Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4304/2025 20.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı övladları xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X8 ilə birlikdə Cavabdeh və ailə üzvlərinə verilmiş Abşeron rayonu, Yeni Yaşayış kompleksində (2 otaqlı), 39 nömrəli binanın 40 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, onunla Cavabdeh xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişdirlər. Onların həmin nikahdan 2 övladı xx.xx.2021-ci il tarixdə X3 və xx.xx.2023-cü il tarixdə X8 doğulmuşdur. O, cavabdeh ilə evləndikdən sonra cavabdeh Vətən müharibəsində iştirak etmiş və X7muşdur. Bununla bağlı onlar Abşeron Rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin qərarı ilə 3 nəfər (o - İddiaçı, cavabdeh - Cavabdeh və övladları xx.xx.2021-ci il təvəllüdlü X3) ailə tərkiblərinə uyğun olaraq onlara Abşeron rayonu, Yeni Yaşayış kompleksində (2 otaqlı), 39 nömrəli binanın 40 saylı mənzili verilmişdir. Hazırda cavabdeh onlara mənzilə köçüb yaşamağa imkan vermir. O, 2 azyaşlı uşağı ilə kirayədə yaşamaq məcburiyyətində qalmış, bu səbəbdən də onun məhkəməyə müraciət etməkdən ayrı çarəsi qalmamışdır. O, sözügedən evdə yaşamamış, lakin evə mütəmadi gedib gəlmişdir. Artıq o, övladları ilə qaldığı evin kirayə pulunu verə bilmir. Onun köçmək istədiyi evdə hazırda evi almış şəxs yaşayır. Onun sözügedən evi cavabdehin satdığından xəbəri olmamışdır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddianı qəbul edir. Belə ki, o, dövlət tərəfindən ona verilmiş mənzili qeyri-qanuni olaraq 26500 manat müqabilində başqa şəxsə satmışdır. O, iddiaçının sözügedən mənzilə köçürülməsinə etiraz etmir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X4 izahatında hazırki mübahisənin həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə həmin qurumun nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 390327 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X6 17 iyun 2020-ci il tarixində nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 54 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Əhmədova” soyadı verilmişdir. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 579721 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 16 aprel 2021-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Mənzillərin imtiyazlı şəxsə təhvil verilməsi barədə aktın surətindən görünür ki, Abşeron Rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış X11 Cavabdeh ilə birlikdə onun ailə üzvləri İddiaçı və X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamına əsasən Abşeron rayonu, Yeni Yaşayış kompleksindən 39 nömrəli binanın 40 saylı mənzili verilmişdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət“ mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 860808 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 02 mart 2023-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 43-cü maddələri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 3-cü, 8-ci, 9.1-ci, 9.2.1-ci, 9.2.2-ci, 17.3.2-ci, 68.1-ci, 68.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci, 164.2-ci və 560.3.4-cü maddələri təşkil edir. Məhkəmədə işin müəyyən edilmiş faktiki hallarından görünür ki, Mənzillərin imtiyazlı şəxsə təhvil verilməsi barədə aktın surətindən göründüyü kimi Abşeron Rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış X5 Cavabdeh ilə birlikdə onun ailə üzvləri İddiaçı və X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamına əsasən Abşeron rayonu, Yeni Yaşayış kompleksindən 39 nömrəli binanın 40 saylı mənzili verilmiş, tərəflər aralarında olan münasibətlər pisləşdiyindən onlar ayrı yaşamağa başlamış, lakin daha sonra iddiaçı mübahisəli mənzilə köçmək istəsə də Cavabdeh buna imkan verməmiş və iddiaçını mənzilə buraxmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Bu cür müdafiə üsulları kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir. Yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan xüsusi təyinatlı yaşayış sahəsidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.3.2-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondu - bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusudur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birlikdə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddirlər. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.2-ci maddəsində qeyd edilir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, mübahisəli mənzil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçının istifadəsinə verilmiş, mənzil iddiaçı tərəfindən yaşayış sahəsi kimi istifadə olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı azyaşlı övladları xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X8 ilə birlikdə Cavabdeh və ailə üzvlərinə verilmiş Abşeron rayonu, Yeni Yaşayış kompleksində (2 otaqlı), 39 nömrəli binanın 40 saylı mənzilinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmənin qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak münasibətlərində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. AR Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin heç kəs yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir.Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsasız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüququ sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarları və s.) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı azyaşlı övladları xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X8 ilə birlikdə Cavabdeh və ailə üzvlərinə verilmiş Abşeron rayonu, Yeni Yaşayış kompleksində (2 otaqlı), 39 nömrəli binanın 40 saylı mənzilinə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-4304/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4304/2025
20.11.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver