Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4212/2025 02.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə (müstəqil tələb irəli sürməyən İİİ şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi) qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış əmək dövrü üçün əməkhaqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış əmək dövrü üçün əməkhaqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi Abşeron rayon Cavabdeh direktoru Şəms Əliyevanın xx.xx.2025-ci il tarixli, 39 saylı əmrinin ləğv edilməsi, iddiaçının həmin məktəbə “fortepiano müəllimə”si vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi işburaxma müddətinə görə əməkhaqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1996-cı ildə əmək fəaliyyətinə başlamış, xx.xx.2003-cü ildə Abşeron rayonu Saray qəsəbə incəsənət məktəbinə fortepiano müəllimi vəzifəsinə təyin olunmuş, xx.xx.2025-ci ildə Abşeron rayon Cavabdeh fortepiano müəllimi vəzifəsindən AR ƏM-nin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad olunmuşdur. Ümumi iş stajı 28 il 05 ay təşkil edir. İddiaçı həmin məktəbdə işlədiyi müddət ərzində həmişə işinə məsuliyyətlə yanaşmış, daim intizamlı olmuş, əmək funksiyalarını vaxtında və vicdanla yerinə yetirmişdir. Rəhbərlik tərəfindən bir dəfə belə cəzalandırılaraq intizam məsuliyyətinə cəlb olunmamış, daim kollektivin hörmət və etiramını qazanmış, dəfələrlə fəxri fərmanlarla təltif olunmuşdur. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində musiqi və incəsənət sahəsində təhsilin keyfiyyətinin aparılması və müəllim heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə müəllimlərin atestasiya prosesi həyata keçirilməyə başlanılmış, bu məqsədlə iddiaçı da attestasiya olunacağı barədə xəbərdarlıq məktubuna imza etməklə müvafiq bildirişi alaraq xəbərdar edilmişdir. Daha sonra xx.xx.2025-ci il tarixində attestasiya keçirilmiş və nəticədə guya attestasiya komissiyasının 5 üzvünün 1-nin lehinə, 4-nün isə əleyhinə verilmiş qərarı ilə iddiaçının “iş fəaliyyətinə uyğun olmaması” barədə qərar qəbul edilmiş və müvafiq attestasiya vərəqəsi doldurulmuşdur. Attestasiya zamanı iddiaçı sualların çoxuna cavablar versə də, qərəzli olaraq əleyhinə 4 səs verilmişdir. Yəni atestasiya qərəzli keçirilmiş, atestasiya vərəqəsinin 7-ci bəndində göstərilmiş suallara verilmiş cavablar da əleyhinə səslə qiymətləndirilmiş, verilmiş cavablar attestasiya vərəqəsində qeyd edilməmiş, sanki hədəf müəllimləri bilərəkdən attestasiyadan kəsmək və onları işdən çıxarmaq olmuşdur. Attestasiya Komissiyasının qərəzliliyi audio-video yazı ilə tam təsdiq oluna bilər. Elə həmin tarixdə də, yəni xx.xx.2025-ci il tarixdə iddiaçıya attestasiyadan keçmədiyi bildirilmiş, bunun sadəcə bir imtahan olduğunu, heç kimin işdən çıxarılmayacağını bildirmişlər. Lakin daha sonra keçirilmiş attestasiyanın nəticələri əsas götürülərək iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmamasına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) cavabdehin xx.xx.2025-ci il tarixli, 39 saylı əmri ilə xitam verilmiş və o vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinə, həmçinin Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə xx.xx.2001-ci il tarixli Nazirlər Kabinetinin qərarına əsasən Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya Komissiyasının sədri iddiaçının bu vəzifəyə yararsız olduğunu bildirmişdir. Halbuki o, 22 ildir ki, həmin məktəbdə fortepiano müəllimi vəzifəsində çalışmışdır. Əgər iddiaçı bu vəzifə üçün yararsız idisə, 2 il ərzində orada necə işləmişdir? Burdan aydın şəkildə görünür ki, rəhbərliyin məqsədi onu tutduğu vəzifəyə uyğunluğunu yoxlamaq deyil, əsassız iddialarla və bəhanə ilə, qərəzli şəkildə onu işdən uzaqlaşdırmaq olmuşdur. Halbuki iş yerlərinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələrinin ləğv edilməsinə yol verilmir. Belə ki, Əmək Məcəlləsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək Məcəlləsinin 70-ci maddəsində dəqiq göstərilmişdir. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun gəlmədiyi haqqında qərar qəbul edərsə, işəgötürən tərəfindən işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı araşdırılmalıdır. İşəgötürənin belə imkanları olmadıqda və ya işçi başqa işə keçirilməkdən imtina edərsə, onda onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə ləğv edilə bilər. Bununla yanaşı, cavabdeh tərəfindən iddiaçıya hər hansı münasib iş təklif edilməmiş, iddiaçı başqa işə keçməkdən imtina etməmişdir. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən tərəfindən iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən vəzifədən azad olunması əsassız olmuşdur. İddiaçı ailəlidir, belə bir vəziyyətdə iddiaçının işini itirməyi ailə vəziyyəti üçün olduqca ağır zərbədir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, onun ixtisası fortepiano və piano müəllimliyidir. 1-ci attestasiyadan keçmiş və 28 il 5 ay müəllim kimi işləmişdir. 2010-cu ildə yenidən əmək müqaviləsi bağlanılmışdır. Attestasiya zamanı ona qərəzli münasibət göstərilmişdir. Belə ki, suallar arasında fasilə qoyulmamış, yarım saatdan çox sual-cavab olunmuş, fasiləsiz şəkildə qərəzli suallar verilmişdir. Müəllimlərə attestasiya suallarını əhatə edən proqram verilmiş, lakin suallar həmin proqrama uyğun verilməmişdir. Fortepiano müəllimi olmasına baxmayaraq, nəzəri və proqramdankənar çox sual verilmişdir. Bəzi suallara qismən cavab verməsinə baxmayaraq, cavab vermədiyi qeyd edilmişdir. Üzdən oxu onun sənəti üzrə sualdır, odur ki, bu suala əla cavab vermiş, lakin vərəqədə orta qiymətləndirilmişdir. “İ.S.Baxın invensiyalarında hansı redaksiyalardan istifadə edirsiniz?” sualına iddiaçı cavab vermiş, lakin cavab vermədiyi qeyd edilmişdir. Aram-aram cavablasa da, intervalların hamısını cavablamışdır. “H Moll” qammasını yaxşı ifa etmiş, sadəcə olaraq ayrı-ayrı notlarla ifa etmişdir. “Gecikdirilmiş pedal nədir?” sualına da cavab vermişdir. Bundan əlavə musiqi terminlərini qismən cavablamışdır. “İfa etdiyin əsər hansı formadadır?” sualı ona verilməmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçıya qərəzli və peşəsinə uyğun olmayan suallar verilmişdir. Bundan əlavə attestasiyada suala verilmiş cavabın yaxşı və ya pis cavab olduğu yox, düz və yanlış olduğu qeyd edilir. Cavablarda səhvlərin nə olması qeyd edilməmiş, sadəcə səhv olduğu qeyd edilmişdir. Eyni zamanda bildirmişdir ki, cavabdehin nümayəndəsinin iddianı qəbul etdiyini də nəzərə alaraq işə götürən razı olduğu halda işçi işə bərpa oluna bilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, attestasiyada iştirak edəcək müəllimlərə attestasiya suallarını əhatə edən proqram təqdim edilir. Əmri direktor verir. 2 qiymətini alan müəllimlər kurslara, daha sonra imtahana göndərilir. İddiaçı isə 1 qiyməti almışdır. İddiaçı şagirdlərə piano dərsi keçirdi. O sadəcə attestasiyanın nəticəsinə görə işdən çıxarılmışdır. O, iddiaçının işə qayıtmağını istəyir, işə bərpa edilməsinə də etirazı yoxdur, lakin əmri ləğv etmək səlahiyyətləri yoxdur. Müstəqil tələb irəli sürməyən İİİ şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə mülki işə müstəqil tələb irəli sürməyən İİİ şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -İşəgötürən Abşeron rayon Cavabdeh direktoru X12 və işçi İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli əmək müqaviləsindən görünür ki, işçi Abşeron rayon Cavabdeh fortepiano ixtisası üzrə müəllimi vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi müddətsiz bağlanmışdır. -0034993 saylı əmək kitabçasının surətindən görünür ki, X3 xx.xx.2003-cü il tarixdə Abşeron rayonu Saray qəsəbə incəsənət məktəbinin fortepiano şöbəsinə ixtisas müəllimi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad edilmişdir. -X5 (sədr), X7, X8, X4, X2 iştirakı ilə keçirilərək imzaları ilə təsdiq olunmuş attestasiya vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə Abşeron rayon Cavabdeh fortepiano müəllimi İddiaçı attestasiyada iştirak etmiş, attestasiya nəticələrinə görə müəssisə rəhbərinin qərarı xx.xx.2025-ci il tarixli, 42 nömrəli əmrlə İddiaçı tutduğu vəzifədən azad edilməsi olmuşdur. -Sözügedən attestasiya vərəqəsinə görə İddiaçı xx.xx.2009-cu il tarixdə attestasiyada iştirak etmiş və tutduğu vəzifəyə uyğun hesab edilmişdir. -Həmçinin attestasiya vərəqəsində İddiaçı verilən suallar və cavabları hissəsində “1. V.A.Motsart Fantaziya - zəif ifa edildi. 2. D dur qammasının ifası - səhvlər edildi. 3. İntervalların sadalanması - qismən cavabladı. 4. h moll qammasının ifası - zəif ifa edildi. 5. D7 tərkibi -qismən cavab verildi. 6. h moll qammasında D7 ifası - cavab verilmədi. 7. Üzdən oxu - orta qiymətləndirildi. 8. Musiqi terminləri - qismən cavab verildi. 8. Gecikdirilmiş pedal nədir - cavab verilmədi. 9. Polifoniya nədir - cavab verilmədi. 10. Polifoniyaya aid əsərlər - cavab verildi. 11. İ.S.Baxın invensiyalarında hansı redaksiyalardan istifadə edirsiniz - cavab verilmədi. 12. Süita nədir-cavab verilmədi. 13. Baxın hansı süitaları var - cavab verilmədi. 13. Motsart Fantaziyanı hansı janrdan sonra yaradıb - cavab verildi. 14. Sonataların birinci hissəsi hansı formada olur - cavab verilmədi. 15. İfa etdiyin əsər hansı formadadır - cavab verilmədi” ifadələri qeyd olunmuşdur. -Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi Abşeron rayon Cavabdeh xx.xx.2025-ci il tarixli, 39 saylı əmrindən görünür ki, Abşeron rayon Cavabdeh Attestasiya komissiyasının xx.xx.2025-ci il tarixli qərarı, qərarı əks etdirən attestasiya vərəqəsi və xx.xx.2025-ci il tarixli 1 nömrəli protokolu əsasında Abşeron rayon Cavabdeh fortepiano müəllimi İddiaçı xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, İddiaçı qanunvericiliyə uyğun olaraq son haqqhesabının ödənilməsinin təmin edilməsi əmr edilmişdir. -Məhkəmə iclasında İddiaçı attestasiya imtahanlarında çəkilmiş videogörüntülərə aid CD-disk materialı tədqiq edilmişdir. İşin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən bəzi suallara cavab verildiyi halda cavablandırılmadığı və ya qismən cavablandırdığı qeyd olunmuş, yaxud da verilmiş cavab “zəif” kateqoriyasına aid edilmişdir. Belə ki, attestasiya vərəqəsində “İntervalların sadalanması - qismən cavabladı” qeyd olunmasına baxmayaraq, İddiaçı attestasiya imtahanlarında çəkilmiş videogörüntülərə aid CD-disk materialının tədqiqi zamanı aşkarlanmışdır ki, iddiaçı həmin suala tam şəkildə cavab vermişdir. İddiaçı tərəfindən edilmiş ifalar (V.A.Motsart Fantaziya) “zəif ifa edildi”, həmçinin (D dur qammasının ifası) “səhvlər edildi” kimi qeyd olunmuş, lakin həmin ifaların düzgün və ya yanlış ifa edildiyi, həmin səhvlərin nədən ibarət olması barədə heç bir qeyd göstərilməmişdir. Bundan əlavə iddiaçıya ümumilikdə 17 (2 ədəd 8-ci və 2 ədəd 13-cü sual mövcuddur) sual verilmiş, iddiaçı tərəfindən onlardan sadəcə 8-nə cavab verilmədiyi qeyd olunmasına, həmçinin xx.xx.2009-cu il tarixdə attestasiyadan keçməsinə baxmayaraq, iddiaçının lehinə sadəcə 1 səs verilmişdir. Həmçinin attestasiya vərəqindən görünür ki, iddiaçının attestasiya keçirilən vaxta 28 il 5 ay əmək stajı mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 65.1-ci maddəsinə əsasən, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 65.3-cü maddəsinə əsasən, işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. 65.5-ci maddəsinə əsasən, attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 65.6-cı maddəsinə əsasən, attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. 65.7-ci maddəsinə əsasən, attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. 67.1-ci maddəsinə əsasən, attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. 67.2-ci maddəsinə əsasən, işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. 67.5-ci maddəsinə əsasən, işçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. 70-ci maddəsinin “c” bəndinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 may 2001ci il tarixli, 97 nömrəli qərarının: 1.2-ci maddəsinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır; 2.4-cü bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır; 2.6-cı maddəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil; 2.7-ci bəndinə əsasən attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır; 3.1-ci bəndinə əsasən attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir; 3.2-ci bəndinə əsasən attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir; 3.3-cü bəndinə əsasən attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. Qeyd olunanlara əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, attestasiya komissiyasının qərəzliliyi audio-video yazı ilə tam təsdiq olunur. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli, 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə əsasən, attestasiyanın keçirilməsi müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilməlidir. Bu qanunvericilik aktlarında attestasiyanın ədalətli və obyektiv keçirilməsi, işçilərin peşəkarlığının düzgün qiymətləndirilməsi nəzərdə tutulur. Həmçinin, attesatasiya komissiyanın işçilərə qarşı qərəzsiz yanaşması və qiymətləndirmə zamanı hər hansı mənfi mövqeyin nümayiş etdirilməməsi vurğulanır. Attestasiyanın qərəzli və qeyri-obyektiv keçirilməsi barədə sübutlara məhkəmə ətraflı hüquqi qiymət verərək hesab edir ki, qərəzsizlik və obyektivlik prinsiplərinin pozulması işdən azad olunma barədə əmrin əsasını təşkil edən attestasiya nəticələrinin etibarsızlığına, son nəticədə isə əmrin əsassızlığına səbəb olan hal olduğundan mübahisələndirilən əmr ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi izahatında iddiaçının işə bərpa olunmasına heç bir etirazının olmadığını qeyd etmişdir. Əmək Məcəlləsinin: 288-ci maddəsinin “x” bəndinə əsasən, işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi yaranan fərdi əmək mübahisələrinin həlli Əmək Məcəlləsi ilə nizama salınır. 300.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əməkhaqqı Cavabdehnə tərəfindən İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulmalıdır. 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı və cavabdeh dövlət rüsumu ödəməkdən qanunla azad olduğundan tərəflərdən dövlət rüsumununun alınıb dövlət mədaxilinə tutulması mümkün deyildir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli, 39 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmri ləğv edilməli, İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməli, xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əməkhaqqı Cavabdeh tərəfindən İddiaçı ödənilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli, 39 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmri ləğv edilsin. İddiaçı əvvəlki iş yerinə (Abşeron rayon Cavabdeh) və vəzifəsinə (fortepiano müəllimi) bərpa edilsin. xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əməkhaqqı Cavabdeh tərəfindən İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Mirnəsir Mirhəsənli