Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4261/2021 17.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin ləğv edilməsi və ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 17 avqust 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin ləğv edilməsi və ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 30 mart 2018-ci il tarixdə mənzilin alqı-satqısına dair M-3014 saylı bağlanmış müqavilənin ləğv edilməsi və cavabdehə ödədiyi 15.785 manat pulun geri qaytarılması barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 30 mart 2018-ci il tarixdə mənzilin alqı-satqısına dair M- 3014 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cəmiyyət Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 29 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 3, mərtəbə 3, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 28,7 kv.m ibarət 1 otaqlı 17 №-li mənzili alıcıya - iddiaçıya təhvil verməyi, iddiaçı isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Bu günə kimi iddiaçı 15.785 manat pul ödəmişdir, lakin heç tikiləcək binanın bünövrəsi belə tökülməmişdir. İddiaçı aldanıldığını başa düşmüşdür. Belə ki, müqavilədə söhbət hazır evdən və ya tikilməkdə olan evdən gedir. Lakin, evin hələ nə vaxt tikilməyə başlayacağının bəlli olmadığı məlum olmuşdur. Göründüyü kimi müqavilə bağlayan zaman cavabdeh iddiaçını aldatmış mövcud olmayan daşınmaz əmlak barədə alqı-satqı müqavilə bağlamışdır. İddiaçı müqavilə bağlayanda şəraitin bu qədər dəyişəcəyinə ümid etmirdi. İddiaçı cavabdehə müqavilənin ləğv edilməsi haqqında müraciət etmiş, lakin cavab almamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verib iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, həqiqətən də İddiaçı ilə təmsil etdiyi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 30 mart 2018-ci il tarixdə mənzilin alqı-satqısına dair M-3014 saylı müqavilə bağlanmışdır. Müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi gecikdirilmişdir. Lakin, hazırda 3-cü binada sürətlə iş gedir. 1 il ərzində 2022-ci ilin oktyabr ayında binanın tikintisi yekunlaşacaq, kompleks təhvil veriləcəkdir. O, iddiaçıya barışıq sazişi bağlamağı təklif edir. Ağlabatan müddətlə bağlı qeyd edir ki, bu hal hündürmərtəbəli bina olduğundan 3-4 il ola bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 30 mart 2018-ci il tarixli, M-3014 nömrəli “mənzilin alqı-satqısı haqqında” müqavilənin surətindən müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivin 29 saylı küçəsində inşa edilən (inşa edilmiş) 3-cü binasında, 3-cü mərtəbə, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 28,7 kv.metr olan, 1 otaqdan ibarət 17 saylı mənzili İddiaçı təhvil verməyi, sonuncu isə bunun qarşılığında razılaşdırılmış 15.785 manat məbləğində pul vəsaitini müəyyən edilmiş müddət ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci bəndinə görə alıcı müqavilə qiymətindən 12.915 manatı şəxsi vəsaiti hesabına ödəmiş, geri qalan 2.870 manatlıq məbləği 1 ay müddətinə ödəniş etməyi qəbul etməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan maliyyə arayışlarının surətindən müəyyən edilir ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivinin 29 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 3, mərtəbə 3, ümumi sahəsi 28.7 kv.m-dən ibarət, 1 otaqlı 17 saylı mənzilin dəyəri olan 15.785 manatdan 12.915 manat ödəmişdir. 2.870 manat məbləğində vəsait şirkət tərəfindən edilmiş güzəştdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, podrat müqaviləsinin digər əmlakın mülkiyyətə verilməsi ilə bağlı əvəzli müqavilələrdən fərqi ondadır ki, podrat müqaviləsinin predmetini yəni nəticənin əldə edilməsi üçün müəyyən işin görülməsi (məsələn hazırkı vəziyyətdə nəticə mənzil olmaqla, işin görülməsi isə həmin mənzilin tikilməsidir) podratçı tərəfindən yaradılır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 30 mart 2018-ci il tarixli, M-3014 saylı mənzilin alqı-satqısı haqqında müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivin 29 saylı küçəsində inşa edilən (inşa edilmiş) 3cü binasında, 3-cü mərtəbə, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 28,7 kv.metr olan, 1 otaqdan ibarət 15.785 (on beş min yeddi yüz səksən beş) manat dəyərində olan 17 saylı mənzili ilkin ödəniş 12.915 (on iki min doqquz yüz on beş) manat olmaqla yerdə qalan məbləği 1 ay müddətinə ödəmək şərti ilə satmağı, “Alıcı” isə həmin məbləği ödəməklə mənzili almağı öz öhdəsinə götürmüşdür. Tərəflərin qarşılıqlı razılaşmasına əsasən müəyyən olunmuş mənzilin dəyəri olan 15.785 manatdan ilkin ödəniş olaraq 12.915 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə ödənilmiş, qalan 2.870 manat məbləğində qalıq məbləğ cavabdeh tərəfindən iddiaçıya güzəşt edilmişdir. Bununla da, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirmiş,lakin tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə cavabdeh tərəfindən əməl edilməyərək qeyd olunan mənzil iddiaçıya təhvil verilməmişdir. Bu səbəbdən də iddiaçı hazırda müqavilənin ləğv edilməsi və ödənilmiş pulun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, nə müqavilə ilə nəzərdə tutulan mənzili iddiaçıya təhvil verməmiş, nə də ki mənzil üçün ödənilən məbləği iddiaçıya qaytarmamış, bununla da müqavilənin şərtləri cavabdeh tərəfindən pozmuşdur. Ona görə də, iddiaçının həmin müqavilənin ləğv edilməsi və müqavilə üzrə ödədiyi məbləğin geri qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 30 mart 2018-ci il tarixli, M-3014 nömrəli mənzilin alqı-satqısı haqqında müqavilə ləğv edilməli və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə onun tərəfindən ödənilmiş olan 12.915 (on iki min doqquz yüz on beş) manat məbləğində pul vəsaiti tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eləcə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 30 manat dövlət rüsumunun 25 manat hissəsi cavabdehdən tutularaq ona ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 30 mart 2018ci il tarixli, M-3014 nömrəli mənzilin alqı-satqısı haqqında müqavilə ləğv edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə 12.915 (on iki min doqquz yüz on beş) manat və dövlət rüsumu üçün 25 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4261/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4261/2021
17.08.2021 · Müqavilələrin ləğv edilməsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver