Məhkəmə qərarları › İş №2(012)-4282/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4282/2025

24.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4282/2025 24.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən cavabdehə avans olaraq ödənilmiş 10000 manat və cavabdehin müqavilədə göstərilən öhdəlikləri pozduğuna görə müqavilə dəyərinin 10 %nin, yəni 2500 manat məbləğin, həmçinin məhkəmə məsrəfləri qismində ödənilmiş 127.5 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-cİ il tarixdə Cavabdeh MMC ilə aralarında tikinti işlərinin görülməsi ilə bağlı podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçının mülkiyyətində olan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən torpaq sahəsində 145 kv.m. evin qaba tikinti işlərinin görülməsini öz üzərinə götürmüşdür. Müqavilədə istifadə olunacaq materialların markası və adları bunlardan ibarətdir: 1) layihələndirmə; 2) təməl beton işləri: armatur – 14-lük altı filiz (X15), beton - 350 marka, qazıntı və şebenlə bərkitmə; 3) hörgü işləri (qoşa daş) – sement (norm) - kubik güzdək; 4) hörgü bağlayıcı kəmər - Armatur filiz - 14lük (BSC) - beton - 350 marka; 5) beton qatının 4 qat izolyasiyası; 6) suvaq işləri (mayakla) - çöl suvağı sement (norm) 300m - iç suvağı – sement (norm) 300 m; 7) pəncərələr – PVC (limit 120); 8) giriş qapısı - maksimum 600 m; 9) tikinti sonrası təmizlik. Müqavilənin qiyməti aralarında ümumi 25000 manat məbləğində razılaşdırılmış, hesablaşmalar hissəli olmaqla ilkin ödəniş 10000 manat, qalıq məbləğ isə yəni 15000 manat müqavilə bağlandıqdan 24 ay müddətində ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilə bağlanarkən tərəfindən 10000 manat məbləğində pul vəsaiti nağd qaydada podratçıya - cavabdehə ödənilmişdir. İşlərin görülməsi ilə bağlı podratçının həyata keçirdiyi tikinti işlərinin gedişatı ilə tanış olarkən məlum olmuşdur ki, podratçı müqavilədə göstərilən öhdəliklərini lazımınca (razılaşdırılmış materiallardan istifadə etməməklə, daha keyfiyyətsiz materiallardan istifadə etməklə) icra etməmişdir. Belə ki, tərəfindən ustalarla birlikdə baxış keçirilərkən cavabdeh (podratçı şirkət) tərəfindən təməl beton işlərinin 14-lük (altı filiz) armaturdan yox, 10-luq (dörd filiz) armaturdan istifadə edilərək, 35 sm qazılmış və tarazlığı sıfırlanmamış təməl atılaraq həyata keçirildiyi müəyyən edilmişdir. Həmçinin, atılmış təməlinin bir neçə hissəsində, ümumiyyətlə, armaturlardan istifadə edilməmiş, müqavilədə qeyd edilən 350 marka betonun əvəzinə ARKOZ adlanan aşağı markalı sement və standarta uyğun olmayan şebel məhsulundan istifadə etməklə təməl tökmüşlər. Aşkar olunan qüsurları podratçıya bildirilməsinə baxmayaraq, aradan qaldırmamış, lazımi material, konstruksiya, hissə, komplektləşdirmə və inşaatı texniki tikinti materialının gətirilməsini təmin etməmişdir. Sözügedən müqavilə öhdəliklərinin pozulması ilə əlaqədar olaraq dəfələrlə whatsapp tətbiqindən işlərin görülməsinin tezliyinin təmin edilmə məqsədilə yaratdıqları qrupda ASOMM nümayəndələrinə (ASOMM-un mühəndisi İlkin adlı şəxsə və Əli Abbasova) bununla əlaqədar olaraq xəbərdarlıqlar edilmişdir. Bundan sonra Cavabdeh əməkdaşları natamam formada, keyfiyyət tələblərinə uyğun gəlməyə və müqavilə öhdəlikləri ilə nəzərdə tutulmuş keyfiyyətə malik olmayan beton örütüyünün möhkəmləndirilmə məqsədilə şirkət tərəfindən tökülmüş və qurumuş beton örtüyünün üzərinə yeni qəlib quraşdıraraq, üzərindən yeni beton örtüyünün salınmasını təklif edib və işlərin xx.xx.2025-ci il tarixdə icrasına başlamışdır. Lakin tərəflərindən aparılmış araşdırmalar zamanı bir sıra mütəxəssislər köhnə beton örtüyünün üzərindən yeni beton örtüyünün salınması tikinti qaydalarına zidddir və həmin hal müəyyən edildiyi təqdirdə podratçı şirkətin müvafiq qaydada məsuliyyətə cəlb edilə biləcəyi bildirilmişdir. Bütün bunlara baxmayaraq, Cavabdeh nümayəndələri vaxt istəmiş və dəfələrlə qüsurlu işlərin aradan qaldırılmasını öhdələrinə götürmüşdür. Lakin Cavabdeh tərəfindən istər müqavilədə göstərilən müddət çərçivəsində işin təhvil verilməsi mümkün olmamış, istərsə də, keyfiyyət göstəricilərinə uyğun gəlməyən keyfiyyətsiz təmir-tikinti işlərinin aparılması davam etdirilmişdir. Bununla da tərəflərindən müqavilə öhdəliklərinə xitam verilmə və tərəflərindən ilkin olaraq ödənilmiş 10000 manat məbləğində vəsaitin geri qaytarılma və ərazinin təmizlənərək əvvəlki qaydada təhvil verilməsi istər whatsapp tətbiqində yaradılmış qrup vasitəsilə, istərsə də, şifahi formada dəfələrlə bildirilməsinə baxmayaraq, Cavabdeh və şirkətin rəhbəri X9 müqavilə öhdəliklərinə xitam verilməsi və öhdəlikləri pozduğuna görə ödədiyi 10000 manat vəsaiti və dəymiş zərərin əvəzini ödəməkdə hərəkətsizlik nümayiş etdirmişdir. Əlavə olaraq Cavabdeh MMC-yə xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC-nin hüquqi ünvanına göndərdiyi pretenziya məktubundan bir neçə gün sonra ona Qəbələ rayonundakı inşaat mağazalarından zənglər gəlmiş və şirkət rəhbəri X7 onlara (Nabir adlı şəxs - ********** qum və sement üçün ona 850 manat) (Dəyanət adlı şəxs – ********** - texnikadan istifadəyə görə ona 450 manat) (Rasim adlı şəxs – ********** - qəlib qurulmasına görə 220 manat) borclu olduqlarını deyiblər. Adları qeyd olunan şəxslər (Dəyanət və Rasim) bilavasitə Cavabdeh tərəfindən tikinti prosesində iştirak etmişlər. Borcla bağlı şikayətçi olan şəxslərin, eləcə də Cavabdeh MMC şirkət rəhbəri X1 yazıları özlərinin də razılığı ilə qeydə alınmışdır. Əlavə olaraq X9 xx.xx.2025-ci il tarixdə iddiaçının onu məhkəməyə verməməyini xahiş edərək xx.xx.2025-ci ildə pulu şirkət tərəfindən qaytaracağını demiş və bununla bağlı səs yazısı şəxsin öncədən razılığı ilə qeydə alınmışdır. Belə ki, Əmirov Anar qeyd olunan gündə telefona cavab verməmiş, ayrı nömrədən zəng etdiyi zaman isə o iddiaçıya yalvarışlar edərək ona iki gün daha möhlət verməyini xahiş etmişdir. Nəhayət, xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC-nin rəhbəri X9 bir neçə saata pulu ona verəcəyini demiş və 3 saat sonra onun qardaşı özünün dediyinə görə Rusiya Federasiyasında yaşayan X2 iddiaçıya qardaşının adından xahiş etmək üçün xarici ölkəyə məxsus nömrədən zəng etmiş, xahişində X4 qardaşı X2 öz qardaşının dəfələrlə belə dələduzluq etdiyini, insanları MMC müqavilə adı altında aldatdığını və ailədə onu bu hərəkətlərinə görə övladlıqdan sildiklərini etiraf etmiş və iddiaçıya onu məhkəməyə verməyinə dəstək olduğunu demişdir. Cavabdeh aralarında bağlanmış müqavilənin 3.1.2, 3.1.4, 3.1.7, 3.1.8ci bəndlərinin tələblərini pozmuşdur. Odur ki, göstərilənlərdən irəli gələrək hesab edirəm ki, müqavilə bağlanarkən ödədiyim 10000 manatın, müqavilə dəyərinin 10 %-nin yəni 1000 manat məbləğində cərimə məbləğinin, ümumilikdə 11000 manat məbləğində vəsaitin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi öhdəliyi məhkəmə qaydasında cavabdehin üzərinə qoyulmalıdır. Bundan başqa müqaviləyə əsasən Cavabdeh MMC müqavilə dəyərinin 10 % -nin, yəni 2500 (iki min beş yüz) manat cərimə kimi ödənilməsi öhdəliyi məhkəmə tərəfindən qoyulmalıdır. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə cavabdehlə aralarında Qəbələ rayonu, Qum qəsəbəsində yerləşən ərazidə 1 mərtəbəli evin tikilməsi ilə bağlı müqavilə bağlanmış, ilkin ödəniş olaraq MMC-yə 10000 manat ödəmiş, MMC-nin rəhbəri Anar Əmirov ona ödənişin ilk günü qəbz vermişdir. Qonşusu işin görülməsinə nəzarət edirdi. Bir müddət sonra qonşusu ona bildirmişdir ki, ərazidə iş getmir. Cavabdeh aldatmaq məqsədilə keyfiyyətsiz işlər görmüş, tikintidə bacarığı olmayan şəxsləri işə cəlb etmişdirlər. Polis vasitəsilə həyətə tökdükləri betonu sökdürmüş, müqavilə üzrə müddət bitməsə də, narazı olduğu üçün işi dayandırmışdır. Belə ki, müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən icra edilməmişdir. Müqaviləyə əsasən şirkət 3 aya işi yekunlaşdırmalı, həmçinin 5 iş günü ərzində qüsurları aradan qaldırmalı olduğu halda 1 ay keçməsinə baxmayaraq, orada heç bir iş görülməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Sifarişçi İddiaçı və podratçı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli podrat müqaviləsindən görünür ki, podratçı sifarişçinin mülkiyyətində olan Qəbələ rayonu, Bum kəndində yerləşən torpaq sahəsində 145. kv.m evin qaba tikinti işlərinin görülməsini, sifarişçi isə öz növbəsində göstərilmiş həmin xidmətlərin dəyərini podratçıya ödəməyi öz öhdəsində götürür. Müqavilənin qiyməti tərəflər arasında ümumi 25000 manat məbləğində razılaşdırılır. Hesablaşmalar 2 hissəli olmaqla ilkin ödəniş 10000 manat qalıq məbləğ isə yəni 15000 manat müqavilə bağlandığı müddətdən 24 ay ərzində 625 manat ödənilənəcək. Tikinti işlərinin gedişində əlavə işlər görmək və görülən işin smeta dəyərini artırmaq zərurəti ortaya çıxarsa, podratçı bu barədə sifarişçiyə xəbər verməyə borcludur. Sifarişçi bu məlumata cavab verməyi gecikdirərsə Podratçı müvəqqəti olaraq işlərin görülməsini dayandırır. Müqavilənin 2.3-cü maddəsində nəzərdə tutulan xidmət haqqı xidmət «Sifarişçi»nin keyfiyyət tələblərinə uyğun şəkildə olmaqla işlərin mərhələli təhvil verilməsindən sonra Podratçı tərəfindən təqdim edilmiş hesab və qaimə fakturalar əsasında 3 (üç) təqvim günü ərzində Podratçının hesabına ödəniləcəkdir. -xx.xx.2025-ci il tarixli, 438317 saylı qaimədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə 10000 manat məbləğində ödəniş edilmişdir. -İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2025-ci tarixli məktubdan görünür ki, müqavilə bağlanarkən ödənilmiş 10000 manatın, müqavilə dəyərinin 10 %-nin, yəni 1000 manat məbləğində cərimə məbləğinin, ümumilikdə 11000 manat məbləğində vəsaitin ona geri ödənilməsi təklif edilmiş, öhdəliyi 10 gün müddətində icra etməyəcəkləri təqdirdə müqavilə üzrə öhdəliklərə müqaviləyə təktərəfli qaydada xitam verilməsi, torpaq sahəsinin təmizlənərək əvvəlki vəziyyətinə bərpa edilərək təhvil verilməsi və müqavilə üzrə ödənilmiş 10000 manat məbləğin, müqavilə üzrə nəzərdə tutulmuş müqavilə dəyərinin 10 %-nin, yəni 1000 manat məbləğində cərimə məbləğinin alınması barədə xəbərdarlıq olunmuşdur. -İddiaçı, X5, X8 və X6 və X3 imzaları ilə və Qəbələ rayonu Bum Bələdiyyəsi tərəfindən təsdiq olunaraq tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, İddiaçı məxsus 0.06 ha torpaq sahəsində yaşayış evi tikilməsi üçün xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC ilə müqavilə imzalanmış, lakin müqavilədə qeyd olunan işləri yarımçıq və keyfiyyətsiz yerinə yetirdiyi üçün yarımçıq bünövrə sökülmüş və sifarişçi İddiaçı dəymiş maddi ziyanın ödənilməsindən Cavabdeh MMC imtina edir. -"xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 518/E saylı məktubuna əsasən, tərəf qiymətləndirmə obyektinə baxış keçirilməsinə şərait yaratmadığından mütəxəssis rəyi verilməsi mümkün olmadığına görə qərardad icrasız geri qaytarılmışdır. -“Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ********** saylı qəbz əsasında 127.5 manat dövlət rüsumu ödənilmişdir. -Məhkəmə iclasında mübahisə predmeti olan ərazinin elektron daşıyıcıda olan görüntüləri tədqiq edilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə podrat müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh Qəbələ rayonu, Bum kəndində yerləşən torpaq sahəsində 145. kv.m evin qaba tikinti işlərinin görülməsi barədə üzərinə öhdəlik götürmüşdür. Həmin öhdəliyi icra edilməsi üçün İddiaçı tərəfindən ümumilikdə 10000 manat ödəniş edilmişdir. Cavabdeh tərəfin öhdəliyi icra etməməsi səbəbindən tərəflər arasında narazılıq yaranmış və hazırda iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 755-ci maddəsinə əsasən, podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 765-ci maddəsinə əsasən, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. İddiaçı (sifarişçi) İddiaçı və cavabdeh (podratçı) Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli podrat müqaviləsinin: 1.1-ci bəndinə əsasən, podratçı sifarişçinin mülkiyyətində olan Qəbələ rayonu, Bum kəndində yerləşən torpaq sahəsində 145. kv.m evin qaba tikinti işlərinin görülməsini öz üzərinə götürür. Sifarişçi isə öz növbəsində göstərilmiş həmin xidmətlərin dəyərini Podratçıya ödəməyi öz öhdəsində götürür. 1.2-ci bəndinə əsasən, istifadə olunacaq materialların markası və adları aşağıdakı kimidir: 1) layihələndirmə; 2) təməl beton işləri: armatur – 14-lük altı filiz (X15), beton - 350 marka, qazıntı və şebenlə bərkitmə; 3) hörgü işləri (qoşa daş), sement (norm), kubik güzdək; 4) hörgü bağlayıcı kəmər - Armatur 4 filiz – 14-lük (X15), beton - 350 marka; 5) beton qatının 4 qat izolyasiyası; 6) suvaq işləri (mayakla), çöl suvağı sement (norm) 300 m, iç suvağı – sement (norm) 300 m; 7) pəncərələr – PVC (limit 120); 8) giriş qapısı maksimum 600 m; 9) tikinti sonrası təmizlik. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçı üzərinə götürdüyü öhdəliyini icra etsə də, cavabdeh öz öhdəliyini icra etməmişdir. Bu halda məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi pozduğu üçün iddiaçı tərəfindən ödənilmiş 10000 manat məbləğində pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, cavabdehdən hesablanmış cərimə borcunun tutulmasına dair iddia tələbi qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı (sifarişçi) İddiaçı və cavabdeh (podratçı) Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli podrat müqaviləsinin: 7.2-ci bəndinə əsasən, əlavədə göstərilmiş xidmətlərin təhvil verilməsi bu müqavilənin 1.3-cü maddəsində və ya əlavədə nəzərdə tutulmuş müddət ərzində təhvil verilməzsə, podratçı ümumi xidmət dəyərinin 10%-in çox olmamaqla hər gecikdiyi gün üçün 1%-i həcmində cərimə ödəyir. 8.2-ci bəndinə əsasən, tərəflər hazırki müqaviləyə digər tərəfə yazılı xəbərdarlıq etmək şərti ilə aşağıdakı əsaslar olduqda xitam verilə bilər: bu müqavilənin 13.6-cı bəndində müəyyən edilmiş müddət başa çatdıqda; tərəflərin qarşılıqlı razılığı ilə; hazırki müqavilənin əsas müddəaları pozulduğu halda və hər hansı tərəf öz öhdəliklərini yerinə yetirmədiyi halda; Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, müqavilənin dəyərinin 25000 manat təşkil etməsinə baxmayaraq, iddiaçı tərəfindən ödənilmiş 10000 xidmət dəyərinin 10 % hissəsi, yəni 1000 manat miqdarında cərimə pulu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 127.50 manat dövlət rüsumunun 123 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 4.50 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 10000 manat əsas, 1000 manat cərimə olmaqla, cəmi 11000 manat borc pul vəsaiti və ödənilmiş 123 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 10000 manat əsas, 1000 manat cərimə olmaqla, cəmi 11000 manat borc pul vəsaiti və ödənilmiş 123 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 4.50 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar