Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4302/2022 21.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi, Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi inzibatı təşkilat sektorunun baş məsləhətəçisi X5, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin nümayəndəsi təlim-tərbiyə üzrə direktor müavini X2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi Xırdalan şəhər 1 nömrəli tam orta məktəbinə qarşı “əmrlərin ləğv edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməklə işə bərpa edilmə” tələbi barədə iddiası üzrə mülki 18 noyabr 2022-ci il tarixdə, Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi Xırdalan şəhər 1 nömrəli tam orta məktəbinə qarşı “əmrlərin ləğv edilməsi və işə bərpa edilmə” tələbinə dair nümayəndəsi-vəkili Vəkil tərəfindən imzalanmış iddia ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində olan Abşeron-Xızı Regional Təhsil İdarəsinin K-59 saylı, 03 iyun 2022-ci il tarixli əmrinin və Xırdalan Şəhər 01 nömrəli tam orta məktəbin 10 iyun 2022-ci il tarixli 225 saylı əmrin ləğv edilməsi və onun Xırdalan Şəhər 01 saylı Tam Orta Məktəbin təlim tərbiyə işləri üzrə Direktor müavini vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili-nümayəndəsi Vəkil iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək Abşeron-Xızı Regional Təhsil İdarəsinin K-59 saylı, 03 iyun 2022-ci il tarixli əmrinin İddiaçı münasibətdə, Xırdalan Şəhər 01 saylı tam orta məktəbin 10 iyun 2022-ci il tarixli 225 saylı və 30 iyun 2022-ci il tarixli 254 saylı əmrlərin ləğv edilməsi, iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Xırdalan Şəhər 01 saylı Tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki,İddiaçı 2015-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri 1 saylı tam orta məktəbdə direktor müavini kimi işə düzəlmişdir. İşlədiyi vaxtda işinin öhdəsindən layiqincə gəlmiş, göstərdiyi nümunəvi xidmətə görə müxtəlif vaxtlarda rayon rəhbərliyi tərəfindən fəxri fərman və sertifikatlarla təltif edilmişdir.İddiaçı 20 ildir ki, təhsil sahəsində xidmət edir və müəllim kimi müharibə zonası olan Tərtər rayonunda 10 ildən artıq müddətdə fəliyyət göstərmişdir. Bundan başqa 45 saylı X15 3 saylı Məntəqə Seçki Komissiyasının sədri vəzifəsində işləyir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Rayon ictimai həyatında həmişə fəal iştirak etmişdir. O sonuncu dəfə 07 aprel 2022-ci il tarixdə Abşeron Rayon Təhsil Şöbəsinin əvəzi tərəfindən Covid-19 lehyinə vaksinasiya ilə bağlı pedoqoji kollektiv və valideynlər arasında maarifləndirmə işinin aparılmasında fəal iştirakına görə təltif olunmuşdur. Rayon ictimaiyyəti arasında xüsusi hörmət qazanmışdır. İşlədiyi dövrdə heç vaxt intizam tənbeh tədbirinə məruz qalmamışdır. Cəmi bir dəfə onun 01 saylı tam orta məktəbdən uzaqlaşmağında maraqlı olan Təranə Abdullayevanın əvvəlki dövrdə direktor vəzifəsini icra edərkən onun əsassız əmri ilə Töhmət tənbeh tədbiri almışdır. Sonradan Rayon rəhbərliyinin fəxri fərmanları ilə həmin töhmət üzərimdən götürülmüşdür. O, tək ailə başçısı kimi 3 uşağına baxır və uşaqlarından biri sağlamlıq imkanı məhdud uşaqdır. Təranə Allahverdiyeva növbəti dəfə məktəb direktoru vəzifəsini icra etdiyi ilk gün məktəbdə yoxlama aparılması barədə Abşeron-Xızı Regional Təhsil İdarəsinə müraciət etmiş, Abşeron-Xızı Regional Təhsil İdarəsinin əmri ilə məktəbdə yoxlama keçirilməsi qərara alınmış və komissiya üzvləri təyin edilmişdir. Məktəbdə keçirilmiş yoxlamanın nəticəsində arayış tərtib edilmişdir. Həmin arayışa görə o, digər müəllimlərin adına rəsmiləşdirilmiş 2 sinfin – 10 ə (həmin sinifdə mənim sağlamlıq imkanı məhdud uşağım olmuşdur.) 8k, 5 d siniflərinin sinif rəhbərliyinin pulu ona verilir, Belə ki, müəllimlər öz izahatlarında hər ay sinif rəhbərliyi üçün ödənilən 31 manat pulu ona ödədiklərini göstərmişlər. Bundan başqa müəllim Pərvanə Abdullayeva yanvar, fevral mart ayları ərzində əvəz etdiyi dərs saatlarının pulunun bir hissəsini ona verdiyini bildirmişdir. Bununla bağlı bildirir ki, o, faktiki sinif rəhbərliyi etdiyi siniflər məktəbin ən ağır sinifləri olduğuna görə məktəb direktorunun göstərişinə əsasən həmin siniflərin sinif rəhbərliyini aparmış və sinif rəhbərliyi rəsmiləşən müəllimlər həmin məbləği ona vermişlər. Sinif rəhbərlərinin müəyyən edilməsi onun səlahiyyətində olmamışdır. Bundan başqa arayışda göstərilmişdir ki, məktəbdəki dərnək məşğələlərinin onun kurasiyasında olan siniflərdə (əsasən 8-ci siniflərdə) keçirildiyindən, məşğələ cədvəllərinin tərtib olunması və keçirilməsinə nəzarət də onun sahəsinə daxildir. Lakin məktəbin dərnək məşğələləri üzrə təsdiqlənmiş, həftənin günləri və saatları əks olunmuş cədvəli yox idi. Lakin həmin cədvəl tərtib edilmiş və iddia ərizəsinə əlavə edilmişdir. Bu səbəbdən məşğələlərin keçirilməsini yerində yoxlamaq mümkün olmamışdır. Arayışda əlavə olaraq qeyd edilmişdir ki, onun DQ balı ümumi 12, istisas balı isə 9 olduğu halda o qaydalara zidd olaraq 12 saat dərs aparır. Lakin dərs bölgüsü onun səlahiyyətinə aid olmamışdır. Nəticədə Abşeron-Xızı Regional Təhsil İdarəsinin K-59 saylı 03 iyun 2022-ci il tarixli əmrinə əsasən onun Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə tutduğu direktor müavini vəzifəsindən azad edilməsi məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən Təranə Allahverdiyevaya tapşırılmışdır. Xırdalan şəhər 01 saylı tam orta məktəb üzrə xx.xx.2022-ci il tarixli, 225 nömrəli əmrə əsasən o tutduğu təlim-tərbiyə üzrə direktor müavini vəzifəsindən Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən uzaqlaşdırılmışdır. İddianın dəqiqləşdirilməsi barədə ərizədə göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə görə işəgötürən tərəfindən öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin 70ci maddə ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. İddiaçının himayəsində qızı Əliyeva Humay Amil qızı adlı əlilliyi olan, sağlamlıq imkanları məhdud uşağı vardır. Həmin uşaq isə cavabdeh olan Abşeron rayonu, Xırdalan şəhəri 1 saylı Tam orta məktəbdə fərdi (ev şəraitində) təhsil alır. Cavabdehlərin iddiaçının himayəsində əlliliyi olan yetkinlik yaşına çatmayan uşağının olmasından xəbəri olmasına baxmayaraq qanunvericiliyin yuxarıda qeyd edilən tələbinə əhəmiyyət vermədən qanunsuz olaraq işəgötürən kimi iddiaçı ilə olan əmək müqaviləsinə xitam vermişdir. X16 Xidmətinin Abşeron-Xızı Regional şöbəsi tərəfindən 09 sentyabr 2022-ci il tarixli MN ******* saylı qərarına əsasən Xırdalan şəhər 01 nömrəli tam orta məktəbin direktoru səlahiyyətlərini müvəqqəti icra edən X6 tərəfindən İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verildiyinə görə X10 Xətalar Məcəlləsinin 192.6-cə maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 (iyirmi) gün müddət müəyyən olunmuşdur. Bundan başqa Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1-ci maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Yuxarıda qeyd edilən Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci bəndinə əsasən işəgötürən əsaslandırılmış təqdimatla həmkarlar ittifaqına müraciət etməli və Həmkarlar İttifaqının əsaslandırılmış qərarı işəgötürənə təqdim edilməlidir. Lakin Xırdalan şəhər 1 nömrəli Tam Orta Məktəbin X12 10 iyun 2022-ci il tarixli və əvvəlki iclaslarının prokotolunda heç bir əsaslandırma olmadan İddiaçı işinə xitam verilməsini məqsədəuyğun hesab etmişir. Həmin protokolun çıxışlar hissəsində təşkilat üzvlərinin çıxışlarında qeyd edilir ki, onlar İddiaçı və digər direktor müavinlərinin məktəbdə müəllim işləməsini məqsədə uyğun hesab edərək müəllimlik vəzifələrini yerinə yetirmələrini istəyirlər. Lakin iclas protokolunda İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilməsinin əsaslarından söhbət getməmiş, belə əsaslar müzakirə edilməmiş, heç bir araşdırma aparılmadan və əsaslandırma olmadan hətta təşkilat üzvlərinin iradəsinə zidd olaraq işə xitam verilməsini məqsədəuyğun olması barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq edərək əlavə olaraq bildirdilər ki, 01 saylı Tam orta məktəbdə keçirilən yoxlama nəticəsində üzə çıxarılan qanun pozuntularına Azərbaycan Respublikası Baş prokurorunun yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılma aparılmış və İddiaçı əməllərində hər hansı cinayət əməlinin tərkibinin olmadığı müəyyən edilmişdir. İddiaçı və onun nümayəndəsi-vəkili sonda iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi inzibati təşkilat sektorunun baş məsləhətçisi X9 iddiaya etiraz edərək bildirdi ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin F-01 saylı xx.xx.2022-ci il tarixli əmri ilə 18-19 may 2022-ci il tarixlərində Abşeron rayonu Xırdalan şəhəri 01 nömrəli tam orta məktəbində monitorinq keçirilməsi barədə əmr verilmişdir, həmin tarixlərdə Abşeron rayonu, Xırdalan şəhəri 01 nömrəli tam orta məktəbində monitorinq keçirilmiş və məktəbin təlim, tərbiyə prosesinin təşkili, tədris-pedoqoji sənədlərlə iş, əmək və təhsil qanunvericiliyinin tələblərinin kobud pozuntusu aşkar edilmiş, digər müəllimlərin adına rəsmiləşdirilmiş 3 sinfin – 10ə, 8k, 5 d siniflərinin pulu İddiaçı verilmişdir. Müəllimlər öz izahatlarında hər ay sinif rəhbərliyi üçün ödənilən pulu (31 manat) İddiaçı ödədiklərini göstərmişlər. İddiaçı tərəfindən bir müəllimin adına tarifləşmiş, lakin tədris edilməyən saatlar üçün ödənilən pul alınıb başqa müəllimlərə ödənilmişdir. İddiaçı hətta öz izahatında da qeyd edir ki, “Pərvanə Abdullayeva yanvar, fevral, mart ayları ərzində əvəz etdiyi dərs saatlarınını pulunun bir hissəsini ona verdiyini qeyd etmişdir. Bununla bağlı bildirir ki, o faktiki sinif rəhbərliyi etdiyi siniflər məktəbin ən ağır sinifləri olduğuna görə məktəb direktorunun göstərişinə əsasən həmin siniflərin sinif rəhbərliyini aparmış və sinif rəhbərliyi rəsmiləşən müəllimlər həmin məbləği ona vermişlər. Göründüyü kimi iddiaçı öz iddia ərizəsində etiraf edir ki, tarifləşən ilə ona verilməyən siniflər üzrə ödənilən pulu sinif rəhbərlərindən almışdır. Azərbaycan Respublikasının Baş prokurorunun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Elm və Təhsil Nazirliyinə göndərilmiş məktubda Xırdalan şəhər 01 saylı Tam orta məktəbdə çoxsaylı qanun pozuntularının olduğu qeyd edilmişdir. İddiaçı da həmin məktəbdə rəhbər vəzifədə işlədiyinə görə həmin qanun pozuntularına görə məsuliyyət daşımalıdır. Nümayəndə sonra iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin nümayəndəsi təlim-tərbiyə üzrə direktor müavini X6 iddiaya etiraz edərək izahatında bildirdi ki, o Abşeron-Xızı Regional Təhsil İdarəsinin yoxlamadan sonra verdiyi əmrə əsasən İddiaçı tutduğu vəzifədən Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən azad edilməsi barədə əmr vermişdir. İddiaçı himayəsində əlil uşağının olmasını bilmişdir. Nümayəndə sonda qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iddiaçının, onun nümayəndəsi-vəkilinin, cavabdehlər Abşeron-Xızı Regional Təhsil İdarəsinin və Xırdalan şəhər 01 nömrəli tam orta məktəbin nümayəndələrinin izahatını dinləyib, mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki iş materiallarında olan Abşeron-Xızı Regional Təhsil İdarəsinin F-01 saylı xx.xx.2022-ci il tarixli monitorinqlərin keçirilməsi barədə əmrindən görünür ki, Abşeron rayonu Xırdalan şəhər 01 nömrəli tam orta məktəbin təlim-tərbiyə prosesinin təşkilinin, tədris-pedoqoji və metodiki sənədlərlə işin, əmək və təhsil qanunvericiliyinin tələblərinin, əmək və icra intizamının sənədləşmə işlərinin, təchizatın və təsərrüfat fəaliyyətinin real vəziyyətinin öyrənilməsi, məlumatların toplanması, təhlil edilməsi, ümumiləşdirilməsi və qanunvercilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin görülməsi məqsədilə 18-19 may 2022-ci il tarixlərində monitorinq keçirilməsi əmr edilmişdir. Mülki iş materiallarında olan Xırdalan şəhər 01 nömrəli tam orta məktəbdə aparılmış monitorinqin nəticəsi barədə arayışdan görünür ki, məktətin direktoru vəzifəsini müvəqqəti icra edən T.Allahverdiyevanın müraciəti əsasında Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli əmri ilə komissiya yaradılmış və məktəbdə monitorinq keçirilmiş, monitorinqin nəticəsinə İddiaçı barəsində aşağıdakı pozuntular aşkar edilmişdir: o, digər müəllimlərin adına rəsmiləşdirilmiş 2 sinfin – 10ə, 8k, 5d siniflərinin sinif rəhbərliyinin pulu ona verilir, Belə ki, müəllimlər öz izahatlarında hər ay sinif rəhbərliyi üçün ödənilən 31 manat pulu ona ödədiklərini göstərmişlər. Bundan başqa müəllim Pərvanə Abdullayeva yanvar, fevral mart ayları ərzində əvəz etdiyi dərs saatlarının pulunun bir hissəsini ona verdiyini bildirmişdir; bundan başqa İddiaçı öz izahatında Təranə Məmmədovanın adına tarifləşmiş lakin tədris etmədiyi yeddi saat dərsin (3 saat fakültativ, 4 saat evdə fərdi təhsil dərsi) digər müəllimlər tərəfindən tədris olunduğunu bildirərək, həmin saatlar üçün ödənilən pulu Ceyhunə Babayeva və Nigar Qurbanovaya çatdırdığını bildirmişdir. Lakin araşdırma zamanı məlum olmuşdur ki, Təranə Məmmədova ixtisasca coğrafiya, C.Bayrampva riyaziyya (ixtisas balı 10), N.Qurbanova (ixtisas balı 26) isə Azərbaycan dili və ədəbiyyat müəllimidir. Bu fakt da özlüyündə həmin dərslərin tədris olunmadığını təsdiq edir; məktəbdəki dərnək məşğələlərinin onun kurasiyasında olan siniflərdə (əsasən 8-ci siniflərdə) keçirildiyindən, məşğələ cədvəllərinin tərtib olunması və keçirilməsinə nəzarət də onun sahəsinə daxildir. Lakin məktəbin dərnək məşğələləri üzrə təsdiqlənmiş, həftənin günləri və saatları əks olunmuş cədvəli yox idi; onun DQ balı ümumi 12, istisas balım isə 9 olduğu halda o qaydalara zidd olaraq 12 saat dərs aparır. Mülki iş materiallarında olan Abşeron-Xızı Regional Təhsil İdarəsinin 03 iyun 2022-ci il tarixli, K-59 saylı əmrindən görünür ki, İdarənin F-01 nömrəli 18 may 2022-ci il tarixli əmrinə əsasən keçirilmiş monitorinqin nəticələrinə əsasən Xırdalan şəhər 01 nömrəli tam orta məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən Təranə Abdullayeva həmin məktəbin rəlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə sonuncunun işlərində yol verdiyi kobud nöqsanlara və maliyyə pozuntusuna görə qanunveriliyə uyğun qaydada məktəbin Həmkarlar Komitəsi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi tapşırılmışdır. Həmin əmrdə toplanmış materialla hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edilməsi ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə məktub göndərilməsi də əmr edilmişdir. Mülki iş materiallarında olan Xırdalan şəhər 01 nömrəli Tam orta məktəbin X12 07 iyun 2022-ci il tarixli 36 nömrəli protokolundan çıxarışdan görünür ki, təşkilat üzvləri çıxış edərək bildirdilər ki, sənəddə adları qeyd edilən direktor müavinləri İddiaçı, X7 və X8 hüquqlarının müdafiəsi üçün humanist mövqedən çıxış edərək təqdim olunmuş sənədlərdən əmrin icra olunmasının müəyyən müddətə təxirə salınması tövsiyyə olunur, təşkilat olaraq qərara heç nə deyə bilməzlər, amma yuxarıda adları qeyd olunmuş müəllimlərin iclasda iştirak edib hüquqlarını müdafiə etmələri üçün şərait yaratmaq lazımdır. Direktor müavinləri məktəbə dəvət edilməli, onlarla söhbət aparılmalı, qərardan asılı olmayaraq ərizə ilə rəhbərliyə müraciət edib müəllimlik vəzifələrini davam etdirməlidirlər. Əlaqə saxlanılan zaman direktor müavinləri bildirmişlər ki, səhhətlərində yaranmış problemlərlə əlaqədar müalicə alırlar. Müalicə aldıqları müddətdə adlarına xəstəlik vərəqəsi açılıb və işə çıxdıqdan sonra onu məktəbə təqdim edəcəklər. Yuxarıda adları qeyd olunan direktor müavinlərinin iştirakı təmin edilmədiyinə görə idarə heyətinin üzvləri qərara aldılar ki, onların iştirakı təmin edilsin. Mülki iş materiallarında olan Xırdalan şəhər 01 saylı tam orta məktətin X12 idarə heyyətinin üzvləri tərəfindən tərtib edilmiş 07 iyun 2022-ci il tarixli aktdan görünür ki, İddiaçı və digər müavinlərin barəsində göndərilmiş əmr müzakirə edildi və həmkarlar təşkilatı idarə heyyətinin üzvləri ilə birlikdə direktor müavinlərinin müəllim vəzifələrinin qalıb davam etdirmələrini istəyirlər. İddiaçı ilə telefon əlaqəsi zamanı sonuncu səhhəti ilə bağlı müalicə aldığını və iclasda iştirak edə bilməyəcəyini bildirdi. Mülki iş materiallarında olan Xırdalan şəhər 01 nömrəli Tam orta məktəbin X12 08 iyun 2022-ci il tarixli 39 nömrəli protokolundan çıxarışdan görünür ki, təşkilat üzvləri direktor müavinləri İddiaçı, Nuriyyə Abdullayevanın və Lamiyə Məmmədovanın məktəbdə müəllim kimi qalıb işləməsini məqsədəuyğun sayaraq müəllimlik vəzifələrini davam etdirməlidirlər. Həmkarlar Təşkilatı onların iclasda iştirak etmələrinin və müəllim fəaliyyətlərinin davam etdirilməsinin tərəfindədir. Həmkarlar təşkilatının iclası direktor müavinlərinin iştirakının təmin edilməsi üçün təxirə salınır. Mülki iş materiallarında olan Xırdalan şəhər 01 nömrəli Tam orta məktəbin X12 10 iyun 2022-ci il tarixli 40 nömrəli protokolundan çıxarışdan görünür ki, təşkilat üzvləri direktor müavinləri İddiaçı, Nuriyyə Abdullayevanın və Lamiyə Məmmədovanın məktəbdə müəllim kimi qalıb işləməsini məqsədəuyğun sayaraq müəllimlik vəzifələrini davam etdirmələrini istəyirlər. Həmkarlar Təşkilatı onların iclasda iştirak etmələrinin və müəllim fəaliyyətlərinin davam etdirilməsinin tərəfindədir. Səsvermənin nəticəsinə uyğun olaraq Xırdalan şəhər 01 nömrəli tam orta məktəbin direktor müavinləri: İddiaçı, X3, X4 işinə xitam verilməsi məqsədəuyğun hesab edildi. Mülki iş materiallarında olan İş materiallarında olan Xırdalan şəhər 01 nömrəli tam orta məktəb üzrə 10 iyun 2022-ci il tarixli 225 nömrəli əmrdən çıxarışdan görünür ki, işində yol verdiyi nöqsanlara və maliyyə pozuntusuna görə qanunvericiliyə uyğun qaydada məktəbin həmkarlar komitəsi ilə razılaşma əsasında məktəbin təlim-tərbiyə işlər üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsiə müvəqqəti əmək qabiliyyətinin olmaması vərəqəsinin müddəti bitdiyi gündən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin ç bəndinə əsasən xitam verilmişdir. Mülki iş materiallarında olan Xırdalan şəhər 01 nömrəli tam orta məktəb üzrə 30 iyun 2022-ci il tarixli 254 nömrəli əmrdən çıxarışdan görünür ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı 30 iyun 2022-ci il tarixdə əmək qabiliyyətinin bərpa olunduğunu nəzərə alaraq əmr edilmişdir: 1. Məktəbin xx.xx.2022-ci il tarixli 225 nömrəli əmrin icrası təmin edilsin və təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı əmək müqaviləsini xx.xx.2022-ci il tarixdən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilsin. Mülki iş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən verilmiş 29 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri 01 nömrəli tam orta məktəbdə işləyən İddiaçı batəsində Təhsil Nazirliyindən daxil olmuş məlumat əsasında Baş İdarənin Preventiv tədbirlər və təhqiqat idarəsində araşdırma aparılmış və araşdırma zamanı cinayət tərkibli əməllərin törədilməsi faktı təsdiq edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Göründüyü kimi Xırdalan şəhər 01 saylı tam orta məktəbin həmkarlar təşkilatının iclaslarında bütün iclas iştirakçıları İddiaçı məktəbdə müəllim kimi fəaliyyətinə davam etdirməsi istəmiş, həmkarlar təşkilatının keçirilmiş üç (07 iyun 2022-ci il, 08 iyun 2022-ci il tarixli və 10 iyun 2022-ci il) iclasının ikisində onun səhhəti ilə bağlı iclaslarla iştirak edə bilməməsi göstərilmiş, bu səbəbdən də iclaslar çox qısa müddətə (bir gün və iki gün) təxirə salınmış, özü ilə əlaqə saxlanılan zaman səhhəti ilə əlaqədar üzrlü olaraq iştirak edə bilməyəcəyini və bununla bağlı xəstəlik vərəqəsini gətirəcəyini bildirdiyi halda bu hal nəzərə alınmadan 10 iyun 2022-ci il tarixli iclasda iclas iştirakçıları onun məktəbdə fəaliyyət göstərməsini məqsədəuyğun hesab etdiyi halda yekun olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsini məqsədəuyğun olması barədə qərar qəbul etmişdir. Həmkarlar təşkilatının iclas prokollarının məzmunundan görünür ki, təşkilat tərəfindən qəbul edilmiş qərar həmkarlar təşkilatının üzvlərinin iradəsini ifadə etmir. Həmkarlar Təşkilatının iclaslarında iddiaçı ilə bağlanılan əmək müqaviləsinə xitam verilməsi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsasların olub-olmaması, əmək müqaviləsinə işəgötürən tərəfindən birtərəfli qaydada xitam verilməsini qadağan edən halların olubolmaması araşdırılmamışdır. Həmkarlar təşkilatının 07 iyun 2022-ci il tarixli 36 nömrəli protokolundan çıxarışda qeyd edilmişdir ki, təşkilat olaraq qərara heç nə deyə bilməzlər. Bu ifadə isə onu göstərir ki həmkarlar təşkilatı X19 Təhsil İdarəsinin əmrini müzakirəsiz qəbul etmiş, İddiaçı hüquqlarını müdafiə etmək niyyətində olmamış və iclas iştirakçılarının fikrindən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsasların olub-olmamasından, bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən birtərəfli qaydada xitam verilməsini qadağan edən halların olubolmamasından asılı olmayaraq əvvəlcədən bəyan etmişdir. Həmkarlar təşkilatının razılığı isə qanunveriliyin tələbi kimi formal olaraq alınmışdır. Belə olan halda İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə Xırdalan şəhər 01 nömrəli tam orta məktəbin xx.xx.2022-ci il tarixli 225 nömrəli və 30 iyun 2022-ci il tarixli 254 nömrəli əmrləri həmkarlar təşkilatı ilə razılaşdırılmış hesab edilə bilməz. Bundan başqa İddiaçı ilə Xırdalan şəhər 01 nömrəli tam orta məktəb arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndində göstərilən əsasən xitam verilməsi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, İddiaçı ilə bağlnamış əmək müqaviləsində və onun tutduğu vəzifə üzrə təlimatda Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən keçirilmiş yoxlama zamanı müəyyən edilmiş nöqsanlarla bağlı hər hansı məsuliyyət daşıması müəyyən edilməmişdir.Həmçinin İddiaçı tərəfindən Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən kobud pozuntular etməsi də müəyyən edilməmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sistemindən götürülmüş sosial müavinət və təqaüd haqqında xx.xx.2022-ci il tarixli ********** nömrəli arayışdan görünür ki, İddiaçı sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsə qulluq etdiyinə görə həra ya 50 manat məbləğində prezident təqaüdü alır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sistemindən götürülmüş çıxarışdan görünür ki, Əliyeva Humay Amil qızı sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. Mülki iş materiallarında olan X16 Xidmətinin Abşeron-Xızı Regional şöbəsinin 09 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli qərarından görünür ki, Xırdalan şəhər 01 nömrəli tam orta məktəbin direktoru səlahiyyətlini müvəqqəti icra edən X1 Məcəlləsinin tələbləri pozulmaqla xx.xx.2022-ci il tarixli əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmaların aradan qaldırılması üçün 20 (iyirmi) gün müddət müəyyən edilmişdir. Mülki iş materiallarında olan X16 Xidmətinin Abşeron-Xızı Regional şöbəsinin İddiaçı göndərdiyi 16 sentyabr 2022-ci il tarixli, **********8 saylı məktubdan görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə məktəbin işəgötürəninin xx.xx.2022-ci il tarixli 254 nömrəli əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə Əmək Məcəlləsinin 76-cı maddəsinin (əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər) və 79-cu (əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar) maddələrinin tələbləri pozularaq xitam verilmişdir. Belə ki, Əmək Məcəlləsinin 79-cü maddəsinin öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Göründüyü kimi işəgötürən tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilən əsasla xitam verilməsi onun himayəsində 18 yaşınadək sağlamlıq imkanları məhdud uşağı olduğuna görə Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən qadağan edildiyi halda işəgötürən qanunvericiylin bu tələbinə əhəmiyyət verməmiş və İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə qanunsuz və əsassız olaraq 10 iyun 2022-ci il tarixli, 225 nömrəli və 30 iyun 2022-ci il tarixli 254 nömrəli əmrləri vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron-Xızı Regional Təhsil İdaərsinin k-59 saylı 02 iyun 2022-ci il tarixli əmri İddiaçı münasibətdə, Xırdalan şəhər 01 nömrəli tam orta məktəbin 10 iyun 2022-ci il tarixli 225 saylı və 20 iyun 2022-ci il tarixli 254 saylı əmrləri ləğv edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Xırdalan şəhər 01 saylı Tam orta məktəbin təlib-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa edilməldir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəll-+əsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Xızı Regional Təhsil İdaərsinin k-59 saylı 02 iyun 2022-ci il tarixli əmri İddiaçı münasibətdə, Xırdalan şəhər 01 nömrəli tam orta məktəbin 10 iyun 2022-ci il tarixli 225 saylı və 20 iyun 2022-ci il tarixli 254 saylı əmrləri ləğv edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Xırdalan şəhər 01 saylı Tam orta məktəbin təlib-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-4302/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4302/2022
21.11.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver