Məhkəmə qərarları › İş №2(012)-4422/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4422/2022

05.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4422/2022 05.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi ilə, İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı Cavabdeh1 MMC (hazırki "xxxx" MMC) ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Xırdalan şəhəri, R.Axundov küçəsində inşa edilən 3 girişli yüksək mərtəbəli yaşayış binasından 2 otaqlı, ümumi sahəsi 90 kv.metr olan mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC ilə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Xırdalan şəhəri, R.Axundov küçəsində inşa edilən 3 girişli yüksək mərtəbəli yaşayış binasından 2 otaqlı, ümumi sahəsi 90 kv.metr olan mənzilin 1 kv.metri 500 manat olmaqla satılması nəzərdə tutulmuşdur. Müqavilənin 2.2.1 və 2.2.2-ci maddələrinin tələblərinə uyğun olaraq, həmin mənzilin dəyəri kimi 45000 manat vəsait onun tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Bu barədə 11 sentyabr 2019-cu il tarixli maliyyə arayışı verilmişdir. Müqavilədə müəyyən olunmuş müddət başa çatdığından, o, mənzilinə sahib olmaq istədikdə, ona həmin binadan mənzil verilməyəcəyini bildirmişlər. Bu səbəbdən o, rəsmi olaraq dəfələrlə "xxxx" MMC-yə müraciət etsə də, nəticəsi olmamışdır. Cavabdeh tərəfindən aldadılaraq vəsaiti əlindən alınan çoxsaylı insanlar vardır. Məhkəməyə iddia ərizəsi vermə ərəfəsində ona məlum olmuşdur ki, firmanın adı bu kimi əməlləri səbəbindən dəyişdirilərək "HASİL“ MMC kimi qeydiyyatdan keçmişdir. Bu hal bir daha təsdiq edir ki, Cavabdeh1 MMC-nin rəhbərliyi üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək istəmir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında İddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək iddia ərizəsində dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Cavabdeh2 onun xeyrinə 5000 ABŞ dolları və 1000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı bildirdi ki, mənzil alınması ilə bağlı Cavabdeh1 MMC-nin sədri Cavabdeh2 5000 ABŞ dolları və 1000 manat pul vermişdir. Hazırda mənzilin ona verilməsi mümkün deyildir. Buna görə də o ödədiyi pulu cavabdehdən geri tələb edir. Sonda o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədi. O bildirdi ki, 5000 ABŞ dollarını İddiaçı alsa da, o pulu ona dostu Şahin başqa məsələyə görə göndərmişdir. Şahinin o zamanlar sürücüsü İddiaçı idi. Şahin pulu öz sürücüsü vasitəsilə göndərmişdir və bunun iddiaçıya aidiyyəti yoxdur. Buna görə də iddia rədd olunmalıdır. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, MMC Xırdalan şəhəri, R.Axundov küçəsində inşa edilən 3 girişli yüksək mərtəbəli yaşayış binasından 2 otaqlı, ümumi sahəsi 90 kv.metr olan mənzilin 1 kv.metri 500 manat olmaqla satılmasını, alıcı isə bunun müqabilində MMC-yə cəmi 45000 manat pul ödəməyi öhdələrinə götürmüşlər. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Xırdalan şəhəri, R.Axundov küçəsində inşa edilən 3 girişli yüksək mərtəbəli yaşayış binasından 2 otaqlı, ümumi sahəsi 90 kv.metr olan mənzilinə görə İddiaçı Cavabdeh1 MMC-yə borcu yoxdur. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında pul münasibətləri olmuş, iddiaçı cavabdehə 5000 ABŞ dolları pul vermişdir. O, həmin məbləğin qeyd edilən mənzilin alınması üçün ödənilməsini qeyd etsə də, sübutlar olmaması əsası ilə məhkəmə bu dəlilə tənqidi yanaşır. Bununla belə, işdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh2 5000 ABŞ dolları pul verilməsini cavabdeh etiraf etmişdir. Pulun iddiaçıya deyil, Şahin adlı şəxsə məxsus olması barədə dəlil əsassızdır, çünki cavabdeh bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə hesab edir ki, 1000 manat pulun cavabdehə ödənilməsi barədə də işdə hər hansı legitim sübut olmadığından iddia bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, Cavabdeh2 5000 ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə) tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilmiş pulun 105 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 5000 ABŞ dolları (ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə) və dövlət rüsumunun əvəzi kimi 105 manat pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar