Məhkəmə qərarları › İş №2(012)-445/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-445/2024

05.02.2024 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-445/2024 05.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsi) qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun qeydə alınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun qeydə alınması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair Cavabdeh ilə onun arasındakı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması və hüquq müəyyəncdici sənədin verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, RX serialı ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi cavabdehin mərhum həyat yoldaşı X3 xüsusi mülkiyyətində olmuşdur. Onlara həmin torpaq sahəsinin satın alınması təklif olunmuşdur. O, torpaq sahəsinə baxdıqdan sonra onu 12500 ABŞ dollarına satın almaq istəmişdir. 31 may 2008-ci ildə X5 onun birlikdə Abşeron rayon 2-ci Dövlət kontorunun dövlət notariusu G.İ.Məsimovaya yaxınlaşaraq onun adına 30 il müddətinə (31 may 2038-ci ilədək ) həmin torpaq sahəsini satmağı, ipoteka qoymağı, üzərində tikinti işləri aparmağı, sərəncam verməyi, özəlləşdirməyi, A.R.Daşınmaz Əmlak Dövlət reyestr xidmətinin ərazi idarəsindən təmsil edilməsini etibar etmişdir. Eyni zamanda xx.xx.2008-ci il tarixdə mərhum X3 həyat yoldaşı Cavabdeh adıçəkilən notariat kontorunun dövlət notariusunda öz əliylə ərizə yazaraq həyat yoldaşının adına qeydə alınan Abşeron rayon, Saray qəsəbəsində yerləşən 0.06 torpaq sahəsinin satılmasına etiraz etməməsini bildirmişdir. Faktiki olaraq satın aldığı torpaq sahəsinə görə o, X4 və Cavabdeh 12500 ABŞ dolları pul vəsaitini əlbəəl vermişdir.Torpaq sahəsinə o, ailəsi ilə birgə fasiləsiz və etirazsız sahiblik edirlər. X2 2023 cü ilin yanvar ayında vəfat etmişdir. Mərhumun həyat yoldaşı Cavabdeh o və həyat yoldaşı yaxınlaşaraq onların adına faktiki satın aldıqları torpaq sahəsini rəsmiləşdirməsinə köməklik etməsini xahiş etmişlər. Lakin cavabdeh torpaq sahəsinin onların adına rəsmiləşdirilməsindən boyun qaçırır. Həmin torpaq sahəsinin alınması üçün o, pulu X4 və Cavabdeh tam ödəsə də, onunla arasında alqısatqı müqaviləsi bağlanmamışdır. Aldığı torpaq sahəsinə dair xx.xx.2008-cı ildə X5 digər ailə üzvlərinin razılığı ilə ona etibarnamə vermişdir. Lakin o, aldığı torpaq sahəsini öz adına rəsmiləşdirmək istəsə də, bu mümkün olmamışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Seriya RX, ******* saylı hüquqların dövlət qeydiyyatından çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi xx.xx.2012-ci il tarixdə, daşınmaz əmlakın dövlət reyestrində 327 saylı reyestr kitabının 13 saylı vərəqində X3 xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. -xx.xx.2012-ci il tarixli, Seriya AA №043495 saylı torpaq sahəsinin plan və ölçüsünə dair sənədin surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi **********30 reyestr nömrə ilə X3 adına qeydə alınmışdır. - Abşeron rayon Dövlət Notariat Kontorunda 31 may 2008-ci il tarixdə 7E-14-3953 reyestr nömrə ilə təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, X5 ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsini satmağı, ipoteka qoymağı, üzərində tikinti işləri aparmağı, sərəncam verməyi, özəlləşdirməyi, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestr xidmətinin müvafiq ərazi idarəsindən ona aid olan sənədləri almağı, verməyi, aidiyyəti idarələrdə,təşkilatlarda nümayəndəsi olmağı 30 il müddətinə (31 may 2023-ci il tarixədək) İddiaçı etibar etmişdir. - Abşeron rayon Dövlət Notariat Kontorunda 31 may 2008-ci il tarixdə 7E-14-3954 reyestr nömrə ilə təsdiq edilmiş ərizənin surətindən görünür ki, Cavabdeh əri X4 məxsus, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin satılmasına etirazının olmadığını bildirmişdir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən müəyyən olundu ki, Cavabdeh mərhum əri X1 özünə məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsini satmağı, ipoteka qoymağı, üzərində tikinti işləri aparmağı, sərəncam verməyi, özəlləşdirməyi, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestr xidmətinin müvafiq ərazi idarəsindən ona aid olan sənədləri almağı, verməyi, aidiyyəti idarələrdə, təşkilatlarda nümayəndəsi olmağı 30 il müddətinə (31 may 2023-ci il tarixədək) İddiaçı etibar etmişdir. Lakin tərəflər arasında həmin torpaq sahəsinə dair rəsmi qaydada alqı-satqı müqaviləsi bağlanmamışdır. Bundan sonra cavabdehin əri X5 vəfat etmişdir. Ona görə də məhkəmədən qeyd edilən torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun verilməsi haqqında qətnamə qəbul ediməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də müqavilələr azadlığıdır. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Eyni zamanda, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Məhkəmə qeyd edir ki, konstitusiya məhkəməsinin hüquqi mövqeyində göstərildiyi hallar hazırkı tələbdə müəyyən olunmadı. İddiaçının iddia ərizəsindəki tələb mülki məcəllənin müqavilə azadlığı prinsipinə ziddir. Belə ki, müqavilə tərəflərin iradə ifadəsini əks etdirməklə bağlanan əqddir. Göründüyü kimi cavabdehin mərhum əri iddiaçıya etibarnamə ilə əmlakın sənələşdirilməsi barədə etibarnamə vermiş iddiaçı isə vaxtında həmin ona verilmiş səlahiyətlərdən vaxtında istifadə etməmişdir. Hazırda isə həmin əmlak barədə hüquqlar mərhumun vərəsələrinə keçmişdir. İddiaçı əmlak barədə hər hansı bir müqavilə bağlanmasını həmin vərəsələrlə yerinə yetirə bilər. Ona görə də məhkəmə iddiaçının tərəflər arasında onların iradə ifadəsi ilə bağlana biləcək müqavilənin bağlanmış hesab edilməsi tələbini qanuna zidd hesab edir və rədd edilməsi qərarına gəlir. Eyni zamnda məhkəmə iddia tələbinin mülkiyyət hüququnun qeydə alınması tələbi barədə qeyd edir ki, mülkiyyət hüququ o halda qeydiyyata alınır ki, şəxsin əmlaka dair hüquq müəyyənedici sənədləri olsun. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının qanununun 8.0. maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Göründüyü kimi göstərilən sənələr mülkiyyət hüququnun Daşınmaz əmlakın dövlət reyestri tərəfindən qeydiyyata alınması üçün əsasdır və həmin əsaslar üzrə mülkiyyət hüquq Dövlət tərəfindən qeydə alınaraq tanınır. Ona görə də, iddianın mülkiyyət hüququnun qeydə alınması hissəsi də əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 107 maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün ödəmiş olduğu dövlət rüsumunun tutulmasını tələb etmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun qeydə alınması tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar