Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4443/2024 18.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı, Cavabdehin direktoru X2 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdehə qarşı “Töhmət” intizam tənbehi haqqında əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehə qarşı “Töhmət” intizam tənbehi haqqında əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh direktoru Gülnaz Kərimovanın ona “töhmət” intizam tədbiri verməsi barədə 22 may 2024cü il tarixli 125 nömrəli əmrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, 2008-ci ildən Cavabdeh fənn müəllimi işləyir və riyaziyyat fənnindən dərs tədris edir. Üzərinə düşən vəzifələrini layiqincə və bacarıqla yerinə yetirir. Müəllim adını, şərəf və ləyaqətini daim uca tutmuşdur. Onun tədris prosesinə ciddi yanaşması,məktəbdə bu sahədə mövcud olan nöqsan və qanunsuzluqlara dözülməz mövqe sərgiləməyi məktəbin hazırkı rəhbərliyinin, yəni direktor Gülnaz Kərimova, tədris hissə müdirlər Gülçin Salmanovanın, Tünzalə Əliyevanın, Vüsalə Əliyevanın xoşuna gəlmədiyindən ona qarşı qərəzli münasibət sərgiləməyə başlamışlar. Məktəb direktoru X5 və seçdiyi tədris hissə müdirləri məktəbdə dözülməz vəziyyət yaratmışlar. Məktəbdə qeyri-sağlam atmosfer yaranmış, müəllim kollektivi və şagird valideynləri ilə rəhbərlik arasında dözülməz və həlli müşkülə çevrilmiş ziddiyyətlər yaranmışdır. Məktəb daxilində gedən çəkişmələr, bacarığı, savadı, mənəvi-əxlaqi keyfiyyətləri ilə fərqlənməyən adamların yüksək vəzifələrə soxulması və özbaşınalığı, sabaha inamsızlıq toxumunun səpilməsi, şagirdlərin əksəriyyətinin təhsildən yayınmasına, bu sahənin tənəzzülünə zəmin yaratmışdır. Rüşvətxorluq, korrupsiya cinayətləri onların məktəbində adi bir hala çevrilmişdir. Bununla mübarizə aparan müəllimlər isə məktəb rəhbərliyi tərəfindən təqib olunur, hər vasitə ilə ləkələmək üçün yalan məlumatlar yayılır, təhqir olunurlar. Şəxsən ona qarşı əsl düşmən mövqeyi sərgiləyən məktəb rəhbərliyi onu susdurmaq üçün hər vasitəyə əl atır. O, dəfdələrlə məktəb siniflərində mövcud olan vəziyyəti video vasitəsi ilə çəkib kollektivdə paylaşmışdır ki, fəlakətli vəziyyət barədə təbil zəngi çalaq və bu dözülməz halı aradan qaldıraq. Bomboş siniflər insanların vicdanını sızladır. Bu vəziyyətlə bağlı məktəblərinə jurnalist Rövşən Qasımov gəlmiş və jurnalist araşdırması aparmışdır. Bundan xəbər tutan məktəbin direktoru Gülnaz Kərimova və əlbir olan tədris hissə müdirləri müəllimləri, xüsusilə də onu təqib etməyə başlamışlar. Bildirir ki, o, 5 ildir ki, Xırdalan şəhər 2 saylı orta məktəbin X “c” sinfinin sinif rəhbəridir. Ona verilmiş hüquqları əsasında o, daim şagirdlərinin dərsə davamiyyətini, onların dərsləri müvəffəq mənimsəmələrini diqqət və nəzarətdə saxlayır. Göstərilənlərə əsasən o, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdehin direktoru X2 vəkili və nümayəndəsi Vəkil etirazında və izahatında bildirmişdir ki, iddia ərizəsinin dəlilləri ilə açıq-aşkar qanunsuz olduğuna görə razılaşmır, onu qəbul etmir. Məlumdur ki, MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunun istinad etdiyi normalarının tələbi baxımından iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qeyd edir ki, iddia ərizəsi ümumi, qeyri-müəyyən və mücərrəd fikirlərdən ibarət olmaqla, orada qanuniliyi mübahisələndirilən əmrin ləğv edilməsi üçün konkret və aydın dəlilə və ya fakta istinad edlməmişdir. Ona görə də iddiaçının tələbi qanuni və əsaslı sayıla bilməz. İşin faktiki halları ilə bağlı bildirir ki, Xırdalan şəhər 2 X15 məktəbin riyaziyyat müəllimi İddiaçı tərəfindən “Müəllimlərin etik davranış Qaydaları”nın 2.1.4-2.1.6-cı və 2.1.8-ci bəndlərinin tələbləri davamlı olaraq pozularaq, özünə məxsus sosial media səhifəsində işlədiyi məktəbin direktorunun, müavinlərinin, müəllimlərin əmək fəaliyyətinə və nüfuzuna xələl gətirən, müəllim adına yaraşmayan qeyri-etik və təhqiramiz ifadələr işlətməsi, işlədiyi məktəbin şagird və valideyn kontingenti arasında heç bir sübut olmadan məktəbin rəhbərliyinin rüşvətxor olmasına dair həqiqətə uyğun olmayan və böhtan xarakterli mənfi fikirlər formalaşdırmağa çalışması, valdeynlərin və müəllimlərin şəxsi həyatlarına müdaxilə etməsi müəyyən edilmişdir. Bununla bağlı məktəbin direktoru hüquqlarını müdafiə etdiyi X3 məktəbin direktor müavinlərinin ərizələri və təqdimatları, xx.xx.2024-cü il, xx.xx.2024cü il və xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktlar təqdim edilmişdir. Ona görə də Xırdalan şəhər 2 X15 məktəbin direktoru hüquqlarını müdafiə etdiyi X5 tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli 125 nömrəli əmrlə məktəbdə riyaziyyat müəllimi işləyən İddiaçı intizam tənbehi olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Belə ki, məktəbin direktoru Gülnaz Kərimovaya ünvanlanmış 5”v” sinif şagirdi Nadir Səttarovun valideyni Əminə Rzayeva xx.xx.2024-cü il tarixli ərizəsində riyaziyyat müəllimi İddiaçı şagirdlərlə kobud davranışından və valideynlərlə ədavət aparmasından narazılığını bildirir. Belə ki, müəllim İddiaçı onun övladı barədə nalayiq sözlər demiş, sosial şəbəkədə yaratdığı qrupda ailəsinin ünvanına nalayiq və təhqiramiz sözlər demişdir. İddiaçı müəllim olaraq öz peşəsi ilə məşğul olmaq əvəzinə valideynlərin ailə həyatı ilə maraqlanır, valideynlərin övladları ilə valideynlərin adını bir yerdə çəkərək, tərbiyəsizliyə və ailə münaqişələrinə səbəb olur. Ən böyük ittihamı isə övladı Nadir Səttarovun məktəbdə ağ vərəqin içində nəsə gətirib satması iddiasını irəli sürür. Bu yazdıqları barədə o, Elm və Təhsil Nazirliyinə, məktəbin direktoruna, hətta polisə müraciət etmişdir. Belə bir müəllimin təhsildə saxlanılması bütün müəllimlərə hörmətsizlik olar. Ona görə də müəllim İddiaçı barəsində tədbir görülməsini xahiş edir. Bundan başqa, məktəbin direktoru Gülnaz Kərimovaya ünvanlanmış 5”v” sinif şagirdi İsmayıl Məmmədlinin valideyni Səbiyə Dəryahquluyevanın xx.xx.2024-cü il tarixli ərizəsində bildirilir ki, müəllim İddiaçı şagirlər üzərində çox təzyiq edir. Övladının sinif rəhbəri olduğu bir ay müddətində o, bütün valideynləri bir-biri ilə düşmən etmişdir. Hətta, onların ailəsinə, namusuna kimi ləkə yaxır. “Qoy bu valideynin torbasını tikim, növbə Səbiyəyə gələcək” kimi müəllimə yaraşmayan ifadələr işlədir. Vəfa müəllim cəmiyyətdə müəllim peşəsində işləyə bilməz, ona ləkədir. Bu adam töhmətlə təhsildən uzaqlaşdırılmalıdır, o gələcək nəslin təlim-tərbiyəsinə ləkədir. Onun haqqında yalnız xoşagəlməz sözlər eşidir və yararlı şəxsiyyət olmamasını düşünür. Bundan başqa, məktəbin direktoru Gülnaz Kərimovaya ünvanlanmış 5”v” sinif şagirdi Xədicə Nəsirlinin valideyni Nərminə Nəsirovanın xx.xx.2024-cü il tarixli ərizəsində bildirilir ki, müəllim İddiaçı ailəsini, qızını tanımadan başqa valideynin həyat yoldaşı ilə bir yerdə olduğunu israr edərək, təsdiqləyib. Bu Vəfa nə müəllim kimi, nə də qadın kimi cəmiyyətə layiq deyil. Axşamlar ona zəng edərək, təhdid və təhqir etmişdir. Ona görə də müəllim İddiaçı barəsində ölçü görülməsini xahiş edir. Bundan başqa, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Xırdalan şəhər 2 X15 məktəbin riyaziyyat müəllimi İddiaçı məktəbin direktoru Gülnaz Kərimovaya: “Gülçöhrə”, “Başıbatmış” kimi qeyri-etik ifadələr işlətmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, həmin gün məktəbin direktoru Gülnaz Kərimova davamiyyətə nəzarət etmək üçün sinifləri yoxlayarkən eyni zamanda X“c” sinfinə daxil olmuşdur. Həmin vaxt sinifdə müəllim Aygün Mahmudova Azərbaycan dili fənnindən dərs deyirdi. Sinifdə şagirdlərin arasında partada ikinci cərgədə arxası şagirdlərə tərəd olmaqla, riyaziyyat müəllimi İddiaçı da oturmuşdu. Məktəbin direktoru Gülnaz Kərimova sinfə daxil olanda şagirdlər və müəllim Aygün Mahmudova ayağa qalxsa da, müəllim İddiaçı ayağa qalxmamışdır. Lakin, məktəbin direktoru Gülnaz Kərimova sinifdə müəllim İddiaçı davranışına heç bir münasibət bildirmədən şagirdlərə sözünü bitirdikdən sonra İddiaçı: “Müəllimə, Aygün müəllimin dərsinə mane olursunuz, burada niyə əyləşmisiniz?”deyə sual vermiş, müəllim İddiaçı: “Mən jurnal yazıram.”-deyə cavab vermişdir. Məktəbin direktoru Gülnaz Kərimova: “Müəllimə, jurnalı müəllimlər otağında yazın. Zəhmət olmasa, sinifdən çıxın”-deyə sözünü tamamlamışdır. Müəllim İddiaçı isə əsəbi tərzdə ona cavabında: “Mən jurnalı burada yazıram, sinifdən çıxmıram. Məni heç kim sinifdən çıxara bilməz”- deyə cavab vermişdir. Bundan sonra məktəbin direktoru Gülnaz Kərimova polis çağırmaq məcburiyyətində qalmışdır. Nəzərə alınmalıdır ki, həmin gün müəllim Aygün Mahmudova tərəfindən dərsin tədrisi zamanı sinifdə başqa bir müəllimin oturcağı barədə məktəbin direktoruna əvvəlcədən məlumat verilməmişdir. Ən vacibi isə, sinifdə başqası tərəfindən dərsin tədris edildiyi zaman müəllim İddiaçı orda hansı statusla iştirak etməsi anlaşılmazdır. Bundan başqa, məktəbin direktoru Gülnaz Kərimovaya ünvanlanmış 8”a” sinif şagirdi Zəhra Əliyevanın valideyni Gülnarə Əliyevanın xx.xx.2024-cü il tarixli ərizəsindən aydın olur ki, onun övladına xx.xx.2024-cü il tarixdə 3-cü dərs saatı riyaziyyat fənnindən dərs keçməli olan riyaziyyat müəllimi İddiaçı 45 dəqiqə ərzində dərs demək əvəzinə, şagirdlərə səhər-səhər müdiriyyətlə aralarında baş verən münaqişədən danışmışdır. Müəllim İddiaçı bundan əvvəlki dərslərdə də özünün şəxsinə aid problemlərdən danışmışdır. Ona görə həmin müəllim barəsində ölçü götürülməsini və şagirdlərin sağlam mühitdə təhsil almasına şərait yaradılmasını xahiş edir. Bundan başqa, xx.xx.2024-cü il tarixli aktdan aydın olur ki, riyaziyyat müəllimi İddiaçı məktəb rəhbərliyinə şər və böhtan xarakterli yazı və səs yazısını öz “WhatsApp” səhifəsində paylaşmış, onun kontaktında olan bütün məktəb kollektivinin, şagirlərin və onların valideynlərinin yanında rəhbərliyin nüfuzuna xələl gətirmişdir. Bununla bağlı izahat verməsi riyaziyyat müəllimi İddiaçı təklif edilsə də, iddiaçı səbəbini göstərmədən izahat verməkdən imtina etmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin 8“a” sinifində təhsil alan X9 dərs saatı bitməmiş dəfələrlə dərsdən icazəsiz getmişdir. Nurlan Həziyev xx.xx.2024-cü il tarixdə yenə dərs saatı bitməmiş dərsdən gedərkən sinif rəhbəri A.Süleymanova bu barədə direktor müavini Ə.Mustafayevaya məlumat vermişdir. X13 vaxtından qabaq dərsdən getməsinə icazə vermədiklərini desələr də o, “Mənə anam icazə verib, mən getməliyəm.” ifadəsini işlətmiş və dərsdən getmişdir. Həmin gün Nurlan Həziyev V1-V11 dərslərdə iştirak etməmişdir. Məlumat üçün qeyd edir ki, X9 hazırkı iş üzrə iddiaçı riyaziyyat müəllimi İddiaçı övladıdır. Bundan başqa, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, riyaziyyat müəllimi İddiaçı həmin gün məktəbin direktoru Gülnaz Kərimova tərəfindən təşkil edilən iclasda iştirak etməkdən imtina etmişdir. Müzakirə zamanı İddiaçı məktəbin direktoru Gülnaz Kərimovanın və metodbirləşmə rəhbəri L.Rüstəmovanın zənglərinə cavab verməmiş, riyaziyyat müəllimi Afət Osmanovanın “WhatsApp” vasitəsilə yazışmasında məktəb direktorunun dəvəti ilə iclasa gəlməkdən imtina etmişdir. Rəhbərliyin ona öz hüquqlarını müdafiə etmək təklifinə bu sözlərlə cavab vermişdir: “Gəlmirəm, məni ora heç kim gətirə bilməz.” Bundan sonra riyaziyyat müəllimi İddiaçı verilən töhmət kollektivə çatdırılmışdır. Qeyd edir ki, Xırdalan şəhər 2 X15 məktəbin riyaziyyat müəllimi İddiaçı məktəbin direktoru hüquqlarını müdafiə etdiyi X5 tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli 125 nömrəli əmrlə töhmət verilməsi barədə 2146 nömrəli xx.xx.2024-cu il tarixli bildirişlə yazılı məlumat da verilmişdir. Məktəbin riyaziyyat müəllimi İddiaçı şagirlərlə, valideynləri ilə və müəllimlərlə kobud və qeyri-etik davranışları, onlarla mütəmadi olaraq münaqişələrə və mübahisələrə səbəb olması, yaratdığı özünə məxsus sosial şəbəkədə çıxışlarında mütəmadi olaraq məktəb rəhbərliyinin, müəllimlərin və şagird valideynlərinin ünvanına şər, böhtan və təhqiramiz ifadələr işlətməsi, xidməti fəaliyyəti ilə bağlı iradlara və tənqidi fikirlərə dözümsüz və əsəbi yanaşması, daxili nizam-intizam qaydalarına əməl etməməsi, bütövlükdə isə müəllim adına və nüfuzuna, işlədiyi məktəbin nüfuzuna ciddi xələl gətirən çoxsaylı sübutlar mövcuddur və onların bir qismini məhkəməyə təqdim edir. Şərh edilən faktlarla və hallarla təsdiq edilir ki, riyaziyyat müəllimi İddiaçı tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 1/2 nömrəli 06 noyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın “Loyallıq” prinsipi adlanan 2.1.4-cü, “Mədəni davranış” prinsipi adlanan 2.1.5-ci, “Qərəzsizlik” prinsipi adlanan 2.1.6-cı və “Konfidensiallıq” prinsipi adlanan 2.1.8-ci bəndlərinin tələbləri pozulmuşdur. Belə ki, “Müəllimlərin etik davranış Qaydaları”nın 2.1.4- 2.1.6-cı və 2.1.8-ci bəndlərində irəli sürülən davranış prinsiplərinin tələblərinə görə müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Müəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, habelə təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir. Müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır. Müəllim peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, irqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai mənsubiyyətinə görə təhsilalanlara və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır. Müəllim özünün və ya maraqlı şəxslərin mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır. Müəllim öz peşə vəzifəsindən və səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, müəllim peşə vəzifələrinin icrası ilə bağlı təhsilalanların, onların valideynlərinin, habelə həmkarlarının şəxsi həyatı barədə ona məlum olan məlumatların konfidensiallığını təmin etməlidir. Həmçinin qeyd edir ki, Xırdalan şəhər 2 X15 məktəbin riyaziyyat müəllimi İddiaçı xx.xx.2024-cü il tarixli 125 nömrəli əmrlə töhmət verilməsi üçün hüquqi əsaslar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının KQ-07 nömrəli 15 may 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları”nın “Loyallıq” prinsipi adlanan 2.3-cü, “Mədəni davranış” prinsipi adlanan 2.4-cü, “Qərəzsizlik” prinsipi adlanan 2.5- ci, “İctimai etimad” prinsipi adlanan 2.6-cı və “İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət” prinsipi adlanan 2.7-ci bəndlərinin tələblərinə tam uyğundur. “Təhsilverənlərin etik davranış Qaydaları”nın 4.3-cü bəndinin tələbində göstərilir ki, təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır. Ona görə də riyaziyyat müəllimi İddiaçı məktəb rəhbərliyinə şər və böhtan xarakterli yazı və səs yazısını öz “WhatsApp” səhifəsində paylaşmamalı idi. Halbuki, müəllim İddiaçı “WhatsApp” səhifəsində paylaşdığı məlumatlara məktəbin müəllimləri, şagirdləri və onların valideynləri də baxırlar. “Təhsilverənlərin etik davranış Qaydaları”nın 3.5-ci bəndində göstərilir ki, müəssisə rəhbərinin qanuni göstərişlərinin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən, etik davranış qaydalarına əməl olunmasına nəzarəti müəssisə rəhbəri həyata keçirir. Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsində göstərilir ki, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət intizam tənbehi verə bilər. Fikrimcə, riyaziyyat müəllimi İddiaçı davranışına mövqe bildiriləndə nəzərə alınmalıdır ki, hal-hazırda Xırdalan şəhər 2 X15 məktəbdə 6000-nə yaxın şagird təhsil alır, pedaqoji kollektiv üzvlərinin sayı isə 450 nəfərdən artıqdır. Həmçinin bildirir ki, Xırdalan şəhər 2 X15 məktəbdə riyaziyyat fənnini tədris edən İddiaçı müəllimə diaqnostik qiymətləndirmədən cəmi 31 bal toplamışdır ki, onun da 19 balı ixtisas üzrə bala aiddir. Beləliklə, hesab edir ki, Xırdalan şəhər 2 X15 məktəbin riyaziyyat müəllimi İddiaçı tərəfindən “Müəllimlərin etik davranış Qaydaları”nın 2.1.4- 2.1.6-cı və 2.1.8-ci bəndlərinin, eyni hallara uyğun hazırda “Təhsilverənlərin etik davranış Qaydaları”nın 2.3-2.7-ci bəndlərinin tələblərinin pozulduğu təsdiqini tapdığına görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən ona töhmət verilməsi qanuni və əsaslı sayılacaqdır. Göstərilənlərə əsasən, hazırki iddia ərizəsinin heç bir fakta və sübuta əsaslanmadığını, qanunsuz və əsassız olmasını nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X1 ifadəsində göstərmişdir ki, o, Cavabdehdə təlim-tərbiyə sahəsi üzrə director müavini işləyir. O, direktor X5 ilə 9,10 və 11-ci sinif şagirdlərinin davamiyyətinin yoxlanılması üçün sinif otaqlarını gəzərkən, 11c sinfinə daxil olmuşlar. Onlar sinfə daxil olarkən bütün şagidlər və həmin müəllimə Mahmudova Aygün ayağa qalxmış, lakin həmin vaxt 2-ci sıraqda əyləşmiş İddiaçı isə ayağa qalxmamışdır. Həmin vaxt direktor iddiaçıdan bu otaqda nə etdiyini soruşmuş, iddiaçı isə jurnal yazdığını bildirmişdir. Bu zaman direktoru iddiaçıya jurnalı müəllimlər otağında yazmasını bildirmiş, idiaçı isə burada yazacağını söyləmişdir. Direktron 2-ci dəfə təkrar edərək jurnalı müəllimlər otağında yazmasını xahiş etmişdir. İddiaçı isə direktora hazırda Aygün müəllimənin dərsində olduğunu və yalnız Aygün müəllimə deyərsə otaqda çıxacağını bildirmişdir. Hətta iddiaçı şagirdlərin qarşısında direktora onu burden heç kəsin çıxara bilməyəcəyini bildirmişdir. Daha sonra director otağına gedərək, polisə müraciət etmiş və polis gələrək iddiaçını otaqdan çıxarmışdır. Bundan əlavə iddiaçı “Whatsapp” sosial şəbəkəsində statusunda zavucları və onu təhqir etmişdir. Həmçinin iddiaçının digər müəllimlərlə də mübahisələri olmuşdur. Lakin əvvəllər iddiaçı ilə direktor arasında hər hansı mübahisənin olduğu barədə məlumatı yoxdur. Məhkəməyə şahid qismində cəlb edilmiş X6 ifadəsində göstərmişdir ki, sözügedən hadisə baş verərkən o, otaqda olmamışdır. Sadəcə o, iddiaçını polis tərəfindən çıxarılarkən görmüşdür. Bu zaman iddiaçı polisə etirazını bildirmişdir. Bundan əlavə iddiaçı məktəbə yeni təyin olunanda onu ilk dəstək olan o olmuşdur. İddiaçının hərəkətiylə bağlı iclas keçirilmişdir. İddiaçı məktəbdə daim gərginlik yaradır. Məhkəməyə şahid qismində cəlb edilmiş X8 ifadəsində göstərmişdir ki, hadisə onun sinfində baş vermişdir. Belə ki, iddiaçı onun dərsində 2-ci partada əyləşərək jurnal yazmış, həmçinin dərsə qulaq asmışdır. Belə ki, müəllimənin öz qızı da həmin sinifdə oxuyur. Direktor sinfə daxil olarkən direktor iddiaçıya jurnalı müəllimlər otağında yazmasını bildirmiş, iddiaçı isə burada yazacağını bildirmişdir. Lakin direktor otağa girərkən iddiaçının ayağa qalxıb-qalxmadığı onun yadında deyildir. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya adlanacaq): 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Cavabdehin 22 may 2024-cü il tarixli 125 saylı intizam tənbehinin verilməsi haqqında əmrindən görünür ki, məktəbin riyaziyyat müəllimi İddiaçı müəllimlərin etik davranış qaydalarının 2.1.4.-2.1.5.-2.1.6.-2.1.8-ci müddəalarını pozmuşdur. Məktəbin direktorunun, müavinlərin, müəllimlərinin işinə, nüfuzuna xələl gətirəcək qeyri-etik ifadələrlə telefonunun statusunda olmazın təhqirlərini edir. Bütün məktəbin şagird və valideyn kontingenti əsasında rəhbərliyi heç bir sübutu olmadan rüşvətxar adlandıraraq əsası olmayan yanlış fikirlər formalaşdırır. Valideynlərin və müəllimlərin şəxsi həyatına müdaxilə edir. Məktəbin riyaziyyat müəllimi İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsaslanaraq töhmət verilmişdir. - Cavabdehinin direktoru Kərimova Gülnaz tərəfindən məktəbin riyaziyyat müəlliməsi İddiaçı göndərilmiş 29 may 2024-cü il tarixli, 2146 №-li bildirişdən görünür ki, İddiaçı məktəbdə bağlı baş verənlərlə əlaqədar izahat yazmaqdan imtina etmişdir. Əslində izahat yazmaqla İddiaçı özünü müdafiə etmiş və rəhbərliyin tapşırığını yerinə yetirmiş olardı. Buna rəğmən İddiaçı bir qisim müəllimlərin iştirakı ilə bu məsələyə aydınlıq gətirmək üçün keçirilən iclasa dəvət olunmuşdur. Müəllimlərin də şahid olduğu kimi İddiaçı bu iclasa da gəlməkdən imtina etmişdir. Bundan sonra sizə töhmət elan olunmuşdur. Töhmətlə bağlı tanış olmaqdan da İddiaçı imtina etmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi Xırdalan Şəhər 2 X15 Məktəb tərəfindən verilmiş 10 sentyabr 2024-cü il tarixli, 2317 №-li sorğuya cavab məktubundan görünür ki, Cavabdehinin direktoru Kərimova Gülnaz tərəfindən məktəbin riyaziyyat müəlliməsi İddiaçı göndərilmiş 29 may 2024-cü il tarixli, 2146 №-li bildiriş, təqdimat, xx.xx.2024-cü il tarixli aktlar, xx.xx.2024-cü il tarixli akt, xx.xx.2024-cü il tarixli məlumat, xx.xx.2024-cü il tarixli məlumat, təqdimat və müraciət məhkəməyə təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə əmək müqaviləsi bağlamaqla sözügedən məktəbdə əmək fəaliyyətinə başlamışdır. İddiaçının çalışdığı Cavabdeh direktorunun 22 may 2024-cü il tarixli 125 saylı əmrinə əsasən, məktəbin riyaziyyat müəllimi İddiaçı müəllimlərin etik davranış qaydalarının 2.1.4.-2.1.5.-2.1.6.-2.1.8-ci müddəalarını pozdu üçün töhmət verilmişdir. İdiaçı həmin əmrin verilməsiilə razılaşmayaraq Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh direktoru Gülnaz Kərimovanın ona “töhmət” intizam tədbiri verməsi barədə 22 may 2024-cü il tarixli 125 nömrəli əmrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflər arasında əmək hüquq münasibətlərindən irəli gələn hazırki iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi adlanacaq): 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək. 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 43.1-ci maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Mülki Prosessual Məcəllənin: 77.3. maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 78.1 maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 78.2. maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. İşin araşdırılan hallarından müəyyən olunduğu kimi, İddiaçı Cavabdeh ilə əmək müqaviləsi bağlamaqla sözügedən məktəbdə əmək fəaliyyətinə başlamışdır. Cavabdehin direktoru X2 22 may 2024-cü il tarixli 125 saylı əmrinə əsasən, məktəbin riyaziyyat müəllimi İddiaçı müəllimlərin etik davranış qaydalarının 2.1.4.-2.1.5.-2.1.6.-2.1.8-ci müddəalarını pozulması əsasında iddiaçıya töhmət verilmişdir. Məhkəmə qeyd edir ki, “Müəllimlərin etik davranış qaydaları” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli, KQ-07 nömrəli qərarı ilə ləğv edilərək qüvvədən düşmüş və onun yerinə “Təhsilverənlərin etik davranış qaydaları” təsdiq edilmişdir. Lakin Cavabdehin 22 may 2024-cü il tarixli 125 saylı əmrində İddiaçı töhmət verilməsinin əsaslarında Təhsilverənlərin etik davranış qaydaları” na istinad olunmamış, əvvəlki qüvvədən düşmüş qaydalara əsaslanmışdır. Həmin qaydalar mahiyyətcə eyni qaydaları tənzimləsə də, normalarda dəyişiklik olmuş cavabdeh isə yeni normalara istinad etməmişdir. Beləliklə əmr maddi hüquq normalarının pozulması ilə verilmişdir. Ona görə də məhkəmə iddia tələbinin əsaslı hesab edir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Beləliklə məhkəmə qanunvericiliyin tələblərinə istinad edib mülki iş materiallarını qiymətləndirərək belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı barəsində tərtib olunmuş töhmət intizam tənbehinə dair 22 may 2024-cü il tarixli 125 saylı əmr ləğv olunmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1 maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3 maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehin İddiaçı barəsində töhmət intizam təhbeh tədbirinin verilməsi barədə 22 may 2024-cü il tarixli 125 saylı əmri ləğv edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4443/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4443/2024
18.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver