Məhkəmə qərarları › İş №2(012)-4445/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4445/2024

07.11.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4445/2024 07.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «mənzilə köçürmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun anası X3 ilə birlikdə Abşeron rayonu, X6, bina 44 ünvanında yerləşən 48 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqiləşdirmə verərək onun Abşeron rayonu, X6, bina 44 ünvanında yerləşən 48 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrinin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosialməişət şəraitinin yaxşılaşdırması barədə əlavə tədbirlər haqqında” 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamına əsasən internat məktəbindən məzun olduğu üçün o, Abşeron rayonu, X5, 44 saylı binada 48 nömrəli, 1 otaqdan ibarət mənzil ilə təmin olunmuşdur. 01 oktyabr 2021-ci il tarixdən hazırki iş üzrə cavabdeh olan həyat yoldaşı Cavabdeh və uşağı ilə birlikdə həmin mənzildə yaşayırdı. 2022-ci ilin sentyabr ayında Cavabdeh ilə aralarında dava-dalaş olmuş, cavabdeh ona hüquq mühafizə orqanları tərəfindən tutulduğu üçün xəcalət çəkdiyini söyləmiş və o da mənzildən çıxmışdır. Bir müddət sakitlik yaranandan sonra o, mənzilə qayıtmaq istədikdə cavabdeh qapını açmamış və onu mənzilə buraxmamışdır. Hazırda o, yaşlı xəstə anası ilə birlikdə 250 manat kirayə pulu ödəməklə kirayədə yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir, maddi durumu çox ağırdır, kirayə pulunu ödəməkdə çətinlik çəkir. Onu da bildirir ki, Cavabdeh nikahın pozulması və aliment tələbi ilə bağlı özünün qeydiyyatda olduğu Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, iş hazırda sözügedən məhkəmənin icraatındadır. Hesab edir ki, o, yaşlı anası ilə birlikdə dövlət tərəfindən ona verilmiş Abşeron rayonu, X6, ev 44 ünvanında yerləşən 48 saylı mənzilə köçürülməlidir. Bu səbəbdən o, mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə bildirir ki, onunla Cavabdeh 2020-ci ildə ailə həyatı qurmuşdur, onun qaynanasının, yəni cavabdehin anasının üç otaqlı evi vardır və onun maddi cəhətdən çətinlik çəkməsinə baxmayaraq cavabdeh ondan aliment tələb edir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə etiraz ərizələri göndərərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində mübahisəli əmlakın ona məxsusluğunu təsdiqləyən qanuni sənədləri təqdim etməmişdir. İddia ərizəsinə yalnız aktın və məktubun surətləri əlavə olunmuş, lakin bu sənədlər Mülki Prosessual Məcəllənin sübutetmə qaydalarına uyğun şəkildə təqdim edilməmişdir. İddia ərizəsində göstərilən əmlakın iddiaçıya aid olduğunu və əmlak üzərində mülkiyyət hüququnun mövcud olduğunu təsdiq edən heç bir təsdiqləyici sənəd təqdim edilməmişdir. Bu səbəbdən hesab edir ki, iddia ərizəsi formal xarakter daşıyır və əsaslı qəbul edilə bilməz. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbləri və ya etirazlarına istinad etdiyi halların mövcudluğunu sübut etməlidir. Çəkişmə prinsipi və prosessual hüquq bərabərliyi təmin edilmədən prosesin obyektiv şəkildə aparılması mümkün deyildir. İddiaçı mübahisəli əmlakın ona aid olduğunu sübut etməli olduğu halda bu barədə yetərli sübut təqdim etməmişdir. O, iddia ərizəsinə əlavə olunan sənədlərin düzgünlüyünü təsdiq etmək məqsədilə həmin sənədlərin əslinin məhkəməyə təqdim edilməsini xahiş edir. Əgər bu mümkün deyilsə, Mülki Prosessual Məcəlləyə uyğun olaraq sənədlərin elektron formada, QR kodla təsdiqlənmiş və ya PDF formatda yüklənmiş sənəd şəklində təqdim edilməsi tələb edilməlidir. Bu, iddia ərizəsində göstərilən hüquqi əsası təmin etmək üçün vacibdir. Odur ki, yuxarıda qeyd olunan bütün əsaslara görə iddia ərizəsinin əsassız olduğu və tələb olunan sənədlərin təqdim olunmaması səbəbindən o, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X4 izahatında İddiaçı tərəfindən təqdim olunmuş sənədlərin həqiqi olduğunu, vaxtilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya mənzil verildiyini və hazırki mübahisənin həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdi. İş materiallarında olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrinin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırması barədə əlavə tədbirlər haqqında” 16 avqust 2021-ci il tarixli, 492s nömrəli Sərəncamının surətindən görünür ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilmiş 930 mənzil, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində inşa edilmiş 154 mənzil, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində inşa edilmiş 771 mənzil, Abşeron rayonunda inşa edilmiş 1890 mənzil, Lənkəran rayonunda inşa edilmiş 45 mənzil, Samux rayonunda inşa edilmiş 197 mənzil, həmçinin 2021-ci ilin sonunadək təhvil verilməsi nəzərdə tutulan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində inşa edilən 576 mənzil və Abşeron rayonunda inşa edilən 1152 mənzil hesabına Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 1633 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamlarının 1-ci hissələrində nəzərdə tutulmuş şəxslərin, habelə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış yuxarıda qeyd edilən sərəncamlara uyğun kateqoriyadan olan 2020-ci il ərzində uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilməsi və bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzillərin verilməsinin təmin edilməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılması barədə sərəncam verilmişdir. İş materiallarında olan Mənzillərin imtiyazlı şəxsə təhvil verilməsi barədə xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli, 492s nömrəli Sərəncamının icrası çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonu, X5 yerləşən birotaqlı mənzil imtiyazlı şəxs İddiaçı təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-3/2-N-23035/2024 nömrəli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli, 492s nömrəli Sərəncamının icrası çərçivəsində 01 oktyabr 2021-ci il tarixində Abşeron rayonu, X6, ev 44, mərtəbə 8 ünvanında birotaqlı 48 nömrəli mənzillə təmin olunmuşdur. Məhkəmə iddiaçının və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib və iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddianın qanuni əsasını Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 43-cü maddələri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 3-cü, 8-ci, 9.1-ci, 9.2.1-ci, 9.2.2-ci, 17.3.2-ci, 68.1-ci, 68.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci, 164.2-ci və 560.3.4-cü maddələri təşkil edir. Məhkəmədə işin müəyyən edilmiş faktiki hallarından görünür ki, Mənzillərin imtiyazlı şəxsə təhvil verilməsi barədə xx.xx.2021-ci il tarixli aktın surətindən göründüyü kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli, 492s nömrəli Sərəncamının icrası çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonu, X5 yerləşən birotaqlı mənzil imtiyazlı şəxs İddiaçı təhvil verilmiş, cavabdeh olan həyat yoldaşı Cavabdeh və uşağı ilə birlikdə həmin mənzildə yaşamış, daha sonra cavabdeh ilə aralarında olan münasibətlər pisləşdiyindən iddiaçı mübahisəli mənzili tərk etmiş, sonralar mənzilə qayıtmaq istəsə də Cavabdeh qapını açmamış və iddiaçını mənzilə buraxmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Bu cür müdafiə üsulları kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan xüsusi təyinatlı yaşayış sahəsidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.3.2-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondu - bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusudur. Məhkəmə qeyd edir ki, mübahisəli mənzil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçının istifadəsinə verilmiş, mənzil iddiaçı tərəfindən yaşayış sahəsi kimi istifadə olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı Nəzərov X2 rayonu, X6, bina 44 ünvanında yerləşən 48 saylı mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Nəzərov X2 rayonu, X6, bina 44 ünvanında yerləşən 48 saylı mənzilə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar