Məhkəmə qərarları › İş №2(012)-4085/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4085/2021

06.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4085/2021 06.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Arzu Siyavuş qızı Əliyevanın katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin etibarsız hesab edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 06 avqust 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin etibarsız hesab edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət edilmə ilə əlaqədar ötürülmüş prosessual müddətin Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciəti ilə əlaqədar üzürlü hesab edilərək bərpa edilməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 aprel 2021-ci il tarixli AZTİR 1/112 saylı əmrinin etibarsız hesab edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə traktor operatoru vəzifəsinə işə bərpa edilməsi, yanvar 2021-ci il tarixdən aprel 2021-ci il tarixədək ödəniməmiş əmək haqqı məbləği və istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya ödənilməsi, mənəvi zərərin əvəzi olaraq 5.000 (beş min) manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 23.07.2020-ci il tarixdən AZTİR- 1/13 saylı əmr ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işə qəbul olunmuş və Cəmiyyətin Avadanlıq xidməti departamenti layihələrin idarə edilməsi şöbəsinin yükləyici operatoru vəzifəsinə təyin edilmişdir. 23 iyul 2020-ci il tarixdə əmək müqaviləsi bağlamışlar. Əmək müqaviləsinin bir nüsxəsini istəməsinə baxmayaraq, onu verməyə ehtiyac görməmişlər və müqaviləni verməkdən boyun qaçırmışlar. İddiaçı nəzərdə tutulan 15 gündən artıq, üç aydan biraz çox işləmişdir. İşin qarşılığında aylıq əmək haqqını da az vermələri ilə yanaşı, iddiaçını nəzərdə tutulan iş müddətindən, yəni həftəlik 40 saat, gündəlik 08 saatdan artıq işlətmişlər. İddiaçı onu işə götürən Saleh adlı şəxsə məvacibinin həddindən çox az olduğunu demiş, o da iddiaçıya kobud cavab vermişdir. 19 yanvar 2021-ci il tarixdə iddiaçını yenidən işə çağırmışlar. İddiaçı isə əvvəlki mübahisələrə görə işə qayıtmaq istəmədiyini desə də, əmək kitabçasına görə işə qayıtmışdır. Çünki iddiaçının əmək kitabçası şirkətdə qalmışdı və qanunsuz olaraq onu vermirdilər. İşə başladığı təxminən 9-cu, ya da 10-cu günündə texnika ilə işlədiyi zaman torpaq qatı sürüşmüş, nəticədə texnikanın qabaq, yan və qapı şüşələri sınmış, sol kapron “podkrelnik” zədələnmişdir. Məlumat verib hadisəni bildirmişdir. Bundan sonra, dərhal iddiaçını texnika ilə birlikdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə gəlməsini istəmişlər. Müəyyən sorğu apardıqdan sonra, dəyən ziyanın təxminən 1.500-2.000 manat məbləğində olduğunu bildirmişlər. İddiaçı bu zaman ona başqa texnikanın verilməsini və işləyib şirkətə dəymiş ziyanı hissə-hissə ödəyəcəyini bildirsə də, iddiaçının dediklərinə məhəl qoymamışlar. Hadisədən bir neçə gün sonra dəymiş ziyanı qəsdən şişirdərək 8.000 manat məbləğində olmasını qeyd etmişlər. İddiaçı qarşı tərəflə razılaşmaq üçün lazım olan sənədlər və şərtlərlə texnikanı təhvil alıb, nəzərdə tutulan vaxtda təmir edib geri qaytaracağını təklif etsə də, qarşı tərəf bu şərtlərlə razı olmamışdır. Hadisənin yanvar ayında olmasına baxmayaraq, aprel ayının 13-ə kimi əmək kitabçasını iddiaçıya verməmişlər. Hadisədən təxminən 03 ay sonra, yəni 12 aprel 2021-ci ildə AZTİR 1/112 saylı əmrlə iddiaçını işdən çıxarmışlar. İşdən çıxarılması ilə bağlı əmrdən çıxarışı istəməsinə baxmayaraq, onu da iddiaçıya verməmişlər. Baş verən hadisələrdən sonra iddiaçı Azərbaycan Respublikası Əmək Müfəttişliyi Xidmətinə müraciət etmişdir. İddia ərizəsi ilə müraciət etməmişdən 3 gün əvvəl çağırıb hadisə ilə bağlı izahatını almışlar. Müraciəti ilə bağlı Azərbaycan Respublikası Əmək Müfəttişliyi Xidmətinin qəbul etdiyi hüquqi nəticədən məlumatsızdır. İddiaçı müddətin çox uzandığını düşünüb məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşlədiyi müddətdə iddiaçı heç bir xəbərdarlıq, töhmət almamış, bir dəfə də olsun intizam məsuliyyətinə cəlb olunmamış, heç bir vaxt əmək və icra intizamını pozmamış, eləcə də məsul olduğu vəzifənin öhdəsindən tam gəlmişdir. Bu səbəbdən də 12 aprel 2021-ci il tarixli AZTİR 1/112 saylı əmr tam qanunsuzdur, cavabdeh tərəfindən hüquqlarını tələb etməsi ilə əlaqədar əmək fəaliyyətini ləkələmək, iddiaçını nüfuzdan salmaq məqsədilə qəsdən qəbul edilmişdir. İddiaçı barəsində qəbul edilmiş 12 aprel 2021-d il tarixli AZTİR 1/112 saylı əmr konkret olaraq əsaslandırılmadığından, əmək vəzifələrinin pozulması halının nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş olması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsinin nədən ibarət olması məlum deyildir. Ümumiyyətlə iddiaçının hansı hərəkətinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olması aydın deyil. Cavabdeh tərəfindən əmək hüquqlarının kobud şəkildə pozulması, onu qanuni işindən və gəlirindən məhrum etməsi, əmək haqqını və məzuniyyət təminatlarını realizə etməməsi ciddi qanun pozuntusu olmaqla iddiaçıya maddi və mənəvi zərər vurulmasına gətirib çıxarmışdır. Buna görə də cavabdehdən iddiaçıya ödənilməmiş əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, habelə vurulmuş mənəvi zərərin əvəzi də alınmalıdır. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğunun aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İddiaçının bu formada, yəni əsassız olaraq yararsız işçi damğası ilə işdən şüurlu şəkildə azad olunması, əmək kitabçasının, ümumiyyətlə əmək fəaliyyətinin qəsdən ləkələnməsi ona mənəvi zərər vurmuşdur. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət edilmə ilə əlaqədar ötürülmüş prosessual müddət Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciəti ilə əlaqədar üzürlü hesab edilərək bərpa edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 aprel 2021-ci il tarixli AZTİR 1/112 saylı əmri etibarsız hesab edilməli, onun əmək funksiyaları bərpa edilməli, yanvar 2021-ci il tarixdən aprel 2021-ci il tarixədək ödənilməmiş əmək haqqı məbləği və istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya, eləcə də mənəvi zərərin əvəzi cavabdehdən onun xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, onun əmək müqaviləsinə əlavə və dəyişiklik barədə məlumatı yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, iddiaçının əmək müqaviləsinə dəyişiklik barədə xəbəri olmamışdır, imzalamamışdır. 12 aprel 2021-ci il tarixdə həm əmr verilmiş, həm də xitam verilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 aprel 2021-ci il tarixli AZTİR 1/112 saylı əmrinin etibarsız hesab edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə traktor operatoru vəzifəsinə işə bərpa edilməsi, yanvar 2021-ci il tarixdən aprel 2021-ci il tarixədək ödənilməmiş əmək haqqı məbləği və istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya ödənilməsi, mənəvi zərərin əvəzi olaraq 5.000 (beş min) manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 23.07.2020-ci il tarixdən AZTİR-1/13 saylı əmr ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işə qəbul olunmuş və Cəmiyyətin Avadanlıq xidməti departamenti layihələrin idarə edilməsi şöbəsinin yükləyici operatoru vəzifəsinə təyin edilmişdir. Təxminən 2021-ci ilin yanvar ayının sonlarında texnika ilə işlədiyi zaman torpaq qatı sürüşmüş və texnikanın qabaq, yan və qapı şüşələri sınmış, sol kapron “podkrelnik” zədələnmişdir. 12 aprel 2021-ci il tarixli AZTİR 1/112 saylı əmrlə o işdən çıxarılmışdır. Baş verən hadisələrdən sonra o, Azərbaycan Respublikası Əmək Müfəttişliyi Xidmətinə müraciət etmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən 3 gün öncə çağırıb hadisə ilə bağlı izahatını almışlar. Müraciəti ilə bağlı Azərbaycan Respublikası Əmək Müfəttişliyi Xidmətinin qəbul etdiyi hüquqi nəticədən məlumatsızdır. Müddətin çox uzandığını düşünüb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hazırki iddia tələbi üzrə iddia müddəti itirildiyindən bu tələbə baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən: - 1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 3. Hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddia ərizəsindən də göründüyü kimi, İddiaçı məhkəməyə müraciət üçün nəzərdə tutulmuş iddia müddətini ötürdüyünü bilir və bunu etiraf edir. Həmçinin, o, müddətin buraxılmasına səbəb kimi özünün Əmək Müfəttişliyinə şikayət etməsini əsas gətirərək, buraxılmış müddətin üzrlü hesab edilməsini xahiş edir. Lakin iddia müddətinin ötrülməsinin üzrlü hesab edilməsi üçün göstərilən hazırki səbəb əsas kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.6-cı maddəsində konkret olaraq hansı hallarda məhkəmə tərəfindən buraxılmış müddətin üzrlü hesab edilə biləcəyi sadalanmışdır. Burada deyilir: - Əmək Məcəlləsi 296.6-cı maddə: Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Hazırki iş üzrə iddiaçının Əmək Müfəttişliyinə şikayət etməsi müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün əsas deyil. Göstərilənlərə əsasən İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 aprel 2021-ci il tarixli AZTİR 1/112 saylı əmrinin etibarsız hesab edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə traktor operatoru vəzifəsinə işə bərpa edilməsi, yanvar 2021-ci il tarixdən aprel 2021-ci il tarixədək ödənilməmiş əmək haqqı məbləği və istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya ödənilməsi, mənəvi zərərin əvəzi olaraq 5.000 (beş min) manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə iddia tələbi əsassız olduğundan, eləcə də məhkəməyə müraciət üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti keçdiyindən, iddiaya baxılmasından imtina edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 23 iyul 2020-ci il tarixli əmək müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 23 iyul 2020-ci il tarixdən 23 oktyabr 2020-ci il tarixədək Avadanlıq xidməti departamenti layihələrin idarə edilməsi şöbəsinin yükləyici operatoru vəzifəsinə işə qəbul edilmişdir. Tərəfləır müqaviləni imzalamışlar. Əmək müqaviləsinə tarixi göstərilməyən və tərəflərin imzası olmayan 19.01.2021-ci il tarixli işçinin traktor operatoru işinə keçirilməsi barədə qeyd vardır. İş materiallarına əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerine yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür və aşağıdakı vəzifələri icra etməyə borcludur: a) ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalıdır, eyni zamanda, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübarizə aparmalıdır; B) işəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin dəqiq hesabını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir; V) ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir; Q) inzibatı hüquqpozmalar, cinayət, yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan və işəgötürənə mənəvi ziyan vurma hallarına yol verməməlidir. 2. a) İşəgötürən işçiyə ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması və görüləcək işlərin layiqincə yerinə yetirilməsi üçün lazımi şərait yaratmalıdır; b) Qəbul edilmiş qaydalar əsasında inventarizasiyam həyata keçirməlidir. 3. Maddi məsul şəxsin günahı üzündən işəgötürənə dəyən zərərin miqdarı müəyyən edildikdən sonra onun tam ödənişi mövcud qanunvericilik əsasında həyata keçirilir, işə götürənlə olan mübahisələr Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun həll olunur. 4. Müəssisəyə dəyən zərər maddi məsul şəxsin təqsiri üzündən olmazsa onda maddi məsul şəxs ona cavab vermir. İş materiallarında əlavə olunmuş 19.01.2021-ci il tarixli aktın surətindən görünür ki, 19.01.2021-ci il tarixində "xxxx" MMC-yə məxsus olan ekskavator yükləyicisini BL61B DQN 90 L 155 (VİN: 1204314) idarə edən operator İddiaçı saat 18:30 radələrində texnikanı iş vaxtından sonra icazəsiz olaraq istifadə edərkən texnikanı aşırtmışdır. Qəza nəticəsində aşağıdakı qeyd olunan ehtiyat hissələri sıradan çıxmışdır: sol qapı şüşəsi, ön alın şüşəsi, kabinin sol arxa şüşəsi. Zərər dəyən ehtiyat hissələrinin siyahısı: sol arxa təkərin krılosu, dam örtüyü, kabinanın dəmirçi və boya işləri. İş materiallarına əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin layihələrin idarə edilməsi şöbəsini sahə rəisi X9 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X8 ünvanlanmış xidməti məlumatın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan “Volvo BL61B” markalı 90 L 155 nömrəli yükləyici Qazax rayonu, "xxxx" MMC-yə 13.01.2021-ci il tarixdə icarəyə verilmişdir. Həmin vaxt texnikanı saz vəziyyətdə İddiaçı təhvil vermişdir. 19.01.2021-ci il tarixdə saat 19:00 radələrində operator Cəsarət texnikanı aşırdığını bildirmişdir. Hadisə yerinə getmiş və nəticədə aydın olmuşdur ki, operator işdən kənar ərazidə işləyərkən texnika sol tərəfi üstə torpaq axması nəticəsində aşmışdır. Texnikaya baxış keçirmişlər, texnikanın 3 ədəd şüşəsi sınmış, sol təkərin örtük qanad və yuxarı ban örtüyündə çat əmələ gəlmişdir. Texnikaya baxışdan sonra saat 20:30 radələrində operator özünü pis hiss etdiyi üçün həkimə müraciət etmiş, nəticədə operatorda sınıq qeydə alınmamış, həkimin rəyinə görə operatorda əzinik qeydə alınmışdır. İş materiallarında olan Layihələrin idarə edilməsi şöbəsinin operatoru İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X8 ünvanlanmış izahatın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı bildirmişdir ki, 13.01.2021-ci il tarixdə Qazax rayonu, "xxxx" MMC-yə icarəyə verilmiş “Volvo BL61B” markalı 90 L 155 nömrəli yükləyicini sahə rəisi X1 vəziyyətdə təhvil almışdır. 19.01.2021-ci il tarixdə köhnə iş yoldaşı ilə danışarkən Qazax rayonunda işlədiyini bildirmişdir. Danışıq zamanı ondan texnikayla yaxınlıqdakı bağında 5 dəqiqəlik köməklik etməsini xahiş etmişdir. Dostluq münasibətində olduğu üçün etiraz edə bilməmişdir. Saat 18:00-da iş bitdikdən sonra yaxınlıqdakı dostunun işini görərkən yer sürüşkən olduğu üçün torpaq boşluğuna düşərək texnika sol tərəfə aşmışdır. Nəticədə texnikanın üç şüşəsi qırılmışdır. Özü isə aşma nəticəsində sol bel nahiyəsi zədələnmişdir. Özünə gəldikdən sonra sahə rəisi X6 texnika ilə bağlı məlumatla bildirmişdir. Texnikaya dəymiş ziyana görə imkansız olduğunun nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Avadanlıq Xidməti Departamentinin rəisi X7 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X8 ünvanlanmış xidməti məlumatın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMC-yə icarəyə verilən "xxxx" MMC-yə məxsus “Volvo BL61B” markalı, 90 L 155 nömrəli backhoe loaderin operatoru İddiaçı 19.01.2021-ci il tarixində heç kimə xəbər etmədən layihə ərazisini tərk etmiş və layihə ərazisindən kənarda texnikanı işlədərkən aşırmışdır. Texnikaya dəymiş ziyanı araşdırmaq üçün akt tərtib edilmiş və 8.263,56 manat dəyərində ziyan dəydiyi müəyyən edilmişdir. Göstərilən faktların nəzərə alınaraq İddiaçı barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarına əlavə olunan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş təmir xərci adlı sənədin müvafiq qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, BL61B modelli texnikaya kabina təmirinə görə ehtiyat hissələr 5.303,03 manat, görüləcək işlər 1.699,99 manat, 18 % ƏDV 1.260,54 manat olmaqla, cəmi 8.263,56 manat təşkil edir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin AZT İR-1/112 nömrəli 12 aprel 2021-ci il tarixli işdən azad olma haqqında əmrinin surətindən görünür ki, Cəmiyyətin Avadanlıq xidməti departamentinin Layihələrin idarə edilməsi şöbəsinin traktor operatoru İddiaçı əmək müqaviləsinə 12 aprel 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (72-ci maddənin “c” bəndi təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) əsasən xitma verilmişdir. Son haqq hesab: İstifadə edilməyən 15 (on beş) təqvim günü məzuniyyət günləri. Əsas: Cəmiyyətin Avadanlıq xidməti departamentinin Layihələrin idarə edilməsi şöbəsinin rəisi X4 16.03.2021-ci il tarixli vəsatəti və araşdırma materialları. İş materiallarında olan 009740 nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 23.07.2020-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Avadanlıq xidməti departamenti layihələrin idarə edilməsi şöbəsinin yükləyici operatoru vəzifəsinə işə qəbul edilmiş, 19.01.2021-ci il tarixdə Cəmiyyətin Avadanlıq xidməti departamentinin layihələrin idarə edilməsi şöbəsinin traktor operatoru vəzifəsinə keçirilmiş, 12.04.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərin birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir; 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrəöhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz; 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır; 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir; 296-cı maddəsinin 2-ci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 23 iyul 2020-ci il tarixli əmək müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 23 iyul 2020-ci il tarixdən 23 oktyabr 2020-ci il tarixədək Avadanlıq xidməti departamenti layihələrin idarə edilməsi şöbəsinin yükləyici operatoru vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər müqaviləni imzalamışlar. Əmək müqaviləsinə tarixi göstərilməyən və tərəflərin imzası olmayan 19.01.2021-ci il tarixli işçinin traktor operatoru işinə keçirilməsi barədə qeyd vardır. Qeyd edilənlərdən göründüyü kimi tərəflər arasında bağlanan üç aylıq müqavilənin müddətinin 23 oktyabr 2020-ci il tarixdə bitməsinə baxmayaraq,eyni zamanda tərəflərin izahatlarından göründüyü kimi müqavilənin müddəti bitəndən sonra müqavilə müddəti uzadılmamış və iddiaçı faktiki olaraq cavabdeh müəssisədə fəaliyyət göstərməmiş, lakin buna baxmayaraq sonradan iddiaçı cavabdeh tərəfindən müəssiyə dəvət edilmiş, tərəflər arasında bağlanan əmək müqaviləsinə tarixi göstərilməyən və tərəflərin imzası olmayan 19.01.2021-ci il tarixli işçinin traktor operatoru işinə keçirilməsi barədə qeyd daxil edilmişdir ki, göründüyü kimi həmin qeyd qanuni qaydada aparılmadığından onun hüquqi qüvvəsi yoxdur. O halda məhkəmə hesab edir ki, tərəflər arasında əmək münasibətləri olmadığı bir halda, iddiaçının barəsində cavabdeh tərəfindən 12.04.2021ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi qanunsuz olmuşdur. Məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə əlaqədar olaraq qeyd edir ki, tərəflərin izahatlarından və iş materiallarında olan sənədlərdən də görünür ki, əmr verilən vaxt tərəflər arasında əmək münasibətləri olmamışdır.Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 12.04.2021-ci il tarixli əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmaqla verildiyindən həmin əmr etibarsız hesab edilməli və elə qeyd edilən əsaslarla da, digər iddia tələbləri əsassız hesab edilib təmin edilməməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 12 aprel 2021-ci il tarixli AZT İR-1/112 saylı əmri qanunsuz və əsassız olduğundan etibarsız hesab edilməli, digər hissədə iddia tələbləri təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 12 aprel 2021-ci il tarixli AZT İR-1/112 saylı əmri qanunsuz və əsassız olduğundan etibarsız hesab edilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şıkayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar