manat kredit məbləğinə görə həmin ev "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ipotekaya qoyulmuşdur. Hazırda qeyd olunan evin mülkiyyətçisi İddiaçıdur. Lakin evdə yaşayan Cavabdeh evi tərk etməmiş, hazırda həmin evdə qeydiyyatda deyildir. Bununla da cavabdeh mülkiyyətçi kimi İddiaçı dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarını pozur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh ünvan 2 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumuna görə 100 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 2 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. Ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar