Məhkəmə qərarları › İş №2(012)-4370/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4370/2023

24.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4370/2023 24.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, İddiaçı Rüstəmova (Abbasova) İlhamə Cəfər qızının Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Rüstəmova (Abbasova) İlhamə Cəfər qızı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehin övladları xx.xx.2005-ci il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 ilə birlikdə ünvan 1 ünvanına köçürülmələri və digər hüquqlarına 8000 manat kompensasiya verilməsi yolu ilə xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi ərazi aidiyyətinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 35.1 maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki iş materiallarından göründüyü kimi, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlara əsasən, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, 22-ci korpus, 83 saylı evdə qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 39.1 maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, daşınmaz əmlakın olduğu yer üzrə verilən iddia tələbləri 1) mülkiyyət hüququnun tanınması, 2) qeyri-qanuni sahiblikdən götürülmə, 3) mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulduğu hallarda mümkündür. Hazırki iddia tələblərindən məlum olduğu kimi isə, mübahisə predmeti daşınmaz əmlak deyil, həmin əmlak barəsində mənzilə köçürülmə və digər hüquqlara xitam verilməsidir ki, həmin iddia tələbi də ümumi aidiyyət qaydalarına uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı ünvan üzrə məhkəmədə baxılmalıdır. Mülki Prosessual Məcəllənin: 151.1 maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1 maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh Abşeron rayonu ərazisində qeydiyyatda olmadığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iddiaçıya iddia ərizəsi ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 35.1, 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı Rüstəmova (Abbasova) İlhamə Cəfər qızının Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar