Məhkəmə qərarları › İş №2(012)-4216/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4216/2025

14.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4216/2025 14.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbinin direktoru X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbinə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 79 nömrəli əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, cavabdeh Xırdalan şəhər onbirillik musiqi məktəbində 14 ilə yaxın müddət ərzində fortepiano müəllimi işləmişdir, işlədiyi ixtisas üzrə ümumi iş stağı isə 23 il təşkil edir. 04 mart 2025-ci il tarixdə Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbinin Attestasiya komissiyasının qərarı ilə onun tutduğu vəzifəyə uyğun olmadığı qərara alınmışdır. Qeyd edir ki, Attestasiya Komissiyasında ona verilən suallar, eləcə də verilən tapşırıqlar onun tərəfindən tam dəqiq və yüksək professionallıqla icra edilsə də komissiya bunu nəzərə almamış və uzun müddət işlədiyi və yüksək təcrübəyə malik olduğu vəzifəsindən azad olunması barədə qərar qəbul edilmişdir. Belə ki, Attestasiya Komissiyası tərəfindən ona ünvanlanmış suallara cavab verdiyi halda komissiya rəydə onun sualları natamam cavablandırdığını yazmışdır. O, imtahan zamanı cavabını bildiyi 2 suala həyəcandan cavab verə bilməmişdir. O, hətta Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə də hansı səbəbdən attestasiyada cavab verdiyi sualların rəydə onun tərəfindən cavablandırılmadığı kimi qeyd edildiyini öyrənmək üçün müraciət etmişdir. İmtahan bitdikdən sonra onu imtahanı keçməsi münasibəti ilə təbrik etmişdirlər, belə ki, komissiya üzvlərindən biri olan Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbinin nümayəndəsi Ayşən xanım ona suallara cavab verdiyini, lakin bəzi suallara cavab verə bilmədiyini, həmçinin həyəcanlı olduğunu bildirmişdir. Daha sonra o, bu barədə məktəbin direktoru İkram Manafova etiraz bildirdikdə direktor şikayətinə heç bir məhəl qoymamışdır. Əksinə, ona mənəvi təzyiq göstərərək əmək kitabçasının korlanmaması üçün xüsusi maddə ilə işdən çıxarılmasını istəmədiyi təqdirdə öz ərizəsi ilə işdən çıxarıla biləcəyini demiş və öz diktəsi ilə ona ərizə yazdırmışdır. Sözügedən ərizəni yazmağında başlıca səbəb isə direktorun onu aldadaraq öz ərizəsi ilə işdən çıxdıqdan sonra bir ay ərzində işdən çıxma barədə yazdığı ərizəni yeni bir ərizə ilə ləğv edəcəyini və onu yenidən işə bərpa edəcəyini bildirməsi olmuşdur. Hansı ki sonradan məktəbin direktoru bu vədinə də əməl etməmişdir və onu AR Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə işdən çıxardığı barədə məlumat almışdır. Bundan əlavə məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, o, əsasən rus dilli olduğu üçün direktorun Azərbaycan dilində dediklərini və yazdıqlarını da tam anlamamışdır. Tək anladığı yuxarıda da qeyd etdiyi kimi maddə ilə deyil, müvəqqəti olaraq öz ərizəsi ilə işdən çıxdığı və işdən çıxmadan bir ay ərzində yazacağı yeni ərizəsi ilə yenidən öz işində qalacağı olmuşdur ki, o da buna görə direktora xeyli dua edib təşəkkürünü bildirmişdir. Amma indi anlayır ki, məktəbin direktoru məqsədyönlü şəkildə onu işdən çıxarmaq istəmişdir. Attestasiya komissiyasının qərarından şikayət edəcəyini və hüquqlarını bərpa edə biləcəyini anladığı üçün onu belə bir oyuna gətirmişdir ki, sonradan o heç şikayət də edə bilməsin. Amma o, Azərbaycan Respublikasının Qanunlarına və məhkəmənin ədalətinə tam əmindir və inanır ki, pozulmuş hüquqları bərpa ediləcəkdir. Bundan əlavə məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, o, sözügedən əmək mübahisəsinin sülh yolu ilə həlli ilə bağlı mediasiyaya müraciət etsə də cavabdeh mediasiya sessiyasına gəlməmiş və məsələnin məhkəmədənkənar həllinə cəhd etməmişdir. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən barəsində qəbul edilmiş işdən çıxarılma əmri AR Əmək Məcəlləsinin tələblərinə ziddir və onun barəsində tətbiq olunmuş qərar ləğv edilməlidir. Əlavə olaraq qeyd etmək istəyir ki, onun da işdən çıxarılması ailənin maddi cəhətdən təminatında ciddi problemlər yaratmışdır. Belə ki, onun həyat yoldaşı hərbiçidir və işğaldan azad edilmiş torpaqlarda xidmət göstərir. Bəlkə də elə bu səbəbdəndir ki, onların şəxsi mənzilləri yoxdur və o, övladları ilə birlikdə kirayədə yaşayır. Belə ki, həyat yoldaşı işi ilə əlaqədar olaraq daim ezamiyyətlərdə olmuş, o da övladları ilə bərabər daima həyat yoldaşının yanında olmağa çalışmışdır. Bu fakt öz təsdiqini onun əmək kitabçasında qeyd edilmiş keçmiş iş yerləri barədə məlumatlarla da tapmaqdadır. Həyat yoldaşı müharibədə olarkən maddi tərəfdən ona heç kim yardım etməmişdir. Bütün əziyyətlərə baxmayaraq o, işində özünü göstərmişdir. Eyni zamanda həyat yoldaşının İkinci Qarabağ müharibəsinin iştirakçısı olduğunu, böyük övladının isə hərbi xidmətdən səhhətində ciddi problem ilə qayıtdığını, digər övladının isə hələ 10 yaşında olduğunu bildirərək, maddi vəziyyətlərinin nə dərəcədə acınacaqlı olduğunu, bütün bunları bildiyi halda onun niyə işdən öz ərizəsi ilə işdən çıxmaq istəməsi heç bir məntiqə sığmır. Bundan əlavə o, məktəbin direktoru İkram Manafovun onun ailə vəziyyətini bildiyi halda başına açdığı bu oyuna heç bir məntiq, heç bir anlam verə bilmir. O, könüllü olaraq işdən çıxmamış, işdən çıxmasına dair ərizəni məcbur olaraq yazmışdır. Belə ki, onunu qarşısına şərt qoyulmuşdur ki, ya Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən işdən çıxarılacaqdır, ya da özü ərizə yazaraq işdən çıxmalıdır. Direktor ona işdən çıxması haqqında ərizə yazacağı halda onu daha sonra işə qaytaracağını demişdir. Hesab edir ki, ən azından onun hərbçi yoldaşı olması nəzərə almalı idi, bunun əksinə onu aldadaraq ərizə yazdırmışlar. O, özünə inamı olduğu üçün imtahana daxil olmuşdur, belə ki, onun 24 illik ümumi iş stajı vardır. Odur ki, bütün yuxarıda göstərdiklərini əsas götürərək hesab edir ki, cavabdeh təşkilatın xx.xx.2025-ci il tarixli, 79 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbinin direktoru X3 izahatında bildirdi ki, 40 ildən çoxdur, o, hazırda direktoru olduğu məktəbdə çalışır. Attestasiyadan mənfi nəticə əldə edən müəllimlər attestasiya imtahanının nəticəsinə uyğun olaraq AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” maddəsi ilə işdən azad olunmalarını istəməmişdirlər. Belə ki, 16 mart 2025-ci il tarixdə attestasiya imtahanı keçirilmişdir. Mədəniyyət Nazirliyi tərəfindən onlara verilmiş siyahı əsasında ixtisasa uyğun olaraq müəllimlər attestasiyadan keçirilir. Attestasiyada iştirak edən komissiya 5 nəfərdən ibarət tərkibdə olur və həmin 5 nəfərdən 1-i məktəbin nümayəndəsi olmalıdır. İddiaçı imtahandan sonra ona yaxınlaşmış, o, iddiaçıya imtahanı keçə bilmədiyini və imtahan nəticəsinə görə onun fəaliyyətinə xitam verməli olduqlarını bildirmişdir. Çünki onlar attestasiya imtahanından sonra mənfi nəticə göstərən müəllimlərin fəaliyətinə xitam verirlər. Onlar heç bir məcburiyyət olmadan müəllimələrə seçim haqqı verirlər. Hamilə qadınlar və fəxri adları olan şəxslər istisna olmaqla hər bir müəllim attestasiyada iştirak etmişdir. Sertifikasiya zamanı müəllimlərə vaxt verilsə də attestasiyada buna yol verilmir. AR Mədəniyyət Nazirliyi tərəfindən qərar verilmişdir ki, nəticəsi 2/3 nisbətində olan, 2 lehinə, 3 əleyhinə səs verilmiş müəllimlərə şans verilsin və həmin müəllimlər təlimə cəlb olunsunlar, təlimdən müvəffəqiyyətlə keçən müəllimlər yenidən işə bərpa olunsunlar. İmtahandan mənfi nəticə əldə edənlər yenidən imtahan verməlidirlər. İddiaçı könüllü olaraq işdən çıxmasına dair ərizə yazmadığı halda belə imtahan nəticəsinə uyğun olaraq işdən azad ediləcəkdi. O, iddiaçıya yenidən imtahana hazırlaşmasını məsləhət görür. Bildirir ki, iddiaçının həyat yoldaşının hərbçi olması iddiaçıya güzəşt kimi təsir edə bilərdi. Ancaq məhkəmə tərəfindən iddiaçının xeyrinə qərar çıxarılsa belə onlar attestasiya imtahanının nəticələrinə uyğun olaraq iddiaçının fəaliyyətinə xitam verəcəkdirlər. Göstərilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin cavabdeh orqanın nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddianın dəlillərini əsassız hesab edir və iddiaya qarşı etirazlarını aşağıdakı formada ifadə edirlər. Bildirirlər ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65-ci maddəsinin üçüncü hissəsinə əsasən işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli, 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na əsasən attestasiyadan keçirilməzdən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsəd vəzifə və metodlarının izahının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən lazımi hazırlıq işləri görülməlidir. Bu işi müəssisənin struktur bölmələrinin rəhbərləri müvafiq həmkarlar təşkilatları ilə birlikdə, həmkarlar təşkilatı olmadıqda isə işəgötürən özü təşkil edir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının 8 noyabr 2018-ci il tarixli, 6/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Nümunəvi Əsasnaməsi”nə əsasən müəllimlər Nazirliyin pedaqoji kadrların mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə müsabiqə komissiyasının qərarı əsasında məktəbin direktoru tərəfindən işə qəbul edilir. Göründüyü kimi müəllimlərə münasibətdə işəgötürən qismində məktəbin direktoru çıxış edir. Bu səbəbdən də iddiaçının hazırki iddia üzrə Mədəniyyət Nazirliyinə qarşı subyektiv hüququ yaranmır. Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Hazırkı iş üzrə isə iddiaçı ilə əmək müqaviləsinin bağlanması, onun attestasiya prosesinə cəlb olunması və işdən azad olunması ilə bağlı qərarların verilməsində Mədəniyyət Nazirliyi birbaşa iştirakçı olmamış, qərarların qəbulunda iştirak etməmişdir və nəticə etibarilə iddiaçının irəli sürdüyü hüquq münasibətlərində cavabdeh qismində tanına bilməz. İddia ərizəsi və əlavə sənədlərdən də göründüyü kimi iddiaçının tərəf olduğu əmək münasibətləri üzrə qeyd olunmuş tədbirlər Mədəniyyət Nazirliyi tərəfindən deyil, onun tabeliyində olan konkret müəssisə tərəfindən həyata keçirilmişdir. İddia tələbi isə iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyindən, iddia ərizəsinin qeyd olunan əsasla təmin edilməməsini xahiş edirlər. Odur ki, qeyd edilənlərə əsasən cavabdeh orqanın nümayəndəsi İddiaçı “işdən çıxarılma barədə əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə münasibətdə təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Attestasiya komissiyası üzvləri tərəfindən xx.xx.2025-ci il tarixdə keçirilmiş attestasiyanın nəticəsinə dair tərtib edilmiş attestasiya vərəqəsinin surətindən görünür ki, İradə Tağıyevanın sədrliyi və 5 nəfərdən ibarət komissiyanın iştirakı ilə xx.xx.2025-ci il tarixdə attestasiya keçirilmiş, attestasiyada iştirak edən Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbinin fortepiano şöbəsinin müəllimi İddiaçı ona verilən suallara cavab verə bilmədiyindən səsvermə zamanı 1 leyhinə, 4 əleyhinə səs verilməklə İddiaçı öz üzərində çox işləməli olduğu, ifa, üzdən oxu, nəzəri biliklər, bir sözlə hamısının möhkəmləndirilməli olduğu barədə rəy verilmişdir. Həmçinin komissiya üzvləri ilə yanaşı İddiaçı attestasiya vərəqəsi ilə tanış olduğunu təsdiq edərək sözügedən vərəqəni imzalamışdır. İş materiallarında olan Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbinin müəllimi İddiaçı tərəfindən həmin məktəbin direktoru X2 ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı ərizə ilə müraciət edərək, onun xx.xx.2025-ci il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbinin direktoru X3 tərəfindən verilmiş “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2025-ci il tarixli, 79 nömrəli əmrin surətindən görünür ki, Abşeron rayon Xırdalan şəhər 11 illik Musiqi Məktəbində “Fortepiano müəllimi” vəzifəsində işləyən İddiaçı Yaqubovna ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə «AR ƏM-nin 69.3-cü (İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər) maddəsinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilməsi və işçinin xx.xx.2017-ci tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 31 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi əmr edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə 5 nəfərdən ibarət üzvü olan komissiyanın iştirakı ilə attestasiya keçirilmiş, attestasiyanın nəticəsinə dair tərtib edilmiş attestasiya vərəqəsindən göründüyü kimi attestasiyada iştirak edən Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbinin fortepiano şöbəsinin müəllimi İddiaçı ona verilən suallara cavab verə bilmədiyindən səsvermə zamanı 1 leyhinə, 4 əleyhinə səs verilməklə İddiaçı öz üzərində çox işləməli olduğu, ifa, üzdən oxu, nəzəri biliklər, bir sözlə hamısının möhkəmləndirilməli olduğu barədə rəy verilmişdir. Daha sonra İddiaçı attestasiyanın nəticəsi barədə işlədiyi cavabdeh müəssisədən məlumat əldə etdikdən sonra sözügedən attestasiyanın nəticəsinə uyğun olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasını istəmədiyindən xx.xx.2025-ci il tarixdə könüllü surətdə ərizə ilə cavabdeh məktəbin direktoru X2 müraciət edərək, xx.xx.2025-ci il tarixdən öz razılığı ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbinin direktoru X3 tərəfindən verilmiş “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2025-ci il tarixli, 79 nömrəli əmrin surətindən göründüyü kimi Abşeron rayon Xırdalan şəhər 11 illik Musiqi Məktəbində “Fortepiano müəllimi” vəzifəsində işləyən İddiaçı Yaqubovna ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə «AR ƏM-nin 69.3-cü (İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər) maddəsinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilməsi və işçinin xx.xx.2017-ci tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 31 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi əmr edilmişdir. İddiaçı işdən çıxarılma ilə bağlı əmrin qanunsuz verilməsini iddia etsə də lakin məhkəmədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, ərizənin onun iradəsinə zidd yazılmasına işəgötürənin qanuna zidd hərəkətlərin səbəb olması ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmiş, əksinə olaraq cavabdeh tərəfin təqdim etdiyi sübutlarla iddiaçının işdən çıxarılması barədə əmrin qanuna müvafiq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Bundan başqa məhkəmə tədqiq edilmiş sübutlar əsasında cavabdeh Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 79 nömrəli əmrin ləğv edilməsi tələbinin rədd edilməsi nəticəsinə gəldiyindən hesab edir ki, iddia tələbinin digər hissələri həmin hissədən birbaşa asılı olduğundan həmin hissələrə hüquqi qiymət verilməsi zərurətini də aradan qaldırmışdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbinə qarşı cavabdeh Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 79 nömrəli əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar