Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4206/2021 25.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ X15 Səfiyevanın sədrliyi, Arzu Siyavuş qızı Əliyevanın katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh, onun vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə 25 oktyabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzbati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı öz azyaşlı övladı X11 ilə birlikdə Cavabdeh ilə birgə nikahda olduqları dövrdə inşa edilmiş, "xxxx" MMC-nin Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “AAAF-Park” yaşayış masivi 10 saylı küçədə, 3 saylı 0,025 ha sahəsi olan torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 01.09.2003-cü il tarixdə faktiki nikaha girməklə ailə qurmuş, nikahları 19.04.2008-ci il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahdan 18.10.2006-cı ildə Arzu, 14.07.2009-cu ildə isə, Hüseyn adlı övladları anadan olmuşdur. Birgə nikahda olduqları dövrdə, yəni 15.09.2012-ci il tarixdə, Cavabdeh ailəliklə yaşadıqları ünvan 1 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evini sataraq, həmin evin pulundan "xxxx" MMC-nin Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “AAAF- Park” yaşayış masivi 10 saylı küçədə, 3 saylı 0,025 ha sahəsi olan torpaq sahəsini almış və həmin torpaq sahəsində 3 otaqlı fərdi yaşayış evi tikilmişdir. Evin tikintisində, onun atası, qardaşı, qohumları da iştirak etmişlər. Onlar, həmin evin tikintisinə 100.000 manata qədər məbləğdə pul vəsaiti xərcləmişdir. Fərdi yaşayış evi tikilib başa çatdıqdan sonra, onlar, ailəlikcə köçərək, həmin evdə yaşamağa başlamışlar. Lakin, həmin evə köçdükdən sonra, cavabdehin ailəyə münasibəti dəyişmişdir, O, ailəsi ilə maraqlanmamış, ailəyə baxmamışdır. Bu səbəbdən də onlar arasında olan münasibətlər korlanmışdır. 2017-ci ilin əvvəllərində isə, Cavabdeh evə başqa bir xanım gətirərək, həmin xanımla ailə qurduğunu deyərək, iddiaçını 2 azyaşlı övladı ilə birlikdə evdən qovaraq küçəyə atmışdır. Bundan sonra, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3548/2017 saylı, 16 mart 2017-ci il tarixli qətnaməsi ilə onlar arasında olan nikah pozulmuşdur. Cavabdeh iddiaçını evdən qovduqdan sonra, o, azyaşlı övladları ilə atasının H.Z.Tağıyev qəsəbəsində yerləşən 3 otaqlı mənzilinə köçərək, orada yaşamağa başlamışdır. Sonradan, oğlu Hüseyn, cavabdeh ilə yaşamağa başlamış, o isə, azyaşlı qızı ilə hələ də,atası evində yaşayır. Həmin mənzildə yaşamaqları qeyri-mümkündür. Belə ki, mənzil cəmi 3 otaqlıdır və həmin mənzildə 10 nəfər - atasıgil, qardaşının ailəsi yaşayır. Mənzil şəraiti acınacaqlı vəziyyətdədir. O, dəfələrlə Cavabdehlə birgə nikah dövründə inşa etdikləri evə köçərək orada yaşamağa cəhd göstərsə də, Cavabdeh onun azyaşlı övladları ilə həmin evə köçərək, orada yaşamaqlarına imkan vermir. Hətta, onun gəlin köçərkən apardığı və həmin evi tikdikdən sonra ora gətirdiyi cehiz əşyaları bu evdə qalmışdır və cavabdeh bu gün də həmin əşyalardan istifadə edir. O, hələ 2017-ci ildə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikah dövründə inşa etdikləri evin dəyərinin onun payına düşən hissəsinin alınaraq ona verilməsini tələb etsə də qeyd edilən fərdi yaşayış evinə dair cavabdehin mülkiyyət hüquqları qeydə alınmadığından onun iddiası təmin edilməmişdir. Lakin Abşeron Rayon Məhkəməsinin, Sumqayıt Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə həmin fərdi yaşayış evinin onların cavabdehlə birgə nikahda olduqları dövrdə tikilməsi və onun azyaşlı övladları ilə qeyd edilən fərdi yaşayış evindən məcburi çıxarılmaları öz təsdiqini tapmışdır. Cavabdeh iddiaçının azyaşlı övladı ilə birlikdə birgə nikah dövründə inşa etdikləri və iddiaçının da istifadə və yaşamaq hüququnun olduğu evə köçərək, həmin evdə yaşamaqlarına imkan vermədiyindən, məcburiyyət qarşısında qalaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. O, mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq, həmin evin tikintisi zamanı cavabdehlə nikahda olmuş, uzun müddət həmin evdə yaşamış İddiaçı, həmçinin onun azyaşlı övladı Arzunun da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni İddiaçı və azyaşlı övladının köçürülməsindən imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, azyaşlı Arzunun uşaq hüquqlarının pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Odur ki, iddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı öz azyaşlı övladı X11 ilə birlikdə Cavabdeh ilə birgə nikahda olduqları dövrdə inşa edilmiş, "xxxx" MMC-nin Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “AAAF-Park” yaşayış masivi 10 saylı küçədə, 3 saylı 0,025 ha sahəsi olan torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, 1997-ci il tarixdə, atası tərəfindən, ünvan 2 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyət sənədi ilə, yəni çıxarışla onun adına alınmışdır və iddiaçı ilə ailə həyatı quranadək, yəni 2003-cü ilədək həmin fərdi yaşayış evində yaşamışdır. 2003-cü ilin avqust ayında iddiaçı ilə ailə həyatı quraraq faktiki ailə münasibətlərində olmuş, 2008-ci il 19 apreldə isə rəsmi nigaha girmişdir. Birgə nigahlarından iki övladları:18.10.2009-cu il təvəllüdlü X11, 14 iyul 2009-cu il təvəllüdlü X10 dünyaya gəlmişdir. 15 sentyabr 2012-ci ildə həmin fərdi yaşayış evi tərəfindən satılaraq, "xxxx" MMC-nin Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən "AAAF-Park" yaşayış massivi 10 saylı küçədə, 3 saylı 0,025 ha olan torpaq sahəsini alınmış və həmin ünvanda 3 otaqlı fərdi yaşayış evi tikilmiş, həmin fərdi yaşayış evi 2013-cü ilin iyun ayında yaşamaq üçün hazır olmuş və o, iddiaçı ilə 2017-ci ilin yanvar ayının 22-dək həmin fərdi yaşayış evində yaşamışlar. 22 yanvar 2017-ci il tarixdən iddiaçı ilə faktiki ayrılmış, həmin ilin fevral ayınında nigahlarının pozulması barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, 16 mart 2017-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinin qətnaməsi ilə rəsmi qayda da nikahları pozulmuşdur. Məhkəmə qətnaməsi ilə azyaşlı övladlarının anasının yanında qalması müəyyən edilsədə, oğlu X10 03 iyun 2017-ci il tarixdən onunla yaşamağa başlamış və hal-hazırdada birlikdə yaşayırlar. 30 mart 2021-ci il tarixdən isə, Füzuli rayon məhkəməsinin qətnaməsi ilə oğlu X4 onun himayəsinə verilməsi qət edilmişdir. X3 anasının himayəsinə verilsə də, daimi onun yanına gəlibgedirdi və bütün zəruri ehtiyaclarını yüksək səviyyədə təmin edirdi. Lakin, hal-hazırda baxılan mülki iş üzrə iddia ərizəsi Abşeron rayon məhkəməsinə verildikdən sonra, iddiaçı qızı Arzu Quliyevanı onun yanına gəlməsinə imkan vermir. Həmçinin, iddiaçı ilə nigahımız pozulduqdan sonra, yenidən ailə həyatı qurmuş və bu ailə həyatından X12 adlı 1 övladı da dünyaya gəlmişdir. Həmçinin, ailə həyatı qurduğu xanımın da əvvəlki nikahından X6 adlı 1 övladı da var, həmin qız uşağı da onun evində onlarla birlikdə yaşayır. Hal-hazırda onların ailə tərkibi 5 nəfərdən ibarətdir. iidiaçının öz iddia ərizəsində göstərdiyi məlumatların əksəriyyəti yalandır. Belə ki, iddiaçı iddia ərizəsində göstərir ki, "Evin tikintisində mənim atam, qardaşım, qohumlarım iştirak etmişlər. Biz həmin evin tikintisinə 100.000 manata qədər məbləğdə pul vəsaiti xərcləmişik", lakin bildirirəm ki, həmin fərdi yaşayış evinin tikintisində iddiaçının heç bir qohumu iştirak etməmiş, həmin evin tikintisini bu sahədə ixtisaslaşmış ustalar aparmışdılar, həmçinin, həmin fərdi yaşayış evi 20.000 manat pul vəsaitinə tikilmişdir. Bunda başqa, iddiaçı öz iddia ərizəsində göstərir ki, "2017-ci ilin əvvəllərində Cavabdeh evə başqa bir xanım gətirərək, həmin xanımla ailə qurduğunu deyərək, məni 2 azyaşlı övladımla birlikdə evimizdən qovaraq küçəyə atdı". Lakin, o, İddiaçı ilə nikahları rəsmi qayda da pozulduqdan xeyli keçdikdən sonra ailə həyatı qurmuşdur. Bundan başqa, iddiaçı öz iddia ərizəsində göstərir ki, " Məhkəmənin nəzərinə çatdırıram ki, cavabdeh bizi evdən qovduqdan sonra, mən azyaşlı övladlarımla atamın H.Z.Tağıyev qəsəbəsində yerləşən 3 otaqlı mənzilinə köçərək orada yaşamağa başladım. Sonradan, oğlum Hüseyn atası ilə yaşamağa başladı, mən isə azyaşlı qızımla hələ də həmin mənzildə yaşamağa davam edirəm. Bildirirəm ki, həmin mənzildə yaşamaları qeyrimümkündür. Beləki, mənzil cəmi 3 otaqdır və həmin mənzildə 10 nəfər-atasıgil, qardaşının ailəsi yaşayır, mənzil şəraiti acınacaqlı vəziyyətdədir. Dəfələrlə Cavabdehlə birgə nigah dövründə inşa etdiyimiz evə köçərək orada yaşamağa cəhd göstərsəmdə Cavabdeh azyaşlı övladı ilə həmin evə köçərək, orada yaşamağına imkan vermir. Bildirir ki, hətta, gəlin köçərkən apardığı və həmin evi tikdikdən sonra ora gətirdiyi cehiz əşyaları bu evdə qalmışdır və cavabdeh bu gündə həmin əşyalardan istifadə edir". Lakin, o, iddiaçını evdən qovmamış, rəsmi qaydada ayrılmışlar və o, öz ata evinə getmişdir. Nikahları pozulduqdan sonra, oğlu Hüseyn Quliyev birdəfəlik onunla yaşayır, qızı Arzu Quliyeva isə anası ilə birlikdə yaşayır. İddiaçının atasına məxsus həmin evdə 6 nəfər: iddiçının atası Eyvaz Quliyev, anası Nuridə Allahverdiyeva, qardaşı Rahib Quliyev, qardaşının həyat yoldaşı, İddiaçı və azyaşlı qızı Arzu Quliyeva yaşayır. İddiaçı heç vaxt onun fərdi yaşayış evində yaşamağa cəhd etməmiş, cehiz əşyaları isə yığılaraq kənar bir nəfərin evində saxlanılmış, dəfələrlə həmin əşyaların aparılması təklif edilsə də, iddiaçı həmin əşyaları aparmaqdan imtina etmişdir. Bundan başqa, iddiaçı öz iddia ərizəsində göstərir ki, "Abşeron rayon məhkəməsinin, Sumqayıt Apellyasiya məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə həmin fərdi yaşayış evinin onların cavabdehlə birgə nikahda olduğumuz dövrdə tikilməsi və azyaşlı övladları ilə qeyd edilən fərdi yaşayış evindən məcburi çıxarılmağı öz təsdiqini tapmışdır". Lakin, həmin məhkəmələrin qətnaməsində iddiaçının və azyaşlı övladının həmin fərdi yaşayış evindən məcburi çıxarılması barədə heç bir məlumat və qeyd yoxdur. iddiaçının fərdi yaşayış evindən istifadə hüququ olmadığından, yəni onlafr arasında bağlanan, notariat qaydasında təsdiq edilən və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçən istifadə hüququ olmadığından və bunun əksini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, iddiaçı tərəfindən verilən iddia tələbi əsaslı deyildir və rədd edilməlidir. Həmçinin, fərdi yaşayış evi ilə bağlı mülkiyyətə dair heç bir rəsmi sənəd olmadığından o da mülkiyyətçi deyildir. Həmçinin, qeyd etmişdir ki, iddiaçı ilə faktiki ayrılmaqları 4 il 8 ay, rəsmi qayda da ayrılmaqlaeı isə 4 il 6 aydır. Təxmini, ayrılmaqlarından 5 ilə yaxın bir müddət keçdikdən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi əsasızdır və təmin edilə bilməz. İddiaçı ilə nikahları pozulduqdan sonra, yenidən ailə həyatı qurmuş və bu ailə həyatından X12 adlı 1 övladı da dünyaya gəlmişdir. Həmçinin, ailə həyatı qurduğu xanımında əvvəlki nigahından X7 adlı 1 övladı da var, həmin qız uşağı da onun evində onlarla birlikdə yaşayır. Hal-hazırda onların ailə tərkibi 5 nəfərdən ibarətdir. Həmin fərdi yaşayış evi 3 otaqdan ibarətdir, 1 otaqdan oğlanları X10 və X12 istifadə edir, digər 1 otaqdan qızı X7 istifadə edir, digər 1 otaqdan isə o və həyat yoldaşı istifadə edirlər. Həmin fərdi yaşayış evinə münasibətdə iddiaçının iddia tələbinin təmin edilməsi qeyri-mümkündür. Bundan başqa həm Abşeron rayon polis idarəsində, həm də Sumqayıt şəhər polis idarəsində, 2017-ci ilin əvvəllərindən bu günədək "münaqişəli ailələr" kimi qeydiyyatdadırlar və hər ay hər iki polis idarələrinə dəvət edilərək izahatı alınır. Belə ki, iddiaçının DİN-nin 102 qaynar xətinə etdiyi zənglərdə, yazılı və şifahi şəkildə dövlət orqanlarına etdiyi şikayətlərdə "mənim tərəfimdən öldürüləcəyi barədə", "əlimdə avtomat və digər silahlarla onun yaşadığı binanın ətrafında onu hədələməyim barədə" dəfələrlə məlumat vermiş, bu şikayətlər əsasında dəfələrlə polis orqanlarında araşdırmalar aparılmış və hal-hazırda da Abşeron və Sumqayıt polis idarəsinin əməkdaşları tərəfindən "münaqişəli ailə" kimi hər ay izahatı alınır. İddiaçı bir tərəfdən mənim tərəfindən öldürüləcəyi barədə dövlət orqanlarına rəsmi məlumatlar verir və təhlükəsizliyinin təmin edilməsi xahiş edilir, digər tərfdən isə məhkəməyə iddia ərizəsi ilə müraciət edir ki, onu, "öldürəcək" şəxsin fərdi yaşayış evinə köçürün. Həmçinin, 2017-ci il tarixdə, İddiaçı, atası X13, anası X2, xalası oğlu Xanış və adlarını bilmədiyi digər qohumları onun avtomobilinə hücum edərək, avtomobilini daş, dəmir parçaları ilə və təpiklə vurmaqla 3.000 manatdan çox maddi ziyan vurmuşlar və eyni zamanda onu, həyat yoldaşı Kəmalə İbrahimovanı, azyaşlı oğlu Hüseyn Quliyevi və qardaşı Sahib Quliyevi döyərək hər birilərinə az ağır bədən xəsarətləri yetirmişlər, o cümlədən onun əl barmağını daşla vurub sındırmışdılar. Bu cinayət işi üzrə, Sumqayıt şəhər məhkəməsində ittiham hökmü çıxarılmış və həmin hökm, Sumqayıt Apellyasiya məhkəməsində və Azərbaycan Respublikası Ali məhkəməsində qüvvədə saxlanılmışdır. Odur ki, qeyd etdiklərinə əsasən iddia tələbi qanunsuz və əsassı olduğundan tam şəkildə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh, onun vəkili-nümayəndəsi Vəkil2 iddia tələbinə verilən etirazı müdafiə edərək, iddia tələbinin rədd edilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işin materiallarında olan: Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3548/2017 saylı 16 mart 2017-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhər, Sabunçu rayon qeydiyyat şöbəsində 19 aprel 2008-ci ildə 378 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 18 oktyabr 2006-cı il təvəllüdlü X11 və 14 iyul 2009cu il təvəllüdlü X10 adlı övladlarının yetkinlik yaşma çatana qədər anaları İddiaçı yanında qalması, 10 fevral 2017-ci il tarixdən etibarən, 18 oktyabr 2006-cı il təvəllüdlü X8 və 14 iyul 2009-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər bir uşaq üçün 137 manat, ümumilikdə 234 manat alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3938/2017 saylı 04 avqust 2017-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, “Mercedes Benz E270 CDİ” minik markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilə ½ hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh payı müəyyən edilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-27/2021 saylı 04 may 2021-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı Abşeron rayonu, Xırdalan şəhərindəki AAAF Park 2 yaşayış kompleksində yerləşən torpaq sahəsinə görə ödənilən 12.500 manat pulun və həmin torpaq sahəsində inşa etdirdikləri 3 otaqdan ibarət fərdi yaşayış evinə və tikililərə görə xərclədikləri pulun 2/3 hissədə, yəni 74.999 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir. Füzuli rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(064)-121/2021 saylı qətnaməsinin urətindən müəyyən edilir ki, 14.07.2009-cu il təvəllüdlü X10 anası İddiaçı alınaraq atası Cavabdeh verilməsi, cavabdeh İddiaçı 30.03.2021-ci tarixdən etibarən azyaşlı Hüseyn yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsi, qətnamə alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir. "xxxx" MMC tərəfindən 10.08.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC ilə onun arasında bağlanmış 04.10.2012-ci il tarixli A(t)/053 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı- satqısı haqqında müqaviləsinə əsasən Abşeron rayonu. Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən, “AAAF PARK” yaşayış massivindəki, 10 saylı küçəsində, 0.025 ha.torpaq sahəsində yerləşən 3 nömrəli fərdi yaşayış evində aşağıdakı tərkibdə ailəsi ilə birlikdə qeydiyyatsız, faktiki olaraq yaşayırlar: Cavabdeh-xx.xx.1975, X5-04.08.1989, X10-14.07.2009, X12-16.11.2017, X7- 09.07.2010. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı Cavabdeh ilə 01.09.2003-cü il tarixdə faktiki nikaha girməklə ailə qurmuş, nikahları 19.04.2008-ci il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahdan 18.10.2006-cı ildə Arzu, 14.07.2009-cu ildə isə, Hüseyn adlı övladları anadan olmuşdur. Birgə nikahda olduqları dövrdə, yəni 15.09.2012ci il tarixdə, Cavabdeh ailəliklə yaşadıqları ünvan 1 ünvanında yerləşən cavabdehə məxsus olan 3 otaqlı fərdi yaşayış evini sataraq, həmin evin pulundan "xxxx" MMC-nin Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “AAAF-Park” yaşayış masivi 10 saylı küçədə, 3 saylı 0,025 ha sahəsi olan torpaq sahəsini almış və həmin torpaq sahəsində 3 otaqlı fərdi yaşayış evi tikilmişdir. 2013-cü ildən tərəflər ailəlikcə köçərək, həmin evdə yaşamağa başlamışlar. Lakin, həmin evə köçdükdən sonra, tərəflər arasında münasibət pisləşmiş,2017-ci ilin yanvarın 22-dən iddiaçı həmin mənzili tərk edərək Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsində yerləşən valideynlərinə məxsus evdə yaşamağa başlamışdır. Sumqayıt şəhər Məhkəməsinin 16 mart 2017-ci il tarixli qətnaməsiilə tərəflər arasında olan nikah pozulmuşdur.Sonradan, oğlu Hüseyn cavabdeh ilə yaşamağa başlamışdır. Həmçinin işin məhkəmə baxışında müəyyən edildi ki, iddiaçı dəfələrlə mübahisəli evi köçüb yaşamaq istəsə də, Cavabdeh buna imkan vermədiyini bildirsə də, cavabdeh buna etiraz etmiş, iddiaçının belə bir niyyətlə hüç vaxt mübahisəli evə gəlmədiyini bildirdi, iddiaçı isə bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə və 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164-cü maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2 maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. İşin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verərək məhkəmə qeyd edir ki,iddiaçı 2017-ci ilin 22 yanvar tarixindən mübahisəli tikilini tərk edib getmiş, 25 iyun 2021-ci il tarixdə mənzilə köçürmə ilə bağlı iddia ilə məhkəməyə müraciət etmişdir.İddiaçı mənzili tərk edəndən sonra bir daha yaşamaq üçün həmin evə köçmək istədiyini, lakin cavabdehin buna imkan vermədiyini bildirsə də, bunu məhkəmə baxışında sübut edə bilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı mübahisəli evi tərk edərkən bir daha ora qayıdıb yaşamaq niyyətində olmamışdır.İşin bu halı onun mübahisəli evlə bağlı məhkəmə mübahisələri ilə də təsdiq olunur.Hansı ki, bu barədə adları yuxarıda qeyd edilən məhkəmə qətnamləri hazırda qanuni qüvvəsindədir,yəni iddiaçı bir dəfə mübahisəli mənzildə payının müəyyən edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmış, ev özbaşına tikili olduğundan iddia tələbi rədd edilmişdir,başqa bir iddia tələbi mübahisəli evin tikintisinə çəkilmiş xərcin bölünməsi ilə bağlı olmuşdur,bu tələb isə əsassız olduğundan təmin edilməmişdir.Göründüyü kimi mübahisəli tikili özbaşına tikilidir. MM-nin 164.2 maddəsinin məzmunundan göründüyü kimi iddiaçı mübahisəli tikilidən təxminən 4 il yarımlllik müddət ərzində istifadə etməməklə, məhrumetmədən sonrakı ildə iddia tələbi ilə məhkəməyə müraciət etməklə artıq oradan yaşamaq hüququ itirılmiş hesab olunur.Bu əsasda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı aratıq cavabdehin ailə qurduğunu və yeni ailəsi ilə birlikdə 3 otaqlı mübahisəli tikilidə 5 nəfər ailə üzvləri ilə birlikdə yaşadıqlarını, tərəflərin münaqişəli ailə kimi Pİ-də qeydiyyatda olduqlarını bildiyi, habelə tərəfər arasında münasibətin son dərəcədə kəskin olduğunu bildiyi halda, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi halı özü də, iddiaçının hazırkı iddia tələbinin onun həqiqi iradə ifadəsi olmadığını təsdiq edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı azyaşlı övladı X11 ilə birlikdə Cavabdeh ilə birgə nikahda olduqları dövrdə inşa edilmiş, "xxxx" MMC-nin Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “AAAF-Park” yaşayış masivi 10 saylı küçədə, 3 saylı 0,025 ha sahəsi olan torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə köçürülmələri barədə iddia tələbi əsassız hesab edilib təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-ci maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı azyaşlı övladı X11 ilə birlikdə Cavabdeh ilə birgə nikahda olduqları dövrdə inşa edilmiş, "xxxx" MMC-nin Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “AAAF-Park” yaşayış masivi 10 saylı küçədə, 3 saylı 0,025 ha sahəsi olan torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə köçürülmələri barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4206/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4206/2021
25.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver