Məhkəmə qərarları › İş №2(012)-4357/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4357/2023

24.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4357/2023 24.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlu tərəfindən, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon X2 üzrə xx.xx.1998-ci il tarixli, 28 saylı əmrin ləğv edilməsi və onun əsasında Cavabdeh2 adına xx.xx.2020-ci il tarixdə rəsmiləşdirilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 153.2.1-ci maddəsinin tələblərinə cavab vermədiyindən həmin ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının: 5.1. bəndinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 5.2. bəndinə əsasən, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. 6.1. bəndinə əsasən, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. bəndinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Mülki iş materiallarından göründüyü kimi, iddiaçı cavabdehin adına verilmiş çıxarışın etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir ki, qeyd olunan çıxarış Cavabdeh1 qərarı əsasında X1 xx.xx.1998-ci il tarixli, 28 saylı əmri əsasında verilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Qanunun tələblərinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. 2.0.1. maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqandır. Məhkəmə Ali Məhkəmə Plenum Qərarındakı hüquqi mövqeyə və “İnzibati icraat haqqında” Qanunun qeyd edilən normasına əsaslanaraq, hazırki iddia ərizəsi ilə cavabdehin adına qeydə alınmış çıxarış əsasında mülkiyyətə verilmiş torpaq sahəsinin verilməsinə əsas olan inzibati akt Cavabdeh1 qərarına əsasən verildiyindən məhkəmə hesab edir ki, iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Mülki Prosessual Məcəllənin 153.2.1. maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 153.2.1. maddəsində «ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə» ifadəsi işə yalnız məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin təsir dairəsinə düşür. Eyni zamanda, «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 №-li Qərarının 15.4-cü bəndinin məzmununa əsasən, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-nin 153.2, 153.2.1 maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə və mülki iş materiallarına istinad edərək qeyd edir ki, həmin tələbə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz və ərizənin yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Həmçinin, Mülki Prosessual Məcəllənin: 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2. maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏRARA ALDİ:

İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 09:47-də "xxxx" ASC-də (Əməliyyat İD: 257975684, qəbz nömrəsi: 24756, Terminal nömrəsi: K0117011, Ödəniş növü: Nağd, məhkəmə növü: Abşeron rayon Məhkəməsi, Büdcə səviyyə kodu: 142213, GPP qəbz nömrəsi: **********) ödənilmiş 101 (yüz bir) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar