Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4373/2021 19.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə 19 oktyabr 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından anadan olmuş 20.02.2014-cü il təvəllüdlü X7, 14.03.2020-ci il təvəllüdlü X3 adlı övladları ilə birlikdə Cavabdeh1 və Cavabdeh2 Qənbər oğluna məxsus Abşeron rayonu Məmmədli kəndində yerləşən 4 otaqdan ibarət fərdi yaşayış evinə köçürülmələrinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə 2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından 20.02.2014-cü il tarixdə X7, 14.03.2020-ci il tarixdə X3 adlı övladları anadan olmuşdur. Bir neçə il ər-arvad kimi normal münasibətlərdə yaşadıqdan sonra Cavabdeh1 ilə aralarında olan münasibətlər pisləşməyə başlamış və faktiki olaraq aralarında olan nikah pozulmuşdur. İddiaçı hazırda valideynlərinin yaşadığı evdə onlarla birlilkdə yaşayır. Həmin ev balaca olduğundan və bütün cehiz əşyaları cavabdehə məxsus evdə qaldığından gəlin köçdüyü evə köçüb orada yaşamaq istəyir. Cavabdehlər isə onun yaşadığı evdən istifadə etməyinə, orada yaşamağına imkan vermir. Sözügedən ev üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı hesab edir ki, birgə nikahlarından olmuş 20.02.2014-cü il təvəllüdlü X7, 14.03.2020-ci il təvəllüdlü X3 adlı övladları ilə birlikdə Cavabdeh1 məxsus Abşeron rayonu Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı yaşaması üçün Abşeron rayonu Məmmədli kəndində yerləşən evinə köçürülməsinə etiraz etmədiyini, eyni zamanda oğlunun da iddiaçının evə köçürülməyinə etirazı olmadığını bildirmişdir. Digər Cavabdeh1 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən 23.04.2021-ci il tarixli 2771 saylı arayışdan görünür ki, İddiaçı Bərdə şəhər, H.Əliyev pr.112, 18 nömrəli evdə yaşayır. İş materiallarında olan AZ-İV seriyalı 396722 nömrəli və AZ-İV seriyalı 242929 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh1 ilə İddiaçı birgə nikahlarından 20.02.2014-cü il təvəllüdlü X7, 14.03.2020-ci il təvəllüdlü X3 doğulmuşdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 18.02.2021-ci il tarixli, 2(012)- 1256/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı “aliment" tələbinə dair iddiası qismən təmin edilmiş, 20.02.2014-cü i! təvəllüdlü X4, 14.03.2020-ci il təvəllüdü X1 üçün Cavabdeh1 06.01.2021-ci il tarixdən hesablanmaqla hər bir uşaq üçün hər ay 130 manat, ümumilikdə 260 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi, Cavabdeh1 30 manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilməsi, qətnamənin aliment hissəsi dərhal icraya yönəldilməsi qət edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh1 24.01.2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından 20.02.2014-cü il tarixdə X7, 14.03.2020-ci il tarixdə X3 adlı övladları anadan olmuşdur. Tərəflər arasında münasibətlər pisləşdiyindən onlar aralarında olan münasibətlər pisləşməyə başlamış,iddiaçı hazırda valideynlərinin yaşadığı Bərdə şəhərində onlarla birlilkdə yaşayır. İddiaçıya məxsus bütün cehiz əşyaları cavabdehlərin yaşadığı hazırkı mübahisəli evdə qaldığından gəlin köçdüyü evə köçüb orada yaşamaq istəyir. Cavabdehlər isə iddiaçını yaşadığı evdən istifadə etməyinə, orada yaşamağına imkan vermir. Sözügedən ev üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmamışdır, ev özbaşına tikilidir. Hazırda iddiaçı cavabdehlə birgə nikahlarından olan övladları ilə birlikdə mübahisəli evə köçürülməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırmaları zamanı tərəflərin izahatından və iş materiallarına əlavə edilmiş sübutlardan müəyyən olunur ki, tərəflər arasında mənzildən istifadə edilməsi ilə əlaqədar mübahisəli hüquq münasibətləri 2015-cı ildə yaranmışdır. Bu isə o deməkdir ki,mövcud mübahisə hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarına uyğun həll edilməlidir. Məhkəmə mübahisəli evin hüquqi statusunu, bununla da onun mülkiyyət formasını müəyyən edərkən mülkiyyət formalarından hər hansı birinə aid olmamasını, özbaşına tikinti olmasını,mübahisəli evin tikildikdən sonra daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsini, bununla da mübahisəli evin xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməməsini, habelə mübahisəli evin cavabdehin mülkiyyətində olmamasını nəzərə alıb, hesab edir, mövcud mübahisə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin ümumi prinsipləri (hüququn analogiyası), Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və prinsipləri əsas götürülməklə kirayəçi və onun ailə üzvləri arasında olan münasibətlər müstəvisində həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixən sonra qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı X5 cavabdehlərin razılığı ilə onun evinə gəlin köçmüş, bu zaman onun evə köçməsi, orada yaşaması ilə bağlı onun qarşısında hər hansı bir şərt qoyulmamış, onun bütün cehiz əşyaları da həmin evə yerləşdirilmiş və hazırda da oradadır. İddiaçının gəlin köçən zaman bütün cehiz əşyalarını gəlin köçdüyü evə gətirməsi onun həmin evə müvəqqəti deyil, daimi yaşamaq üçün gəlməsini təsdiq edən dəlillərdir. O, həmin yaşayış sahəsindən burada yaşayan cavabdehlə bərabər surətdə istifadə etmək hüququ əldə etmişdir. Göstərilənlərlə əlaqədar olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Hazırki iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Bundan başqa o da nəzərə alınmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Gillounun işi”nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə 8 niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2. maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3. maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehlərin iddianı etiraf edərək onu qəbul etməsii qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4. maddəsinin tələbinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Bu səbəbdən də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, cavabdehin iddia ərizəsini etiraf edərək qəbul etməsini nəzərə alaraq hesab edir ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən 4 otaqdan ibarət fərdi yaşayış evi özbaşına tikili olduğundan, iddiaçı cavabdeh ilə birlikdə həmin evə bərabər hüquq və vəzifələrə malik olduğundan iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməli, İddiaçı uşaqları - 20.02.2014-cü il təvəllüdlü X7, 14.03.2020-ci il təvəllüdlü X3 adlı övladları ilə birlikdə cavabdehlərin yaşadıqları Abşeron rayonu Məmmədli kəndində yerləşən 4 otaqdan ibarət evə köçürülməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 4-cü, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı uşaqları - 20.02.2014-cü il təvəllüdlü X7, 14.03.2020-ci il təvəllüdlü X3 adlı övladları ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları Abşeron rayonu Məmmədli kəndində yerləşən 4 otaqdan ibarət evə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4373/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4373/2021
19.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver