Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4283/2025 17.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evindən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı övladları X6 və X9 ilə birlikdə ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı ilə onun xüsusi mülkiyyətindədir. Bildirir ki, Cavabdeh onun keçmiş gəlinidir. X2 ilə cavabdehin arasında olan rəsmi nikah 2012-ci ildə bağlanmış, lakin Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 1736/2023 saylı qətnaməsi ilə pozulmuşdur. Qeyd edir ki, cavabdeh olan keçmiş gəlini Cavabdeh ona məxsus fərdi yaşayış evindən istədiyi kimi istifadə edir. Dəfələrlə cavabdeh azyaşlı övladları ilə şəxsi mülkiyyətində olan fərdi yaşayış evindən çıxmalarını bildirsə də cavabdeh qanunsuz əməllərini davam etdirərək onun qanunla qorunan mülkiyyət hüquqlarını kobud şəkildə pozur. O, Cavabdeh azyaşlı övladları ilə ona məxsus ünvan 1 ünvanında yaşamalarını istəmir və bu səbəbdən də mövcud tələb ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə də cavabdehin evdən çıxmaması evin mülkiyyətçisi olaraq onun mülkiyyət hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. 30 ildir ki, o, evin mülkiyyətçisidir və 2009-cu ildən evi özəlləşdirmişdir. Əlavə olaraq bildirir ki, onun həyat yoldaşı vəfat etmişdir və evdə o, nəvələri və keçmiş gəlini yaşayır. Cavabdeh onlara gələndə onu evə buraxmışdır, lakin artıq oğlundan boşanmışdır. Həmçinin cavabdehin özünə məxsus evi və maşını vardır. Oğlu isə artıq iki ildir ki, evi tərk edib Moskva şəhərinə getmişdir. Sözügedən ev ikimərtəbəli evdir və evin birinci mərtəbəsində o, ikinci mərtəbəsində isə cavabdeh onun nəvələri ilə yaşayır. Onun nəvələri ilə münasibəti yaxşıdır. Onun bir boşanmış qızı vardır, lakin evini qızına verə bilmir, çünki keçmiş gəlini olan cavabdeh deyir ki, ondan bu mənzili alacaqdır. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, o, İddiaçı oğlu olan keçmiş həyat yoldaşından məcburi olaraq ayrılmışdır. Həyat yoldaşı mebel işi ilə məşğul olmuş və ödənilməli borcu yaranmışdır. Bu səbəbdən də onun evinə borcunu tələb edən şəxslər gəlmişdirlər. Qeyd edir ki, iddiaçıya məxsus mənzil iki mərtəbəlidir. Həmin evin birinci mərtəbəsində İddiaçı, ikinci mərtəbəsində isə o, yaşayır. Keçmiş həyat yoldaşı ona barışmağı təklif etmiş, lakin o, bununla razı olmamışdır. Bu səbəbdən də iddiaçı onun mənzildən çıxarılmasını istəyir. Daha sonra növbəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 31947 reyestr nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi (şəhəri), Quşçuluq yaşayış massivi, 3-cü küçə, 2-ci döngə ünvanında yerləşən yaşayış sahəsi 115,9 kv.metr, köməkçi sahəsi 217,8 kv.metr olan, 5 otaqdan ibarət 11 saylı fərdi yaşayış evi Abşeron rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1997-ci il tarixli, 66 nömrəli sərəncamı əsasında İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1736/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, iddiaçı X11 ilə cavabdeh X7 arasında xx.xx.2012-ci il tarixdə, 06 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 anası X8 himayəsində saxlanılması, yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün cavabdeh X3 hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X10 ödənilməsi, alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən hesablanması və qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən, yaşayış sahəsi 333,70 kv.m olan fərdi yaşayış evi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2025-ci il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 31947 reyestr nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 3-cü küçə, 2-ci döngə ünvanında yerləşən yaşayış sahəsi 115,9 kv.metr, köməkçi sahəsi 217,8 kv.metr olan, 5 otaqdan ibarət 11 saylı fərdi yaşayış evi Abşeron rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1997-ci il tarixli, 66 nömrəli sərəncamı əsasında İddiaçı adına qeydə alınmışdır. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən, yaşayış sahəsi 333,70 kv.m olan fərdi yaşayış evi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2025-ci il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Lakin İddiaçı keçmiş gəlini olan Cavabdeh iddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarına hörmətlə yanaşmamış və evi mülkiyyətçiyə təhvil verməkdən imtina etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququndan məhrum olmuşdur. Həmçinin məhkəmədə müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə hüququ heç bir şəkildə, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırılmayıb və onun öz mülkiyyətindən sərbəst istifadə etməsi başqa şəxslərin hüquqlarını pozmur və hüquqdan sui-istifadə deyildir. Məhkəmə cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evindən çıxmamasını iddiaçının mülkiyyət hüquqlarını və qanuni maraqlarını pozması kimi qiymətləndirir. Beləliklə, işin faktiki hallarından göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci və 157-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, yuxarıda qeyd edilən normalara istinad edərək məhkəmə hesab edir ki, Cavabdeh azyaşlı övladları X6 və X9 ilə birlikdə İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh azyaşlı övladları X6 və X9 ilə birlikdə İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-4283/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4283/2025
17.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver